Şeirlər - Elkin Kərimli

Bax belə ayrılıqlar

Bax belə ayrılıqlar tez-tez olur həyatda,

Vaxt da elə pis ötmür sən aldığın saatda.

Havalar da soyudu, qalın geyin əynini,

Məni tutan xəstəlik sonra tutmasın səni.

 

Qanım qaradı onsuz, sən də qara geyinmə,

Qırmızı paltar geyin, düş yanıma, deyinmə.

Sevdiyimiz yerləri gedək gəzək son dəfə,

Mən doyunca küsmədim,

                        bir də küsək son dəfə.

 

Nədənsə son zamanlar hər şey səni andırır,

Səni unutmaq belə məni qürurlandırır.

Bilmədim heç neyniyim, başımı qatmaq üçün,

Bütün günü yatmadım, səni unutmaq üçün.

 

Ömrümdən bir il də beləcə getdi

Ömrümdən bir il də beləcə getdi,

Boşuna gözlədim, boşuna səni.

Yüksəklik qorxunu bilsəydim əgər,

Qoymazdım qəlbimin başına səni...

 

O qədər gözəllər düşdü gözümdən,

Səndən başqasına gözüm düşmədi.

Ya bu il mənimçün uğursuz oldu,

Ya da ki, ayağın mənə düşmədi.

 

Başıma nə gəldi, nələr gəlmədi

Sənə sevdiyimi deyəndən bəri.

Elə bil, bir az da cana gəlmisən

Ömrümü-günümü yeyəndən bəri.

 

İtirdim səni

Mən bu gün ömürlük itirdim səni,

Bəlkə də otuz il, bəlkə də qırx il.

Mənə boş-boşuna təsəlli vermə,

Mənim itirdiyim on manat deyil.

 

Mən bu gün ömürlük itirdim səni,

Bəlkə sənə görə bu hava xoşdur.

Daha ürəyini buz kimi saxla,

Aramız bu qədər soyumamışdı.

 

Mən bu gün ömürlük itirdim səni,

Bircə xatirələr sığınacaqdı.

Düşüb qapı-qapı min il də gəzsəm,

Gözlərin sonuncu dayanacaqdı.

 

Kitab qoxulum

Bura nə qar yağır, nə yağış yağır,

Sən mənə oranın qarından danış.

Sənsiz nə gün çıxır, nə axşam düşür,

Yerimə girirəm səkkiz olmamış.

 

Nə əlim iş tutur, nə dilim bir söz,

Bilmirəm, özümə yer tapım harda.

Üç gündür ölürəm, üstünə sağlıq,

Darıxmaq pis olur, bu havalarda.

 

Çölə, bayıra da çıxa bilmirəm,

Küçələr, səkilər gəlir üstümə.

Bir gün eşitsən ki, dəli olmuşam,

"Səni sevdiyimi demə heç kimə..."

 

Gözü çıxsın həyatın

Həyat imtahanından

             yenə sinifdə qaldım,

Siniflərə böldülər,

             sinif-sinif qocaldım.

Gözü çıxsın həyatın,

             yaşamağa qoymadı,

Gözüylə yedi məni,

             yenə gözü doymadı.

 

Ölüm də ehtiyacdır,

             bir gün ürək istəyir

Ölümdən əvvəl hər kəs,

             xoş gələcək istəyir.

Yaşamaq arzusuyla

             ölüb gedir adamlar,

Elə bil tamaşaya

             gəlib-gedir adamlar.

 

Ölüm deyil, bəlkə də

             yaşamaq intihardı.

Bəlkə elə bu dünya

             özü də bir məzardı.

Onsuz da mümkün deyil,

             qismətdən artıq yemək,

Hər nə qədər yesən də

             qismətin imiş demək.

 

Allah da şahidimdir,

             mən pis adam olmadım,

Bəlkə də düz yaşadım,

             bəlkə də düz olmadım.

Həyat acımasızdır,

             dostu, düşməni saymır,

Mən günləri sayıram,

             bu günlər məni saymır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!