Ölüm
Güllələr nəğmə kimi səslənir bəzən,
Adamlar qaçırlar o nəğməni oxumağa.
Adamları nəğməylə aldadırlar... nahaq.
Məsələn, bilməsə,
Uşaq yerə düşüb
közərən bir mərmiyə tərəf qaçar
Və əlinə götürər ölümü.
Uşaqlar həmişə
oyuncaq gəzdiyindən yenə aldanarlar.
Ən zəhərli göbələk belə
o qədər şirindi ki, adam doymur.
Gör ölümü harda gizlədiblər?!
Biz qaçırıq ölümlərdən,
Sən demə, biz ona tərəf qaçırıqmış əslində.
Sürətli maşınların əlindən qaçıb
Bir at arabasının təkəri altında da
Ölmək təsadüfü varmış...
Amma çox nahaq,
Gərək bizi nəğməylə,
Göbələklə,
At arabasının nəğməli təkəri ilə
Aldatmayaydılar...
Unudun məni
Unudun məni, getsin,
20 Yanvar kimi...
Elə bilin, olmamışdım,
Heç ağlamamışdım,
Heç sevməmişdim...
Məni unudun, getsin,
Şəhid kimi
Elə bilin, ölməmişdim,
Elə bilin, evlənmişdim,
Yüz yaşamışdım,
Qocalmışdım,
Saqqalım daraq kimi
Havanı daraqlayırdı...
Məni unudun, getsin...13-cü ay kimi,
Qanadsız quş təki,
Qanadlı sular kimi,
Ağacların qabaq əlləri vardı,
Necə ki ağac unutdu onu,
Siz də elə unudun məni.
Baxışlarımın havada açdığı şırımla
Çıxıb gedirəm,
əlvida!
Parta üstündəki yazılar
Parta üstə yazılar
Uşaqlardan düşüb qalıb
Yaddan çıxmış qələm kimi.
Xadimə qadın sildikcə partaları
Gülümsəyir.
"Sevirəm" sözünə o qədər əyilir,
Elə bil ki, baş əyir.
Partalar yazılıdı,
Yazılarda səs donub.
Hər yazının üstünə
körpə təbəssüm qonub.
Şeir dəftəridir partanın üstü,
Məni dərd-xəyal alıb.
Yazıları oxuya-oxuya
Xadimə cavan qalıb.
Dustaq qatarları
Bu gecə ayıldım qatar səsinə,
Haradan-haraya gedir bu qatar?
Bir cüt əl görünür pəncərəsindən,
Deyəsən, yox olub, itir bu qatar.
Bəlkə də uzanan o yorğun əllər,
Qoyma bu qatarı getsin, deyirdi.
Əlləri qatardan qalırdı dala,
Kömək istəyirdi, əl istəyirdi.
Vaqonlar sallayıb qaş-qabağını,
Payız quşlarıtək uçub gedirdi.
Heç kimi aparmaq fikri yoxuydu,
Dəmir qapıları açıb gedirdi.
Nəyə sevinirdi, görəsən, nəyə?
Təkərlər relslərə əl çalırdılar.
Gedirdi dustaqlar irəli, ancaq,
Səsləri arxaya atılırdılar.
Apardı sellər Saranı
Bəlkə də Arpaçay aşıb-daşmayıb,
Yalandan üstünə günah yıxıblar.
Nə də sel Saranı alıb qaçmayıb,
Suların adına qara yaxıblar.
Zaman öz hökmünü veribdi belə,
Cavan bir gəlinin ömrünə qıydı.
Yad əllər Saraya uzanan yerdən
Arpaçay hiddətlə gurlamalıydı.
Deyin Xan Çobana, Saranı yad yox,
Aparan öz qəmin, öz kədərindi.
Sara saf suların öpdüyü yerdən
Bir çiçək donunda göyərib indi.
Uşaq bağçasında
düzələn sıra
Keçir küçələri, maşınlar durur,
Tutub bir-birinin əlindən, gedir.
Bir az isti-isti əsir küləklər,
Öpüb körpələrin telindən, gedir.
Körpə cərgəsinə baxıb dayanar,
Əsgər sıraları bu saat, bu dəm.
Şəhərə ağappaq təmizlik yağar
Uşaq əllərindən, uşaq gözündən.
İlahi, nur elə, gur işıq elə
Körpə fidanların sabahlarını.
Kiçik fidanlara bağışla, Tanrım,
Böyük adamların günahlarını.
Alıb əllərindən oyuncağını,
Əsgərlər əlində avtomat durub.
Elə bil körpələr komandiridi,
Əsgərlər önündə farağat durub.
Çiçəklər, əllər
Məncə, çiçəklərin
Ən gözəl xatirəsi sənin əllərindi.
Həm çiçəyə bənzəyir,
Həm də boş qalıb indi,
Çiçəklərin yuvası kimi.
Əllər daha çox ağlayır, məncə,
Çünki əllərini bəzəyən güllər
Bir azdan zibil qabını
Eyni ahənglə sevindirəcək.
İndi çiçəkmi vəfasızdı, yoxsa əllər?
Məncə, çiçəklər.
Əvvəl torpağı sevindirdi,
Sonra qonşunun uşağını.
Sonra bülbülü,
Sonra sənin əllərini,
İndi də zibil qabını.
Arxasınca ağlayan xatirələr
Çiçəklərin ayağının tozudur,
Məncə.
Ağac
Görürəm başında payız qocalıb,
Bu ağac bahara açıb əlini.
Görürəm budaqlar tamam sınıxıb,
Üzüyünü salmış barmaqlar kimi.
Başında qaranquş ümidi qalıb,
Yarpağı yerinə bitib inamı.
Budaqlar necə də ağappaq olub,
Şümşad biləyinə oxşar anamın.
Açılıb ağaca budaq qollarım,
Nəğmə oxuyuram yenə ucadan.
Uzaqdan tökülüb gələn yollarım,
Nədənsə özünü asır ağacdan.
İstərəm quş olub başına uçam,
Körpə qönçələrdən qalayım ocaq.
Ağacı gözümdən uzaq qoymuram,
O ağac gözümdə yarpaqlayacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!