Azad Yaşarın tərcüməsində - Yapon modernist poeziyasından seçmələr

Toki DZÖMMARO

(1885-1980)

 

Ədəbi təxəllüsü Aikadır. Atası rahib imiş və ənənəvi poeziya janrı sayılan renqada yazdığı şeirləriylə məşhurlaşıbmış. Vaseda Universitetinin ingilis ədəbiyyatı fakültəsində ali təhsil alıb. 

Yaradıcılığının ən məhsuldar mərhələsi 1910-cu illərə təsadüf edib. Həmin dövrdə yazdığı şeirlərdə vətəndaşlıq pafosu və sosial etirazlar başılca yer tutmaqdadır. Sonrakı dövrdə, yəni "Asahi" qəzet şirkətində məsul vəzifələr tutarkən, T.Dzömmaro bir sıra ədəbi-tarixi araşdırmalar üzərində çalışmağa üstünlük verib və şairlikdən tamamən uzaqlaşıb.   

      

"Alatoran çağı" adlı 

şeir kitabından

 

***

Heç cür anlaya bilmirəm də - 

işləmək üçün yaşamaq lazımdır, 

yoxsa ki, yaşamaq üçün işləmək?..

 

***

"İşləməsəm - kasıb olacağam".

"Amma işləsəm belə, 

yenə qurtulmayacağam yoxsulluqdan".

"Hər necə olsa, işsiz-gücsüz 

dolaşan deyiləm mən!"

 

***

Yaponiyada yaşayıb, fikirlərini yaponca, 

həm də qorxusuz-hürküsüz dilə gətirmək

artıq təhlükəli sayılmır.

 

***

Ayaqlarını çarpayıdan sallamaqla

çəkələklərini aradı və tapmadığı üçün

təkrar başını atıb, yatdı...

 

 

Sumako FUKAO

(1888-1974)

 

Bu tanınmış şairə və nasir özünü həm də fransız ədəbiyyatı incilərinin yapon dilinə mahir tərcüməçisi kimi tanıdıb. 

Gerçək adı - Ogino Şigenodur. Högo prefekturasında doğulub və uşaq yaşlarından yetimlik çəkib. Kiotoda qızlar məktəbini bitirdikdən sonra Akiko Yösanodan özəl dərslər alıb. 1912-ci ildə ailə qurduğu şair və mühəndis Tokino Fukao 8 il sonra vəfat edincə, onun şeirlərini "Səmanın açarları" adlı kitabda toplayıb. Həmin topluya o, özünün vaxtilə yazdığı 54 şeiri və "Sonuncu səyahət" adlı nəsr əsərini də daxil edib. 

S.Fukao 1974-cü ildə mədə xərçəngindən dünyasını dəyişib.    

 

 

Dodaqların

 

Daima nə isə düşünürlər,

elə hey nəyinsə arzusundadırlar

o gül ləçəyinə bənzər dodaqların.

 

Sənin dodaqlarında,

o sərin dodaqlarında

uyuyur bu dünyanın qüssəsi.

Görən o bir cüt ləçəyə necə sığıb

dünyanın min bir sirri, sualı?!

 

Dodaqlarında

kinayə ilə yanaşı uyuyar ehtiras.

Elə sənin taleyin də

bir mənada öz dodaqlarından asılıdır.

 

Ah, dodaqlar, dodaqlar -

lalələrin ən şahanəsi!

 

 

Horiquti DAYQAKU

(1892-1981)

 

Simvolizm cərəyanının son mərhələsini təmsil edən ən tanınmış şairlərdən biridir. Atası diplomat olduğundan uşaqlıq və gənclik illəri Avropanın və Amerikanın ən müxtəlif ölkələrində keçib. Bir sıra dillərə aşina olduğundan XIX-XX yüzil Fransa və Belçika şairlərinin əsərlərini ilk dəfə yapon dilinə o çevirib, bunlardan ibarət bir neçə antologiya çap etdirib. 

1930-cu illərin ikinci yarısından etibarən H.Dayqaku poeziyadan uzaqlaşıb.   

   

 

Könül

 

Qəlbim dərdə bələnib,

könlümdən qara daş asılıb,

damağımdansa getmək bilmir 

o köhnə dərdin acısı.

 

Bəs indi neyləyim mən?

Başımı alıb hara gedim?

İstədiyin nədir, desənə, 

ey mənim dəli-dolu qəlbim?

 

Bəs sən niyə, ey könül,

heç cür təskin olmursan? 

Yoxsa, bu eşq, bu şeirlər 

sənə yetərli deyil?!

 

Bax, indi, mən belə cavan, 

bu cür sağlam və zəngin ikən,

bunca istedadlı ikən... 

Dünya necə də gözəldir!

Amma yenə, yenə də, 

ah, yenə də, yenə də...

Qəlbim dərdə bələnib, 

könlümdən qara daş asılıb,

damağımdansa getmək bilmir 

o köhnə dərdin acısı...  

 

 

Nisivaki DZÜNDZABURO

(1894-1982)

 

Yapon poeziyasında sürrealizmin həm nəzəriyyəçisi, həm də başlıca təmsilçisidir. Niiqata prefekturasında anadan olub. Tokiodakı Keyo Universitetində sosiologiya və iqtisadiyyat üzrə ali təhsil alıb. Qəzet əməkdaşından tutmuş, ta Xarici İşlər Nazirliyinin məmuru vəzifəsinə qədər bir sıra işlərdə çalışıb. 

1922-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanıb, orada bir ingilis xanımla ailə qurub və ilk şeirlər kitabı - "Ambarvalia"nı da ingilis dilində çap etdirib.   

İkinci Dünya müharibəsindən sonrakı yapon poeziyasına danılmaz təsir göstərən N.Dzündzaburo tərcümə sənətiylə də ciddi məşğul olub, Avropa və Çin şeirinin ən dəyərli nümunələrini ana dilinə qazandırıb.   

 

Poetika

 

Şeirlərin yazılması imkansızdır artıq, 

poeziya nəfəsi dəyməyən yerlərdə dolaşır indi, 

gerçəkliyin ayrı-ayrı qətrələri şeirə çevrilir daha.

 

Gerçəkliyin mayası - kədərdir, 

yəni əgər kədərlənirəmsə, deməli, varam.

Varlığın yeganə təməliymiş... kədər.

 

Kədər - gözəlliyin ilkin şərtidir,

gözəllik isə əbədiyyətin.

 
 

Takahasi SİNKİTİ

(1901-1987)


Aiti prefekturasında doğulub. Ticarət texnikumundakı təhsilini yarımçıq qoyub, Tokioya gələrək, burada jurnalist kimi fəaliyyətə başlayıb. 1923-cü ildə çap etdirdiyi absurd məzmunlu "Dadaist Sinkitinin şeirləri" toplusu sayəsində yapon dadaistlərinin liderinə çevrilib. 

Yaradıcılığının ən parlaq dövrü 1930-cu illərə təsadüf edir. 

Onun yaradıcılığı müharibəyə qədərki poeziyada mövcud olan anarxist meyillərə və 1950-60-cı illərin modernist şairlərinə eyni dərəcədə ciddi təsir göstərib. 

    

Balıqqulağılar


Heç nə mövcud deyilsə,

deməli, onda nə yaranış mümkündür,

nə də ölüm.


Balıqqulağıların içi boşdur.

Molyuskların qoxumuş bədənini 

dalğalar yudu, apardı.

İndi Ay işığında yuyunan balıqqulağılar

günəşdə quruduqdan sonra 

qumluqda doyunca uyuyacaqlar.


Bir daha dənizdən hamilə qalmayacaqlar,

Başqa bir umacaqları da olmayacaq daha.

Dalğalar durmadan qabarır və geri çəkilirlər.

Bu əsnada boş balıqqulağılarını da 

sahildən alaraq gedirlər...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!