Şeirlər - Lalə İLQARQIZI

Xatırla məni

 

Tənha günlərinə səs bil, nəfəs bil,

Qəminə, dərdinə şərik qəfəs bil,

Dünyaya dönməyə yeni nəfəs bil,

Örtülü qapında xatırla məni.

 

Doğan günəşdə, yağan yağışda,

Sən qızıl payızda, sən qara qışda,

Bir küskün, bir incik, qəmli baxışda,

Unutma, nə olar xatırla məni.

 

Xatırla çıxmayım sənin yadından,

Danış öz-özünlə mənim adımdan,

Çıxarma heç zaman bunu yadından,

İllərin xətrinə xatırla məni.

 

Oturub tənha yemək yeyəndə,

Boş qalan masadan xatırla məni.

Hər gecə işdən evə gələndə,

Örtülü qapından xatırla məni.

 

Atamdır evimin 

əziz qonağı

 

Atamdır evimin əziz qonağı,

Hörməti gözümdə dağlardan uca.

Tanıyan bilir ki, əziz atamın,

Şanı var Bərdədə yaşından qoca.

 

Nurlu varlığını seyr elədikcə,

Gözlərim ətrafa təbəssüm saçır.

Əli çörəklidi, ürəyi incə,

Baxıram, könlümdə çiçəklər açır.

 

Hər zaman çəkibdir nazımı mənim,

Anama arxadı, bizə dayaqdı.

Laləyəm, min şükür ömür yolumda,

Atalı dünyamın bəxti oyaqdı.

 

Ana mən də qocalıram

 

Ana mən də qocalıram,

Ağrılar belimi bükür.

sığal çəkdiyin saçıma,

Gəl gör necə ağ dən tökür.

 

Ana mən də qocalıram,

Bax, otuzu keçib yaşım.

Mən əvvəl ki, mən deyiləm,

O baş deyil daha başım.

Sənə bənzər qocalıram,

Heydən düşür əl-ayağım.

Sən, ağrıyan o canınla,

Yenə gəlib ol dayağım.

 

Lalə bitən yay deyiləm,

Yarpaq kimi saralıram.

Gəlmişəm ki, sənə deyəm,

Ana, mən də qocalıram.

 

Yaş üstünə hey yaş gəlir,

Gah ağlayıb,gah gülürəm.

Yaxşı ki varsan, ay ana,

Dərdimi sənlə bölürəm.

 

 

Allahım haqqı

 

Heç nədə yox mənim gözüm əzəldən,

Qorxuram  həyatda gözdən, nəzərdən.

Qəlbi qara olub, üzü gözəldən,

İnan ki, qorxuram, Allahım haqqı.

 

Arxamda danışıb, üzümə gülən,

Yaxşılıq etsəm də, yamanlıq bilən,

Qəflətən, bilmədən, zamansız gələn,

Ölümdən qorxuram, Allahım haqqı.

 

Yalan söyləyən hər bir qadından,

Elə hey danışan özgə adından,

Ölsəm, sevdiyimin bir gün yadından

Çıxmaqdan qorxuram, Allahım haqqı.

 

Bəslədim, böyütdüm könül barımı,

Şah tutdum həmişə etibarımı,

Həyatda hər zaman doğmalarımı

İtirməkdən qorxdum, Allahım haqqı.

 

Arzular, xəyallar

 

Arzular, xəyallar sonsuzdur, sonsuz,

Hansı arzumuza çatarıq görən?

Görəsən ömrümüz vəfa edərmi,

Hansı daş altında yatarıq görən?

 

Xəyal qurmadan varmı yaşayan,

Varmıdır arzusuz bir qəlb daşıyan?

Çoxunun arzusu qəlbində saxlı,

Çoxunun arzusu hər kəsə ayan.

 

Hər gecə əllərini göyə açaraq,

Arzusun Allahdan diləyir çoxu.

İzin ver ümidlə oyanmağına -

Olsa da səbəbi gözəl bir yuxu.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!