Bəlkə də Tanrının acıgı tutub Kəsib öz əliylə cəzanı mənə. - Aləmzər Sadıqqızının şeirləri

Aləm boyda 

ağrısı var adının

 

Uşaq, böyük kim gördüsə ilk sözü,

Nə gözəldi gözün sənin, dedilər.

Bilmədilər, amma o an, o dəmdə

Ürəyimi dibinəcən yedilər...

 

Deyəmmədim bu gözləri ağladan

Namərd kimi köçüb gedən mərdi var...

Bu gözləri öpüb gedən, dönməyən,

Ata adlı sağalmayan dərdi var.

 

Hamı mənə, mən dərdimə vuruldum,

Qəm yazıldı o günlərdən gözümə.

Güldürməyi bacarmadım bir dəfə,

Gözlərimdən qəm süzüldü sözümə.

 

Biri vardı öpmədi ki, gözümdən,

Ayrılıqdır gözdən öpmək deyirlər...

Ayrılığı elə yazdı ömrümə,

Xatirələr ürəyimi yeyirlər.

 

Hər bu sözü eşidəndə susuram,

Dinmirəm ki, ürəyimdə gülürəm...

Bir də bilsəz, bu gözlərin əlindən,

Bir ömürdü göz yaşından ölürəm.

 

Bu "gözləri  göydən gözəl mələyin",

"Özü payız, dərdi xəzəl" qadının,

Bu "taleyi birtəhər yazılanın"

Aləm boyda ağrısı var adının!

 

Gedək bir cüt gül qoyaq

 

Gözlərin aydın olsun,

Ürəyimdən qan axır...

Əlimlə kəsdim, tökdüm,

Bitdi bu sevgi axır! 

 

Bir azca sür alnına 

Ürəyimin qanından...

Könlümü qurban kəsdim,

Nəzir verdim adından.

 

Qəm eləmə bu gündən,

Get sevgi bazarına...

Gedək bir cüt gül qoyaq

Sevginin məzarına!

 

***

Yenə üz-üzəyik, yenə bu axşam,

Mən səni görürəm hayana  baxsam,

Bir damla yaş olub gözündən axsam...

Olaram yolunda pərvanə, Tanrım...

 

Ey mənim dünyada ən böyük eşqim,

Ən böyük dayağım, ən gözəl şeirim,

Yuxumda sən məni Sarvan seçmişdin

Sənə qonaq gələn karvana Tanrım.

 

Mən sənin ən adil qulun, kölənəm...

Səninçün yaşayan, sənçün ölənəm,

Dərdimi həmişə sənlə bölənəm,

Gəlmişəm yolunda qurbana, Tanrım.

 

Az qalıb...

 

Az qalıb... lap bir azca

Ta səni unutmağa.

Bu gün bilet almışam

Özümə qayıtmağa...

 

Sənə ağır gəlirəm,

Yükü olmayan adam. 

Yandıranda gəlməyə,

Tükü olmayan adam.

 

Nə sevməyə ürəyin,

Nə də göz yaşın qalıb.

Mənə təslim olmağa,

Yalnız savaşın qalıb.

 

Sən bilməzsən sədaqət,

Nə də məhəbbət nədir?

Sevdiyinlə yaşamaq,

Həyat, səadət nədir?

 

Daha səni sevmərəm!

Bu söz yəminim olsun!

Bir gün ölüb gedərsəm,

Bu da son qəmin olsun!

 

Gəlmişəm

 

Bir də görərsən ki, qapın doyülür,

Bir də görərsən ki, çıxıb gəlmişəm.

Məndən istədiyin hədiyyə ki, var,

Ovcumun içinə sıxıb gəlmişəm.

 

Sən mənim ömrümə yağan qarmısan?

Dərdli payızmısan, ya baharmısan? 

Gerçəkmi, xəyalmı, ya yalanmısan? 

Mənəm, yanağından axıb gəlmişəm.

 

Arxada bir sənsiz ömür var, gülüm,

Sənə söz verməyə qısadı dilim,

Götür ürəyimi, yar dilim-dilim,

Sənin həsrətinnən yaxıb gəlmişəm.

 

Yağan yağmurunam, batan Ayınam,

Gecikən ilinəm, günün, ayınam,

Gördüyün yuxunam, gələn yayınam...

Sənin gözlərinə baxıb gəlmişəm.

 

"Göy gözü göylərdən gözəl" mələyim,

Bənövşə ətirlim, küskün çiçəyim,

Ay ruhu özündən gözəl-göyçəyim,

Ruhuma qanadlar taxıb gəlmişəm! 

 

Bir ömür içimdə 

asdığım adam...

 

Daha düşünməyə tabım  qalmayıb,

Nə də ağlamağa gözümün yaşı.

Bu şeir də olsun nakam ömrümün

Başına qoyduğum bir məzar daşı...

 

Daha yollarına baxan deyiləm, 

O yollar dağılsın qoy həsrətimdən!

Həmişə, hər yerdə yıxılmışam mən,

Altıncı hissimin bəsirətindən...

 

Sənə gələn gündən anlamalıydım,

İkiyə bölünmüş yadımsan mənim.

Bir ömür içimdə asdığım adam,

Heç vaxt dadmadığım dadımsan mənim...

Sənsən milyon yerə bölünən adam,

Sən hardan biləsən məhəbbət nədir? 

Sən hardan biləsən bir məsum eşqin

Tək sənə verdiyi səadət nədir?

 

Yolun açıq olsun ürəyin kimi,

Gələni, gedəni yaxşı qarşıla...

Hələki ömrünü verirsən yelə,

Hələ anlamırsan nə var qarşıda.

 

Hələ gec bilərsən, gec anlayarsan

Məni itirməyin ağrılarını.

Əlində üç alma qaldığı zaman,

Dinlərsən Aləmin nağıllarını...

 

***

Minlərlə ağrıdan keçdi bu sevgi,

Yaşaya bilmədim, ölə bilmədim.

Nə sənin agrını mən bilə bildim,

Nə mən çəkənləri sən bilə bildin...

 

Yaşarıq beləcə, öllük beləcə,

Nə sənsiz, nə mənsiz dağılmaz dünya.

Min Leyli, min Məcnun çürüdən həyat,

Əmin ol, bizə də ağlamaz  dünya.

 

Mehrabı eşq olan uca göylərim

Yazıbdı bu qədər-qəzanı mənə.

Bəlkə də Tanrının acıgı tutub

Kəsib öz əliylə cəzanı mənə.

 

Aləmin ürəyi yarpaqdan incə,

Tanrının hökmünə dözərmi, bilməm?!

Bir onu bilirəm, sən dönənəcən

Nə sənsiz yaşaram, nə sənsiz ölləm!

 

Sənə bir nağıl danışım

 

Gəl sənə bir ocaq verim

Könlümün sazaq yerindən.

Özümdən gözəl gül dərim

Ömrümün uzaq yerindən.

 

Tut əlindən o çiçəyin, 

Apar yar, qoy sənin olsun.

Bir gün səndən dönər olsam,

Sevgim mənə qənim olsun.

 

Qoy bütün dünya bir yana,

Mən də ki, bir yana  olum.

Sən məni sığdır ruhuna,

Mən də sənin ruhun olum.

 

Gəl...sənə bir ömür verim

Ömrümün bitən yerindən...

Sənə bir nağıl danışım

Həsrətin itən yerindən.

 

Bu gün də bir qəmli 

nəğmə kimiyəm

 

Bu gün də bir qəmli nəğmə kimiyəm,

Əli ürəyində dolan qadınam.

Səsin gəlməyəndə evi yıxılan,

Dünyası dağılan,  solan  qadınam...

 

Nə könlüm açılır, nə də ki, gözüm,

Nə səbrim qalıbdı, nə də ki, dözüm.

Neyləsəm tapmıram bu dərdə çözüm,

Hər sözü-söhbəti yalan qadınam.

 

Mənəm bu dünyanın qəmli qadını,

Çoxdan itirmişəm  ağız dadımı.

Sevdim doğmaları, sevdim yadımı,

Ömrü başdan-başa talan, qadınam.

 

Allahın izniylə yazıb-pozuram,

Özüm öz könlümdə itib, azıram,

Olsun, hər əzaba, qəmə razıyam,

Beş-üç könüllərdə qalan qadınam.

Aləməm, dünyada tək səni sevdim,

Sənsiz bu dünyada yiyəsiz evdim,

Səni Vətən bildim, səni ev bildim,

Səninlə yaşayıb-ölən qadınam.

 

Bir az sis adam...

 

Mən bir az içində azan adamam,

Bir az da unutqan, bir az pis adam.

Məndən inciməyi heç düşünməyin,

Bir az "uşaq" adam, bir az hiss adam...

 

Mən sənə qoşulub ağlaya billəm,

Coşğun çaylar kimi çağlaya billəm,

Səni ürəyimə bağlaya billəm,

Sənə incik adam, sənə küs adam...

 

Bəlkə bu dünyanın nağıl qızıyam,

Bir Aləm qızıyam, bahar, yazıyam, 

Küləyi, yağışı, qəmli sazıyam...

Bir az duman adam, bir az sis adam.

 

Yenə gözlərimin 

yağış fəslidir

 

Yenə gözlərimin yağış fəslidir,

Bir yalan sevgini dəfn edir ömrüm...

Dünən nə umurdu, bu gün nə buldu,

Daha məcrasına sığmayır könlüm.

 

Havamı bənzəyir, mənmi havaya? 

Buludlar, bəlkə də əksimi çəkir.

Alıb ağuşuna küləklər məni,  

Təbiət sonuncu şəklimi çəkir...

 

Mənmi uzaqdayam, uzaqmı məndə?!.

Bilmirəm dünyanın hayanındayam.

Gah elə bilirəm bir məzardayam, 

Gah da ömür adlı bir saraydayam...

 

Güldün, gülüşünə sığındım, ömrüm, 

Darıxdın, qoşuldum ayaz könlünə...

Mən bahar fəslinə çoxdan küsmüşəm,

Onunçün gətirdim payız ömrünə...

 

Bu da həyatımın qış nagılıdı...

Üç alma yerinə göydən qar yağar...

Mən  bir az Allahın qəmli qızıyam...

Qoşulub buluda yağdıqca yağar...

 

Bir də payızına 

gəlməz bu bahar

 

Bir də görəcəksən çıxıb getmişəm,

Bir də görəcəksən  dünya bomboşdur.

Sən məni göylərdən yerə endirdin...

Qoy olsun, əzizim, sənə bu xoşdur...

 

Bəlkə də, son sözü deyirəm sənə, 

Sən mənsiz yaşaya bilməyəcəksən...

Bəlkə də yüz qadın ötər yanından,

Sən məni bir daha görməyəcəksən! 

 

Bəlkə Allah bilir olub-bitəni,

Ancaq sən bilmirsən nələr olacaq...

Bəlkə də bir heçlik uğruna canım...

Dünyanda ən böyük heçlik olacaq! 

 

Yoracaq bu yollar, bu izlər səni, 

Üzünə bir qapı açılmayacaq.

Ardından gözündən yaş ələyənin,

Dönərkən "min sual" sorulmayacaq.

 

Bir də bu Aləmi doğmaz bir Ana...

Bir də payızına gəlməz bu bahar...

Mən sənin ömrünə necə gəlmişdim? 

Nə Allah danışar, nə dost pıçıldar...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!