Türkə düşmən olan varsa o yandı. - Rövşən Xasayoğlunun ŞEİRLƏRİ

Uzanmasın dil artıq

 

Gəl birləşək, qoy canlansın Turanım,

Ulu xalqım, haqq yoluna gəl artıq.

Nə gözlərsən tükənibdir zamanım,

Damcılardan qoy yaransın sel artıq.

 

Həzin-həzin əsməkdədir dan yeli,

Turan Türkün, millətimin dan yeri,

Ruhla bədən vəhdətinin can yeri,

Aramızdan keçəmməsin yel artıq.

Sözdə deyil, əməllərdə yaransın,

Fərqlər deyil, oxşarlıqlar aransın,

Türklərin qoy üç tonqalı qalansın,

Turan birlik, Turan gücdür, bil artıq.

 

Birlik bizə atalardan əmanət,

Əmanətə edilərmi xəyanət?

Dön özünə, nicat tapsın bu millət,

Düşmənləri yer üzündən sil artıq.

 

Turan yeddi dövlətimdir, varımdır,

Hələ yolda neçə dövlət varımdır,

Qızıl almam, and yerim - Turanımdır,

Birləş, Türkə uzanmasın dil artıq.

 

Oyandı

 

İllər sonra Türklər yenə oyandı,

Türkə düşmən olan varsa o yandı.

Düşünmə ki, Sibir iraq o yandı,

Gözün dikib Turanımın gözünə.

 

Türk, Xan Araz sinən üstə yarandı,

Türk canımdı, hər vaxt can ruhu andı,

Türklər çox vaxt küllərindən yarandı,

Kül olmadan dönüm özüm-özümə.

 

Xasayoğlu, Turan tale, baxtdı, bil,

İllər sonra Turan bizə baxdı, bil,

Hünər qana, iliklərə axdı, bil,

Düşmənlərim üz qoyacaq izimə.


 

Turan

 

Turan gücüm, qüvvətimdir, onunla əbədi varam

Birlikdən güc-qüvvət doğar, illər öncə deyib babam.

Birlik Türkün diriliyi, varlığımın təməlidir,

Turan Türkün Haqq yoludur, ən müqəddəs əməlidir.

Turan Türkün Haqq səsidir, Türklər Haqqa versin səsi,

Turan canım, ruhum mənim, Turanla allam nəfəsi.

Turansız param-parçayam, min bir yerə bölünmüşəm,

Turan Türklərin birliyi, Türklüyümlə öyünmüşəm.

Turan yaranan günədək şirin yuxu Türkə haram,

Türkəm, Turan məkanımdır, Turan yenilməz bir qalam!

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!