Bəlkə son şeirimi yazıb gedirəm, Məni ağlamasın nə göy, nə yer də. - Fəxrəddin Teyyubun ŞEİRLƏRİ

 

Allahın adamı

 

Mənim də üzümə gülümsə, Allah,

Mən də adam kimi bir az yaşayım.

Səadətdi sənə poçtalyon olmaq,

Yerdən dərgahına məktub daşıyım.

 

Bəsdi, hər ürəyə adını yazsam,

İstəmirəm mənə maaş ayırasan.

İşdi, səhv eləyib yolumu azsam,

Başıma salmağa daş ayırasan.

 

Gözüm səni gəzir sabah olanda,

Sevginlə sinəmdə döyünür ürək.

Deyirəm, nə olar Allah olanda,

Səni də bəd gözdən qoruyan gərək.

 

Yığsın ordu kimi ulduzlarını,

Gərək Aya deyəm səni qorusun.

Yığım bəndələrin göz yaşlarını,

Ayağın altına sərim, qurusun.

 

Gözümə qan damar, haqqı itirsəm,

Hər səhər duayla açılır dilim.

Hərdən ah gətirsəm, nalə gətirsəm,

Məndən inciməzsən, işimi bilim.

 

Özgələr danışsın etdiklərimdən,

Nə vaxtsa etdiyim yadamı gəlir?

Elə bilərəm ki, bəxtəvərəm mən,

Desələr Allahın adamı gəlir.

 

16.03.2025

 

Yaşın orbiti

 

Haqqım yox, eşidim qəlbin səsini?

Deyəsən, sevgimə hələ gülürsən.

Bəlkə də günümün çox hissəsini,

Səni düşünürəm, görən, bilirsən?

 

Küçəyə atıram həya, arımı,

Yolunun üstündə gündə bitirəm.

Bəzən unuduram ağ saçlarımı,

Hər səhər çıxdığın tində bitirəm.

 

Özümü yaşıma qonaq görürəm,

Demirəm sevgimlə öyünürəm mən.

Elə ki, gözündə qınaq görürəm,

Yaşımın dalınca deyinirəm mən.

 

Bilmirəm, həsrətdi gör asan məni?

Neyləyim, çıxmırsan baş orbitindən.

Dünya dağılmaz ki, çıxartsan məni,

Bu ahıl çağımdan, yaş orbitindən.

 

12.03.2025

 

Neylərəm

 

Hicranın üzü boz, üzümə durub,

Gümanın yolları gözümə durub.

Ümid, bir də gördün boynunu burub,

Xəyal dumanında itsən, neylərəm?

 

Qorudum sevgimi borandan, qardan,

Hardan gəlib çıxdın ömrümə, hardan?

Qorxuram bezəsən qadağalardan,

Sızlaya-sızlaya ötsən, neylərəm?

 

Həsrətin yanğısı külümdən çıxıb,

Günümdən, ayımdan, ilimdən çıxıb.

Səhvimin ucundan, əlimdən çıxıb,

Daş üstə, qayada bitsən, neylərəm?

 

Məgər dağ-dərəyəm duman, çən sevim?

Axı quş deyiləm, necə dən sevim?

Yaş o yaş deyil ki, təzədən sevim,

Bir gün məni atıb getsən, neylərəm?

 

29.03.2025

 

Bulud, yağış

 

Səksəkə içində yaşayır bulud,

Ömrünə güman yox, yağanacandı.

Bir ala inəyə oxşayır bulud,

Çətini yer onu sağanacandı.

 

Buludun gözləri yerə dikilər,

Yağışın səsindən diksinər torpaq.

Küçələr yuyunar, çimər səkilər,

Ay işıq salanda isinər torpaq.

 

Göydən nə tökülsə, ağaca dəndi,

Damlalar yalayır yarpağı, Allah.

Yağış elə bil ki, ağacdələndi,

Necə döyəcləyir torpağı, Allah.

 

14.01.2025

 

Ağacların dərdi

 

Qəlbimə yenə də qəmlər axacaq,

Həyatda dincliyim olmadı bir an.

Deyirlər sabahdan yağış yağacaq,

Yağacaq, özü də şıdırğısından.

 

Göylərin işinə bəndə qarışmaz,

Gün çıxsa gümanı sərrəm günə mən.

Yağışın tökəndə məndən soruşmaz,

Nə deyim buludun yiyəsinə mən?

 

Savaş görməmişdim çiçəklər üstə,

Arının arıyla savaşı kimi.

Yağış damcıları ləçəklər üstə,

Yanaqdan süzülən göz yaşı. 

Dolur butaların gözünə yağış,

Bəyaz ləçəkləri yuyub aparır.

Yağır budaqların dizinə yağış,

Ürəyim sinəmdə haray qoparır.

 

Qismətdən artığın bir kimsə yeməz,

Ümidim saralıb-solacaq bu il.

Ağaclar dərdini heç kəsə deməz,

Ağaclar barından olacaq bu il.

 

13.03.2025

 

Xatirə

 

Bəlkə son şeirimi yazıb gedirəm,

Məni ağlamasın nə göy, nə yer də.

Dərdin kahasında azıb gedirəm,

Elə itməmişəm tapılam bir də.

 

Kaş əcəl haqlaya yuxuda məni,

Kimsə deməsin ki, qəm var səsində.

Ölüm nə karədi qorxuda məni,

Yaşasam kiminsə xatirəsində.

 

22.03.2025

 

Misra

 

Düşür ürəyimə gecə dən kimi,

Batır cücərəndə qan-tərə misra.

Elə bilirəm ki, bəxtəvərəm mən,

Dönür gah inciyə, gah zərə misra.

 

Bayırda qar yağır, qara gedirəm,

Bir bəyaz dünya var, ora gedirəm.

Yolum hayanadı, hara gedirəm?

Körpüdü gecədən səhərə misra.

 

Bəzən də könlünü şahın oxşayır,

Kiminsə naləsin, ahın oxşayır.

Harda sevən varsa, ruhun oxşayır,

Qəhqəhə çəkibdi kədərə misra.

 

Haqqım var, işıqlı dünyada gəzim,

Təbin qayığında dəryada gəzim.

Məni qoymadı ki, piyada gəzim,

Mindirdi söz adlı kəhərə misra.

 

Xəmiri yerdə yox, göydə yoğrulub,

Tanrı dərgahından gəlir, yorulub.

Bələyin, bir körpə şeir doğulub,

Demə hamiləymiş gövhərə misra.

 

25.02.2025

 

Pıçıltı

 

Bu gecə gözümə yuxu getmədi,

Seyr etdim Şuşanı Ay işığında.

Demirəm arzuma əlim yetmədi,

Yenə Cıdır düzü yaraşığında.

 

Elə bil yer qalxır, göy alçalırdı,

Təbiət susurdu sözü var kimi.

Sükut dərələrə laylay çalırdı,

Çəmənlər yatırdı uşaqlar kimi.

 

Gözəllik gözümü oxşadı burda,

Nə Şuşa ayrıdı, nə inci ayrı.

Könüldən vuruldum bu doğma yurda,

Şuşada olmağın sevinci ayrı.

 

Məhəbbət payımı göylər ayırdı,

Sevgi küləyidi ruhumda əsən.

Tanrı qulağıma pıçıldayırdı: -

Bilirsən, dünyanın bəxtəvərisən?!

 

15.07.2023

 

Bu vətəndi, bu vətəndi, 

bu vətən

 

Hər müqəddəs daşının da canı var,

Dağlarından dünyanı gəz, hanı, var?

Bayrağında şəhidlərin qanı var,

Bu vətəndi, bu vətəndi, bu vətən.

 

Qəlbimizdə yer eyləyib hər çağı,

Necə yanıb, elə yansın ocağı.

Nə istidi ana kimi qucağı,

Bu vətəndi, bu vətəndi, bu vətən.

Çörək tapmaz çörəyinə toxunan,

Arzusuna, diləyinə toxunan.

Xoş gün görməz ürəyinə toxunan,

Bu vətəndi, bu vətəndi, bu vətən.

 

Babalardan əmanət yurd yerimdi,

Göz dikməsin, yağıya dərd yerimdi.

Əzəl gündən qibləgahım, pirimdi,

Bu vətəndi, bu vətəndi, bu vətən.

 

Uzaq gəzdim yaramazdan, naşıdan,

Hələ nə çox keçmişimə daş atan.

Vurğunumu, Müşfiqimi yaşadan,

Bu vətəndi, bu vətəndi, bu vətən.

 

İndən belə ürəyimə gül deyim,

Bəsdi daha göz yaşımı sildiyim.

Anamı da əziz vətən bildiyim,

Bu vətəndi, bu vətəndi, bu vətən.

 

14.02.2025

 

Bəsimdi

 

Deyirsən ki, kimdi səni tanıyan,

Tanıyırsa məni Allah, bəsimdi.

Dediyini bir batman bal ötürməz,

Ümid varsa, gülər sabah, bəsimdi.

 

Əzizləyib sevsin tək yox, cəm səni.

Zil gözləməz, gözləyəcək bəm səni.

Alaçıqda başa çıxsam kimsəni,

Gərək deyil nə xan, nə şah, bəsimdi.

 

Pay vermişəm ilk bahara sevgimdən,

Gah yağışa, gah da qara sevgimdən.

Bu dünyada adamlara sevgimdən,

Bircə nəfər olsa agah, bəsimdi.

 

20.03.2025

 

Ahıl yaş, adamın 

itən yaşıdı

 

Bahar, ümidimi daha bitirməz,

Arzuma, kamıma məni yetirməz.

Qürubun yolları sevinc gətirməz,

Yolçusu ömrümün gedən yaşıdı.

 

Ocağın yanmasa, bacalıq deyil,

Görünən hər zirvə ucalıq deyil.

Saçların ağlığı qocalıq deyil,

Ruhumun bülbültək ötən yaşıdı.

 

Varamsa, hər yerdə gərək görünüm,

Sevincə bələnim, qəmə bürünüm.

Gec gəlsəm darıxma, ay ömrüm, günüm,

Ahıl yaş, adamın itən yaşıdı.

 

12.04.2025

 

Nə gözəl duyğudu 

yaxşılıq, Allah

 

Əlin yetməyəndə qovrulur adam,

Nə usanır, nə də yorulur adam.

İçindən bulaq tək durulur adam,

Nə gözəl duyğudu yaxşılıq, Allah!

 

Görsən bağrına bas, yol açan olsa,

Əməli qışda da gül açan olsa.

Qaytarma əlini əl açan olsa,

Nə gözəl duyğudu yaxşılıq, Allah!

 

Əzəldən çapmışam ümid atında,

Hər kəs öz keyfində, xoş ovqatında.

Uçursan göylərin yeddi qatında,

Nə gözəl duyğudu yaxşılıq, Allah!

 

Elə bilirlər ki, göydən enmisən,

Kiminsə gözündə sirrə dönmüsən.

Bir də görürsən ki, pirə dönmüsən,

Nə gözəl duyğudu yaxşılıq, Allah!

Göylərin payıdı zirvənin qarı,

Dərənin sükutu, dağın vüqarı.

Qoy axsın gözlərdən sevinc yaşları,

Nə gözəl duyğudu yaxşılıq, Allah!

 

13.04.2025

 

Tanrıdan vaxtı var 

hələ Sabirin

 

Xalq şairi Sabir Rüstəmxanlıya

 

Vətən od tutanda, yandı birinci,

Tüstüyə qarışdı qaçaq sevinci.

Tay olmaz təbinə nə ləl, nə inci,

Səsi əsrlərdən gələr Sabirin.

 

Kimsə deməsin ki, boyatdı Araz,

Neçə yatmışları oyatdı Araz.

Elə ki, qürbətdən qayıtdı Araz,

Gözünün yaşını silər Sabirin.

 

Yetimin çiyninə kim əlin qoyar?

Adam bu dünyada əməlin qoyar.

El-oba yığışıb heykəlin qoyar,

Qədrin indən belə bilər Sabirin.

 

Başı sarıqlıydı haqqın yanında,

Vətənə sevgisi, axan qanında.

Batmadı savaşlar burulğanında,

Gözü nələr gördü, nələr, Sabirin.

 

Sözdən od götürüb qalanan ocaq,

Oduyla dünyanı dolanan ocaq.

Hələ çox yazacaq, çox yaradacaq,

Tanrıdan vaxtı var hələ Sabirin.

 

03.03.2025

 

Bahar

 

Kövrəldim, ürəyim çağlayan dəniz,

Yarpaqlar gözümün yaşını sildi.

Gör sənnən nə vaxtın dostlarıyıq biz,

Qapımı döyürsən, yetmiş beş ildi.

 

Nə vaxt danışmışam borandan, qardan?

Səndən gecə-gündüz söz açmışam mən.

Sormayın bahara bu sevgi hardan?

Baharda dünyaya göz açmışam mən.

 

Yerlər necə bilsin göylər biləni?

Bənövşə boynunu bu il bükməsin.

Təzələ buludla müqaviləni,

Çiçəklər açanda yağış tökməsin.

 

Sənə nə ad verim könlümcə olsun?

Duyğumun gölündə sonamsan, bahar!

Nə gülün, nə də ki, çiçəyin solsun,

Anam köç edəndən anamsan, bahar!

 

22.03.2025

 

Ağaclar əsgərdi

 

Zirvələr, göylərdən asılan kimi,

Axır şəlalələr min ildi belə.

Körpə anasına qısılan kimi,

Təpələr dağlara qısılıb elə.

 

Payızın şimşəyi haray qoparır,

Xəzəllər torpağın sarı donudu.

Hönkürə-hönkürə xəbər aparır,

Sellər dərələrin poçtalyonudu.

 

Gecə də, gündüz də boynunu burub,

Elə bil itirib huşun meşələr.

Ağaclar əsgərdi, keşikdə durub,

Qoruyur dağları qoşun meşələr.

 

29.10.2021

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!