Şuşa, sən azadsan...
Çəkilib başından dumanın, çənin,
Şuşa, sən azadsan, azadsan, azad!
Bizi səmalara pərvazlandıran
Yorulmaq bilməyən qanadsan, qanad!
Naxçıvan duzumdur, Gəncə çörəkdir,
Lənkəran çayımdır, Qazax çiçəkdir,
Bakı gecə-gündüz vuran ürəkdir,
Şuşa, sən ürəkdə muradsan, murad!
Səndə Vaqiflərin sözü yaşayır,
Cabbarın, Seyidin özü yaşayır,
Dağ başında Cıdır düzü yaşayır,
Şuşa, sən Tanrıdan baratsan, barat!
Qacarları yenən bir dastanın var,
Büstü güllələnmiş Natəvanın var,
Sıldırım dağında şəhid qanın var,
Şuşa, sən inadsan, inadsan, inad!
Əzəldən əbədə yol alıb soyun,
Qurulsun şülənin, çalınsın toyun!
İsa bulağıdır dirilik suyun,
Şuşa, sən əbədi həyatsan, həyat!
Bülbülün büstü önündə
Qarşımda qəmli bir mənzərə,
Bülbülün büstünün önündə!
İndicə dönəcəm heykələ
Bülbülün büstünün önündə!
Sıxılıb-açılır ürəyim,
Əlimdə ağlayır çiçəyim,
Bu dövrə, zamana nə deyim,
Bülbülün büstünün önündə?!
Büstünə atılan güllələr
Şeiri, nəğməni güllələr!
Gör, keçir qəlbimdən, gör nələr,
Bülbülün büstünün önündə!
Vaqifin gözəli ağlayır,
Natəvan qəzəli ağlayır!
Axırı, əzəli ağlayır,
Bülbülün büstünün önündə!
Bir durna bir lələk salıbdır,
Koroğlu heyrətdə qalıbdır,
Nigarın gözləri dolubdur
Bülbülün büstünün önündə!
Dağılır muncuqtək bayatı,
Ağlayır "Şikəstə", "Heyratı!"
Pərişan görürəm Poladı
Bülbülün büstünün önündə!
A dostlar, mən Güləmayiləm,
Bir bəmə, bir zilə mayiləm!
Bir güləm, bülbülə mayiləm
Bülbülün büstünün önündə!
Şəhidlərim!
Özünüz bir qeyrətsiniz,
Şəhidlərim, şəhidlərim!
Möcüzəsiz, heyrətsiniz,
Şəhidlərim, şəhidlərim!
Dağ başında qalasınız,
Oğulsunuz, balasınız.
Tarixlərdə qalasınız,
Şəhidlərim, şəhidlərim!
Torpaqda çiçəyə döndüz,
Siz cənnətdə bəyə döndüz.
Sinəmdə ürəyə döndüz,
Şəhidlərim, şəhidlərim!
Bu torpaqda qanınız var,
Adınız var, sanınız var!
Azərbaycanınız var,
Şəhidlərim, şəhidlərim!
Qandı, qırğındı hər yanda,
Nə gördünüz bu cahanda?!
Nə düşündünüz son anda?
Şəhidlərim, şəhidlərim!
Dediniz, nə gülün solsun,
Nə gözlərin yaşla dolsun!
Ay Vətən, başın sağ olsun!
Şəhidlərim, şəhidlərim!
Şəhidim mənim
Mən çiçək yerinə şeir gətirdim,
Şerim çiçək olsun, şəhidim mənim!
Hamı şəhid olmaz, şəhid olanda
Gərək ürək olsun, şəhidim mənim!
Ey diri ölənim, ey ölü sağım,
Qanınla qızardı qara torpağım!
Məzarın üstəki üçrəng bayrağım
Sənə bəzək olsun, şəhidim mənim!
Düşmən sala bilməz zillətə səni!
Mərdliyin yetirib şöhrətə səni!
Tanrı yolladımı cənnətə səni?
Yerin ipək olsun, şəhidim mənim!
Sən ey qəhrəman şəhidim
Hünər səndə, qeyrət səndə,
Sən ey qəhrəman şəhidim!
Bir yenilməz qüvvət səndə,
Sən ey qəhrəman şəhidim!
Açıb şahin qanadını,
Tarixə yazdın adını.
Dünya gördü inadını,
Sən ey qəhrəman şəhidim!
Sən, sən ey cənnətdə bitən,
Fəxr eyləyir sənlə Vətən!
Şəhid oldun, ölmədin sən,
Sən ey qəhrəman şəhidim!
Unudarmı vicdan səni,
Qoca, uşaq, cavan səni!
Anam Azərbaycan səni,
Sən ey qəhrəman şəhidim!
Ana naləsi
Düşmənin başına daş niyə düşmür?
Bir ana ağlayır məzar başında.
Cəlladın gözündən yaş niyə düşmür?
Bir ana ağlayır məzar başında.
Dağılır ölkələr, yurdlar, vətənlər…
Saralır bağçalar, güllər, çəmənlər…
Neçin məhəl qoymur gəlib-gedənlər?
Bir ana ağlayır məzar başında.
Bu günün dərdini sabah çəkirlər,
Savabı boşlayıb, günah çəkirlər.
Nə fəryad anlayır, nə ah çəkirlər,
Bir ana ağlayır məzar başında.
Bu ah Şəhidi də oda yaxacaq,
Qulaq ver, məzardan nalə çıxacaq.
İndicə içindən lalə çıxacaq,
Bir ana ağlayır məzar başında.
Neçin yaşayan var qübar içində?
Ədalət varmıdır rüzgar içində?
Bir şəhid uyuyur məzar içində,
Bir ana ağlayır məzar başında.
Şəhid anası dedi...
Balasını itirmiş bir anayam mən,
Yaz, şair, qəlbimdən keçənləri yaz!
Qalasını itirmiş bir anayam mən,
Yaz, şair, qəlbimdən keçənləri yaz!
Analar, dərdinə yanıb ağlayar,
Göyərçin tək yola qonub ağlayar!
Şəhid balasını anıb ağlayar,
Yaz, şair, qəlbimdən keçənləri yaz!
Allahım, şəhidlər qoy Sənin olsun,
Analar anası Vətənin olsun.
Yaradan düşmənə qoy qənim olsun,
Yaz, şair, qəlbimdən keçənləri yaz!
Neçə toy xonçası qalıbdı bağlı,
Nişanlı qızların sinəsi dağlı.
Qazaxlı, laçınlı, həm qarabağlı,
Yaz, şair, qəlbimdən keçənləri yaz!
Gör nələr gətirdi fələk başıma,
Niyə acımadı göz yaşlarıma?
Xınalar çəkildi məzar daşına!
Yaz, şair, qəlbimdən keçənləri yaz!
Şəhidlərə Ballı qaya yaraşır,
Adları günəşə, aya yaraşır!
"Vağzalı" yasa yox, toya yaraşır!
Yaz, şair, qəlbimdən keçənləri yaz!
Yaşasın düşməni biçən el üçün!
Şəhadət badəsin içən el üçün!
Ölərmi canından keçən el üçün?
Yaz, şair, qəlbimdən keçənləri yaz!
Vətən
Cəsur igidlərtək düzülüb dağlar,
Uca zirvələrdən şəlalə çağlar.
Qısılıb döşünə bulaqlar ağlar,
Vətən!
Alovu düşməni yandırır-yaxır,
Qan damarlarıdır Kür, Araz - axır.
Əyilib Xəzərdə özünə baxır
Vətən!
Dünyaya Göygölün gözüylə baxır,
Şah dağı, Mil-Muğan düzüylə baxır,
Dahi Nizaminin sözüylə bax,
Vətən!
Qız qalası kimi təmizdir adı,
Ana tək, ata tək əzizdir adı.
Dəryadır, ümmandır, dənizdir adı -
Vətən!
Şerim qanadlanır səni andıqca,
Sənin eşqin ilə alovlandıqca,
Üçrəngli bayrağın dalğalandıqca,
Vətən!
Sərhədçilər
Əlində avtomat, çiyin-çiyinə
Vətən sərhədində duran əsgərlər!
Günəş doğanacan nə dinclik bilən,
Nə kirpik-kirpiyə vuran əsgərlər!
Vətənə yad gözlə baxanlar olsa,
Qılınc tək çatarsız qaşlarınızı!
Üçrəngli bayrağa əymisiz yalnız
Qürurla ucalan başlarınızı!
Başınız üstündə ulduzlu səma,
Siz nəyi düşünüb anırsınız hey?
Siz də bu torpağın ulduzlarısız,
Gecələr sübhədək yanırsınz hey...
Silahınız sazdır sinəniz üstə,
Səssiz oxuyursuz Vətən havası...
Siz varsız - zəfərlə sonuclanacaq
Düşmənlər başlayan torpaq davası!
Təkcə torpağın yox, sizlər həyatın,
Sülhün keşiyində dayanmısınız!
Durmusuz müqəddəs məzarlar üstə,
Körpə beşiyində dayanmısınız...
Səmada quşları, yerdə gülləri,
Çiçəkli bağları qoruyursunuz.
Keçmişin, bu günün keşiyin çəkir,
Gələcək çağları qoruyursunuz.
Axır gəlib çatdı o zəfər günü-
Sədası ürəkdə, izi yoldadır.
Nə qədər ananın qulağı səsdə,
Nə qədər gözəlin gözü yoldadır!
Əsgər oğullarım, qoy Tanrı özü
Sizi hifz eləsin qada-baladan!
Bu çətin, şərəfli xidmətinizdə
Köməyiniz olsun böyük Yaradan!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!