Səndə yaşayıram gör nə zamandı,Necə yaşayıram, sor, ürəyində. - Məmməd Tahirin ŞEİRLƏRİ

Prezidentə məktub

 

Sizi düşünürəm bu yaz səhəri,

Bu qış günəşinin istisi ilə.

Yazır sevgi ilə, ilhamla qələm, 

Vəsf edir ilk yazın nəfəsi ilə.

 

Yurda sevgi ilə köklənir ürək,

Onda hansı yeni havanı çalım?

Bunu duymaq gərək, düşünmək gərək,

Görən, hansı sözün könlünü alım?

 

Yurdu sevmək azdı,

Gərək bu sevgi

Hər yerə; torpağa, daşa yazılsın.

İsminiz, soyunuz bir fateh kimi

Bu yurdun adıyla qoşa yazılsın.

 

Qaranquş nəğməsi, bülbül cəh-cəhi

Mənim istəyimə qoşulur indi.

Naxçıvan alqışı, Şuşa bəh-bəhi,

Böyük Türk dünyası bir olur indi.

 

Bu, qandan, ilikdən, bir kökdən başlar,

Torpaqdan göyərər bu sevgi elə.

Tanrı dağlarında Göytürkdən başlar,

Görən, harda bitər?

Bilinmir hələ.

 

Görən, harda bitər?..

Bu sevgi bitmir.

Göyərir, doğulur, artır, çoxalır.

Göyün qanunudu,

Yaranan itmir,

Tanrı verdiyindən bəlkə çox alır?!

 

Günəşin istisi düşür könlümə, 

Könlümə yazılır hər gün təzə-tər.

Düzü, minnətdaram ana dilimə,

Bu dildə anılır bu gün bu səhər.

 

Vaxt ötür ildırım sürəti ilə,

Zaman yandırıbdır çox çıraqları.

Aldınız Tanrının qüdrəti ilə

İşğal altındakı o torpaqları.

 

Yurdu bu sevgiyə şərik eləyir

Savalan ləhcəsi, Kərkük dilində.

Sizə cansağlığı, xoş gün diləyir,

Anam Azərbaycan

Bir Türk dilində.

 

 

             

Bir gözəllik sərgisidir

 

İşıqlıdır burda ömrün hər fəsli,

Gecələri gündüzünə can atır.

Çiçəkləri bir az günəş həvəsli,

Gülləri də durub Aya naz satır.

 

Səhər doğan al günəşin telləri

Əluncədən Haçadağa yol çəkir.

Bir yanadı gül-çiçəkli çölləri,

Arıları qayalardan bal çəkir.

 

Təbiəti bir az yumşaq, bir az sərt,

Heç od çatmaz Günəşinin oduna.

Araz olub sevgisinə bir sərhəd,

Bir təşbehdi "Şərq qapısı" adına.

 

Ətəyi çən, zirvəsi ağ cunalı,

Milyon illik tarix saxlar özündə.

Dağı-daşı İlahidən xınalı,

Yaradanın hər rəngi var üzündə.

 

Batabatda Zor bulaq göz qarası,

Xan Arazı damarında qızıl qan.

Sədərəklə Qapıçığın arası,

Bir gözəllik sərgisidir Naxçıvan.

 

Sən getdin

 

Sən getdin, üşüdü hava, su, torpaq,

Könlüm də üşüdü, bu nə iş idi?..

Nə bilim, elə bil son görüş idi.

 

Sən susdun, sən baxdın, sən səssiz idin,

Üzündə qəribə bir qüssə vardı,

Elə bil getməyə həvəssiz idin.

 

Baxırdın, könlümə işıq düşürdü,

Gülürdün, ağlımı alıb gedirdin,

Mən göydən tuturdum, yer sürüşürdü.

 

Közərən bir ocaq sönhasöndəydi,

Təzədən çır-çırpı atıb yandırdın.

Fələyin də üzü dönhadöndəydi.

 

Sən getdin, yerini yalqızlıq aldı,

Mənim ürəyimdə, sənin könlündə

Bu axşam, közərən bir ocaq qaldı.

 

Bir gün məni sorsan...

 

Bir gün məni sorsan,

Göy üzünə bax.

Bulud çiçəkləsə gün işığında,

Dön özünə bax.

Görsən ki, o işıq səndən süzülür,

Boylan ürəyinə, öz közünə bax.

 

Varmı könlündə od, qor ürəyində?!

Səndə yaşayıram gör nə zamandı,

Necə yaşayıram, sor, ürəyində.

 

Yanımdan ötəndə bir ayaq saxla,

Oyat mürgüləyən duyğularını,

Bir az kənara qoy qayğılarını.

Oyat hisslərini, sən oyaq saxla.

 

Bir az hava ver sən, bir az su ver sən,

Ürəyimcə olar.

Bir az da sevilmək duyğusu versən.

 

Bir gün məni sorsan,

Sor ürəyindən,

Necə yaşayıram gör, ürəyində.

 

Bir qış hekayəsi

 

Şəfəqlər üşüyür buzun üstündə,

Bulağın gözündə donur baxışlar.

Qafiyə sürüşür sözün üstündə,

Yeriyir, fikirdən tutur yoxuşlar.

 

İsitmir torpağı qışın günəşi,

Dağlar qaşqabaqlı, üzü açılmır.

Göy üzü küsdürüb qışı, günəşi,

Könlümdə sözün də buzu açılmır.

 

Əyilib torpağa şaxta vurmuş gül,

Ləçəyi qönçənin üstə ovulub.

Lap mənə oxşayır bu qurumuş gül,

İlini yel alıb, günü sovulub.

 

Külək uğuldayır, qarı sovurur,

Keçir ürəyimdən soyuğun səsi.

Şaxta daş qovurur, torpaq qovurur,

Soyuğun nəfəsi - bir qurd nəfəsi.

 

Pəncərəm açılır gün işığına,

Bu bir hekayədi, dönür sonluğa.

Gəlib pəncərəmə bir quş sığına, 

İsidə özünü bircə anlığa.

 

Yaz vaxtı ola

 

Sən çiçək olasan, mən gün işığı,

Təbiət oyana, yaz vaxtı ola.

Əriyib qarışam ləçəklərinə,

Sənin də könlünün naz vaxtı ola.

 

Quşlar çöp daşıya öz yuvasına,

Ağaclar qol aça yaz havasına,

Ocaqda od qalxa köz davasına,

Mənim də könlümün köz vaxtı ola.

 

Gözüm gün işığı, işıq bir dəstə,

Yata ləçəklərin kölgəsi üstə,

Təzədən göyərə canda həvəs də,

Bir az da dünyanın düz vaxtı ola.

 

Gözləri diricə aça səhəri,

Qurd ola, quş ola aşa çəpəri,

Mənim qollarımda kişi təpəri,

Sənin də ömrünün qız vaxtı ola.

 

Düşürdüm

 

Bir payız yağış yağırdı,

Dağüstü parkdan düşürdüm.

Canım elə yorulmuşdu,

Əldən-ayaqdan düşürdüm.

 

Göy üzü göyqurşağıydı,

Şəhər məndən aşağıydı,

Ömrümün payız çağıydı,

Budaqdan qopub düşürdüm. 

 

Nədir bu ömrün çıxarı,

Aramızda hördü barı?!

Gördüm çıxıb çox yuxarı,

Alıb aşağı düşürdüm.

 

Səni unudum

 

Səsləsəm, səsim yetməz,

Sevginə yox umudum.

Gileyin sonu bitməz,

Bəlkə səni unudum?!

 

Nə odun, hərarətin,

Nə çatdığın ocaq var.

Nə mənə sarılan qol,

Nə açdığın qucaq var.

 

Sinən bir yaylaq olsa,

Havası yox bir udum.

Nə yazın var, nə yayın,

Bəlkə səni unudum?!

 

Səhəri yox gecənin,

Sübhün toranlıq olur.

Üzündəki gülüşün 

Qəmə yavanlıq olur.

 

Od oldum, ocaq oldum,

Sənə yetmədi odum.

Dönüb məni yandırır,

Bəlkə səni unudum?!

 

Ağaclar, adamlar

 

Bir səssizlik içindən

Gəlir, bir nəfəs gəlir.

Adamlar daha yoxdu,

Yerinə əvəz gəlir.

 

Adamlar ağac olub,

Ağacda səsə bir bax.

Ağacdı, ya adamdı? -

Sən gələn kəsə bir bax.

 

Yeriyir ayaq üstə,

Bir-birindən yan gəzir.

Ağaclar adam olub,

Əldə silah, qan gəzir.

 

Sadəcə

 

Məzarının başında Şam ağacı,

Külək darayır tellərini.

Payız sazağı üşüdür

Məzarın üstəki qərənfil güllərini.

Zəif Günəş işığı

Öpür başdaşını.

Mən ipək dəsmalla

Silirəm gözümün yaşını.

Məzarına sakitcə baxmaq

Bir ata üçün

Çox ağır.

Ağlamıram,

Sadəcə, gözümdən yaş axır. 

 

Bakı-Şuşa yolu

 

Bu yol səbrim kimi

Gah qısa,

Gah uzun yol.

Könlüm kimi narahat,

Ürəyim kimi yorğun yol.

Biz gecə yolçusu

Üzü səhərə gedirik.

Biz Şuşa adlı bir şəhərə gedirik.

Bu yol Şuşa yolu.

Ürəyim dolu.

Bir qucaq sevgi aparıram,

Sevgilərlə dolu 

Bir sərgi aparıram.

Mən Şuşanın hər küçəsində

Bir duyğu sərgisi açacağam.

Sinəmi küləyə açıb

Bu başından o başınacan 

Nəfəsimu dərmədən qaçacağam.

Bu yol Şuşa yolu,

Könlüm üçün bir film, tamaşa yolu.

Hələ yol gedirəm

Üzü səhərə.

Bu yol aparır bizi Şuşa adlı şəhərə.

Bir istəyin yalmanına yataraq

Bəlkə bir azdan çatarıq

İçimdə Vaqifə, 

Natəvana deyəcəyim söz.

Hələ yol uzun, 

Bir az da döz.

Könlüm sevgilərlə dolu,

Bu yol Bakı-Şuşa yolu.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!