"Ömrün payız xalçasında Naxış kimi sevdim səni," - İlqar FƏHMİ

İlqar FƏHMİ

*** 

Yağış yağır

Şəhər batır, mən isə bir şeir yazım, deyim sənə,

Yaxın qışım deyim sənə, uzaq yazım, deyim...

 

Ağızda dad da qalmasa, şəkər şirin deyim sənə,

İçimdəki yüz arzudan, görən, birin deyim sənə?

 

Nəfəsləri qarışdırıb gedən külək deyim sənə, 

Boş olsa süfrəm hər səhər, boyat çörək deyim sənə.

 

Payızda ruhu buzladan soyuq fəsil deyim sənə,

Gedən xəyal deyim sənə, qalan şəkil deyim sənə?

 

Boşanmış arzular deyim, ölən ümid deyim sənə, 

Bu səhrada məni susuz qoyan yezid deyim sənə...

 

Adam deyim, mələk deyim, ya bir nağıl deyim sənə,

Bu gün simic deyim sənə, sabah paxıl deyim sənə...

 

Mənə İlahidən gələn əzab, zülüm deyim sənə,

Yolumda gizlənib duran qəfil ölüm deyim sənə...

 

Sinəmdəki qıfılları qırıb qopar, deyim sənə,

Ürəkdə tapdığın nə var, götür, apar deyim sənə.

İçində heç nə qalmasın, tez ol, apar deyim sənə...

 

*** 

Tutulsa göz, nə fərqi, işıq, ya zülmət olsun, 

İçimdə öldü sevgim... Məkanı cənnət olsun...

 

Ürək də incidir çox, yaman verir əziyyət,

Gedib qıraqda ölsün, nişanı cənnət olsun.

 

Yol aldın eşqə sarı, güman yəqinə döndü,

Kimin yəqini yoxsa, gümanı cənnət olsun.

 

Bir ev tikim səmadə, divarları günahdan,

Bu yan cəhənnəm olsa, o yanı cənnət olsun...

 

Niqabı açma üzdən, görünməsin səfası, 

Həqiqi aşiq üçün nihani cənnət olsun.

 

Yol alsan Haqqa doğru, dayanma bircə an da,

Hədəflərin içində asanı cənnət olsun.

 

***

Ömrün payız xalçasında

Naxış kimi sevdim səni,

Qurumuş səhraya yağan 

Yağış kimi sevdim səni...

 

Bütün ruhumu sarmış

Zəncir kimi sevdim səni,

Tavandan asılıb qalan 

Kəndir kimi sevdim səni.

 

Bir az şirin, bir az acı

Qəhvə kimi sevdim səni,

Sevməyə düzdən başladım -

Səhvə kimi sevdim səni.

Nəfsimi alt-üst eləyən

Tamah kimi sevdim səni.

Heç vaxt bağışlamadığım

Günah kimi sevdim səni.

 

Küçələrin sel aparan

Şəhər kimi sevdim səni. 

Qanımda gün-gündən artan

Şəkər kimi sevdim səni.

 

Həsrətlə qələm gözləyən

Varaq kimi sevdim səni.

Böyüklər kimi sevmədim,

Uşaq kimi sevdim səni...

Lap balaca

uşaq kimi 

sevdim səni.

 

***

Hamıya sirr olan eşqi, sənə bildirməsəm, olmaz,

Gözümün yaşını hərdən, sənə sildirməsəm, olmaz.

 

Baxışın ruhuma mənzil, gülüşün eşqimə qatil,

Məni ağlat, əvəzində səni güldürməsəm, olmaz.

 

Sonacan qəmdi kitabın, gözünə sızdı əzabın,

Nə əzab varsa mənimlə sənə böldürməsəm, olmaz.

 

Yolumuz daş-kəsəyindi, yerimək xeyli çətindi, 

Yıxılan hər bir ümidi göyə qaldırmasam, olmaz.

 

Bu nə sevgi, nə məhəbbət? Sonu bir qanlı cinayət,

Məni incitməsən, olmur. Səni öldürməsəm, olmaz...

 

***

Qalıbdı son əlacımız, şeir yazım, deyim sənə,

Canım-gözüm deyim sənə, sözüm-sazım deyim...

 

Ağızda dad da qalmasa, şəkər-şirin deyim sənə,

Ürəkdəki yüz arzudan, görən, birin deyim sənə?

 

Sinəmdə gizlənib qalan, vuran ürək deyim sənə,

Boş olsa süfrəm hər səhər, boyat çörək deyim sənə.

 

Payızda ruhu titrədən soyuq fəsil deyim sənə,

Uzaq xəyal deyim sənə, yaxın şəkil deyim sənə?

 

Boşanmış arzular deyim, ölən ümid deyim sənə, 

Bu istidə məni susuz qoyan Yezid deyim sənə...

 

Adam deyim, mələk deyim, ya bir nağıl deyim sənə,

Bu gün simic deyim sənə, sabah paxıl deyim sənə...

 

Qulağına pıçıldayım şeir qəzəl deyim sənə, 

İçimdə sirli bir ümid. Bu sirri, gəl, deyim sənə...

Əlçatmazım...

 

Mən, oxunub axırı çatmış kitab, 

Sən, yazılan şerimə ən son sətir...

Mən, yağış altında gəzən sərsəri,

Sən, hələ də bağlı qalan bir çətir...

 

Sən, göz açınca uzanan bir üfüq,

Mən, sənə doğru yol alan bir bulud,

Sən, işığın gizli tutan bir günəş,

Mən, buz içində üşüyən bir vücud.

 

Mən, payız əhvallı saralmış varaq,

Sənsə, bir az xətti qarışmış yazı,

Mən ki, sənə şah damarından yaxın...

Sən, əlim altındakı Əlçatmazım...

İstədim haqqında şeirlər yazım,

Ey mənim Əlçatmazım.

 

***

İntizar küləkləri

Üz-gözümü yaladı.

Niyə bütün sevgilər

Əzabla qol-qoladı?

 

Bu nə soyuqdur gəlib,

Nəfəsin də üşüyür.

Ürəyin qəfəsdədi,

Qəfəsin də üşüyür.

 

Dönüb gün şüasına

Soyuğu azdırardım,

Üşüyən əllərini 

Şeirlə qızdırardım.

 

Hava yaman tutulub

Yəqin yağar, deyiblər.

Əynivi qalın elə,

Sabaha qar deyiblər. 

 

***

Mənim şeirlərim soyuq,

Bir az da yorğun olsa da,

Sənin bulaq kimi səsin, 

Sənin sözün şeir kimi.

 

Mənim şeirlərim ağır, 

Bir az da zülmət olsa da, 

Sənin şəlalə saçların, 

Sənin üzün şeir kimi...

 

Mənim şeirlərim sönük,

Bir az dumanlı olsa da, 

Sənin zərif baxışların

Sənin gözün şeir kimi...

Mənim şeirlərim bir az

Həyata küskün olsa da, 

Sənin həyatda varlığın, 

Sənin... özün şeir kimi...

 

*** 

Kişi bir loxma çörəynən dolanar,

Qabağından yeyən olmaz...

Kişi ağır yükün altında sınar,

Amma qəddin əyən olmaz...

 

Kişi meydanə girə, şirlər ilə pəncələşər, 

Kişi it-qurda gücün göstərməz,

Kişi çaqqal döyən olmaz.

 

Kişi fəryad eləməz, ağrısını hamı bilə,

Kişi hər dərdü-sərin gizli çəkər,           

Zarıyıb inliyən olmaz...

 

Kişi ağır sözünü xırdalamaz, söz böyüdər, 

Kişi saxlar sözü ağzında bütöv,

Kişi söz çeynəyən olmaz.

 

Kişi şəxsiyyətini göstərər ancaq əməli,

Yerli-yersiz kişilikdən danışıb,

Özunü çox öyən olmaz...

 

Kişi dilləndisə, ya haqqı deyər, ya ki susar,

Kişi məddahlıq ilə ömr eləməz,

Qaraya ağ deyən olmaz.

 

Kişi dağdan da böyük, qum dənəsindən də kiçik,

Kişi həm sadə olar, həm də qəliz,

Ruhuna əl dəyən olmaz,      

Onu dərk eyləyən olmaz,

Onu tərk eyləyən olmaz...

 

Qoşa qafiyə

 

Döşünə döymə, ey insan. Nə azadlıq?! Nə iradə?!

Elə bil köhnə saatsan, göbəyindən qurulursan.

 

Demə, yox qorxu gözümdə, ölümün üstunə getdim,

Sinəvi gulləyə açsan, kürəyindən vurulursan...

 

Nə qədər olsa da sadiq, necə şövq ilə döyünsə,

Elə bir hal da olur ki, ürəyindən yorulursan...

 

Səni zəncirləyər iblis uçurumda o zaman ki, 

Uca bir Eşqin əlindən, ətəyindən qırılırsan.

 

Bulanıb çirkaba ruhun, deyirəm, bircə yolun var:

Sinəvə çək hava ixlas küləyindən, durulursan,

 

Bələyib körpəni möhkəmcə sıxarlar ki, düz olsun,

O ki dünyaya çıxırsan bələyindən, burulursan...

 

İblisin süfrəsi zahirdə gözəl, ancaq əl atsan,

Duzuna dil çürüdərsən, çörəyindən kor olursan.

 

***

Mənim şeirlərim soyuq,

Bir az da yorğun olsa da,

Sənin bulaq kimi səsin, 

Sənin sözun şeir kimi.

 

Mənim şeirlərim ağır, 

Bir az da zülmət olsa da, 

Sənin şəlalə saçların, 

Sənin üzün şeir kimi...

 

Mənim şeirlərim sönük,

Bir az dumanlı olsa da, 

Sənin zərif baxışların,

Sənin gözun şeir kimi...

 

Mənim şeirlərim bir az

Həyata küskün olsa da, 

Sənin həyatda varlığın, 

Sənin... özün şeir kimi...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!