Qoca dünya gör-götürdü, Kim qazandı?! Mən itirdim. - Mehdi Calalın ŞEİRLƏRİ

Şəlalə İnqilabqızına

 

Yamaca çən gəlir, dağa qar düşür,

Saralan gümanım - payız ötüşür,

Könlümə əlçatmaz arzular düşür,

Didərgin ruhların duasını çal!

 

Toplar dillənəndə nağıl yerinə,

Sən qəlpə topladın noğul yerinə.

İndi yağılarnan oğul yerinə

Döyüşən yurdumun davasını çal!

 

Bir gülsən, açmısan qışın qarında,

Qəlbimə doğmadı ağrıların da.

Təzə pərvazlanan könül tarında

Qırılan sazının nəvasını çal!

 

Belə ki çalırsan, - min dərd könlümün,

Dərdin çəkilməzi bu mərd könlümün,

Bir qərib sevgiyə həsrət könlümün

Bir ömür çalınmaz havasını çal!

 

Adınla çağlayıb, aşıb-daşarsan,

Adımı çəkərsən, nəğmə qoşarsan.

Bu incə duyğunla, əgər başarsan,

Laylasız dünyamın laylasını çal! 

 

Gəlirik

 

Yuxusu da bizi yandıran yurdlar! 

Oyanıb gəlirik səni almağa.

Bu zalım dünyanın min bəlasına

Dayanıb gəlirik səni almağa. 

 

Sinəmiz həsrətdən qəlpələnibdi,

Ruhumuz göylərə səpələnibdi.

Hər qarış torpağa qan çilənibdi,

Boyanıb gəlirik səni almağa.

 

Tarixim şanlıdı, ordum müzəffər,

Ölümsüz əsgərik, yeriyən səngər... 

Görsün zərbimizi qatı düşmənlər, 

Atlanıb gəlirik səni almağa. 

 

Nə zillət yaşadın, aman, Qarabağ?!

Burda durmalıydı zaman, Qarabağ!

Hər gün aşuradı, hər yan Qarabağ,

Çalxanıb gəlirik səni almağa.

 

Elin Vətən boyda dönərgəsi var,

Bəmlə qoşalaşan zil pərdəsi var.

Xalqın sayı qədər sərkərdəsi var,

Toplanıb gəlirik səni almağa.

 

Körpə ahlarıdı Vətən göyləri, 

Şəhid ruhlarıdı Vətən göyləri.

Allahla yarıdı Vətən göyləri,

Boylanıb gəlirik səni almağa.

 

Beləcə

 

Dərdim - piltə, ürəyim - şam,

Yandırıb-yaxdım beləcə.

Yandım səhər, yandım axşam,

Əriyib axdım beləcə.

 

- Qoca dünya gör-götürdü,

Kim qazandı?! Mən itirdim.

Yenə bir çiçək bitirdim,

Bir ömür yapdım beləcə.

 

Bu yollar çiçək-çiçəkdi,

Nə kövrəkdi, nə göyçəkdi!

Əvvəli-sonu ürəkdi;

bir yola çıxdım beləcə...

 

Günahlarım savab ikən,

Savablarım günah oldu.

Dərdim, qəmim Allah oldu,

Boylanıb baxdım beləcə...

 

***

Şəhid atası Allahverdi Dərdə

            

Min çaları olsa da,

Bu dünyada birdi dərd.

Allahın elçisidi, -

Elə Göydü, Yerdi dərd.

 

Müəllimdi, ustadı,

Naşı ömür yasdadı...

Yağmurunda isladıb,

Günəşinə sərdi dərd.

 

Sinələr oyum-oyum,

Yarım, köksümə qoyum.

Ürək kimi duyduğum

Arazdı dərd, Kürdü dərd.

 

Ərzi alıb başına.

Dönüb qan yaddaşına,

Qalıb başlı-başına,

Çuğlayıbdı yurdu dərd.

 

Bayatıdı, ağıdı,

Sinəmizin dağıdı.

Gördük qan çanağıdı,

Sərkərdə - dərd, ordu - dərd.

 

Ocaq nədi, Pir nədi,

Açılmayan sirr nədi?!.

Görməyəni görmədi,

Görənləri gördü dərd.

 

Tarixi oyandırır,

Durnalar dayandırır.

Dərdi şamtək yandırır

Hər gün Allahverdi Dərd...

 

Səs

 

Nədən gecikmisən bu vaxta kimi,

Min ilin başından keçib gələn səs?!

Xəfif titrəyişlə, incə gülüşlə

Ağrımı, acımı yarı bölən səs.

 

Bir qönçə dərdimlə gəldin yanaşı,

Səsim yandırırkən torpağı, daşı.

Danış, dünənimin dilsiz sirdaşı,

Danış, sabahımla qoşa gülən səs.

 

Ahım ağardacaq gur saçlarını,

Tapsam yaylığında barmaqlarımı.

Dönür göz yaşına yanaqlarımı,

Ağlaya-ağlaya hər gün silən səs.

 

Dinib yüyrüyümdə, başdaşımda da...

Haçansa qalıbdı yaddaşımda da,

Tapacaq dünyanın o başında da,

Yerimi hamıdan yaxşı bilən səs.

 

O mənim şəkərim, balım dünyada,

Gərək ömrü qədər qalım dünyada.

Yaşadar, sevdirər zalım dünyada

Məni öldürən səs, mənnən ölən səs.

***

 

Həkim İlham Cəfərliyə

 

Dünya bir nar, üç almadı,

Belə-belə... əzizim.

Böl bu narı, almaları

Aya, ilə, əzizim.

 

Dünya nardı, dünya nağıl,

Bir az sevgi, bir az ağıl.

Nə səfərdi qürub çağı

Düzə, çölə, əzizim?!

 

Hər günahda bir haqq gördüm,

Hər haqda bir günah gördüm.

Ürəklərdə Allah gördüm,

Sığmaz dilə, əzizim.

 

Bu dünya mələklənibdi,

Sevənləri təklənibdi.

Çölüm bəmə köklənibdi,

İçim zilə, əzizim.

 

Bir daş atdın yaddaşıma,

Min bir rəngli savaşıma.

Qarışırsan göz yaşıma

Silə-silə, əzizim.

 

***

 

"Öldü" xəbərini gec eşitdiyim Qərbi Azərbaycanın Şəki kəndindən olan Şəhid atası ustad Aşıq Elmana

 

Bu gün elə o gündü...

Ölmüsən, Aşıq Elman!

Demək, ömür yazını

Silmisən, Aşıq Elman.

 

Sənsiz qan ağlar güllər,

Susmaz daha bülbüllər.

Ölümünü deyirlər,

Bilmisən, Aşıq Elman.

 

Dinib qəmli avazla,

Minbir nakam murazla,

Dərdini qara sazla

Bölmüsən, Aşıq Elman!

 

Heyf o eşqə, havaya,

Dönmüşdü yiyəvaya.

Bu ölümnən dünyaya

Gülmüsən, Aşıq Elman!

 

Deyirlər, ilin çıxıb,

Üstündə gülün çıxıb,

Bu gülnən könlün çıxıb,

Gəlmisən, Aşıq Elman!

 

Yuxu kimi

 

Əlçatmaz xəyallar aparır səni,

Hərdən dünyadan da qoparır səni.

Amma ömür demir ürək deyəni,    

Yuxu danışırsan, yuxu, əzizim!

 

Bitmir dünyamızın ahı, amanı,

Hələ tanımırsan yaxşı, yamanı.

Geriyə qaytarmaq olmur zamanı,

Gedibdi ömrünün çoxu, əzizim!

 

Özünə xoş günlər seçir cavanlıq,

İstidən, soyuqdan keçir cavanlıq,    

Keçib gənclik yaşı, köçür cavanlıq,

Səni də izləyir qorxu, əzizim.

 

Söylə, nə qazandın ötən ömürdən, 

Əlindən tökülüb itən ömürdən?

Susuz səhralarda bitən ömürdən 

- Hərdən bülbül kimi oxu, əzizim. 

 

Atam Calalın xatirəsinə

 

Adına bir şer yaza bilmədim,

Taleyin bir şerə, beş şerə sığmaz.

Bizə sığınacaq məzar qoymusan,

Eşqin bu dünyada heç yerə sığmaz.

 

Gözlərdə üzünün əksi qalıbdı,

Dünyamız o vaxtdan bombozdu elə.

Bir ana məzarı fikrə dalıbdı,

Bizim ürəyimiz bumbuzdu hələ.

 

Bizi gözü-könlü tox saxlamısız,

Ayrı bir təmənnam yoxuydu mənim.

Məni xəyallarda çox "saxlamısız",

Sonrakı həqiqət... yuxuydu, neynim!

 

Siz mənim ömrümə bir şirin nağıl, 

Nə yaxşı nağıllar az yaşamayır...

Daha öz çölündən yığışan oğul

Yazda doğulmuşdu, yaz yaşamayır.

 

Aldanıb dünyanın etibarına,

Batman dərdlərini çözələmədim.

Düşdüm halal ömrün boran-qarına,

Ulu duyğuları söz eləmədim.

 

Bir sərkərdə ömrü, bir kişi ömrü,

Bir qəhrəman ömrü yalandı, ata!

Adam var, yarınır, irişir ömrü,

Dünya yanlışlarda talandı, ata. 

 

Qarlı dağlar kimi, uca ömürlüm,

Bu eşqi qəlbimtək daşa yazmışam.

Qəbrindən başlayan küləyə dönüm,

Adını adımla qoşa yazmışam.

 

Adnalıya məktub

 

Sabir Yusifoğlunun xatirəsinə

 

Qoruya bilmədik şair oğlunu, 

Dünyanın qulağı kardı, Adnalı. 

Görürdü gözlərdə tor olduğunu,

Qəribə halları vardı, Adnalı.

 

İçində vulkanlar saxlardı elə, 

Sinəsi tər-təzə dağlardı elə, 

Böyük Turan deyib, - çağlardı elə, -

Çıraq eyləyərdi dərdi, Adnalı.

 

Butaydı, 

- qeybdən bir badə içdi, 

Özünə tufanlı yolları seçdi.

Bir quş yuvasından əyilib keçdi,

Amma şax dolandı yurdu, Adnalı. 

 

Səmada süzərdi,- yoxdu qanadı,

Dünyaya dözərdi, - sındı inadı.

Yorğun qollarından tutan olmadı, 

Heç-heçə eylədi, durdu, Adnalı.

 

Lalədən köksündə haləsi vardı, 

Cavidi, Emini, Laləsi vardı, 

Onun bir ayrı cür naləsi vardı, 

Dostların ruhunu sardı, Adnalı.

 

"Rast"dı, "Ruhani"ydi, "Şur"du, "Şahnaz"dı,

Misralar yanırdı,

- bülbülavazdı...

İnləyən kamandı, hayqıran sazdı, 

Bəzən də hıçqıran tardı, Adnalı.

 

Heç əskik olmadı ondan qan-qada,

Fələk at oynatdı, qaldı piyada.

Yer tapa bilmədi bu gen dünyada,

Bəlkə yeri yenə dardı, Adnalı! 

 

Ruhu göylərdəydi, eşqi dərində, 

Ölüm dolanırdı həndəvərində.

Yağış, qar səpirdi şeirlərində, 

Görürəm məzarı qardı, Adnalı.

 

Bir dünya sevgiydi, daşan səbirdi, 

Səfərdən dönübdü, - balan Sabirdi. 

Sanma ki, bu qəbir adi qəbirdi, 

O, ayrı bəhərdi, bardı, Adnalı!..

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!