Ömrün payızı...
Bu necə buluddur, durmur göydə də,
Bu necə yağışdır, yerə də yağmır?!.
Sel kimi açılan vaxtsız bir yağış
Şərə də yağmasa, xeyrə də yağmır.
Rahatlıq tapmayır, dincəlmir zaman,
Hökm ilə hər nəyi deyir, eləyir.
Gecəni döndərir fikrə, xəyala,
Səhəri bir vərəq şeir eləyir.
İsti də çox görür ömür, bürkü də,
Ancaq ki, hər dəfə sərt qışdan keçir.
Adama ayrılıq, kədər payızdan,
Ağlamaq, bəlkə də yağışdan keçir.
Ayaz saxlamır
Adamlar dövranla qabaqlaşırlar,
Ömürlər tələsir, vaxt geri qalır.
Günləri elə çox qaraldırlar ki,
Hərəyə tək bircə göz yeri qalır.
Xeyir iş görülür şərlə qarışıq,
Min əməl bir halal zəhmət eləmir.
Günahlar o qədər çoxalıb, artıb,
Allah hər ölənə rəhmət eləmir.
Hava da təngiyir, boğulur zaman,
Aldıqca hər nəfəs nəfəsə çatmır.
Ucadan səslənib, çağırsan belə,
Hər dəfə nədənsə səs səsə çatmır.
Torpağın üstündə, göyün üzündə
Açılan hər cığır, hər yol səhv gedir.
İlk dəfə atılan hər bir addımın
Ardıyla bir fərman, üzr, əfv gedir.
Zamanə çırpsa da pəncərəsini,
Ruzigar saxlamır, ayaz saxlamır.
Həyat hər yazdığı ağ səhifədə
Haqqın rəngini də bəyaz saxlamır.
Ömür gəlir, bilmirsən...
Torpağa yağış yağır,
Baxışların üstündən.
Ardınca payız gəlir,
Yağışların üstündən.
Damcılar dil açsa da,
Sözlərini saxlayır.
Buludlar göydə güclə
Özlərini saxlayır.
Bu qədər yağış yağır,
Pəncərəni silmirsən.
Ardınca payız gəlir,
Ömür gəlir, bilmirsən...
Zaman tamam rənglənir
Bir naxışın içində.
Payızla ömür qalır
Bu yağışın içində.
Bir kəlmə yadımda
qalmadın mənim
Mən səni uca dağ, zirvə bilirdim,
Ancaq ki, heç qara daş da olmadın.
Dalğalı dəniztək sanırdım, fəqət,
Gözümdə bir damla yaş da olmadın.
Səni dan ulduzu zənn eləyirdim,
Xəyalın göylərdən yerə enmədi.
Səhv edib adına xeyirxah dedim,
Şərə endi başın, xeyrə enmədi.
Həyatda çinartək görürdüm səni,
Üstümə kölgə də salmadın mənim.
Ən şirin söz idin fikirlərimdə,
Bir kəlmə yadımda qalmadın mənim.
Mən səni bir işıq, bir nur sayırdım,
De, niyə zülmətdə saçılmadın bəs?
Mən səni al səhər hesab edirdim,
Nə üçün ömrümdə açılmadın bəs?
Mənimçün həqiqət, haqq idin, nədən,
Yalanı doğrudan seçə bilmədin?
Ümiddən çəkilmiş yoldun, bəlkə də,
Tək mənim qəlbimdən keçə bilmədin...
Yaşayır
Zaman yoxdu bu məkansız şəhərdə,
Sevinc sönür, göz yaşında, qəhərdə.
Gecə kimi bir nəfəssiz səhər də
Meh canına toxunanda yaşayır.
Çox çiçəklər sevgisindən ayılmır,
Baharsa da fikri hələ yayılmır...
Gülün ömrü gözəlliklə sayılmır,
Güllər ancaq qoxunanda yaşayır.
Kəlmələri həm acıdır, həm şirin,
Gizlinində izi itir zahirin.
Bitmir, atam, heç həyatı şairin,
Şair, sözü oxunanda yaşayır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!