Göy... Qırmızı... Yaşıl... - Dəyanət OSMANLI

Rəsul Rzanın anısına aprel piqmentləri

 

Ön söz

 

Göy Tanrının vətəni,

ay-yıldızın görklü məskəni, 

ruhumuzun kutsal mənzili, 

quşların, uçaqların yolu.

Ağ otaqdı göy,

Qara otaqdı yer... 

Arada sayrışır

göyün və suyun əlvan rəngləri.

 

Qara otaq içində 

umudun və vəfanın sakinliyi 

daş kimi lal dayanıb, 

seyr edir doğumu və ölümü.

 

Quşlar qanadlarıyla göyə,

insan və... 

ayaqlarıyla yerə bağlı.

 

Qızıl qan qırmızısı  

qılıncın qanlı tiyəsində, 

haqqın gizli mərhəməti var 

o qılıncın dəstəyini tutan əldə. 

Şəhidlərin al ruhu 

neçə çətin döyüşə, 

neçə türlü barışa tanıqdır. 

Həqiqət qafil üçün 

həyatın dözülməz acısıdır,

Üz qızardıb, 

can sökər doğru söz, 

amma yenə də

ağız-burun sallayıb,

eşitmək istəməz qafil. 

 

İçi yaşıl yosunlu,

dibi lilli-çınqıllı Ana su, 

sən də torpağın qanısan...

Suyun nifrəti və sevgisi 

axışından bəlli, 

odun öfkəsi, 

yaşılı yakışından bəlli,

Ağ yelin rəhmi və mehri 

yazın boz havasından bəlli,

oxşayıb tökər sünbülünü otların.

 

Doqquz işığın rəngi,

yeddi budağın kökü

Yer üzünü, 

Göy üzünü, 

Yer altını 

bir-birinə düyün vurub. 

Elə bu düyün ortasında

ormanların sakini ulu çinarın içi 

barışın yaşıl qan rəmzidi...

 

Göy çadırın alnında,

Şansı yanır ağzında...

eşq yolu göy qurşağı

dərgahın odasında.

1

 

Son buluşma yeri  

 

Göy tanrının vətənidir. 

Yaşamaq vədəsi bitdiyində 

bir bədöy atın tərkində

əgər qismətin sınırlarını atlaya bilsək, 

ömrün faniliyini vecimizə almadan

göy otaqda dinlənərik. 

 

Min rəngli qədərlə barışıb, 

nə olur olsun,

qırmızı cizgiləri sağ-salim aşıb, 

yeni bir alana çıxanda

yetsin ünümüz yazı sahibi Tanrıya, 

aydınlansın önümüz. 

Hər axşamın sonunda 

bir nağıl uyduraq dostum,

sən aypara, 

mən yıldız... 

 

Aprel piqmentləri 

bir xəfif nəfəsə bənd olub,

ehmalca qarışsın bir-birinə,

gecə gündüzlə uğraşsın,

batan günəş çıxan ayla 

dan üzündə sağollaşsın. 

 

Bax, yenə də apreldi, 

piqmentlərin üstünə 

yağır yaz yağışları...

Əbədi ayrılıq izində, 

Bir anıtqəbir üstündə

uçur yelkənli bulud,

içi həyat doludu 

anıların içi kimi. 

Anıların sonunda

bəlkə də keçici ömrün 

fərqli davamı başlayır

başqa uzaq bir məkanda... 

 

*** 

Quşlar, 

uçaqlar, 

ağaclar 

can atır azad göyə,

səma özəlləşir quşlarla, 

uçaqlarla və ağaclarla.

Quşlar özgürdü öz göyündə,

uçaqlar vətən keşiyində... 

Qanad vaxtıdır ey arkadaş, 

sən quş olsan, 

mən bir uçaq, 

yardımlaşaq göy üzündə. 

 

Göy oğuz soyundanam, 

dəli-dolu oğlanam. 

Göy börünün yuvası,

köynəyi dumandanam. 

 

 

Min il keçsə dünəndən...  

 

bir şeytan feliylə, 

bir insan əməliylə 

dağılıb-qurulsa 

bu dünya yeni biçimdə,

ağzımdan üzülsə dilim, 

yenə ilkin üzə sahib,

qorxusuz və boyasız

ağ-qara adamam mən. 

Dost-düşmən əliylə, 

yad qələmiylə 

təzə tarix yazıla,

alt yapım kimsə qoparamaz, 

keçmişə bağlı çünki. 

Harda gözündən doğranıbsa doğru,

harda edam olunubsa ədalət,

millətimin qanı orda tökülüb.

 

*** 

Doğru söz

yalanın qırmızı üzündən tanınır, 

yalanların arasında 

həqiqət axtaran adam

ilk anda dizindən sınır. 

Ona görə, 

sözümüz keçmir,

qərar tuta bilmirik 

və suçlu bulunuruq 

ağ yalanların yanında... 

 

Su dirilik uzmanıdı, 

izn verdim,

vaxtsız sarsılan ümidlər də içsin.

Beyni qızmış əjdaha 

ağzında atəş gəzdirir, 

qərbdən əsən o qara yelə 

min kərə söylədim, 

atəşlə oynama, 

qoy su keçsin üstündən... 

 

Qurumaz qan gün altında,

nə yuyulmaz göz yaşında,

nə yatmaz, nə paslanmaz

qılıncın tiyəsi qanda.

 

 

Yazın yaşıl nəfəsi...  

 

suyun,

odun, 

yelin,

torpağın 

ağzından çıxan avazdı. 

Öndə dağ-dərə,

isti-soyuq,

dost-düşmən, 

bilinməz sürprizlər varkən

dərindən nəfəs al, karvanım. 

Səfərimiz uzandı bəlkə, 

bəlkə bizi uğurlar 

ölüm-qalım davasında 

barışın yaşıl duası. 

 

Atəşin öfkəsi qorxutmaz,

nə də yandırmaz məni,

çünki suyun özüyəm,

çünki suyun öz yaşıl içiyəm. 

Şəhid qanı, 

yarpaq suyu, 

yosun mayası qarışıb içimə. 

 

*** 

Torpağı şumla ağlında, 

buğdanı ək ovcunda, 

cücərt yaddaşında əbədi

bir səməni buketini,

sünbül verəndə suvar gözlərinlə. 

Bəsirətin varsa, 

gözyumulu duya bilərsən

məqsədin hayanadır, 

mənzilin harda tikilib, ay adam. 

 

Bir Ağ otaq, 

bir də Qara otaq var,

hara gedirsən-get, 

yenə cığırdan çıxamazsan.

Önündə bir bağlı qapı yoxsa,

varlığın bəlli, 

bilinməz yoxluğun, ay adam. 

Heç yuxuma da girməz,

bir dəli yadında unudulan 

daşdan aslıdı dünya... 

 

Dağda orman yellənər,

uçan xalçaya dönər,

dörd qütbün canbazları 

minbir oyun düzənlər.

 

 

Son söz

 

Aprel akrilləri... 

isladıb kağızın havasını, 

Bakının hisli üzü 

hüzndən və mutluluqdan 

necə rəng alıb-verir, 

gah dartılır,

gah açılır 

anlamaq dərdinin sehrli simi.

 

1 aprel anısı 

bir bağlı daş kitabdı, 

sözləri təsəllidi, 

qələmi umiddi, 

vərəqi kədərdi... 

gəlimli-gedimli, 

son ucu ölümlü nağıla bənzər. 

 

Hər dəfə keçəndə 

Fəxri xiyabanın yüstündən

daş kitaba təzim edir bulud,

səssiz və gizlicə 

yel qovub aparanda məchula

bir şeir çiskini çökür havadan. 

 

*** 

Bir dərdli yağışdan sonra 

qarışanda aprel piqmentləri 

göyqurşağı və sancağımız 

qardaşca sarılır bir-birinə. 

Göy üzü, 

dənizin yaşılı, 

qanın qızılı

və bir ala-bula gözmuncuğu 

asılır yaxasından. 

Qan təzələndiyində

güllərin ən qırmızısı 

zəfərin köksünə taxılsın.

Torpaq dirildiyində 

yarpağın ən yaşılı 

bayrağın halalı olsun... 

 

*** 

Ey qaya içindən baxan... 

dünyanı sözlərinlə 

yenidən rəngləmisən, 

amma son yol görünəndə 

qələmi yerə sancıb, 

özün çıxıb getmisən. 

 

Bir aprel - gülüş günü 

sinə torpağında 

qanqırmızı,

solğun üzlü qərənfillər 

hələ şəfəq açılmamış,

hələ quşlar oyanmamış 

sabah tezdən ağlayıb... 

 

Qayadan bir anıt var, 

vaxta meydan oxuyar.

Qaya içindən sözün 

işığı axıb durar.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!