Qəsidə - Şeyx Hilal Əs Siyabi

Bədii Tərcümə Mərkəzi təqdim edir

Tərcümə laboratoriyası                                                                 

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi müxtəlif tərcümə layihələri gerçəkləşdirir və onların sırasında Şərq dilləri və ədəbiyyatlarından edilən tərcümələr xüsusi yer tutur. Bu layihələrin bir gözəl tərəfi də budur ki, biz prosesə gənc tərcüməçiləri də cəlb edir, ədəbi mühitimizdə yeni tərcüməçilərin formalaşması, onların özünü realizə eləməsi və inkişafı üçün minimal da olsa imkanlar yaradırıq. İndiyə qədər Mərkəz və Mərkəzin nəşri olan "Dünya ədəbiyyatı" dərgisi bir xeyli belə layihələr icra edib. Bu gün biz "Ədəbiyyat qəzeti"nin oxucularına XX yüzil ərəb ədəbiyyatından, lap konkret desək, Oman şeirindən Şeyx Hilal Əs Siyabinin bir qəsidəsinin həm filoloji, həm poetik tərcüməsini təqdim edəcəyik. Filoloji tərcüməni qocaman şərqşünas-alim, tərcüməçi prof. İmamverdi Həmidov, poetik tərcüməni isə gənc şair və tərcüməçi Seyid Məcid Əsri edib.

Şeyx Hilal Əs Siyabi (Əs Siyabi Bin Salim Bin Həmud Hilal) ərəb şeirinin həqiqi öndərlərindən biridir. Klassik və müasir ərəb dilinin incəliklərinə və sirlərinə kamil şəkildə yiyələnən  şairin fəsahəti və zənginliyi ilə seçilən poeziyası klassik şeirə bağlılığını daim qoruyub saxlayıb. Ərəb ellərinin vəsfində, gəzib-dolaşdığı doğma Omana və digər ərəb ölkələrinə həsr etdiyi bir çox qəsidələrində, vətənsevərlik duyğularını ifadə edən yaradıcılıq nümunələrində bu məqam xüsusilə nəzərə çarpır.

1947-ci ildə Nəxl şəhərinin qalasında şagirdlik edən Siyabi sonradan atasının və dayısının (Şeyx Səid Bin Xələf Əl Xərusinin və Şeyx Xəlfan Bin Cəmilin) məktəbində çalışıb. Şeyx titulu alan və  "Əs Siyabi" təxəllüsünü götürən doktor Hilal Əs Siyabi bir sıra ölkələrdə Oman Sultanlığının səfiri olub.

 

Şeyx Hilal Əs Siyabi

Səmail*

Bu Səmail, burada nə fincan var,

                                   nə də şərab!

O, səni məst etdimi?

                        Axı o, köhnə və ətirlidi.

Səhər tezdən açılan

            nəsrin gülü xoşuna gəldimi?

Səmail səni ət-Təyinidən** uzaqlaşdırdı,

                        sonra sənə baxdı.

Gözəl bağlarla fəxr etdin,

Bəzəkli ipək paltarın ətəkləri yerdə sürünür.

Hurilər Səmail cənnətində bakirədirlər,

Reyhan və şərab oraya aşiq olur.

Gözəl qızlar işıq saçırlar və onlar sevirlər,

Lampanın işığı azaldıqda onlar işıq saçırlar.

Qızlar həyadan ipək paltar kimi yumşaqdırlar,

Şəfəq parıltısı gözlərdən əskik olmur.

Odlu yanaqları sevgi və xəyaldan xəbər verir,

Bunu nə qədər gizlətsələr də,

                        sevgi gizli qala bilməz.

Bəli, Səmail xəyalımda canlanır,

sanki qıfılın aşiqi onun açarıdır,

Ona (Səmailə) tərəf gedirəm,

onun parıltısı məni heyrətə salır.

Sanki qədəhlər yanımda tərpənir,

O (Səmail), təkəbbürlə

                        ləyaqətini mənə göstərir.

Böyüklük, ucalıq Allaha məxsusdur,

Vətənlə öyünmək məqbuldur.

Səmailin gücü və duası Allaha aiddir,

Mazinin*** qəlbində işıq var. O, dini izah edir,

O, Mustafaya (Peyğəmbərə) doğru gedir.

Peyğəmbərdən götürdüyü işıq 

dağları və bağları işıqlandırdı.

İşıqlı, düzgün yol Səmailin

                        parlaq bəzəyi oldu.

Bu yolun işığı və toxunulmazlığı

Səmailin qılıncı və nizasilə göründü.

Allaha and olsun, şöhrətlənmiş

                        yurddan ətir yayılır,

Bu yurd qüdrətilə tanınmış və ucalmışdır.

Bu yurda gəlsən, səhər şəfəqinin işığını

Xuld cənnətində olduğu kimi görərsən.

Güllər parıldayır, ətri yayılır,

Xurma ağacları qürurla ucalır.

Uca dağlar onun (Səmailin) qüdrətidir,

Sahilləri gül-çiçəkdir, həyatdır.

Burada gözəlliklərə məftunluq səhər

şəfəqinin işığından başlanır.

Taleyə üz tutursan, ya da arzulara dalırsan.

Hər iki halda eşqin gözü alışıb-yanır.

Səmail işıqlı olanda tale

                        yalnız onunla yaşayır,

Əks halda, tale yaralıdır.

Səmail tarixin alnında

            (döyüş səhnəsində) kəramətlidir,

Sanki o, yarışmağa can atan

            bir dayçadır və rahatlıq tapır.                                     

Bu dayça meydanda fırlanmış

və cıdırda birincilik qazanmışdır.

Taleyə üz tutub deyir: "Mən atam

və geniş meydan istəyirəm".

Genişlik görmək nə gözəldir,

Bu gün bu gözəlliyin açarı varmı?

Şeirim, məğrur insanlar haraya getdilər?

O yüksək şəxsiyyətlər hara getdilər?

Sənin yüksək parlaq bayrağın haradadır?

Marşlar və mahnılar haradadır?

Ah, sakit duran həmişə yanmışdır,

Mən üzdəyəm, eşq əhli isə

                        görünmür (üzə çıxmır),

Sənin şərəf kitabın tarixdə işıq saçmışdır.

O işıqlandırılıb göstərilsə, onun şöhrətini

Açıb göstərməyə çox şərhçilər lazım gələr.

Gəlsən, əlini toxundurmaqla

                        yaxşını (hüsnü) duyarsan,

Baxsan, gözlərin sevinclə dolar.

Oxuduğun pak ayələr olacaq,

Duyduğun nəsrin gülü və alma ətri olacaq.

Ətirli bacın**** Şam torpağında

Eşq əlində qurbandır, yaralıdır.

"Al Mərvan"dan orada heç bir

                        mahir at qalmamışdır,

Yoxdur, "Qəssan"dan da

                        bir (cah-cəlal) yoxdur.

Dünya qurdları onunla döyüşə girdi,

Ulaşıb hürməklə şərəfi parçaladılar.

Şan-şöhrət geri qayıtmır,

Orada şəfəq qaralır, ləyaqətdən əsər qalmır.

Qan, kobudluq, partlayış və yanğın,

Həqarət, qətl davam edir.

Orada bacarıqlı ərəb oğulları şöhrətə qarşı

Alovlanan bütün tufanlara və bütün

                        fəlakətlərə atıldılar.

O (Dəməşq) tarixdəki əzəmətə çata bilmir,

Məgər cəllad şöhrət irsinin

                        qayğısına qalırmı?

Şərafətli yurdun Cilləq***** bu

      qorxunc dünyada işıqlı bir lampadır.

Ey tarixi yurd, qüruru geri qaytarmaq üçün

"Mazin evi" böyük siqnalı

                        verməyə qadirdir.

 

1. Səmail - Omanda qədim mərkəzi şəhər

2.  Ət-Təyini - yer adı

3. Mazin - peyğəmbərin səhabəsi, Səmaildə və Omanda islamı yaymışdır.

4. Ətirli bacın - Dəməşq şəhəri

5. Cilləq - Dəməşqin qədim adlarından biri

 

Səmail

Bu Səmaildi, badə yox, bişək,                 

Məst edib könlün, ətri reyhantək.

 

Qaldı səndən uzaqda  ət-Təyin...

Ətrini nəsrinin dimağına çək!

 

Eylədin sən bu bağlərlə qürur,

Çox süründü dalınca yerdə ətək.

 

Bura mey təşnə, reyhan həsrətdir,

Var bu cənnətdə onca huri-mələk.

 

Buranın var çox sevib-sevilən

Şəmdən  nurlu  qızları göyçək.

 

Gözləri parlayır həyasından, 

San zərafətdə onları bir ipək.

 

Al yanaqlari şölə saçmaqda,

Eşq odu var könüllərində, demək...

 

Tərpənir, sanki camdır büllur,

Bərq vurmaqdadır, necə şimşək.

 

Kibr edə hüsnü ilə, var yeri, gər,

Kibrə layiqdi əkbər Allah, tək.

 

Mazinin o ziyali ruhu üçün

Həq bu yurda edib həmişə kömək.

 

Mustəfadan(s) alıb ziya saçmış,

O ziyadır bu yurda nəqş, bəzək.

 

Əmn eviyçün Səmailin olmuş

Qılıncı, nizəsi  dayaq, dirək.

 

Bura vəllahi şöhrət ətri verir,

Qüdrəti çoxdu, rütbəsi yüksək.

 

Gəl bu yurda səhər çağı, şəfəqi

Görəsən Xüld cənnətindəki tək.

 

Saçır ətir aləmə çiçəklər açıb,

Ucalır xurmalar uca göyədək.

 

Uca dağlar vüqarıdırsa onun,

Sahilində həyat rəmzi çiçək.

 

Səni məftun edir səhər şəfəqi,

Sanasan gül sunur bir incə bilək.

 

İndi ki, bəs coşub-daşır  eşqin,

Bəxtin öy, ya ki, tut ürəkdə dilək.

 

Bu Səmail, günəş gözündə işıq,

Bu Səmail, cəhan gözündə bəbək.

 

Şanı tarix səhnəsində uca,

Yarışa can atan  bir atdı, zirək.

 

Qalib olmuş cıdırda, gen meydan,

İstəyir indi, bu nə xoş istək!

 

Nə gözəldir gözəlliyin seyri,

Gör nə xoş nəqşdir bu qaşdə hək!

 

Harda indi o ali insanlar -

Qorxmaz, aliməram, xoşməslək.

 

Hanı şərqilərin, rəcəzlərin, ah,

Hardadır şanlı bayrağın, de görək...

 

Qorxmadan salmışam haray elə mən,

 Ah, daim yanar susan ürək.

 

Şərh edənlər şərəf kitabin ona,

Yazalar cild-cild kitab gərək.

 

Toxununca duyar əlin zövqün,

Fərəh ilə dolar gözün  görcək.

 

Oxuyarsan mütəhhər ayələri,

Qoxlayarsan bu nəsrini kövrək.

 

Şam yurdunda ətirli bacını

Eşq edib bağrıqanlı, xəstəürək.

 

Qalmadı bir at Ali-Mərvandan,

Aldı Qəssandən cəlali fələk.

 

Etdi qurdlar onunla qanlı savaş,

Şərəfin qapdılar, budur gerçək!

      

Bulud altında şöhrətin günəşi,

Şəfəqin üstə var qara örpək.

 

Hələ də eyləyir bu yerdə dəvam

Qan-qada, qətl, qırğın, hiylə-kələk.

 

Çətin anda ərəb igidlərinə

Göz dikib söykədi bu yurd kürək.

 

Hifz qılmağı irsi şöhrətini

Nə qanar, qaniçən quduz bu köpək.

 

Zülmət içrə çirağdır Cilləq,

Atəşin söndürür bu qarə külək.

 

"Beyti-Mazin" kəramətiylə olar,

Ey qədim yurd, keçmişin  gələcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!