Əlli qəpiyin nağılı
Körpənin
döşəmədəki dəliyə saldığı
əlli qəpikliyi çıxartmağa çalışır ata
ananın qarasına deyinə-deyinə:
"Qəpiyin uşağın əlində işi nə?"
Yolpulu edəcək
qəpik dəlikdən çıxsa əgər,
gedəcək
bəlkə "ayağına daş dəyər"...
Kişi gülməli görünür
dəliklə savaşda,
qadını ağlamaq tutur amma.
Sonra baba nənəni çağırır,
nənə nəvəni,
nəvə iti,
it pişiyi,
pişik siçanı,
pulu dartıb çıxartmağa,
dartırlar,
dartırlar,
dartırlar
bir ömür boyu.
Ayrı-seçkilik
Çiçək açan dibçək güllərinə
daha çox diqqət ayırırdı sahibə,
birinci onlara gülümsəyir,
onları sulayırdı.
Fərqinə varanda utandı,
pullu, adlı-sanlı adamların yanında
necə diqqətdən kənar qaldığını xatırlayaraq
çiçək aça bilməyən güllərinə
ürəyi yandı...
***
Qovdum dadanmış çöl göyərçinini,
batırırdı evimin kandarını.
Qürurlu çıxdı quşcuğaz,
Getdi,
bir də qayıtmadı.
Qovmazdım heç
bilsəm ki, qayıtmayacaq,
bilməzdim quşların belə
özüm kimi
dəymədüşər olduğunu.
Öyrəşdirmək
Başımdakı tək ağ tükü görüb
içimi çəkəndə
"dövlət tüküdür", - deyə
təsəlli elədi anam.
O telə ümid bağlayıb
dövlətli olmağı gözlədim
xeyli zaman,
ağ tellərim çoxalana qədər...
Alışdıra-alışdıra yaşlanmağımı
izləyirmiş anam kənardan;
bir çox başqa şeylərə
alışdırdığı kimi,
məsələn,
dodağımdakı çapığın yerinə,
qolumdakı yanıq izinə,
yumurtanın ağını da sarısı kimi yeməyə
öyrəşdirdiyitək.
Çəhrayı
Ağ və qara maşınların bolluğunda
oyuncaq kimi görünürdü
çəhrayı maşın;
cizgi qəhrəmanlarının burnundan fırt eləyib
düşmüş kimi.
Elə bildim indicə danışacaq,
qımışacaq,
gözlərini süzdürəcək,
dodağını büzəcək.
Gözümü çəkə bilmirdim ondan,
avtobusu ötüb keçincə
baxdım, baxdım dalınca mən
gözlərimdən itincə.
Karnaval qəhrəmanları
Karnavalda dalaşdı
dovşanla ayıcıq kostyumu geyən oğlanlar,
bir-birini ittihamla:
"kişiliyin olsun!" - deyə tələb edərək
biri digərindən,
halbuki elə şirin görünürdülər kənardan,
kaş biləydilər
uşaqları qorxutmaq doğru deyil
dava-dalaşla.
Yumşaq ayıcıqla dovşan olmaq daha yaxşıdır
təcavüzkar, davaxor kişi olmaqdan,
qoy həmişə yaxşı qalsın uşaqların yadında
sevimli qəhrəmanlar.
Odissey kimi qayıtmaq
Qorxmayın
sinoptiklərin həyəcanlı xəbərlərindən.
Onlar, adətən boş hay-küy salır,
onlara qalsa,
yağışın ucundan tutub göyə dırmanmaq olur...
Yaxşı tərəfi də var
tufanların,
leysanların,
qışda boranların,
çox soyuq olanda,
qar, yağış yağanda,
dəli küləklər əsəndə
çətirimiz qırılanda,
avtobus gecikəndə
evə qayıtmaq müşkül olur;
zorla, zülmlə çatırsan yuvana,
az qala möcüzə nəticəsində
girirsən tanış qapıdan.
Bax, onda evə dönmək ən şirin şey olur,
elə bilirsən dənizlər,
dağlar aşmısan,
elə sanırsan Odisseysən,
qayıtmısan.
Halbuki hər gün görürdün sən bu işi,
bəlkə də candərdi.
Kim bilir, evin bu dünyada ən darıxdırıcı yerdi,
çoxdandır sığmırdın heç bu evə sən...
Cəvahir nənəmtək
Barmağını sıxırdı nişan üzüyü,
ayağını tufliləri.
Dar gəlirdi bütün köynəkləri,
ikicanlı qadının
ürəyini nəyin sıxdığını bilmirdi.
Sevginin böyüklüyüydü
ürəyini sıxan
və bu sıxıntı,
bu nigaranlıq
keçib getməyəcək heç bir zaman.
Nişan üzüyü yenə olacaq barmağına,
yaşlayıb çıxarmağa qalmayacaq hacət,
kiçiləcək ayağının ölçüsü,
ayaqqabıları vurmayacaq ayağını,
köynəklərinin də yaxası genələcək
şişkinliklər keçincə,
bütün darlıqlardan qurtulacaq qadın.
Bircə
ürəyə sığdıra bilməyəcək
nə sevgini,
nə nigaranlığı,
nə həsrəti.
Yaşı artdıqca elə hey deyinəcək
Cəvahir nənəmtək:
"ana olunca
dana olasan!" - deyə.
İnama, ümidə,
sevgiyə dair
Onun da bürcünə aid
öncəgörmələri izləməkdir sevgi.
Ona vəd olunan gözəl şeylərə sevinməkdir,
pis ehtimallardan narahatlıq yaşamaqdır,
hətta bürclərə inanmasan da,
fala inanmayıb faldan qalmasan da.
Uşaqlar ilk qara
sevinən kimi
İlk qar dənələri torpağa qonur,
əriyirlər,
hələ bilmirsən
qalacaq yerdə qar,
ya əriyəcək zərrəciklər,
yox olacaqlar?!
Zamanla
bəzən bütöv gecədən sonra
durub pəncərədən baxanda
əmin olursan hər yerin ağappaqlığına.
Sevinirsən qar yağmağına.
Gözlədiyin mənzərəylə rastlaşmayanda
təəssüflənir,
kədərlənirsən.
Bütün yaxşı əməlləri görən
cəsur adamlar da
ilk qar dənəcikləri kimi
atılırlar irəli,
hələ əmin olmadan
nəyin, necə olacağına,
xeyirxahlıqlarının yadda qalıb -
qalmayacağına,
fədakarlığa dəyib-dəyməyəcəyinə.
Bütün hallarda hər şey ötəridir,
amma həm də unudulmaz,
xatırlanmağa dəyər işlər görməli.
Uşaqlar bir sabah pəncərədən
qar görüb sevinən kimi,
sevinməli sənin əməllərinə adamlar.
***
Buzxanadan çıxardığım
iki xırda balıq
bir-birinə elə sarılıb ki!
bir-birindən ayrılmaları üçün
suya salıram
və düşünürəm kədərlə,
sanki həyatın amansızlığına,
mənim qəddarlığıma qarşı birləşiblər əbədi.
***
Dünən dibçəyə əkdiyim budaq
dirçəlib,
ona mən də həyat vermişəm
su,
hava,
torpaq,
günəş kimi
sığmır sevincim yerə-göyə,
ana olacağam mən də bu çiçəyə...
Kəndçi şair
Xətrinə dəydilər
böyük şəhərdə
kənddən təzə gələn
evsiz-yurdsuz,
cibi boş şairin.
Çıxdı yeraltı kafedən yerüstünə,
yeraltı dünyadan yerüstü dünyaya...
gözü alacalandı,
bir az Nizamiylə dərdləşdi,
bir az Sabirlə.
Axundovun heykəlinə yanaşdı,
məktəbli uşaqlar dırmaşırdılar
Axundovun başına;
biri plaşının ətəyindən dartır,
biri qıçlarına vururdu,
adama elə gəlirdi
uşaqları hürkütməmək üçün
belə hərəkətsiz oturub
o boyda kişi,
gizlənqaç oynayanları
arxasında yaxşı gizlətmək üçün.
Yaxınlaşa bilmədi Axundova,
mane olmaq istəmədi uşaqların oyununa.
Sonra Vahidi tapıb
ona söykəndi,
yolüstü aldığı
pivə şüşəsini başına çəkdi,
içdi Əliağa Vahidin sağlığına.
Ayrı-seçkilik,
"bakılı-rayonlu" söhbəti etmədən,
az əvvəl "kəndçiliyini" başına qaxmışdılar,
oturduğu masada
təkləmişdilər,
xor görmüşdülər.
Daşürəkli adamlardan qaçıb
heykəllərə sığınmışdı
bu bumbuz,
boz şəhərdə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!