Həmid Herisçinin - ŞEİRLƏRİ

Avtoş

 

Avtomobillərin cərimə meydançası,

Qaçqınların çayçısı

görünür pəncərəmdən.

Budu, 

Bir yuxudu

qismətimdəki bu acı mənzərəm.

Allah, qurtar məni bu 

"Cinayət və cəza" süjetindən.

Lənətindən.

Baxışlarım bəzən 

ayrılmır ordakı ən tozlu

avtomobillərdən.

Xüsusən, birindən.

Sahibi, yadımdadi, deyirdi:

"Sabah mütləq gələcəm,

Cəriməni ödəyəcəm".

Üç il keçdi bu vədin üzərindən.

Opera və Balet Teatrının

iki bileti,

ödənilməmiş iki bank krediti

içində saralib tamam.

Ancaq o gün

dün,

o iki kredit sahibi

yuxuma girdi...

Məni notariusa gətirdi.

etibarnamə verdi...

o tozlu, borclu avtomobilinə.

Dedi halalındı, 

halal malındı.

Bir az kreditim qalıbdı,

ödəyərsən.

Çalış, mən kimi

ölməyəsən.

Küləyin tən yarısıydı

Yanıqlı ahı.

Suların hamısıydı

Gözyaşları.

 

Qanlı sərçə

 

Nənəmin novrağı sovrulmuş güzgüsündə

başladı bədənsiz striptizimiz...

bu bizim axır od çərşəmbəmiz...

Orda gördüm nar kolunda azıb, çaşıb,

əsir qalıb

sinəsi qanlı sərçəmiz...

Onun səsləndirmə dublyajında 

unudulmazdı

Bizim nəğməmiz.

Nar kolundakı qəfəsimiz

unudulmazdı

bu qanlı sərçəmiz.

Başladi yaz fəslimiz.

Reklam fasiləsiz

Cəhcəhimiz.

 

O qadını hələ sevməyibsən

 

Dikdaban çəkmələrin səsi gəlir 

Gecədən.

O qadını hələ sevməyibsən.

Kölgəsi ötür üzərindən,

Küçəndən,

Əli sallanır kürəyindən.

Avtomobilinin bahalı nömrəsindən

Yaz damır,

Təkcə sənə miras qalır,

Budaqlarında bircə gilas qalır

Xatirlamağa.

Az qalır

Gorüşünüzə.

O qadını sevməyibsən.

Bardakı

Mikrodalğalı soba siqnal verir,

Final verir,

Sual verir lal sevginizə.

Hər ikinizə.

Bu qanlı kimano xələtin

Çoxdan ağırlıq edir

İncə kürəklərinə.

Hələ var

o qadını sevəcəyin günə.

İnşallah, gələcəkdə.

 

Düymə düşdü

 

Anam da belə edirdi,

Ancaq həyat belə deyildi...

Qatardaykən, pəncərəmi eşikdən taqqıldadan,

Şüşə arxasından

laldili danışmağı bacaran,

Məni qısqanc qardaşından uzaq saxlayan

Bir gözəl axtarıram...

Anam da belə deyirdi...

Ancaq həyat belə deyildi.

Kafedəki son müştəri də mənə dedi:

Bəlkə evə gedəsən?

Yorğan altda yaxşıca tərləyəsən?

Hamama girəsən?

Yox... anam belə deyildi.

Belə demirdi.

Qərar verdim,

özümə bir telefon edim,

Kazbekimi tüstülədim

üzü polis idarəsinə doğru...

Xəbər gəldi: orda çoxdan polis idarəsi yoxdu.

Anam da belə deyirdi.

Ancaq həyat belə deyildi.

Düyməm düşdü, qaldı ovcumda bu gün...

Bunu ancaq özüm 

gördüm.

Azca güldüm.

Anam da belə edirdi,

Ancaq həyat belə deyildi.

 

Soyuducuda validol

 

Yağışa qədərki suyam,

Yağışdan sonrakı suya

Çevrilmək,

Bu cür ölmək,

Yağışda ümumiləşmək,

"Azərsu" Səhmdar Cəmiyyətinin sayğaclarında

Qara qula,

Çox sıfırlı pula,

Hətta fil xortumundakı suya,

Xüsusən, koka-kolaya

Çevrilmək istəməzdim.

İstəmədim.

Özümə başqa yerdə iş seçdim.

Elə birinci gün özümdən, 

İşimdən bezdim.

Keçdim mətbəxə,

Soyuducunu açdım,

Gördüm heç nə yoxdu...

Yarımçıq validoldan başqa.

Bildim,

Ürək sancısı,

Fələk qırmancı

Çoxlarıni ağrıdıb,

Rəngini ağardıb burda.

Eh... nəsib olduq itə, qurda...

Yağışaqədərki suyam,

Validola qədərki insan...

Yüklə məni, "Yango" tətbiqi kimi,

Telefonuna yox...

Özünə...

Məşədi Kazım bədbəxtə nəzirə

 

Qoy, Nəsibə Zeynalovanın qorxduğu,

küncə soxduğu

Məşədi Kazımın tünd şəkli,

soyumuş, oturuşmuş nimdaş təxti,

kimə nə dəxli!

qoy, qovuşdursun sən bədbəxti

şimaldan qopmuş soyuq qəlbimə, 

bu son qəlpəmə,

bu tənha aysberqimə...

Qaçaq Avropadan, Asiyadan

uzaq Şpisberqenə!

Ağlayım orda

öz bayraqsız qələbəmə...

Bir yol var həyatda - dodaqdan qəlbə,

Onu keçdik, keçirik

Birnəfəsə.

Qalx, uzan bu təxtə...

Allahdan rəhmət oxuyaq

Məşədi Kazım bədbəxtə.

 

Aşkarda gizlin

 

Moskva.

1975-ci il.

Ümumittifaq 

məktəblərarası yarışmada

bir sual qondu masama:

"Kino qəhrəmanı Ştirlitsi deşifrə edə bilərsinizmi?"

5 dəqiqə vaxt verilmişdi hamımıza.

Cavabım, tələb ediləndən də az vaxt istədi məndən.

"Böyük sirlər aşkarda gizlədilir.

Ştirlitsin adında Strelets kodlu məxfi agent gizlədilib.

Bu ad polindrom kəlmədir, 

Sağdan da, soldan da eyni səslənir.

Almanlar heç...bu sifrəni nə sağdan gördülər, nə soldan oxudular.

Aşkardakı "Strelets", yəni "atıcı" kəlməsini bəs siz niyə indiyədək görməyirdiz?

Gizləyirdiz?

Bu agent kinoda Almaniyaya, realda isə SSRİ-yə, sovet adamlarınin psixikasına atılıb.

Təhlükəlidir.

Tüfəngsiz ova gedir".

Cavabımı zərfə qoyub iri qutuya atdım.

Bir il sonra cavab gəldi evimizə.

Makina hərfləri bəzi yerlərdə zədələmişdi, hətta məktubu.

Məzmunu gözlədiyimdən qısaydi:

"Ştirlitsi axır tapdıq".

 

Cinayət lirikası

 

Su, yoxxxx...

su, yoxxxx...

gözyaşı... gözyaşı, çox qədimdi...

Təkcə o... yalnız o

sənindi...

qalan nə var, özgənindi...

Nə varsa, dünəndi.

Div həmişə şüşənindi,

Sənindi, mənimdi,

Ancaq uzaq üfüqdəki,

Barmaq üzüyündəki,

Şampan köpüyündəki

Bir parıltı,

Bir ani canlanma...

Bunu da ciddiyə alma.

Sevginə təzə kredit xətti aç, 

Hollivud filmlərindəki sevgi cütlüyü kimi qaç

burdan,

Bu uzun-uzadı dumanlı bulvardan...

Aş, yarıuçuq, köhnə divardan.

Cinayət dosyeni hələ açmadan

Son sətirləri silinmir qulaqlarımdan:

Balaxanı zibilliyindəki 5 milyon ton zibil tullantısından

Bu iki cəsədi ayırmaq,

Tapmaq, 

Tanımaq

Çətin olacaq...

Ancaq deyəsən, bu dəfə də

Quru çıxdı o, 

Öz göz yaşlarından.

 

Anamın kitabı

 

Yanğından təxliyyə planları, sxemləri 

çəkərdi rəhmətlik anam.

Axırlarına gözəl xətlə qısa imzasını qoyardı: 

"Sxemi çəkdi mühəndis T.Axundova".

İndi, hansı rəsmi idarəyə getsəm,

Min qat cəriməylə hədələnsəm,

Lombarddakı nişan üzüyümü geri istəsəm,

Qəfil azca kənara çəkilsəm,

Kölgələrdən birini axıracan izləsəm,

Özümdən, taleyimdən qəfil küssəm,

Dünyanın ən əclaf sifətləri ilə üzləşsəm,

Qəfil, birdən

Divarda anamın təxliyyə planını, 

sxemini görəcəm...

Üzümdə heç nə bildirmədən

Anamın işarələdiyi istiqamətə gedəcəm...

Kələfin ucunu,

İdarələrdən qaçıb çıxmaq yolunu,

Azadlıq folklorunu

Tam dəqiq göstərir mənə rəhmətlik anam.

Əvvəl astaca pıçıldayır qulağıma:

"Gəl arxamcan.

İzlə çəkdiyim qırmızı oxu,

Gözlərini bərəlt, yaxşı-yaxşı oxu

Sxemdəki gizli işarələrimi.

Sənə yazdığım şerimi.

Tut, sıx, day buraxma əlimi.

İşıqlığa, pəncərəyə, qapıya

Özüm çıxaracam səni.

Ay ana... Allah sənə rəhmət etsin qəni-qəni... 

O gün məni yenə həbs etmişdilər,

Bir yumruğa yerə sərmişdilər.

Ancaq mən artıq bələdləmişdim,

Anamın səsini eşitmişdim 

ən uzaq divardakı 

Təxliyyə sxemindən.

Bir şüa,

İlahi dua

Fikir vermədən min bir caduya

Gəlirdi köməyimə.

Küncdəki əli süpürgəli xadimə

Anam cildində canlandı 

Qupquru gözlərimdə.

 

25-ci kinokadr

 

Sınıq-sökük qədim divarları

Yıxılmaqdan, uçmaqdan kim saxlayır?

Həyatda kim saxlayır?

Kürəyini həmin o divarlara, o keçmişə dirəmiş

qocalar, cayıllar bəlkə?!

Qoy, bu divarların son əhəngi,

yanıq musiqi ahəngi 

son rəngi tökülsün,

Qoy, son kərpici, 

Kərpiclərinin ən bici, ən pisi görünsün,

Qoy, Adəmlə Həvvanın eybini örtən

əncir yarpağı da düşsün

bütün övliyaların, yalanların, oyunların üzərindən.

Ordan görünsün

Təkcə, yalnız sənin üçün 

Həyat kinoteatrı, həyat ekranı... 

Maleviçin "Qara kvadrat"ı.

Gözəgörünməz 25-ci həyat kadrı.

Görüm, necə ABŞ prezidenti Trumen

ultimatum göndərir qəlyanlı Stalinə:

"İrandan, Təbrizdən çıx, 

yoxsa ikinci atom bombasını

Düz təpənə ataram".

Sovetlər çıxır Təbrizdən.

Sonra atalarımız.

Bəli. Birinci. Real atom bombası 

Yaponiyaya atılmışdı.

İkinci, virtual bomba Azərbaycan taleyinə,

Mənim taleyimə atıldı.

Mən bax, o radiasiya qurbanıyam,

Quluyam. Qulamıyam.

Atom şüalanmasıyam.

Budu mənim həyatım,

Təbrizdəki divarım.

25-ci kadrım. Kinoteatrım.

Qoy indi

son əncir yarpağı da düşsün, sürüşsün...

təkcə, yalnız sənin üçün

Adəmlə Həvva üzərindən...

Qoy, son malası, ağı tokülsün bu qədim divarın,

Görünsün son kərpici, lap içi, lap dibi

Bu həyatın

Lap axırda bir qadın

Yaxın gəlsin sənə, lap yaxın,

Səni güclə xatırlasın,

Saçının ağını

sən tərəfə darasın...

 

"Magie Noire" - 

gecə sevdası

 

Gözlərim ulduz istəyir...

Üfüqlərdə itib əriyən bir qız istəyir.

Telefonum tam yeni blutuz istəyir

Musiqimi

Sənə çatdırmağa.

Dadsızdı sənsiz çayım,

Adsızdı

ünvanım.

FM radiolardakı qısa dalğalarım

Bir rep nəğməmi elə hey təkrarlayır:

"Bilirsənmi, bu kəlağayının neçə yaşı var?" 

Min bir gecə yaşı var...

Canında nə qədər göz yaşı var?

Bu gözəlin yeddi qardaşı var...

biri mütləq bıçaqlayacaq səni...

Bu kinoteatrın gecə seansı var,

Öz xilasedici ağ ambulansı var,

Bütün qəzalardan səni qurtarmaq şansı var.

Səmimi ol...

təkcə bu qızı sevmə...

Gecəylə qoşa sev bu gözəli -

"Magie Noire" ətrini.

Ceyran pirində əhd

 

Bakının Novxanı kəndində, Duz gölü tərəflərdə, 

Möcüzəli, görməli,

qapısı bir-iki pilləli,

ətrafı əncirli, meynəli, meyvəli

"Ceyran piri" var.

Duz təşnəsi ceyranlar, adətən qışda, gölə yaxınlaşardılar, 

zalım ovçuların gülləsinə tuş gəlib

yara alardılar.

Qanlı-qanlı, yaralı-yaralı 

ora-bura boylanardılar, 

bir müddət bax beləcənə, köməksiz qalardılar.

Qəfil, arxa ayaqları üstə qalxıb,

Novxanıya, novxanılılalara baxıb 

Son gücləriylə irəli tullanırdılar,

yaxındakı "Ceyran piri"ndə son sığınacaq axtarardılar...

Yaralı, qana bulaşmış zavallı ceyran, pirin alçaq daş hasarını adladımı, 

vəssalam,

toxunulmazlıq statusu qazanar, 

ovçular üçün əlçatmaz olurdu.

Sonralar

Qan davasında canını qurtaranlar

Sığındılar

Bu pirə...

Günlərin birində, 

uzaq 1907-ci ildə, 

bu xüsusi statuslu müqəddəs ocağa həmişə olduğu kimi, ceyran-cüyür yox...

Üz-gözü qanlı çopursifət bir gürcünü gətirirlər.

Məmmədəmin Rəsulzadə, əlindəki məşəlin son şöləsini bu gürcü balasının sifətinə tuşlayınca qəfil qışqırır - "Çopur sağdı. Köməyə gəlin. Atamı çağırın".

Az sonra, Məmmədəminin atası Ələkbər kişi, hadisə yerinə gələrək, həmin Çopuru pir ərazisində gizlədir.

Novxanıda onu indi də Çopur adıyla xatırlayırlar.

Məmmədəmin üçün isə o, sadəcə "Koba" idi.

Labud ölümdən güclə qurtaran həmin bax, bu Koba, gözlərini açınca Məmmədəminə doğru "Sənə bir can borcum var" ifadəsini pıçıldayır.

Sonra 1920-ci ilin sentyabrında bu vədinə sahib çıxaraq bu dəfə Məmmədəmini labüd edamdan qurtarır.

Həmin şəxs İosif Stalin idi, biləsiz.

Möcüzəlidi "Ceyran piri"ndəki əhd.

Xoşbəxt olur orda əhd sahibləri,

Xoşbəxt.

 

Sizin Cəbiş müəllim

Doktor Frankenstein?

Naməlum detallar

 

 Dünya müharibəsi başlayanda, radioda Levitanın gur səsi guruldayanda nənəm mətbəxdə kükü bişirirdi. 

Təbii, müharibə divi öz şüşəsindən, Levitanın boğazından çıxan kimi nənəm bərk diksinir öz tüstülü mətbəxində. 

Başılovlu, saçıdağınıq halda cumur gözünə girən ilk nöqtəyə - qonşu Kürsümün yarıaçıq qapısına.

- Yaxşı ki, rəhmətlik ata-anan görmədi bu müsibəti. Vaxtında getdilər. Demişdim sənə də... gələn il paxlava, şəkərbura bükə bilməyəcəyik.

Noyüt piltəsi üstəki kükü, sözsüz, yanıb külə çevrildi sonra.

Döndü müharibənin ilk günahsız qurbanına. 

Bax, beləcə Bakıda müharibə qurbanlarının uzun siyahı yarandı.

Növbəti qurban keçisi isə həmin qapıbir qonşumuz Kürsüm xalaydı. 

Zaman dəyişəndə, çanax həmişə bu zavallı qızın başında sınardı. İnqilab zamanı valideynləri öldü. "Azneft" meydanındakı evləri müsadirə edildi. 

İrandakı yük gəmiləri şirin xatirəyə döndü. 

Müharibə başlayandan az sonra isə Kürsümün özü də itdi.

Nənəm deyərdi, yazığı oğurlayıb aparıblar dəniz qırağına, 

Orda atıblar gəmidəki qır tiyanına. 

Piyindən sabın bişirib Quba meydanında satıblar.

Nənəm bu xatirəsinin sonunu, lap axırını əvvəllər gizlərdi. 

Danışmazdı.

Bir gün "Bizim Cəbiş müəllim" filminə baxdıqdan sonra qulağıma pıçıldadı:

- Bu kişiydi uşaqlardan, Kürsümdən sabın bişirən...

Maqsud İbrahimbəyov da bunu bilirdi.

Ancaq bu acı etirafı sənətə gətirmək istəməmişdi.

Xoşbəxt sonluqla,

"HEPPY END"lə bitirmişdi 

bu qorxulu müharibə nağılını.

P.S. AZƏRBAYCANIN DOKTOR FRANKENSTEİNİYDİMİ O? 

KİMYƏVİ KOLBALAR ARASINDA ÖZ QORXULU NAĞILLARINIMI YAŞAYIRDI?

 

KÜLƏYİNDƏ, KÜRƏYİNDƏ O GÜC VARMI 

ÖZ DOSYENİ VƏRƏQLƏMƏYƏ? 

 

BİR BAŞQA DOKTOR FRANKENSTEİN HAQDA

 

"Qismətindəki zəhərli üzüklərdən, ağulu qədəhlərdən, Pişəvəri taleyindən necə qurtulmağı bacardız?" sualını mənə ünvanlasaz əgər...

Cavabım, şairanə olacaq...

Uzun sükut fasiləsindən sonra deyəcəm astaca:

"SSRİ-nin İranda bir səfiri olub - V.M. Vinoqradov (1979-83).

Düzü, bəzən səfirlər diplomat kimi yox... cəllad kimi göndərilir səfirliklərə.

Sənədlərdə guya diplomatdı bu Vinoqradov. 

Gizli sənədlərdə, dosyelərdə isə kod ismi "Kobra" idi.

Adətən barmağındakı üzükdə gizlədiyi zəhərlə öldürərdi öz qurbanlarını o. 

İddiamı, əfsanə, dedi-qodu da saymaq olardı. Əgər səfir V.M.Vinoqradovun bioqrafiyasında bax bu qeyd olmasaydı: "1944-48 qod - student Moskovskoqo ximiko-texnoloqiçeskoqo İnstituta im. D.İ.Mendeleeva".

Belə çıxır həəəə... Vinoqradov təkcə diplomat yox, həm də kimyaçı olub. Xatırladıram - Mendeleyev İnstitutunu, kriminalistlər, "Noviçok" zəhərinin vətəni bilərlər. 

Kiçik haşiyə: Ötən illərdə, Britaniyada zəhərlənmiş Skripal ailəsi də deyilənə görə, bu zəhərin qurbanı olub.

1979-cu ildə bu səfir Vinoqradov, İranın Xomeynidən sonra ikinci nüfuzlu dini xadimi Ayatullah Taleqani ilə görüşür. Görüş, səmimi şəraitdə keçsə də, nəticələri ağlasığmazdı - Ayatullah Taleqani səhərisi gün yuxudan ayılmadan dünyasını dəyişir.

O vaxtlar Tehrandakı Sovet səfirliyində tərcüməçi işləyən Oleq Myatejniy adlı birisi, xatirələrində bunu belə xatırlayır:

"Koqda v İrane, vlastğ uzurpirovali reliqiozniki, po ukazaniö Moskvı, Vinoqradov neskolğko raz ezdil v qorod Kum na vstreçu s Xomeyni, çtobı zaruçitğsə eqo podderjkoy v voprosax ob ustanovlenii dobrososedskix sovetsko-iranskix otnoşeniy. No, v tretiy raz, ne bıl prinət im, i v straşnoy zlobe reşil bolğşe ne navehatğ aətallu.

Toqda, Moskva dala emu ukazanie vstretitğsə s druqim izvestnım, nedovolğnım po eё mneniö reliqioznikom - aətalloy Talıqani, kotorıy podderjival levıe silı i imel mnoqo storonnikov sredi çlenov levaükix orqanizaüiy. Vinoqradov navestil eqo u neqo je v dome i posle prodoljitelğnoy besedı vernulsə v posolğstvo vesğma dovolğnım i v pripodnətom nastroenii.

No, na sleduöhiy denğ, qazetı soobhili o smerti Talıqani posle vstreçi s sovetskim poslom, i poşli sluxi o tom, çto eqo otravil Vinoqradov! Zlostnıe sluxi, rasprostranəvşiesə ortodoksalğnımi reliqioznikami, kotorıe sami je otravili Talıqani, zapolnili vse qazetı i jurnalı islamskoqo bamonda. Daje vxodili v detali i pisali, çto Vinoqradov prohaəsğ s Talıqani, ukolol eqo v ladonğ otravlennım kolğüom(!).

Sam Vinoqradov posle gtoqo nikak ne moq priyti v sebə, i eqo mesəüa dva nikto ne moq navestitğ.

Delo doşlo do toqo, çto diplomatı zapadnıx stran, ne podderjivavşie rejim Xomeyni, na vstreçax s sovetskimi diplomatami, v şutku spraşivali ix: "A, koqda je vaş posol namerevaetsə navestitğ Xomeyni?!"

İddialarımın təsdiqi nümunə gətirdiyim bu vacib xatirələrdədir.

Bəzən səfirlər diplomat kimi yox... cəllad kimi göndərilir səfirliklərə.

Qismətimdəki o acı ağudan məni Bakı xəzrisi qurtardı.

Musiqi səsini, azca artırmalıyam xatirələrimin, cavabımın bu hissəsində.

Hə...Sovet vaxtları Bakı sahillərində "Quryev" adlı ağappaq sərnişin gəmisi vardı.

Bakı-Ənzəli yolunda işləyir, Güneyə, İrana sərnişin daşıyırdı. 

Uşaqlıq vaxtlarımda həsrətlə çox baxmışam bu gəmiyə. 

Uzaq üfüqlərdə itənəcən, kiçilənəcən, qara nöqtəyə çevrilənəcən çox baxmışam ardınca.

Bu gəmiyə çox arkadaşlarımızı əyləşdirib Güneyə yolladıq. 

Hamısı tutuldu, güllələndi, asıldı dar ağaclarından. Qurd-quşa yem oldu.

Hamısı.

Lal xəyallarımız da əyləşib bu gəmidə; sərnişinlərinin yerini daraldıb.

Bir gün, 1982-83-cü illərdə atamla mənə Moskvadan dedilər ki, biletinizi alın, minin bu gəmiyə, qayıdın vətəninizə. 

Biletləri aldım. 

Ancaq o gündən Xəzərdə tufan başladı, bir həftə gəmi dənizə çıxammadı. 

O vaxt da xəbər gəldi ki, bəs, hara gedirsiz? 

İranda tutatut başlayıb, solçuları qırıb axırına çıxırlar.

Bircə xəzri xain çıxmadı bizlərə o vaxt. Labüd ölümdən qurtardı. Buna görə, təbii, Bakı küləyini, xəzrini çox sevirəm.

Xilaskarımdı axı.

Dosyemin ağır səhifələrini ancaq o vərəqləyə bilər. 

P.S. 10-15 il öncə bu "Quryev" gəmisinin paslı cəsədini Şıxov çimərliyi tərəfdəki "gəmi məzarlığı"nda aşkarladım. 

Şəklini çəkdim. 

Kimsə arxadan qulağıma pıçıldadı ki, şəkli çəkmə. Bu gəmi, "Bakı steel kompany"nin sahibi, güneyli Paola Pərvizin şəxsi malıdı...

Susdum.

Xatirələrimin gəmisi idi o?

Yoxsa, tam yad birisinin?

Cavabını indi siz verin.

Şerimin son misrasını siz yazın.

 

Saatsaz

 

O həm də yaxşı, əla saatsazdı. 

"Bakker" markalı qədim İsveçrə saatını 

həmişə elə özü təmir edərdi. 

Cavabsız suallarla tək-tənha qalarkən, adətən tələsməz,

dillənməz

saatını sökər, 

gözünə xüsusi təkgöz eynək taxar, 

həm saatını sazlar, həm də vaxt udub, 

düyünlü sualların cavabını axtarardı.

Tehranda, Rza şah vaxtları, saatsaz işlədiyini də düşünürəm hərdən.

Çörəkpulusunu daşdan yox, 

saatsazlıqdan çıxarıb o.

1947-ci ilin yayında o, bu "Bekker" saatını sökür, 

ancaq yenidən yığammır. 

İlk dəfə köməyə peşəkar saatsaz çağırmalı olur. 

Saatsaz - bakılı balası İsmayıl Həsənov görür saat sahibi xəta yapıb - saatın çərxini sındırıb. 

Aradan iki gün keçincə saat sahibinin həyat çərxi də qırılır. 

Saatının, həyatının çərxi eyni vaxtda qırılmış bu kəs Seyid Cəfər Pişəvəri idi.

Saatsaz kimi nə qədər dəqiq olduğunu, zamanı əvvəlcədən necə proqramlaşdırdığını mən çox sonralar bildim - 1997-ci ilin 11 iyulunda. 

Həmin gündə Pişəvərinin xüsusi tapşırıqlar üzrə ən yaxın silahdaşı Qafar Kəndli - mənim atam öz dünyasını dəyişdi. 

Vəfatı, Pişəvərinki ilə eyni gündə, eyni tarixdə baş verdi təxminən. 

Təkcə "Bakker" saatını sazlamırdı o.

Zamanı da, 50 il sonranı da sazlamağı bacarırdı o.

Bacarırdı.

 

Novruz, yoxsamı Zervan?

 

Novruzu tərsinə oxusan, Zervan, yəni əbədiyyət tanrısının adını eşidərsən.

Deşifrəni düz vaxtında, düz bayram ərəfəsində azad edilmiş ərazilərdə eşitdim. 

Çocuq Mərcanlı məktəbinin " novruz" lövhəsini bu cür oxuyub bərk həyəcanlandım.

Ağlıma gətirəmməzdim ki, qədim Zərdüşt tanrısı Zervan, mənlə görüşünü Qarabağda, xarabalıqlar arasında təyin edəcək.

Nə vəd edir mənə bu görüş?

Yaxşı sualdı.

Azərbaycanda son 2000 ildə kimsə Zervanla bu cür görüşməmişdi.

Zərdüşt mirası, nə bilim, Novruz misteriyasi ilə hə... görüşürdülər. 

Tonqal ətrafında, paxlava-filan yeyəndə həəə...görüşdülər bu qədim kölgələrlə.

Ancaq mən deyəsən, ZERVANI ilk olaraq gördüm.

Mistik göruşdü, təbii. 

Zervanla görüş məni başqa həyat müstəvisinə çıxaracaq.

Möcüzə vədlidi bu görüş.

Qısası, öz novruzumu bu il mən bu cür qarşıladım.

Bəs siz?

Hava küləkli, soyuqdu.

Məktəb şagirdləri məndən kənarda dayanmağa üstünlük verirlər.

Mənə ancaq külək yaxınlaşır burda...

Novruz tonqalı da deyəsən, daxilimdədir.

Eşikdə deyil.

 

Bayatı-metro

 

"Balaların toyunda əvəzini çıxacam"...

"Koroğlu" metro stansiyasında qulaqlarım bu nisgilli ifadəni eşitsə də...

Gözlərim müəllifini görmədi.

Acı siqaret tüstüsüylə barışdım.

Çəkdim bu tüstünü öz dərinliklərimə.

Dörd tərəfim basabasdı.

Kimsə ayaq pəncəmi basdı.

Hamı bir-biriylə dalaşdı.

Balaların sünnət toyunda 

Guya hamı çox-çox sonra Barışacaqdı.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!