Kimsən, insan?
Zər qanadlı o böcəkdən,
Mavi, xallı kəpənəkdən,
O çiçəkdən, bu yarpaqdan,
O ağacdan, bu budaqdan,
Yarandığın boz torpaqdan
Fərqin nədi?
Doğulursan, böyüyürsən,
Çoxalırsan, ölürsən...
Bilirsən ki, ölərisən!
Kimsən, insan?
Ağ bənizli dənizlərdən,
Yaşıl donlu meşələrdən,
Quşları sevən səmadan,
Çiskindən, çəndən, dumandan
Fərqin nədi?
Düşüncənmi, sözlərinmi,
Gülüşünmü, yerişinmi?
Düşüncən nəyə yetəndi,
Sözlərin nəyi dəyişən?!
Fərqi varmı o ötəri
gülüşlərin göz yaşından?
Düşün, insan!
Bu sonsuz, tutqun fəzada
Bir nöqtəsən, bir nöqtəsən...
Bir nöqtə sən, bir nöqtə mən...
Bir də sonsuz yad nöqtələr...
Düşün, insan,
Düşünməkçün yaranmısan...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!