Olan olub, olacağa...
Heç köklənmə dərdə, qəmə, nəbadə,
Taleyində hər bir işə vaxt, vədə
Qoyulub ki, şər xeyirlə növbədə.
Addımında tək Tanrıdan çəkin, qorx,
Olan olub, olacağa çarə yox.
Sevincinin çevrilməsi kədərə
An söhbəti, bu qəzavü-qədərə
Bağlı, cəhdin, səyin boşa, hədərə
Gedər, onda ola xeyli, xeyli çox,
Olan olub, olacağa çarə yox.
Uyğunlaş ki, zəmanədə gərdişə,
Yaşatmaya sənə acı, əndişə.
Haqqı gözlə, çevir adət, vərdişə
Yaxşılığı, öz nəfsini tutub tox,
Olan olub, olacağa çarə yox.
Baxma, uyma ondan-bundan söz-sova,
Aldanmaqla düşməməyə "tilova".
Çıxanlar var dürüst, düzü bil "ova".
Dillərində sözlər neştər, süngü, ox,
Olan olub, olacağa çarə yox.
Yaradanın ətəyindən yapış, tut,
Olan sənə pislikləri sil, unut.
Rəbbə eşqi yaşat, ruhda qəlb ovut,
Qurtulmazsan hey qaç, başı kola sox,
Olan olub, olacağa çarə yox.
Razısansa...
İstəyin nə, diləyin nə, de, bilim,
Yetər, bəsdir, boşla getsin him-cimi.
Dilin ki var, eləcə də var dilim,
De, beləcə azdırırıq biz kimi?!
Yox gizlinim çəkinməyə kimsədən,
Haqq danışır, haqq deyirəm həmişə.
Pıçıltıya keçim onda bəs nəsədən
Şübhə çəkə görəcəyim hər işə.
Açıq-aydın söylə, bilim sözün nə,
Yox qəlbini oxumağa həvəsim.
Qoy eşidim, görüm əyri, düzün nə,
Düşünmə də rəyim üçün tələsim.
Şərtim də var, qer-qeybətdən gen duraq,
Mənə nə ki, kim nə edib harada?!
Hər barədə ixtilatı düz quraq,
Aramızda bir etibar yarada.
Razısansa, onda buyur, de gəlsin,
Nəyin varsa, vurmamaqla sağ-sola.
Saxtalıqdan titrəməsin ha səsin,
Beləliklə, getmərik də heç yola.
Üstünsən çoxundan
Nifrətə qəlbimdə yox ki, zərrə yer,
Məhəbbət fəth edib onu büsbütün.
Barəndə fikrim nə? - sualı boş ver,
Üstünsən mənimçün, çoxundan üstün.
Nə sən, nə də ki mən, deyilik mələk,
Olub, var, olacaq yenə səhvimiz.
Diləyim, dilə də birgə istəyək,
Təki Yaradandan ola əhvimiz.
Getmirəm heç zaman ucuzluqlara,
Kim harda nə dedi, kim nə eşitdi.
Çıxmıram söz üçün ova, şikara,
Dedin, cavab verdim, orda da bitdi.
Günahkar özümü sanıram ancaq,
Kimləsə anlaşa bilməyəndə çox.
Belədə köksümdə qalanır ocaq,
Qərarım olur ki, onda günah yox.
Bitirək söhbəti yetər, burda biz,
Yox ki ünvanına xırda iradım.
Əgər olsaydı da vallah ki, şəksiz,
Səbəbkar özümü sanar, qınardım.
Nifrətə qəlbimdə yox ki zərrə yer,
Məhəbbət fəth edib onu büsbütün.
Barəndə fikrim nə? - sualı boş ver,
Üstünsən mənimçün, çoxundan üstün.
Ucalığa yol
Artıqlığı yaratmaz malın, pulun, dövlətin,
Qazandığın hay-küylə ucuz şanın, şöhrətin.
Bax, bu işdə önəmli, şəksiz, ruhun, xislətin,
Əxz etdiyin haqqa yön, bilimlər damla-damla,
Şərəflənərsən ancaq elm, əxlaqla, imanla.
Üstün şəhid qanından mürəkkəbi alimin,
Çoxlarına görünməz sirlərini aləmin.
Açmaqla, saysızlara yaşama rahat zəmin
Yaradır ki, dərkindən nur işıqlı imkanla,
Şərəflənərsən ancaq elm, əxlaqla, imanla.
Saflıq, paklıq, ədalət hopub keçsə qanına,
Bəxş etməyi dürüstlük ömrünün hər anına.
Düşüncəndə dönərsə dəyişilməz qanuna,
Fikrin keçməz əmələ onda zənlə, gümanla
Şərəflənərsən ancaq elm, əxlaqla, imanla.
Yaşatmaqla qəlbində uca Rəbbin əksini,
Göndərdiyi Qurandan al kamillik dərsini.
Başla onun adıyla söz-söhbətdə bəhsini,
Şəhadətə hazır ol, hökmündə başla, canla,
Şərəflənərsən ancaq elm, əxlaqla, imanla.
Bu üçlüyü cəhd-səylə kamalına et ki, cəm,
Şəxsiyyəttək olmaya, varlığında kəsir-kəm.
Uşaq, gənclik, ahıllıq, qocalıqda hər dönəm,
Ucalığa yerlərsən bax belə, mümkün, anla,
Şərəflənərsən ancaq elm, əxlaqla, imanla.
De mənə
Tək kəlmənlə din də, barı,
Al, qadanı al, de mənə.
Həsrətindən dərd, qubarı,
Sal, köksünə sal, de mənə.
Ruhumu sis, duman ala,
Çaş-baş düşəm haldan-hala.
Ümid verməsən Vüsala,
Dal, xəyala dal, de mənə.
Yetər nazla bircə baxış,
Taleyimə ola naxış,
Dilindəki ən xoş alqış,
Çal, qəlbimi çal, de mənə.
De, sitəmin nə vaxt bitər?
Zülm olmaz ki bundan betər.
Əlacıma dillən, yetər,
Qal, yanımda qal, de mənə.
Yaxınlığı bitirdin
Tutmadın neçə yol verdiyin sözü,
Bundan inamımı tamam itirdin.
Olsa da ağrılı, söyləyim düzü,
Dostluq, yaxınlığı şəksiz bitirdin.
Mənasız, etdiyin and-aman daha,
Təkrar aldanımmı yenə bir kərə?!
Suçun başa gəlib mənə çox baha,
Düşmüşəm heç nədən xeyli zərərə.
Düşüncəm: - Dəyişməz, yəqin xislətin,
Xeyri yox öyüdlər, nəsihətlərin.
Tanıdım ki, kəssən çətindən çətin,
Əməlsiz, dilində saxta "hünərin".
Dilə, istəsən nə, hazıram verəm,
Mənəsə heç nəyin yox, gərək deyil.
Əlində dərdimə tək əlac görəm,
Ondan da imtina edəcəyəm, bil.
Bitdi aramızda olan hər nə var,
Məhəbbət, istilik, sevgi, doğmalıq.
Ayırdı orada qurduğun "divar,"
Görərsən, ayılsan onu, bir anlıq.
Tutmadın neçə yol verdiyin sözü,
Bundan inamımı tamam itirdin.
Olsa da ağrılı, söyləyim düzü,
Dostluq, yaxınlığı, şəksiz, bitirdin.
Nə ad qoyaq?
Zaman, dövran çoxlarını salıb çaş,
O möhtəşəm dəyərlərə bir də kaş
Dönəydik də, yana-yana gözdə yaş,
Diləyiylə uyur, dalır xəyala,
Bilən də yox, nə ad qoya bu hala.
Qohum-qardaş bir-birinə olub yad,
"Mən-mən"iylə dillərində mən "azad",
Bir insanam, göstərməklə tərs inad,
Deyir: - "Hər kəs gərək məndən dərs ala",
Bilən də yox nə ad qoya bu hala.
Qurşananlar var yığmaqda çal-çapa,
Cəhd-səydədir fırıldaqla yol tapa,
Hardan nəsə qamarlaya, hey qapa.
Qulluqdadır sahibindən az "yal"a,
Bilən də yox, nə ad qoya bu hala.
Bayağılıq hopub adət, vərdişə,
Qulp qoyuruq babalardan hər işə,
"Top atırıq" tarixlərə, keçmişə,
Qururuq ki, himsiz nəsə ucala,
Bilən də yox, nə ad qoya bu hala.
Riya, yalan, zəbtlə tutub hər yanı,
Yanıltmaqla mat qoyuruq şeytanı,
Kökləyirik tək ac nəfsə imkanı,
Anlamırıq ki, gedərik zavala,
Bilən də yox, nə ad qoya bu hala.
Hərə bir cür iddiada, həvəsdə,
Deyən də yox, "bala, dayan, bir həsdə.
Birlik yoxdur hər millətdə min dəstə,
Önə gedək deyir, biri çək dala,
Bilən də yox, nə ad qoya bu hala.
Əşrəfindən düşüb sanki tələyə,
Dünyamızın işi qalıb fələyə,
Ümidliyik təkcə bəxtə, taleyə,
Gedə bəlkə üstümüzdən şər, bəla,
Bilən də yox, nə ad qoya bu hala.
Yox ki indi aqil, müdrik dinləyən,
Bəşər üçün sızıldayan, inləyən.
Bu kəslərdir gözü göyə zilləyən,
"Daş görənlər" cavab günah, babala,
Onlar bilər, nə ad qoya bu hala.
Narazı deyiləm
Özümə çox olub əzablarım, çox,
Bax, bundan batmışam xeyli günaha.
Heç kimdən, heç nədən şikayətim yox,
Səbəbəm dilimdən olan vay-aha.
Yaradım hamının işinə hər dəm,
Çözəm bir dərdimi, vaxtım çatmadı.
Bu haldan köksümdə qüssə, kədər, qəm
Boldu, kimsə ona sevinc qatmadı.
Fikrim "düzəltmək"di sanki dünyanı,
Cumurdum çətinlik olsa, harda, nə.
Yox, yox, düşünmürdüm görrəm ziyanı,
Dururdum elə bil canım qəsdinə.
Ötdü yaşamımda beləcə illər,
Zərrə azalmadı cəhdim, səyim də.
Gəlmədi başıma aman, ah, nələr?!
Hərə qoydu dərin iz ürəyimdə.
Narazı deyiləm öz taleyimdən,
Bunu Tanrı mənə bilib məsləhət.
Onundur nəyim var, cismim, ruh, bədən,
Ömür yolumsa bu, etməliyəm qət.
Demədim
Tapşırdılar, bir "təpə"yə
"Dağ" demədim qazanc üçün.
"Qara"ya olanda yiyə,
"Ağ" demədim qazanc üçün.
Düşdüm boşa, düşdüm bərkə,
Gördüm çox dava, mərəkə.
Ömrümdə aqil, müdrikə
Lağ demədim qazanc üçün.
Bir kimsə əkə, böyüdə,
Ucala, tuta göyü də.
Çəpərdə çinar, söyüdə
Bağ, demədim qazanc üçün.
Boş, mənasız nəsə sora,
Hədyanıyla zehni yora,
Gövdəli, dərkində kora
"Sağ", demədim qazanc üçün.
Öz nəfsimə olmadım qul,
Azdırmadı var-dövlət, pul.
Yığam sərvət, bax, bu məqbul,
Çağ, demədim qazanc üçün.
Düşünüb çıxar, gəlimi,
Öyrətdim düzə əlimi.
Sözü, etməklə dilimi,
"Yağ", demədim qazanc üçün.
Haqqa keşikdə durmuşam,
Çox işi başa vurmuşam.
Oyunun "qola qurmuşam,
Tağ", demədim qazanc üçün.
Şeir əhvalı
Unuduram ətrafımı, büsbütün,
Heç bilmirəm, necə gəlir, ötür gün.
Yetmir, çatmır kimdən, hardan haray, ün,
Kökləyirəm ilhamıma xəyalı
Fəth edəndə ruhumu, şeir əhvalı.
"Kəs ətimi," olmaz inan, xəbərim,
Fikrim olur, "söz bağçamdan gül dərim".
Xırdalanar dərkdən dürrüm, gövhərim,
Dolanıram, keytək başı havalı
Fəth edəndə ruhumu, şeir əhvalı.
Qurmağımla öz-özümə ixtilat,
Deyimlərə nəfəs verə, can, həyat.
Beyt, misralar sıralana çox rahat,
Yaşayıram tamam başqa bir halı
Fəth edəndə ruhumu, şeir əhvalı.
Onda deşir ürəyimi ağrılar,
Yer, göy olur dar, başıma cahan dar.
Sığınıram sirr, sehrli həyat var,
Nemətləri "hikmət dadlı", şəfalı,
Fəth edəndə ruhumu, şeir əhvalı.
Varlığımı tutur vallah, başqa "mən",
Anlamıram, necə, nə cür, güman, zənn.
Etmirəm də ki, kimlərə tayam, tən,
Adiyəmmi, igidəmmi, zavallı?
Fəth edəndə ruhumu, şeir əhvalı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!