Rəşid Faxralının
yaşı neçədi?
Sən Allah, üzünü qibləyə çevir,
Qibləni tanıdın özündən qabaq.
Sözün işığında zikr eləyənlər,
Sözün qüdrətinə şükr eləyənlər
Sizi göy üzünə boylanan görüb
Dedilər: Dünyanı söz duruldacaq...
Rəşid Faxralı da illər yoraraq
Yaxşını yamandan seçib gəlibdi,
Dolaşıq yollardan keçib gəlibdi,
Cümləsi, misrası düşməyib düyün.
Sözün rəncbəritək illər uzunu
Söz əkib-becərib duyanlar üçün.
Dünya dəyişmişdi...
Şimşək çaxırdı
onun da ruhunun başının üstə.
Bağanıs Ayrımda,
Malıbəylidə,
Ağdabanda,
Meşəlidə,
Qaradağlıda,
Xocalıda yaşanılan dərd
Neçə yaş gətirdi onda, o vaxtlar
Rəşid Faxralının yaşının üstə.
Şəhid anasına oğul olanlar,
Şəhid balasına nağıl olanlar,
Dərdi dərdə salıb ahıl olanlar
ocaq əsgəriydi, köz əsgəriydi.
Rəşid də onda
Qorqud Dədənin
Ruhunu yaşadan söz əsgəriydi...
Dedi: "Müharibə nə vaxt qurtarar?"1,
Yol gördü "Səngərdən əbədiyyətə"2.
Qələmi sözünə buyruqçu oldu,
Qıymadı torpağa düşən iz itə.
Fikir haləsidi sözün işığı;
Sözün işığında tanıyıb hamı
sözün qüdrətindən güc alan kəsi.
Səni də, məni də sirdaş elədi,
Əsgər nəfəsinə "Əsgər nəfəsi"3.
Adaş doğulubdu dərd anlayana,
Qəhər kürəsidi bağrının başı.
Ömrü şəhidlərin daş lövhəsidi,
Yaşı şəhidlərin yaş ölçüsüdü,
Görün nə qədərdi Rəşidin yaşı...
1,2,3 - Rəşid Faxralının kitabları
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!