Şeirlər
Unudasan
Unudasan öz-özünü,
sevib halbahal olasan.
Bir arının şahmar oxu,
Bir çiçəkdə bal olasan.
Gizləyə bir ürək səni,
gizləyə öz səhvi kimi...
Unudasan bir sevginin
sevilən tərəfi kimi...
Unudasan bir paranı
gözünün hər dənəsində.
Unudasan əllərini
bir gözəlin sinəsində.
Yavaş-yavaş adladığın
küçələri unudasan...
Tapmaca dostlar tapdığın
gecələri unudasan...
Yaşının hər damlasını
unudasan axıb gedib.
Görəsən əllərin itib,
görəsən yolların bitib.
Minib bir ağrı atını
ömrün sonuna çapasan.
Unudub öz adını da
bir başdaşında tapasan.
Heç olmasa
Zəng edim sevin bir az,
lap uşaq kimi sevin...
Deyirəm, heç olmasa
səsimin sehri ilə
işıqlansın boş evin...
Dünyanın işinə bax...
Dünyanın işlərinə
mən güzəştə gedirəm...
Heç nə olmamış kimi
bax, sənə zəng edirəm...
Deyirəm, heç olmasa
Qovuşmaq arzusunun
ümidiylə bir az yan.
Sonra asım dəstəyi,
asıl ağrılarından...
Bilmirəm bu nə işdi...
Nə ölüyəm ölü tək...
Nə can dolu diriyəm...
Mən də,
eh,
sənin kimi
zəng gözləyən biriyəm...
Sənə köynək almışam...
Sənə köynək almışam,
nə olsun ki, küsmüşük.
Tez-tez açıb baxıram,
işıqlanır ev-eşik...
Barışsaq, göndərəcəm,
barışmasaq da, nə qəm...
Düyməsini sayıram,
yaxasını çəkirəm.
Bu köynəkdə var hər şey,
var min dərdə dəva da!..
Qollarını açıram,
oynadıram havada...
Nə gözəl rəqs edirik
tənhalığın əlində.
Daha xoşbəxt görünər,
bilirəm ki, əynində...
Küsüşüb barışmağın
artıq mənası yoxdu...
Nə isə... göndərim bax,
geyin, hava soyuqdu...
Dəyirman
Ömür yarı olub, yol yarı deyil,
Ömür dəyirmanım kəmmi üyüdür?
Bu yollar tək mənim yollarım deyil,
Həm də xəyalının yelləncəyidir.
Dəyirman üyüdür sevincimi kəm,
Bəlkə də çarxına düşübdür düyün.
Hələ köksümdəki qəlbi demirəm,
O da əsir düşüb sevildiyin gün.
Ümiddən nə varsa çıxıbdır yoxa,
İndi boşuna yan, boşuna deyin.
Məhkum eyləmisən yuxusuzluğa,
Gözlərim dad edir əlindən sənin.
Hissləri birtəhər yola salmışam,
Kösöv-kösöv olub indi hər yanım.
Ürəksiz, qanadsız, gözsüz qalmışam,
Neyləsin bu ömür-gün dəyirmanım?!
Yağış yağa
Yağış yağa, pəncərəmi döyəsən,
Bitirəsən həsrətini yolların.
Görəm yenə islanıbdı saçların,
Görəm yenə islanıbdı qolların.
Sanki səni suya basıb çəkiblər,
Gözündəki gülüşlərdən su damır.
Əlindəki çiçəklərin islanıb,
Dodağında öpüşlərdən su damır...
Yağış yağa, çaxa şimşək nagahan,
Sala yerə dilimdəki sözümü.
Lap qaçaraq uşaq kimi qorxudan,
Yaş sinənə sıxam yenə özümü.
Gecə bitə, yağış kəsə, kövrələm,
Göz yaşlarım yenə axa içimə.
Əllərimi ovudasan əlində,
Əllərindən yağış dama gecəmə.
Sevən adam
Sən məndən tez gəldin,
lap tez, lap erkən,
Ağacı, budağı, quşu tanıdın.
Doğulub gələrkən bu dünyaya mən,
Doğuldu mənimlə sevdiyin qadın!..
Gəldim həyatının bir payız günü,
Xəzan qovururdu sevən adamı.
Məni gözləyirmiş,
məni,
tək məni,
Əlinin istisi, ruhunun tamı...
Payızdı, göylərin göz qapaqları
Yenə bulud-bulud yaşla doluydu.
Ağacdan asılmış boş budaqların
Çör-çöp yuvaları quşla doluydu.
Yuvalar vardısa ümid varıydı,
Ümidə doğurdu üfüqdən səhər.
Xəyallar quşların qanadlarıydı,
Uçmuşdu, nə olsun, dönəcəkdilər...
Bu qış
Hələ əlcək almamışam özümə,
nədən belə erkən yağdı bu ilk qar?
Qansızlıqdan barmaqlarım üşüyür,
buz bağlayıb otağımda divarlar.
Yavaş-yavaş qonur yenə başına
çəmənlərin, dağların ağ duvağı.
Mən hələ ki, süpürürəm hər sabah
yağışlarda kif bağlayan suvağı...
İlk baharı, ilk payızı yaşadıq,
nə tez girdik bu eşqin ilk qışına?
Ümidinin qübar yeri göynəyir,
sındırmırsan qürurunu boşuna.
Qış yetişdi, erkən aldı üstünü,
saçlarında ağaran da qar imiş...
Bir az torpaq, bir az palçıq, bir az daş...
bu yolların min cür üzü var imiş..
Sənin yoluna
Bu yollarda ümid vardı,
Kimlər yıxdı, kimlər qurdu...
Əllərim bir işıqfordu,
əksinlər sənin yoluna...
Hara çəkdim ürəyimi,
Yük eylədi dərdi, qəmi.
Qoy onu da mənzil kimi
tiksinlər sənin yoluna,
Eh, görüşmək olmur nəsib,
Bu yollar məndənmi küsüb?
Qoy ömrümdən bir az kəsib,
çəksinlər sənin yoluna.
Torpaqdan üzdüm əlimi,
Basdırmasınlar ölümü,
Məni yandırıb, külümü
töksünlər sənin yoluna.
İçimdəki körpəyə yazdığım şeir
Hələ gülüşdür dodağın,
hələ gözlərin sevincdir.
Əl barmaqların həyatdır,
ayaq izlərin sevincdir.
Hələ körpə ümidini
yerdən-yerə vurmayıblar.
Hələ sənin taleyinin
bəxt güzgüsün qırmayıblar.
Dünyan hələ bapbalaca,
arzun hələ bir sıxmadır.
Ötüşdüyün yollar təmiz,
sevdiyin adam doğmadır.
Bir körpə fidansan hələ,
çiçəkləyib böyüyürsən.
Sən mənim ürəyim boyda
iməkləyib böyüyürsən.
Nə qədər dəcəlsən, uşaq,
qaçırsan belədən-belə.
Böyümə, nolar, böyümə,
böyümə, yaşayım hələ...
Həsrətini...
Xoşbəxtlik mənə dar gəldi,
geyindim gen həsrətini...
Toxudum, hördüm bu gecə
saçımda dən həsrətini...
Bulud doldu damla-damla,
çapaladım "yox"larımla.
Ödədim öz ahlarımla
dağların çən həsrətini.
Ümidim yoxdu bir udum,
daşlara yazıldı adım.
Sonda ölümlə oxşadım
dünyaya tən həsrətini.
Torpağın altda
Mən yatanda öləcəyəm, bilirəm bunu,
Gecə ölmək daha asan, daha şirindi.
Basdıracam gözlərimdə sənin yuxunu,
Bir də gördün göz qapağım qəfildən endi...
Bir ömür də səhifələnib olacaq boyat,
Saxlayacam zamanı da salıb kəməndə.
Yuxu kimi gələcəkdir keçdiyim həyat,
Yuxu kimi görəcəyəm ölümü mən də.
Solacaqdır şeirimdə al-əlvan rəngin,
Göz yaşlarım axmayacaq bəyaz varağa.
Çəkəcəyəm yorğanımı başıma o gün,
Köçürəcəm həsrətini soyuq torpağa.
Bəlkə bu dəm həsrətin də qopa kökündən,
Quşlar kimi qanad çalan görəm özümü.
Canım, bəlkə, rahat ola sənin yükündən,
Bir hovur da mən dincələm, yumub gözümü.
Anam yəqin şeir kimi dinəcək məni,
Əvəzimə qoxlayacaq iki qızımı.
Qış olacaq o gün yəqin qarlı qış günü,
Yoxsa niyə üşüyüm ki, ömrün uzunu?
Qar yağacaq göy üzünün qaş-qabağından,
Niyə yazı gözləməyə gücüm yox mənim?
Yığacaqlar gözlərimi dərd tabağından,
Yarı yolda donacaqdır zəif bədənim.
Sən də qalib gələcəksən o gün qorxuna,
Sevdiyini deyəcəksən dodağın altda.
Vüsal üçün gələcəyəm sənin yuxuna,
Bəlkə belə qıza canım torpağın altda.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!