"Məni heç kimdən soruşmayın..." - İntiqam YAŞAR

Şeirlər

Bizdə soyuqlar düşüb

Sizdə bilmirəm necə,

Bizdə soyuqlar düşüb.

Qış qapını kəsdirib,

Boran gəlib, qar düşüb.

 

Ayaqlarım üşüyür,

Əllərim mənim deyil.

Düşmən də, heç düşmənə

Bu qədər qənim deyil.

 

Dərd çox ovub içimi

Bir almaz tiyə kimi.

Mənəm duruş gətirən,

Dözən indiyə kimi.

 

Hər nəfəs almaq belə,

Ağırdı bu şəhərdə.

Yaşamaq çətin işdi,

Doğrudu, bu şəhərdə.

 

Sizdə bilmirəm necə,

Bizdə soyuqlar düşüb.

Qış qapını kəsdirib,

Boran gəlib, qar düşüb.

 

Ağ bayraq qaldırmalıyam

Gözlərindəki sükut qədər möhtəşəmliyin var,

Saçlarındakı dalğalar qədər fikrim dağınıq.

Göyərçin əllərin hər gün günəşin pərdəsin çəkir kənara,

Yer üzü qurtulur zülmətdən.

Hər gün arzularda möhkəmlənir yerin,

Xəyalın üstümə hücum çəkir hər səmtdən,

İxtiyarsız əllərim qalxır, təslim olur həqiqətə.

Əllərini ver, əllərini.

Ağ bayraq qaldırmalıyam taleyimə.

 

Küsə də bilmədik

Divarlara əl uzatsaq, yıxılmamaqçün,

Divarlar da qaçar qabağımızdan.

Qismətdən əlimizdən tutası kəslərin,

Əlimizə çatmadı əlləri.

Tutdular ayağımızdan...

Küsə də bilmədik.

Hər halda,

zəhmət çəkmişdilər.

 

Məni heç kimdən soruşmayın

Ölüm şərəfinə ucalan sükut bayrağıyam,

İçimdə əsən küləklərlə tərpənirəm.

Gözlərimi gözlüklər yordu, əllərimi nəfəsliklər,

Axilles dabanından döşəmələr təngə gəldi.

Duaçı oldular bir daha dönməyim deyə,

İllər oldu göy üzündə bulud görməyəli,

İllər oldu göy üzündə ümid görməyəli.

Bütün soyuqları, bütün sazaqları

damarlarımdan keçirib, buraxdım Yer üzünə.

Odur ki, ürəyim nə pislik etsə, özünə edib, yalnız özünə.

Nə bir qapım-bacam var,

Nə də adım soruşulası bir ünvanım.

Məni heç kimdən soruşmayın,

Mən hələ yaşamağı məşq edirəm.

Alınsa, günəş gülümsəyəcək gözlərimin dərinliyində.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!