Mən azad Xocalıyam!
İllərdi dərd dağıydım,
Kədərdən yoğrulmuşam.
Bu gün Zəfər mənimdi,
Yenidən doğulmuşam.
Mən azad Xocalıyam,
Daha qəm istəmirəm.
Silirəm göy yaşımı,
Duman, çən istəmirəm.
Mən azad Xocalıyam,
Dönəcəm gülüstana.
Yarama məlhəm olub
Görk olacam cahana.
Keçmişimdən min iz var,
Badara, Qarqaram mən.
Min bir sınaqdan keçib
Bax, yenə də varam mən.
Qoy var olsun ordumuz,
Şəhidimiz, qazimiz.
Yeni bir tarix yazdı
Müzəffər sərkərdəmiz.
Mən azad Xocalıyam,
Daha qəm istəmirəm.
Silirəm göy yaşımı,
Duman, çən istəmirəm.
Xocalı
Bizə bir söz yetər
ürəyimizi dağlamağa,
amma min söz yetməz
dərdimizi ovutmağa,
könlümüzü almağa...
bu söz ömrü boyu
yandırıb-yaxacaq bizi,
uşaqlı, qocalı
yaxamızdan tutacaq ikiəlli...
Şükür, indi azadsan,
Zəfərin mübarək,
Xocalı!
Xocalı laləzarı
Burda qırmızı lalələr
Saya gəlməz, Xocalı!
Sən, ay qırmızı köynəklim,
Dərd köhnəlməz, Xocalı!
Gözümüzün biri gülər,
Biri ağlar, Xocalı.
Bu lalələr min dərdimə
Məlhəm olar, Xocalı!
Bu laləzar qırğınlara,
Qadalara "Yox!" deyər.
Düşmənə meydan oxuyar,
"Gözəlliyə bax!" deyər...
Şəhid ruhlarını oxşar,
Məzarları qucaqlar.
Bu laləzar yurdda yenə
Gur yanacaq ocaqlar!
Qaram, bilirəm ki,
günahkaram mən
Yaman günahkaram, yağmayaydım kaş,
O gün Xocalıya mən də, dərd oldum.
Axı çox sevirdi məni uşaqlar,
O gecə yağmaqla mən namərd oldum.
O gün dizə qədər qana batdım mən,
Körpələr çığırdı, yerimdə dondum...
Onu çox incitdim soyuqluğumla,
Dərdinin üstünə şaxta, buz qoydum.
Söndürə bilmədim yanan qəlbini,
Donmuş gözlərimlə baxdım tüstüyə.
Düşmən bir tərəfdən, mən də bir yandan
Vaxtsız qonaq kimi yağdım üstünə.
Mən soyuq olsam da, qan yaddaşımda
Gör neçə körpənin solmuş üzü var.
Qaram, bilirəm ki, günahkaram mən,
Üstümdə ömürlük qan izləri var...
Xocalı
Ağappaq qar üstünə
Qanı çilənmiş balam.
"Qar adam"ın yanında
Qana bələnmiş balam.
Anası saçlarından
Buludlardan asılmış.
Atası "Vətən", - deyib
Düz ağzından atılmış.
Babası buz heykəli
Torpaq üstə yıxılmış.
Nənəsi havalanıb
Dili-ağzı tutulmuş.
Bacı və qardaşları
Əzabla öldürülmüş.
Utansın belə dünya,
Zülmü artıq ağ olmuş!
Bir oba, bir məzarlıq
Bütün nəsil qırılmış.
"Unutqanıq!", deməkdən
Demə, dilim yorulmuş.
Biz unutqan olsaq da,
Tarix bunu unutmaz.
İnsanlığın düşməni
Heç bir kəsə dost olmaz!
Heç bir kəsə dost olmaz!
Xocalı soyuğu...
Bu qış çox üşüdüm,
indi də, fevral soyuğu
əli qılınclı dayanıb həyətimizdə...
başını bayıra çıxarınca
geri qaytarır adamı.
Fevralın içindən çıxıb
qaçmaq istəyirsən,
amma dərdindən heç yana qaça bilməzsən.
Fevralda qan donduran Xocalı soyuğu var,
ürəyim yanır fevralın şaxtasından
qar üstündə yıxılıb qalmış
o körpə qızcığazın solmuş çöhrəsi
silinmir xəyalımdan...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!