Görən, kim uydurub xərci, qazancı? Bazarın gəliri bazarda gedir... - Taleh Mansurun şeirləri

Gedir

 

Süzülür nəğmələr, qulaqda qalmır,

Gah saza qoşulur, gah tarda gedir...

Ağacdan ayrılan budaqda  qalmır,

Almada, heyvada, ya narda gedir...

 

Səssiz yazılanlar  səsli ürəkdi.

Sözlərin  əlası, əsli ürəkdi.

İnsan vəfalı fəsli ürəkdi,

Payız da ötüşür, bahar da gedir...

 

Ağrıdır ağlımı bir dəli sancı,

Tanımır Allahı, yoxdu inancı.

Görən, kim uydurub xərci, qazancı?

Bazarın gəliri bazarda gedir...

 

Tapıldım indicə,  itdim indicə,

Ah, nələr, ah, nələr etdim indicə.

Başlamaz deyirdin,  bitdim indicə,

Bu gəlməz dediyin, gör, harda gedir...

 

Çiynimin yükündən damır qollarım,

Sirrini heç kimə  demir qollarım.

Dəmir yollarımdı dəmir qollarım,

Düşüncəm söz adlı qatarda gedir...

 

Damarda qaynayan qan ilıq ola,

Göz yaşı tökəsən, göz balıq ola.

Qovuşmaq varmı ki, ayrılıq ola?!

Kim yardan ayrılır, o,  yarda gedir...

 

***

Səninləyəm, ay dil altda

zəhər

gəzdirən adam,

Özündən özünü

bezdirən adam...

Dil altında zəhər-zəqqum

gəzdirənlər

İlan olur axırda.

Ağıl başda olmayanda,

Başda ağıl olmayanda

həqiqət də yalan olur axırda.

Dil altında zəhər özü, 

dil üstündə  zəhər sözü

Görünsə də,

Düşüncəmin

aydan-arı sudan-duru

fikirləri

yalın gözlə görünmür.

Quşqanadlı xəyallarım

arzuların səmasında qanad çalır,

İlan kimi sürünmür.

Düşüncəmin

gicgahına bir fikir sıx,

Can üstədi,  qoy,

ölməsin mənalı söz...

İşıq düşür mənim günəş ürəyimdən

düşüncəmə,

Düşüncəmin ağ vərəqli

kölgəsində şeir bitir.

Bax beləcə yaşayıram

Misra-misra,

sətir-sətir...

Gördüyündən soruş desin,

görünməyən

düşüncəmdə nələr var:

Düşüncəmdə doğulmaq var,

Yaşatmaq var,

yaşamaq var

ölüm yoxdu.

Ocağımda

Odum da var,

Közüm də var,

külüm yoxdu.

Allah verən düşüncəylə düşünürəm:

Eşq sevginin, eşq sevincin,

Bu kədər də boz ahındı,

al ahındı...

Nəyim varsa, Allahındı;

Dil-dil ötən ağrılarım

lal ahındı.

Düşünürəm:

Bəs özümün  nəyim var?

Cavabını bilmədiyim

bu sual da

Allahındı.

Hər şey, hər şey

Allahındı,

O Allah da

elə mənim Allahımdı...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!