Lap ölüb qalmalı
yer idi könlüm...
Dedim, çiçəkləndi, gülləndi bəlkə,
Baxma, könüllərdən biridi könlüm.
Bir gün dilə gəlib dilləndi bəlkə,
Bəlkə, ayaq açıb, yeridi könlüm...
Dönməsin heykələ, büstə, demişdim,
Başımda tac olsun istə, demişdim.
Bu sevgi ayağı üstdə demişdim,
dayanıb, durduqca diridi könlüm...
Mən indi bildim ki, olur gor necə,
Adamın içinə dolur qor necə...
Getmisən, xaraba qalıb gör necə,
Lap ölüb qalmalı yer idi könlüm...
Xatirələr örtür məni
Ayrılığın dilindəyəm,
Yaman dil-dil ötür məni.
Gülüm, necə başlamışdın,
eləcə də bitir məni...
Öz-özünü boşa öydün,
Bu yol çıxış yolu döydü.
Yağış çırpdı, dolu döydü,
Eyləmədin çətir məni...
Bir yuxuydum, yozanmadın,
Ağ vərəqdim, yazanmadın.
Qazanmadın, qazanmadın,
İlim-ilim itir məni...
Yerindim, ən yaxın yerin,
Çəkdiyin hər dağın yeri.
Qalmayıb qalmağın yeri,
Dur, qapıdan ötür məni...
Dərd-dərd, qəm-qəm, yavaş-yavaş,
Olmuşam cəm, yavaş-yavaş.
Görünmürəm, yavaş-yavaş
xatirələr örtür məni...
İstəyir
Bu bağın-bağçanın bağbanısanmı,
Hardandı bu bağça, bu bağ istəyi?
İçində yamyaşıl ağac sevgisi,
Üstündə titrəyən yarpaq istəyi...
Dil tapıb, yol gedər baxma, həyatla,
Döyənək etsə də dizini qatlar.
Bir gün bilmirsənmi başında çatlar
qorxaq adamların qorxaq istəyi?!.
Kimin ki, çəkirsə qanı qanını,
Qurbanlıq istəyir canım, canını.
Millət öndə sevir qəhrəmanını,
Fərqi yox, ya ölü, ya sağ istəyir...
Batdığı günaha, qüsula baxmaz,
Ədəbə, ərkana, üsula baxmaz.
Allaha üz tutmaz, Rəsula baxmaz,
Bitməz adamların yasaq istəyi...
Görünər atdığı qədəmnən belə,
Suçludu Həvvadan, Adəmnən belə.
Adamı ən doğma adamnan belə
ən çox torpaq sevir, torpaq istəyir...
Çatanda əlim özümə...
Mən özümdən yıxılanam,
Qoy durum, gəlim özümə.
Elə, düşdüyüm kimi də
qalxım, dikəlim özümə.
Elin-günün halı halım,
Zəhri zəhrim, balı balım.
Ən qiymətlim, ən bahalım,
gövhərim, ləlim özüməm.
Həyan özüm, qənim özüm,
Suyum özüm, dənim özüm.
Özüməm düşmənim, özüm,
vurğunum, dəlim özüməm.
Açam, gülümü görəsən,
Yanam, külümü görəsən.
Gəlib günümü görəsən
çatanda əlim özümə...
Düşməz
Dar gündə əlindən tutar, adam var,
Tutmasan əlindən, batar - adam var.
İşığı bir elə çatar, adam var,
Adam var, evinə işığı düşməz.
Bəlkə də tapılar dərmana, vallah,
İstərlər çevrilər qurbana, vallah.
Bu çölə, bu düzə, ormana vallah,
Mən boyda dəlisi, aşiqi düşməz.
A dünya, uymaram felinə bir də,
Gətirmə adımı dilinə, bir də.
Gedirəm, mənimtək əlinə bir də,
Dünyanın ən məsum uşağı düşməz.
Ha yanım, ha çıxsın külüm yeddi qat,
Gözəlmiş yaşamdan ölüm yeddi qat.
Qalxar göy üzünə zülüm yeddi qat,
Tanrım nədən bir qat aşağı düşməz?..
Gedəcəm
Gülüm, bir az da səbr et,
gözlə, durub gedəcəm...
Günəş doğanda gəldim,
etsin qürub, gedəcəm...
Bu matəmdən, bu yasdan
çıxacam asta-asta.
Ürəyimə bir az da
qan uddurub, gedəcəm...
Bir gün, hər şey görəcəm
buracanmış, buracan...
Bir nağıl uyduracam,
oyun qurub, gedəcəm...
Nə ön var, nə də geri,
nə də ölməyin yeri...
Özümü diri-diri
unutdurub, gedəcəm...
Günün biri
Günüm, günlər içində
mənimdi günün biri.
Səmtimdi, tərəfimdi,
yönümdü günün biri...
Biri hurim, pərimdi,
Biri "Allah kərimdi..."
Dərdimdi, kədərimdi,
qəmimdi günün biri...
Birisi də əlacdı,
Üz tutdum, könül açdım...
Biri başıma tacdı,
qənimdi günün biri...
Ahımdı, amanımdı,
Sonuncu gümanımdı.
Lap elə imanımdı,
dinimdi günün biri...
Birisi quş qanadlı,
Birisi də ağ atlı.
Gəlmir Qiyamət adlı
min ildi günün biri...
Mən bu viran ölkədə,
Öldüm səfdə, cərgədə.
Gözləyirəm, bəlkə də
dirildim günün biri...
Düşürsən, bir az
asta düş...
Dünya gidi, ömür fani,
vaxt qısa, yol uzun, gözəl.
Cavablaya bilmədik heç
tək bircə sorusun, gözəl.
Üstəydin, gözüm üstdə, düş,
Qalım beləcə yasda, düş.
Düşürsən, bir az asta düş,
düş, Allah qorusun, gözəl...
Son verirəm, son, ağıma,
Dözəcəm sinə dağıma.
Göz yaşımı yanağıma
sərirəm, qurusun, gözəl...
Nədən yetişməz ki,
duam Tanrıya...
Nə boş-boş xəyallar qurram içimdə,
Nə qızıl balıqlar toruma düşməz.
Yuxular görərəm eh, nə biçimdə,
Biri də yozuma, yoruma düşməz.
Yaşadım od üstdə, köz üstdə, bəlli,
Şükr ki, gəlmədim diz üstdə, bəlli.
Qalxıb öldürsələr söz üstdə, bəlli
Peşəmə cangüdən, qoruma düşməz.
Götürüb aparmaz küləyi bir gün
Yalanı, yanlışı, kələyi bir gün.
Çevrilib mən olmaz mələyi bir gün,
Bir gün də mən düşən duruma düşməz.
Bu necə gülzarmış, necə çəmənlik,
Olmadı bir gün də bir quşa dənlik.
Nə yeri mənlikdi, nə goru mənlik,
Evimə düşməyən goruma düşməz.
Bir şey ki, köləyəm, qulam Tanrıya,
Ən qısa, ən kəsə yolam Tanrıya.
Nədən yetişməz ki, duam Tanrıya,
Ərizəm gərəkən quruma düşməz?..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!