2023-cü ilin fevralında Türkiyədə böyük dəprəmdə həyatını itirənlərin anısına
1
Kahramanmaraş ağısı
Daş-torpağın toz-toz olub yıxıldı,
bir ölənlə min doğulan məmləkət.
Yad sanmasın dərddən qəddin əyildi,
gerçək sənsən, ölüm yalan, məmləkət.
Daşlar altda dili bağlı susan mən,
tarixini öz qanıyla yazan mən,
qardaşının imdadına qoşan mən,
qəzasından hesab soran məmləkət.
Altun banlı evlər uçdu başıma,
şəhid oldum, torpaq yandı halıma,
ölsəm belə xilaf çıxmam yoluma,
yatan yerdə fələk vuran məmləkət...
Var nə qədər yaralı,
qatar-qatar can köçüb
yad sırtımdan vuranda
tutar qardaşım məni.
2
Hatayda ruhlar
gerçəyi danışır...
Şəhərimiz
evimiz
və ömrümüz
sonu suallı
uydurma bir hekayət...
keçmişlə bu gün
qiyamət günündə
sorğu-sual masasında buluşur,
fələk usanmadan
göy üzünü yerə vurub əl çalır...
Ağaclar yıxılmış üzüstə
nataraz adamlar kimi
meydanlar ortadan çökmüş
üst-üstə qalaqlanmış küçələr
oxunub atılmış kitablar kimi
aradan gələcəyin
məchul səhifəsi qoparılmış...
Nə anılar bu anda,
danılar nə də gerçək,
qismətdən artıq anlar
incidər taleyimi...
3
Okullar bağlanmış
İstanbulda
öyrəncilər tətilə buraxılmış...
Şanlıurfalı Ərdəm
dəprəm olayını eşidincə
ürəyi atlana-atlana
elinə koşmuş...
dağılan şəhərini görüncə
əlləriylə başını tutub
qulaqlarını qapamış,
sanki boşluğu qucaqlamış...
anılar tərk edir ağlını
geri dönməmək şərtiylə,
daş-divar üstünə yeriyir
ölüm maşını kimi
qulaqlarını yırtmaq istər
edamı seyr edən
insan fəryadları...
Dili yanıb alovun,
dəli qalıbdı adı.
eli köçüb bu yurdun,
külü yeri dağlayıb...
4
Ərdəmin ruhu
özündən öndə
vurnuxur xarabalıq içində
qırılmış
umudsuz halda.
Eheyy qardaşım, deyə,
çaşqın çağırır...
indi okuldan qayıtmışam,
səni bağçaya aparırkən
avtobus gözlədiyimiz
o dayanacaq da
yolçularla birlikdə
yerin altında qalmış.
Yıxılı evimizin yerində
dağılmış əşyalar içində
sənin mavi bisikletini gördüm,
təkərləri,
sükanı bir-birindən ayrılıb,
hərəsi bir yana çəkdi düşüncəmi.
Ağlıma gəldi birdən
olmaya yurdumuzu
başqa bir şəhərə köçürmüşlər?!
Sormaq istədim tanışlardan
son duracaq haradır?
telefonlar qapalı...
anladım
sınır qurmuş fələk
yerlə göy arasında...
Bu anda nə baş verir
məkanında ruhların
havadan zəhər damır
o tayında sınırın...
5
Qiyamətin simfonik ağısıdır
insanın çarəsiz səsiylə
bir ahəngdə döyünən
dəprəmin mərhəmətsiz titrəyişi...
Yaralı qardaşın ruhu
ölümün cəngində
zamanın boğazında xırıldayır,
kəlmeyi-şəhadətindən
tanınır təkcə insan olduğu...
Eheyy qardaşım, deyir
duyursanmı
dağıntılar altında
yaşayıram hələ ki
atamı
anamı televizyon önündə,
kiçicik bacımı
beşikdə yatarkən gördüyümdür...
Tanrının qərarını gözləyirəm yarıcanla,
yerim soyuq və dardı,
bir azdan hava da tükənər yəqin,
mən ölümlə ağız-ağıza uzanmışam.
Sağ-solumda ölülər
yatırlar, dünyadan xəbərsiz.
Qan içində boğulur yaralılar
burası çox kiçik
ümumi bir qəbirdi, qardaş.
Hələ gecədir burda
nə göy üzü,
nə ulduzlar,
nə hilal var.
Sabah açılacaqmı,
onu da bilmək olmaz...
Yatdığım gör yeri yox,
açdığım kitab içi,
cənnətin havasıdı
aldığım nəfəs deyil...
6
Şəhid bacıya
Ərdəm olanları anladır,
yıxılı bir eyvana
söykəyib üzünü...
Səninlə top-top oynadığımız
o yaşıl ürəkli park da
təzə məzarlığa bənzəyir.
Bozqurd biləkli itimizi
tənbəl pişiyimizi
heç yerdə görmədim...
Yolların kənarında
təcili yardım çadırları qurulub,
ambulanslar daşıyır
durmadan ölü və yaralıları.
Birilər qolunu,
birilər ayağını,
birilər təninin yarısını itirmiş...
keşkə səni də
bulaydım onların arasında.
Anılarım zor durumda,
olub keçənləri yada saldıqca
içimi qovurur
o günlərin mutluluğu
və geçikmiş üzrxahlıq.
Daha gec və gecədir
sabahı düşünmək istəmirəm.
Həsəd aparmaq ar gəlir mənə,
həyata sevgi sönüb,
ölülərin gözlərində
bir işıq yox
baxım və umudlanım...
Ölümün acığına
gün düşər yollarına.
Hərdən qonaq gələrsən
yuxumun köşəsinə...
7
Adıyaman yaman gündə...
Səmranın itkin ruhu
daşların arasında,
sal divarın o tayında,
gülürmüş kimi ağlayır,
hiss olunur yaralıdır,
bəlkə də son anlarıdır...
İspartada oxuyan qardaşıyla
telefonda danışır,
deyir, abi, son sözümdü,
mən ölsəm də, sən var ol,
qanlı ağzımla
səni yaşadan qismətin
dərdli üzündən öpürəm...
Fəlakət sovuşanda,
şər çəkilib gün çıxanda
cənazəmi tapa bilsən,
tanınmaz hala düşmüş,
əzilmiş üzümə baxma,
istəmirəm vida günündə
səni hüznlü görmək...
Məni qəbrə qoyarkən
dəprəmdə ölənlərin ruhuna
adımdan salavat çevirərsən...
Qədərsiz ölməz idim,
tez ovunar bu dərd də
acımasın dostlarım,
bitməz bir nağıl idim.
8
Türkiyənin yanından
yol keçən ruhun səsi
dünyanı atıb gedən
son adamın
son vida səsinə bənzəyir...
Küçələrin kənarında
cəsədlər düzülmüş yan-yana,
yatan əsgər cərgəsi kimi.
qurtarıcı abilər yalın əlləriylə
qarıncalar kimi
dağıntılar içində
yaralı həyat arayır,
torpağın qorxunc astarı üzünə çıxır.
Budur, bir baxın,
salamat çıxardılar bir çocuğu,
alnından axan qan
dodaqlarında parlayır
qızılgül ləçəyi kimi...
Qan axır,
ürək döyünür hələ
sevinir xilaskar əsgərin
sinəsinə dikilmiş vətən bayrağı...
Tanrının rəhmi
iman diləyənə çatana kimi
bəhanəsiz savaş çıxmış,
torpağın üzünə möhürləmiş
canlı boya ilə çəkilmiş
taleyin nakam və suçsuz rəsmini...
Bir qəza ötüb burden,
bizə düşüb öfkəsi.
Çoluq-çocuq demədən
təzə qanlı iz salıb.
9
Türkiyəyə məktub
İndi dünyanın gözü sənə dikili durur,
türk özünə əmindir, bəlanı atladacaq.
Türk dünyasının nəbzi sənin canında vurur,
millətim qovğalardan alnıaçıq çıxacaq.
Bu dəprəm ruhumuzu içindən qanatsa da,
Tanrıya şükür olsun, min budaqdır soyumuz.
Türkiyəm, bu acıya sevinənlər varsa da,
şeytan yavrularıdır bir Xoruz, bir də Donuz.
Tənbehi, mükafatı işarətdir doğanın,
dərs verir bir-birinə doğrumuz, yanlışımız.
Qara qəzanı yenmək şansıdır Ərdoğanın,
vücudumuz ayaqda, könüldə imanımız.
Ölü-yaralı sayı artır tansiyon kimi,
gedən canlar dalıyca Rəisin sözü ağlar.
Hüzn, umud, şaşqınlıq işğal edib içimi,
uca türk dövlətləri bayrağa qara bağlar.
Hilal yaman dalğındır, ulduzun rəngi solub,
göy üzündə cəng edir Göybörü ulartısı.
Mən hələ ölməmişdən qərbdə qəbrim qazılıb,
amma daim yaşadır Zəfərin işartısı.
Eheyy... Türküm dərgahda yerini eyi tanır,
özünü qeyb etsə də, vətəni bada verməz.
Tanrı öz qullarını güldürür və ağladır,
axirət hesabında o rəhmini itirməz...
Axar duman üstünə
bağlar karvan gözünü.
Ay-ulduz görünəndə
çağlar türkün həyatı...
11 fevral, 2023
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!