Boy verməyən arzuların. Altı sudu, üstü torpaq. - Rizvan Nəsiboğlunun ŞEİRLƏRİ

Divardan baxırsan
 
Anamın divardan asılan şəklinə
 
Səsini tapmıram ruhuma təpəm, 
Canın yanımdadı, bunu bilirəm. 
Yuxuda qaçıram əlini öpəm,
Oyanıb şəklinə salam verirəm. 
 
Divardan baxırsan, gülüşündə qəm. 
Əlinə həsrətdi saqqalım, saçım.
Bir yerim ağrısa, vallah, bilmirəm
Kimə "ana" deyim üstünə qaçım?
 
Çırpınır könlümdə boyat arzu-kam.
Əlimiz nəyəsə çatmır həmişə. 
Neçə yol möcüzə arzulamışam,
Yolun şəklindən aşağı düşə. 
 
Yoxluğun ömrümün payız əsimi,
Əlinin dadını vermir çayımız.
Bilmirsənmi başın "gizlənən" kimi,
Kəsilib evimdən ana bayımız. 
 
Nə deyim, hər duyğu sinəmə yatmır. 
Səhərə sirdaşdın, axşama qənim. 
Sənə əlim çatmır, harayım çatmır.
Ürəyim divardan asılıb mənim. 
 
Qış şeiri
 
Şaxta bıçaq kimi kəsir adamı,
Sərçələr üşüyür keşəl budaqda.
Hələ dəyişməyib cır narın tamı,
Ağappaq kağızdı çöllər uzaqda. 
 
Sızqa külək gəzir baxçanı-bağı,
Kimiydi sovuran qarı beləcə?
Cığırlar yüyürmür üzüaşağı,
Bir mart nağılıdı bu uzun gecə.
 
Bir qara boşluqdu evin dalında
Köpəyi gizlədən o xırdaca dam. 
Ağappaq səhərdi evin damında,
Dəhlizdə qaraya çalan bir axşam. 
 
Qarlı pəncərələr, söndürülmüş şam.
Ağaclar heykəldi, budaqları buz.
Demə, bir şəkildi dünya bu axşam
Bu göy - qar ələyi, bu yer - yuxusuz. 
 
Bacanın tüstüsü boz yuxu kimi,
Axşamdan adlayıb təzə gün gəlir. 
Evlər - ağ ümmanda bir neçə gəmi,
Bu qış gecəsində bir kənd dincəlir. 
 
Şair Vasif Süleymanlıya
 
İçinin ağrısı gözündə gəzir,
Bəzən bircə sözlə duyulmaq olar.
İntizar duyğular sənə tələsir
Üzünün nuruyla yuyunmaq olar. 
Səhərin - dərdini gizlədiyin dam,
Axşamın - qələmin qonduğu budaq.
Bir dəfə görənə doğmasan adam,
Durna qanadlıdı xəyalın ancaq.
 
Səsin - yarı sevinc, yarı qəmiymiş.
Yollar çağrılmamış ayağındadı.
Bir nakam məhəbbət səni gəzirmiş,
Hələ də həsrəti "qulağındadı".
 
Salamın həzindi, duan həzindi. 
Gülüşün bir bahar yeli kimidi. 
Bir dost kədərinə canın üzüldü. 
Ürəyin qürbətin gülü kimidi. 
 
Ömrün qüssəsi var bənövşə sözdə,
Kamanla alışıb, neylə bişirik.
Bir söz qatarın var ürəyimizdə,
Unutduq, görəsən, harda düşürük?
 
Altı sudu, üstü torpaq 
 
Ağlatmadı zirvə qarın,
Sükutu daşdı dağların. 
Boy verməyən arzuların.
Altı sudu, üstü torpaq. 
 
O bulud niyə əyildi,
Bir ovuc suya düyüldü.
Daş taleyin yüz bir ildi,
Altı sudu, üstü torpaq. 
 
Qoynu qəmdi bu möhnətin,
Udmadıq Təbriz töhmətin. 
Durnalar köçən qürbətin
Altı sudu, üstü torpaq. 
 
Dərya dayaz, göylər dərin,
Üzü gülməz bu şəhərin. 
Yadımdan çıxa günlərin
Altı sudu, üstü torpaq. 
 
Yuxusu yox kölgəmizin,
Həsrət evimizdi bizim.
Çin olmayan sevgimizin
Altı sudu, üstü torpaq. 
 
Səbri gendi dünyamızın,
Üzü bərkdi canımızın. 
İsinməyən komamızın
Altı sudu, üstü torpaq. 
 
Dadı qaçıb axşamların,
Canı yox ölən şamların.
Haqqı gəzən adamların
Qəbri sudu, üstü torpaq. 
 
Şair 
 
Hər şeir ömürdən kəsir nə qədər.
Vaxtın uzun yolu bir az gödəlir.
Dörd divar içində yubanır səhər,
Axşamı yüyürə-yüyürə gəlir. 
Bilməyir dünyanın hansı çağıdır,
Çətin xəbər tutar, sözün qısası.
Döngəsi, dönümü şeir bağıdı,
Qürbət şəhəridi şair masası. 
 
Dağılar masaya qüssəsi, qəmi,
Kimdi yuxusunu gətirən dilə?
Hər şeir-səfərdən qayıdan gəmi,
Sevinə-sevinə çıxır sahilə. 
 
Hara tələsirmiş su kimi illər. 
Hər səhər telinə bəyaz düşər.
Qələmindən qopan həsrət şeirdi,
Özündən sonraya intizar düşər.
 
Özündən ayrıdı, can hardadı ki,
Bəzən düz yolunu tərsinə gedir.
Sözün alınmayan bazarındakı,
Bir sözün günahsız həbsinə gedir. 
 
Gözəllik qibləsi, gözəl Tanrısı.
Min dərdin içində çiçəyə yer var. 
Ən zərif şairin, sözün doğrusu,
Ləngər yerişində təzə şeir var.
 
Bəlkə mənzili yox bu haqq sorğunun,
Can necə tablasın dağ ağrısına?
İlahi, bu mizan sənin qurduğun,
Möhtacdı bir şair hayqırtısına. 
 
Bir boyat şəkil
 
Getdin kölgəni də tuta bilmədim.
Yox oldun dumanda Qu səkən kimi.
O ötən sevginin ahını hər gün
Canıma çəkirəm suçəkən kimi. 
 
Bu necə hicrandı, xəyalı göynək,
İçimi qovurub, çölümə çıxır.
Özündən xəbərsiz nadinc uşaqtək,
Adın oğurlanıb dilimə çıxır.
 
Qürbətə düşürəm şər qarışanda,
Hər günün başımda bir axşam durur.
Mənim taleyimin daş yoxuşunda
Sənin həsrətinə yaraşan durur. 
 
Əyləci yoxuymuş dəli səbrimin,
Hələ göz yaşımı görən olmayıb. 
Bir dənəm, sənəcən mənim qəlbimin,
Bağlı qapısını döyən olmayıb. 
 
Dincliyi yoxuymuş yolun, cığırın;
"Gözüm sinəsini yağır eləyib,
İçimi əyirmiş dərdin ağırı,
Həsrətin Rizvanı fağır eləyib,
 
Yaxşı ki, ürəyim nazını çəkir,
Dərdimi uçurdum, boşaldım bir az.
Bu şeir deyil ki, bir boyat şəkil,
Uzaqlar tanıyar, yaxın tanımaz.
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!