"Bəlkə tutub bir mələyin əlindən Günahlarım olmasaydı uçardım." - Vüqar Vəkilin ŞEİRLƏRİ

Hörmətli Azər bəy Turan!
Saf sözün xiridarlarının ümid qapısı "Ədəbiyyat qəzeti"nə ürəklə göndərdiyim bu beş-üç şeirin
müəllifi Vüqar Vəkil qarapapaq türklərindəndir, uzaq Sarvan ellərində yaşayır. Elə idimini, geyim-kecimini görsən, bilərsən kimdir. Necə danışırsa, elə də yazır. Deyirsən bəs, söhbət eləyir sənnən, bir vədə başını qaldırırsan ki, oxuduğu Quran yox, şeir imiş. Deyir, hərdən kimsəsiz
qalırsan//hərdən kövrəlib dolursan//elə ziyansız olursan//quş qonur çəkdiyin aha! Urvatını bir az da artıran kimi görürsən heç nə ipə-sapa elə-belə düzülməyib: ömür vüsalın oldusa, ölüm də
sevgidir daha... Bu yerdə mənə bir onu demək qalır ki, heç kim kefindən şair olmur, hərəni bir dərd dəli eləyir...
Sonu şeirlə bitən dərdlər yaşasın!
Hörmətlə,
Əlabbas
03.02.2025
 
 
 
***************************************************************************************************************************************************************
 
***
Yax şeirlərimi, sən ey Müqəddəs!
Çiçək bitirəcək yaxdığın ocaq.
Səni Tanrı sevir, səni çöl sevir
Köz alsan əlinə, yağış yağacaq...
Bu çölün düzündə yol azan rəqib,
Səni Tanrı görür, məni su görür...
Yeddi il ayrılıq, yeddi il vüsal.
Buludlar şahzadə yuxusu görür.
Yanan şeirlərim gül ətri saçır,
Göylərə sovrulan boz külü bilmir...
Dostumuz bu çölün özüdür elə,
Düşmən uzaqdadır, bu çölü bilmir...
Bu çöl Kərbəlanın körpə balası,
Bu yağış Fəratın suyu kimidir...
Yusifi görürsən gözümdə, bəlkə,
Bilirəm, gözlərim quyu kimidir.
Gözümlə birlikdə çıxar Yusifi
Gözümün çuxuru xaraba qalsın...
Çıxan gözlərimi Yaquba göndər,
Köynəklə gözümü sarı, sağalsın.
Sarı ki, gözümün yeri sağalsın.
 
***
Yol gedirəm cibim dolu əlim boş.
 
Boş əllərim ciblərimin yüküdür.
Nöqtə qoydu dərdlərimə göz yaşım,
o dərdlər ki dəftərimin yüküdür.
Sığınmışam gecələrin qoynuna
nəzərlərdən yoxsa hara qaçardım.
Bəlkə tutub bir mələyin əlindən
Günahlarım olmasaydı uçardım.
 
***
Bir hörük saçını istədim sənin,
Dilimi dualar tilsimə saldı.
Yuxarıdan Allahın boz ipi endi,
Əllərim duamdan asılı qaldı.
Qurdlar parçalayır səni hər gecə,
Bulana bilmirəm qanına sənin.
Kaş ölüm halımda mələk olam, kaş
Gözünə qum səpən külək olam kaş
Qurdlar parçalaya sağ tərəfimi.
Bir məzar torpaqla uçam Göylərə,
Çatam yanım üstə yanına sənin.
Ölüm olmadımı Leyliyə Məcnun,
Zülüm olmadımı Məcnuna Leyli?
Məcnunun ahımı öldürüb səni
Lənət yağdırımmı Məcnuna xeyli?
Yox, mənim ürəyim daş deyil hələ,
Yox mənim ürəyim baş yaran deyil.
Məcnunun başına Leylisi qurban,
Leyliyə Məcnunun sevgisi qurban,
Mən sənə qurbanam, qurbanam hər il.
Bir hörük saçını istədim sənin
Dilimi dualar tilsimə saldı
yuxarıdan Allahın kəndiri gəldi
Əllərim duamdan asılı qaldı.
Uçaram yanına bir gecə əlbət -
Deyərlər, dünyanın dərdi azaldı
 
***
Susarsan, susayıb su istəməzsən
Sözün də ağrıyar dilində sənin
Gözün də ağrıyar göz çuxurunda
Hər şeydən üzülən əlin də sənin
Əl aça bilməzsən, Allaha belə
Ağrıyar əllərin yanında sənin
Dözərsən, dözərsən ağrıya sonra
Dözüm də ağrıyar canında sənin
 
***
Getmisən ruhumun susub nəğməsi.
Qalıb hər addımın bir ayaq səsi
Sən acı bir şərab, mənsə badəsi
Daşlara çırpılıb parçalanmışam.
Mən vüsal olmuşam, sənsə ayrılıq,
Sən küsən olmusan, mənsə bir qılıq,
Mən dəniz olmuşam, sən dəcəl balıq
Sahilə çıxmısan çalxalanmişam.
Bəlkə göz yaşımın axdığı seldə,
Axıb, gül açmısan qupquru çöldə.
Bəlkə gözlərinin baxdığı yerdə
Bir yalan olmusan mən inanmışam.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!