Səma odasından şeirlər
Xalq yazıçısı Anara həsr olunur
Çağdaş Turan ədəbiyyatının başbuğu hörmətli Anar müəllim bu gün dedi ki, "Elxan, çoxdandı mətbuatda şeirlərini görmürəm, yoxsa alimliyin şairliyini üstələyibmi?" Dedim: "Yox, Anar müəllim, istədim ki, bir müddət cəmiyyət çap olunanları oxuyub fəhm eləsin".
Azərbaycan mədəniyyətinin müdriklik və mahiyyət məqamını bu qarma-qarışıq süni intellekt zamanında min bir əziyyətlə ilahi ecaz cığırlarında saxlamağa çalışan bu böyük zatın istəyini nəzərə alaraq, 2024-cü ildə ərsəyə gətirdiyim şeirlərin bir qismini "Ədəbiyyat qəzeti"nə, dostum Azər Turana göndərmək qərarına gəldim. Biz səma kitablarının, demək olar, hamısını öz içindən keçirmiş çox nadir xalqlardan biriyik, indi, süni intellekt əsrində bizi səma yolçuluğu bəkləyir.
Mən burda tək,
sən orda tək
Düşüncə qalxan üstündə,
qapımı döymür qızmələk.
Yalnızlığın sonu yoxdur,
mən burda tək, sən orda tək.
Çöllər kimi gendi dünya,
mən yerin cəzbində sayru.
Səndən ötrü yaşasam da,
yaşayışım səndən ayrı.
Sən mənə bu canı verdin,
mən sənə dua verirəm.
Ulduzların nəğməsinə
könlümdə yuva verirəm.
Can aşı səma köşkündə,
torpağın ruzusu yeryemiş.
Ayrılığın sonu yoxdu,
qovuşuq yanğısı nə imiş?
Zikrin müqəddəs meracı
ölməzləşir qram-qram.
Mən varamsa, sən də varsan,
sən varsansa, mən də varam.
Oyanır Tan Ra,
var ol, bir Tanrı
Qaranlıqdan sıyrılar ox,
duamızdan dan üzü gülər.
Yaşam eşqi içimizdən
yalnızlığı yavuz qovar.
Namazımız yüz on yükənt,
dan gözündən boylanan kənd,
vəcdimizin qülləsindən
zəng səsini ələyərkən,
görünməzlər ölkəsindən
bayraqlı alplar gələrkən,
mələk xorunun sədaları altında
oyanır Tan Ra - Günəş...
Günəşdən sonra quşlar oyanır,
quşlardan sonra dəniz,
dənizdən sonra balıqçılar oyanır.
Balıqçılar balıq pullarına aludədir.
Balıq pulları saxlanclarda,
balıq pulları uyqularda,
hər yanda balıq pulları.
İnsan oğlu pulluları sevir,
pulu Allah sayan da var.
Balıqlara səcdə edin, balıqlara!
Oyanır Tan Ra - Günəş!..
Və dan yerində qan çalası.
Qəssabxanalarda ölümün rəngi qızıl!
Hər dəfə bir inək başı kəsiləndə
Günəş dəfn olunur buynuzlar arasında.
Gecə-gündüz ət üyüdən mədələr
böyük bir inək məzarlığıdır.
Sizə süd verən inəklər ananızdır, bəlkə?!
İnəklərə səcdə edin, inəklərə!
Quşların şərqisi budaqlarda,
yarpaq sərinində isinir dua.
Ağacların yuxusunda yaşayır torpağın yaddaşı,
və yaşamın yaşılı yuvalanıb ağaclarda.
Ağaclara səcdə edin, ağaclara!
Oyanır Tan Ra - Günəş...
Duamızın yüz min əli qaranlığı aralayır.
Canımızın çobanları naxır qovur Qobustana,
uyqusunu mamır basmış rəmzlər yatır divarlarda,
vəcdimizin qülləsindən altun dinarlar tökülür.
Divarlardan daşlar baxır,
Daşlar diri və susqundu.
Heç nə itmir, heç nə ölmür,
Hər şey daşlara yazılır.
Daşlar İştar məbədidir,
Kəbədə Həcərdi daşlar.
Daşlar Budda baxışlıdı,
Piramida heyrətlidir daşlar.
Daşlara səcdə edin, daşlara!
Oyanır Tan Ra - Günəş,
sonra balıqlar, inəklər,
ağaclar oyanır, daşlar oyanır
və bütün oyanmalarda günəşin nəfəsi.
Günəşə səcdə edin, Günəşə!
...Tan gəldi, Tan gəldi - Tan Ra
Var ol, onu yaradan Tanrı!...
Səmadan hər şeyi seyr edib susan,
Günəşi səmadan çıraq tək asan,
Yeri bizə ev qayıran,
Nuru zülmətdən ayıran,
Küllü kainata çıraq,
Alqış sənə, bir Allah!
Ayrı məbud yox daha,
Allaha tapının, Allaha!!!
Bir Tenqri
Dan sökülər, nur tökülər,
ot gülər, su gülər, yol gülər.
Mələk xoru oxuyur:
(Bir Tenqri... Bir Tenqri... Bir Tenqri...).
Vəcd halında toranlıqlar,
aydınlığın səcdəsi nur,
yaşıl yaşam budağında
topalaşan quşlar ötür.
Mələk xoru oxuyur:
(Bir Tenqri... Bir Tenqri... Bir Tenqri...).
Gecə-gündüz axır irmaq,
irmaq dəryaya sevdalı,
işıq sığalında uyur sular,
sular sübhanın həzzində,
sular həzzdən köpüklənir.
Mələk xoru oxuyur:
(Bir Tenqri... Bir Tenqri... Bir Tenqri...).
Bir ibadət, bir dəstəmaz, ya bir namaz,
göy kəndinin qapısını aralamaz.
Qaranlığın yumağını yığa-yığa,
dan sökülər, nur tökülər aydınlığa.
Mələk xoru oxuyur:
(Bir Tenqri... Bir Tenqri... Bir Tenqri...).
Üfüq boyu xan Günəşin qızıl qanı,
örüşlərə naxır qovur qəlb çobanı.
İnəklər otlara sevdalı,
otlar sulara sevdalı,
sular dəryaya sevdalı,
dərya göylərə sevdalı.
Mələk xoru oxuyur:
(Bir Tenqri... Bir Tenqri... Bir Tenqri...).
sevda qayığı irmaqda,
butamı aldım bardaqda,
doymadım mən ona varmaqdan,
Bir Tenqri... Bir Tenqri... Bir Tenqri...
Yaşıl yarpaqlar ütülü,
eşq dəlisi dərməz gülü,
çağır gəlim, qıpçaq çölü,
Bir Tenqri... Bir Tenqri... Bir Tenqri...
Ötükən ormanında bir ermiş,
göy bürcündən alma dərmiş,
bu canı kim niyaz vermiş?
Bir Tenqri,.. Bir Tenqri... Bir Tenqri...
Üstümdə var altun dəyə,
bir az dua verdim göyə,
şükür olsun ilahiyə,
Bir Tenqri, Bir Tenqri, Bir Tenqri.
Umayın gəlişi
Aybam mənə çaldı layla,
uyqu gördüm bu havayla.
Ay baxır, sular keyiyir,
su üstündə söyüd xoru
İlahiyə alqış deyir.
Qaranlığı kəsib tökür
yarasalar baleti,
Çiçəklərin baxışında
inci gülüşlər bitir.
Göyün üzü sığallıdır,
gecə sərini pırpız.
Sevdasının ulduzunu
dan gözündə gəzir qız.
Dan ulduzu, dan ulduzu,
kuzədə ver butamı.
Yaşıl yarpaq yanğısında
əriyir eşqin tamı.
Torağaylar şərqi deyir,
arx yürüyür üzgülü.
Qızılı üfüq hinindən
bəzəkli xoruz gülür.
Səhərin gəlişi gız gəlir,
duyğulu sinələr hayva.
Günümüzü ruzulu ver,
ülyahəzrət Umay ayba.
İlan mürgüsü
Mən ilan mürgüsündə mamır gördüm,
cığırlar aradım gil kitablarda,
azanda axtardım Rəsulallahı,
Məsihin qanını içdim saxsı qablarda.
Suvar oldum, cuvar gəzdim,
ölməzliyin suyu nerdə?
bir qobuzun pərdəsində
qurumuş irmaq buldum,
Yeniseyin sahilində daşlar yatır, yalnızdı,
sarı səhra yuxusunda dik dayanıb ehramlar.
Quşların şərqiləri palaz hörür səslərdən,
məbəd uyqularında toz yatır qalaq-qalaq,
mən donmaq istəyirəm ulu sufi rəqsində,
mən budda gülüşündə ərimək istəyirəm.
Ötələr gedilməyib, düşüncə salım salır,
hərə öz omuzunda sürüyür suç xaçını.
Bəlkə ilkin ocaqlar saxsı qab bişirməyib,
bəlkə mixi yazılar hələ yazılmayıbdı.
Dualar divar hörür göylə yer arasında,
toranlarda torlanır bütlərin baxışları.
toplanıb tör başına Tanrıdağ ölməzləri,
Olimpin allahları köçüb ayrı yerlərə.
İlan mürgülərinin qabığı mamırlayıb,
qədim sirli yazılar beynimi dolaşdırır.
Duamın toranında şam yandır, Mehri Banu,
and verirəm mən sənə, bir Allahın adına.
Tanrıdağa uçuş
Haqqın dərgahına bir ayrı yol var,
İnamsız olanlar keçməz qapıdan.
Məni Tanrıdağda məclis gözləyir,
Tanrıya tanıq dur, ilahə anam.
Düşüncəm uçanda mən quş kimiyəm,
Bu bədən, bu yaşam Yerə bağlanıb.
Cığırlar uzanır dağ zirvəsinə,
Səma odaları qonaq gözləyir.
Ora tanrı yurdu, doğmaca bir kənd,
Yatanı uyqudan həzz oyandırır.
Atamı, anamı görürəm orda,
Qarşıma çıxanlar qardaşlarımdır.
Dünya cəng meydanı, mən savaş əri,
Əlimdə qılınc var, dilimdə dua.
Mən qonaq yaşadım Yer kürəsində,
İndi sakiniyəm əbədiyyətin.
İsa Məsih
Tanrım, tanrım, nə üçün
Sən məni tərk elədin?
Boyanıb al qanına
Əzab çəkir vələdin.
Solumda və sağımda
Quldurlar qətl olundu.
Belə müdhiş aqibət
Bəxtimə yar bulundu.
Mən xəlq oldum, bəşərə
Yol göstərim bağçaya.
Əvəzində həvvarim
Satdı otuz ağçaya.
Həqiqəti söylədim
Üstümə saldırdılar.
Ruhlardan düyün açdım
Xaç üstə qaldırdılar.
Bu dağ, dağdan ağırdır,
Mıx girir, tən ağrıyır.
İnsanlar diş ağardır,
Qara daşlar ağlayır.
Bunlar suç işlətdilər,
Əzabı kimə verdin?
Tamu təndən soyuqdu,
Uçmaq atəşli yerdi.
İsrailin xanı mən,
Bu xalq məndən yan durur.
Baxışları soyuqdu,
Gülüşləri yandırır.
Mıx girir, tən ağrıyır,
Ruhum uçunur göyə.
Rəbbim, aç qapıları,
Oğul qayıdır öyə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!