"Özgələrin dərd qəmilə yükləndi, Yükü ağır, yolu yoxuş ürəyim. " - Həmayil Əhmədqızının ŞEİRLƏRİ

Gözlərim


Tüstü-dumana bürünən, 

Aynadan baxan gözlərim. 

Dünyamı nura boyayan, 

İşığı sönən gözlərim.


Bir zamanlar atəş saçan, 

Yandırıb-yaxan gözlərim. 

Odu sönüb tüstülənən, 

Duman bürüyən gözlərim. 


Kədər dolu baxışlarla, 

Yüklənmisən, dərdlə, qəmlə, 

Danışmırsan niyə mənlə, 

Nədir günahım, gözlərim? 


Ürəyimi dərd saranda, 

Buludtək dolan gözlərim. 

Yağış olub yanağımda

Cığırlar açan gözlərim.

 

Vaxt var idi, gizli-gizli 

Ürəyimdən keçənləri, 

Baxışınla bircə-bircə 

Üzümə yazan gözlərim.


İndi donub buza dönüb, 

Yad kimi baxan gözlərim. 

Qocalmışam, tanımayır, 

Özü qocalan gözlərim. 

 

Mənim olan mənim deyil 


Mənim olan mənim deyil, 

Bir-bir sən verdin, Allahım. 

Əmanətin sahibisən,

Bilirdin ki, alacaqsan 

Bir gün məndən, sən, Allahım. 


İllər ötüb, zaman keçdi, 

Qollarımın qüvvətini, 

Dizlərimin taqətini, 

Düz qəddimi, qamətimi, 

Xəbərim olmadan mənim, 

Əlimdən aldın, Allahım. 


Fikrim başımda dolaşıb, 

Neçə yerdən düyün düşüb. 

Çalışıram, çözəm, açam, 

Aça bilmirəm, Allahım. 


Gecəm gündüzə qarışıb, 

Yuxularım ərşə çıxıb, 

Sözlər ilim-ilim itib, 

Axtarmaqdan yorulmuşam, 

Tapa bilmirəm, Allahım.


Nə vermişdin, bir-bir aldın,

İki əmanətin qaldı. 

Biri canım, biri ağlım. 

Canımdan əvvəl ağlımı

Gəl alma məndən, Allahım. 

İstəyəndə ikimizi 

Birgə al, apar Allahım.


Dünya kitab, 

zaman vərəq 


Dünya kitab, zaman vərəq, 

Hamı gəlir, vərəqləyir. 

Kimi az, kimi də çox, 

Vərəqləyir, vərəqləyir, 

Ancaq heç kəs bu kitabın

Axrına çıxa bilmir, 

Bu dünyadan köçüb gedir. 

Bu kitabın hər vərəqi 

Həyatıma sevinc qatıb. 

Bu sevincin içərisinə 

Dərd də qatıb, qəm də qatıb.

Ağrılarla, acılarla 

Yüküm bəzən ağır olub. 

Çəkəmmirdim bu yükü mən. 

Sonra məndən geri alıb. 

Mat qalmışam mən zamana, 

Verir zaman, alır zaman. 

Nə istəyir, edir zaman. 

Gah ağladır, gah güldürür,

Gah yandırır, gah söndürür.

Neçə donlu, neçə üzlü, 

Mən bu zamana nə deyim? 

Yorulmuşam düşünməkdən,

Siz söyləyin, mən də bilim. 

Yaxşı deyim, yaman deyim, 

Mən bu zamana nə deyim?


Həyalı gözlərin 

özündən soruş 


Mənə deyirsən ki, sevgini anlat, 

Mən bilə bilmərəm, biləndən soruş. 

Ağlı topuğunda olandan deyil, 

Ağlı başında olandan soruş.


Sevginin gizlincə qapı açdığı 

Quş kimi çırpınan ürəkdən soruş.

Nə alsa əlinə, salıb-sındıran,

Titrəyən əlləri əsəndən soruş. 


Sevsə də, sevirəm deyə bilməyən, 

Tutulub lal olan dillərdən soruş.

Gözləri gözünə baxa bilməyən, 

Həyalı gözlərin özündən soruş. 

Ruhunu bədəndən çalıb aparan, 

Səni iki yerə böləndən soruş. 

Məcnunun ağlını alıb başından,

Onu səhralara salandan soruş.


Bir daha sevgini məndən soruşma, 

Ünvanı söylədim, onlardan soruş.

Yolunu dəyişib yolundan dönmə, 

Düz gedib onların özündən soruş. 

 

Yükü ağır, 

yolu yoxuş ürəyim 


Qönçələndi, ləçəklənib açmadı, 

Baharında şaxta vuran ürəyim. 

Özgələrin dərd qəmilə yükləndi, 

Yükü ağır, yolu yoxuş ürəyim. 


Yolumuzun sonundayıq sənlə mən, 

Sızlayırsan, göynəyirsən, nədən sən?

Sığallayıb oxşasam da səni mən, 

Sığalıma yatmayırsan, ürəyim. 


Niyə məndən incimisən, küsmüsən?

Açıq söylə, səbəbini bilim mən. 

Olanların günahkarı bilirsən, 

Günahkarı bilmə məni, ürəyim.

 

Sən sahibim, mənsə sənə qul idim, 

Ağlımı yox, mən səni dinləyərdim, 

Sən istərdin, mən əkərdim, səpərdim, 

Gəl bərabər indi biçək, ürəyim. 

Olan olub, keçən keçib, ürəyim.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!