Xarici poeziyadan nümunələr

Dilimizə çevirdi: Zeynəb CƏMALƏDDİN

Uilyam ŞEKSPİR

 

Sonet

 

Qəlbimin lal, şirin, fikirlərindən,

Keçmiş xatirələr gəlir yan-yana. 

Ağlayıb, ah çəkir ürək dərindən,

Əskik xəyallara, itmiş zamana.

 

Qabarmış sularda bata bilərdim, 

Sonsuz gecələrdə dostlardan iraq. 

Təzə göz yaşıyla yuyulur dərdim, 

Borcumu verirəm nəzərdən uzaq. 

 

Yenə üzülürəm sinəmdə sancı, 

Kədərdən-kədərə sürüklənərək. 

Zərər-ziyanımı mən damcı-damcı, 

Təkrar ödəyirəm, ödənməmiştək. 

 

Səni düşününcə yox olur qəmim, 

Hesablar qapanır, əziz həmdəmim. 

 

 

Mixail LermOntov

 

Yelkən

 

Masmavi dənizin sis-dumanında, 

Bir yelkən ağarır, tənha, müztərib...

Nə arar bu qərib yolun sonunda, 

Öz doğma yurdunda nə qoyub gəlib?

 

Oynayır dalğalar, sovrulur külək, 

İnləyir küləklə əyilən dor da.

Heyhat! Axtarmayır səadət, dilək, 

Nə də səadətdən qaçmır kənar da. 

 

Göydən qızıl günəş zər səpir ona, 

Dənizdə parlayır lacivərd zolaq.

Üsyankar ruhunun qəsdi fırtına, 

Sanki dincliyini onda tapacaq...

 

 

Eldar Ryazanov

 

Yoxdur təbiətdə pis hava, gerçək

 

Yoxdur təbiətdə pis hava, gerçək, 

Hər hava bolluqdur, hər hava nemət.

Yağış, ya qar olsun, - ömrünə gəlcək, 

Sevib, şükr edənlər duyar səadət. 

 

Qasırğa qopsa da qəlbdə, ürəkdə, 

Tənhalıq möhürü yüksə, kürəkdə, 

Yuxusuz gecələr qəm çəkərək də, 

Sevib, şükr edənlər duyar səadət. 

 

Bitsə arzu-ümid, kədər bitməsə, 

Hər gün artan qəmə gücün yetməsə, 

Yazılmış talesə, qismət, hər nəsə, 

Sevib, şükr edənlər duyar səadət. 

 

Dəyişər fəsillər, gün doğar, batar, 

Sonuncu eşqə də şükr edən çatar. 

Dünyadan getdiyin həmin gün ki var, 

Sevib, şükr edənlər duyar səadət. 

 

Yoxdur təbiətdə pis hava, gerçək, 

Zaman durdurulmaz, ha geriyə çək. 

Ömrün payızını, payız fəslitək, 

Qəm-qüssə çəkmədən sanasan nemət, 

Sevib, şükr edənlər duyar səadət. 

 

 

 

 

Aleksandr Puşkin

 

Bulud

 

Sovrulmuş tufanda sən ey, son bulud! 

Lacivərd səmada təkcə qalırsan.

Qüssənin ruhunu daşıyan bulud!

Fərəhli, şad günə kölgə salırsan.

 

Göyü qaplamışdın bundan az öncə,

Hiddətlə sarırdı şimşəklər sənə. 

Gurladın əsrarla... Fəqət dinincə,

Doyumsuz torpağın axdın köksünə. 

 

Zamanın yetişdi, çəkilmən gərək, 

Torpaq cana gəldi, ötdü fırtına. 

Külək yarpaqlara sığal çəkərək, 

Səni göydən qovur, etmir etina.

 

 

Qraham Riçard SMİT

 

Əsrin dörddə birinin 

qeydləri

 

İki min iyirmi dörd - dadım, duzum, - əlvida!

Çevrilən son vərəqdə, son nağılım - son nida! 

Zaman ruzigarları əsdikcə incə-incə,

Yeni-yeni ümidlər bəslənir qədərincə.

 

Oyandırır bir əsri, bir rüb ondan qoparaq, 

Bulanlıq arzuların nəğməsi bir az uzaq.

Nə umuruq zamandan, o bizə vəd edir nə? 

Aydın, təmiz yol aça o, həm sənə, həm mənə.

 

Öyrəndik yaşayaraq duanı, iztirabı, 

Yaraya məlhəm olan ümid, sevgi, səvabı. 

Hər sınaqda bərkiyib, dayanmağı ayaqda, 

Haqqa güvənmək oldu arzulara mayak da.

 

İyirmi beşinci il - üfüqündə zamanın, 

Baxışlar seyr etmədə sanki sonsuz səmanı.

Geniş kətan üstündə gələcəyin rəsmi var, 

Ümid budaqlarında solan, açan arzular...

 

Kök salacaqmı sevgi, yox olacaqmı nifrət, 

İdrakdan doğacaqmı azadlıq və səadət?

Sağalarmı çapıqlar əridəndə buzları?

Qucaqlamaq olarmı göydəki ulduzları?

 

Kaş əsrin qədərində sətir-sətir yazıla, 

Qızıl ürəklərdəki büllur ümid-arzular. 

Cürət, xeyir hökm edə, qalmaya pislik, nə şər,  

İl-ildən gözəl ola yer üzü, dünya, bəşər. 

 

Bax, bizi əsrar ilə, Sara, sarmışdır zaman, 

Keçmiş pıçıldayırsa, gələcək baxır bu an. 

Ürəklə addımlayıb, keçək sirli kölgəni, 

Möcüzəyə bələsin o həm səni, həm məni.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!