"Tanrı elə dərd çəkdirib mən fağrına." - Faiq Balabəylinin ŞEİRLƏRİ

Daha heç nə  

 

Daha heç nə, dur elə bax, gör ki necə

ağrıyıram; kötük-kötük, budağ-budağ,

çiçək-çiçək, ləçək-ləçək, yarpağ-yarpağ.

Nə bəndədən haray gəlir, nə də Allah 

rəhm eləmir ayə-ayə, varağ-varağ.

 

Daha heç nə, dur elə bax, imkan elə

sıx köksünü gen sinəmə, gen bağrıma. 

Suçəkəntək nəyin varsa, hopduracam ürəyimə,

Təki bircə sən incimə, sən ağrıma,

Tanrı elə dərd çəkdirib mən fağrına.


 

Daha heç nə, yağış yağsa, qar ələsə,

Neyləyəcək qar küknara, qar vələsə?

Bilmirsənmi yar yanına yar tələsər?!

Dodağında adı donar heca-heca, sətir-sətir,

Ağrın alım, nə dərdin var, mənə gətir...

 

Yaşadım

 

Yorğun ayağımla yorğun canımı

astaca daşıdım, yorğun daşıdım.

Çaş qoydum, aldada bildim hamını,

İllər xəstəsitək yorğun yaşadım.

 

Daşı daş üstünə qoydum guya ki, 

Təntidim, səngidim, doydum guya ki.

Hər şeydən, hər kəsdən soydum guya ki,

Guya ki, don vurdu, solğun yaşadım.

 

Tərs dedi, tərs tutdu, tərsə gətirdi, 

Ürək nə istədi, tərsa gətirdi.

Xəlvəti bir ömrü başa gətirdim,

Aşikar ömrümü oğrun yaşadım.

 

Anamın xatirəsinə 

 

Hələ soyuqdur hava,

Hələ yağmır yağış, qar.

İmkan tapım köksünə 

Sığınım, məni apar,-

Əsirəm əsim-əsim.

 

Üşüyürəm, yoxumdur

Bir köhnə yurd, bir ocaq.

Demişdin ki, doğmalar

Hamısı bir olacaq.

Sənsiz -

bu ev, bu həyət

Gəldiyim yer olacaq...

 

Gör nə qədər vaxt keçib,

Yaşayıram hələ də...

Üşüyürəm, ovundur,

Mənə bir az layla de,

Məni yenə bələ də...

Elə yazıq olmuşam,

Yaşayıram belə də.

İndi gözüm də görmür...

...görsə, kimə baxacaq?

Bilirsən o həyətdə

Nəfəsin gəlmədikcə

qurudu yetim-yetim, 

Nə gül qaldı, nə ağac.

 

Necə soyuqdur hava,

Necə əsir küləklər.

Gündüzlər yola verir,

Gecə əsir küləklər.

 

İndi köhnə gəminin

Dor ağacında qalan

Qağayı qanadıyam...

Sənli xatirələrimin

Ən kövrək, həm də isti

Adıyam...

İnadıyam.

 

09.09.2024

Şabran, Yazıçıların İstirahət evi

 

Yaşadım

 

Bu ilin sentyabr ayı idi. Şabranda 

Yazıçıların istirahət evində idim. 

Qubaya da getdim. Möcüzələr gölündə oldum. Bir az da burada dincəlmək 

istədim. Yaddaş imkan vermədi ki... Son 3 il olar ki, daha çox qayğıya, 

təsəlliyə ehtiyacım var, desəm, yanlış olmaz. İnsanların sifətlərindəki ağrı-acını içimə yükləyiblər, sanki. Elə bil quru yük gəmisiyəm. Qarşılaşdığım insanların da əksəriyyəti quru, 

sözgəzdirən və çox şeyləri özündə 

ehtiva edən və şairlərdir.

 

Mən belə doğuldum, belə böyüdüm,

bu qısa ömrümü belə yaşadım.

Əl verdim, çoxunun tutdum əlindən,

Vermədən ömrümü yelə, yaşadım.

 

Ardımca az danış, ay naqis adam,

Ürəyin kir dolu, aya, pis adam.

Kimsə sevinirsə, demək, mən şadam,

Qurmadım kimsəyə tələ, yaşadım.

 

Alnıaçıq gəzdim, gəzdim üzüağ,

Hiylədən, məkrdən uzağam, uzağ.

Zamandır, sıx məni sinənə, torpağ,

Anamtək özün bük, bələ, yaşadım.

 

11.09.2024

Şabran, Yazıçıların İstirahət evi

 

Qayıtmaq olmur

 

Daha dağlarda da dağlıq qalmayıb, 

Bulaqlar daşları yuyub, aparıb. 

Küləklər başının üstündən əsib,

Şimşəklər qorxuzub, zəhrini yarıb.

 

Daha dağların da üzü dönükdü

geniş sinəsinə sığınmaq olmur.

Tüstüdən boğulub, odu sönükdü

hisli ocağında isinmək olmur.

 

Daha dağların da qəlbində dağ var,

Söz deyib, qəlbini ovutmaq olmur.

Yuxusu heç bir vaxt çin olmur, nəsə,

İncik ayrılıbdır, qayıtmaq olmur.

 

10.09.2024

Şabran, Yazıçıların İstirahət evi

 

Alma düşmədi

 

Mən də çox gözlədim, uşaqdım o vaxt, 

amma ki göylərdən alma düşmədi.

Ulduzlar sönərək töküldü yerə,

amma ki göylərdən alma düşmədi.

 

Yeddi rəng olurdu göyün qurşağı,

Ulduzlar - göylərin yanan çırağı. 

Nağıllar çox şeydən verdi sorağı,

amma ki göylərdən alma düşmədi.

 

İldırım çaxardı, vurardı naxış,

Göyə zillənərdi neçə cüt baxış.

Göylərdən nur kimi ələndi yağış, 

amma ki göylərdən alma düşmədi.

 

Böyüdüm noğulla, nağılla, onda,

Öyüdlə, duayla, ağılla onda.

Göydən başıma od yağdı onda,

amma ki göylərdən alma düşmədi.

 

05.12.2024.

Saat:06.40

Şabran, Yazıçıların İstirahət evi

 

***

Dinmə, eləcə sus, bax,

Necə ki çox-çox qabaq

Susub baxırdı Allah,

İndi də susub baxır.

 

İndi yağan bu yağış 

Nə duadır, nə qargış. 

Dur ayağa, dur yığış,

Həyat bu, əvvəl-axır.

 

Nə dərd var, nə də əlac,

Ömür qısa, yol tıxac.

Ürək dolu, qarın ac,

Ya araq süz, ya da çaxır.

 

09.12.2024

Sumqayıt-Bakı yolu

 

***

Dağların o üzündən

boylanır oğrun-oğrun, 

bir az xoşbəxt görünür,

bir az da susqun, yorğun -

Günəş gözünü sıxır.

 

Qırov olub sürünür

Ayaq altda soyuqlar.

Kolların arasından

baxıb qaratoyuqlar

yuvalarından çıxır.

 

Ağacların budağı

heydən düşüb, deyəsən.

Gücü çatmır yarpağı

qucağında saxlasın.

Balta vuranı yoxdur,

Allah üzünə baxır...

 

11.12.2024

Şabran, Yazıçıların İstirahət evi 

(Səhər gəzintisi)

 

***

Bu meşədə ağacların budaqları 

saxlamayır xəzan olan yarpaqları.

Ağrım-acım ürəyımə toxum səpir,

dərd boy atır, dərd cücərir - yaşıl, sarı.

 

Tutma mənim əllərimi, qoy əlinə

toxunmasın əllərimin günahları.

Gün göstərər, işıq saçar, aşkar edər, -

gün gizləməz işlədiyim günahları.

 

O qədərdir işim-gücüm, barmaqlarım

daraq olub, vaxt eləyib baş qaşımaz.

Ürəyimdən o qədər ki, daş asılıb

sel çaylarla heç bu qədər daş, daşımaz.

 

Gözlərini nə qıyırsan, 

nə baxırsan maddım-maddım,

tanış gəlməz sənə mənim içim-çölüm.

Mənə tərəf dərd-qəm gəlir, addım-addım,

yox oluram parça parça, 

azalıram bölüm-bölüm.

 

Bu meşədən gül dərməyə, su içməyə

Yaz gələcəm - qış quş olub uçan zaman

Yaşıl-yaşıl yarpaqlara, tər ləçəyə

şeh damlası kəpənəktək qonan zaman.

 

12.12.2024

Şabran, Yazıçıların İstirahət evi

 

Kapitan!

 

Dostum, kapitan Hidayət Atakişiyev bu gün haqqa qovuşdu

 

Yığdın lövbərini sən ağ gəminin,

Yelkəni bəmbəyaz, dümağ gəminin.

Qağayı lələyi, yarpağ gəminin,

Kapitan!

 

Səni kim səslədi, sən niyə getdin?

Tufana, dalğaya, küləyə getdin.

Kimsə SOS vermişdi, köməyə getdin,

Kapitan?

 

Ruh oldun, çəkildin səmaya bu gün, 

Çevrildin ulduza, sən, aya bu gün, 

Səni gətirdilər Susaya* bu gün, 

Kapitan!

 

* Susay - kapitanın dəfn olunduğu 

Quba rayon Susayqışlaq kəndi

 

07.12.2024

Şabran, Yazıçıların İstirahət evi

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!