Çevirəni: Sabir RÜSTƏMXANLI
Beyrut
Suda alma, Mərmər çiçək, Daş kəpənək...
Beyrutdu bu!
Qəlbin əksi, Bulud ətri,
İlk qadının gül qoxusu...
Yorğunluqdan və qızıldan
yoğrulubdur Beyrutumuz,
Soyuq gümüş, Bəyaz köpük,
Həyat baha, ölüm ucuz.
Şam ilə Əndəlus birgə -
Lələk salan göyərçinlər.
Beyrut - mənim məhəbbətim!
Aramızda ulduz közər.
Mən əvvəllər heç bilməzdim
Sussam belə, qan danışar
Beyrut adlı sevgimizdən.
Əcdadımtək yol gəlirik biz Beyruta.
Beyrut - Vətən...
Ləpələrə yağan yağış,
ağzımızda payız dadı,
Bax, beləcə tapdıq bir gün
Tale kimi biz bu adı...
Çadırımız göy qübbəsi.
Yağış altı, külək döşü...
Dözürük biz!
Palçıq daxma...
Bu qarışqa yuvaları bizə əziz!
Tənəzzülün, çətinliyin övladıyıq.
Hanı keçmiş?
Oxuyuruq, sanki daim belə olub tarix boyu:
Beyrut - bizim çadırımız,
çörəyimiz, həm duzumuz.
Beyrut - tale ulduzumuz...
Biz buraxdıq qəsbkarı evimizə,
Biz torpaqdan dişimizlə yapışmadıq.
Dinləyin bir.
İndi qədim yaddaşımı, toyumuzu,
yasımızı qorumağa
Mahnılarım keşik çəkir!
Əsir düşüb belə dərdli bir zamana
Qanımızı qoruyuruq yana-yana.
Bilirik ki, xalqı qanmaz qəddar sultan,
Canilərin sinəsində ürək daşdan.
Bilirik ki, varlığımız bir güzgütək
Ancaq bizim qanımızdan görünəcək!
Cismimizdə ruhumuzu qan qoruyur,
Oxuyuruq, sanki daim belə olub tarix boyu:
Beyrut - bizim çadırımız,
çörəyimiz, həm duzumuz.
Beyrut - tale ulduzumuz.
Beyrut! Bəlkə sən olmusan ilk yuvamız,
son həddimiz?!
Axtarırıq hardan keçir qəlbimizin damarları,
Cənub ilə sərhəddimiz?
Silkələyib özümüzə qaytar bizi,
Sən yada sal
Dəniz yuyub apardığı cismimizi!
İlkin uşaq səslərindən yol gəlirik biz Beyruta,
Beyrut çöküb qanımıza ağır-ağır.
Qanlar axır ürəyimə, qanlar axır!
Gözüm sanki ölüm,
uçqun görmək üçün yaranıbdır.
Üzərimə əyilibdir zülmət kimi qatı kölgə,
O köksümdən basır məni, xırdalayır tikə-tikə.
O günahsız qurbanların
haqqı bizim boynumuzda!
Ölkəmizdə doğulsaq da ölkəsizik.
Təmiz əlimiz gücsüzləşib.
Əmirlərin sarayından
zindanların küncünədək,
Bu qaralan uçqunların arasında
Sığınmağa yer tapmayan,
Öz yurdumuz ola-ola,
yurdsuz qalan millət bizik.
Heç olmazsa, bizə bircə divar verin,
Ordan baxıb görə bilək od vurulmuş üfüqləri.
Ordan asaq qəmimizi,
Ordan hər gün Beyrut deyim,
Qoy yayılsın mənim səsim!
Heç olmazsa, divar verin,
Heç olmazsa, bircə divar!
Ordan bizi eşitsinlər yata-yata
nefti, ərəbi satanlar:
Beyrut - bizim son evimiz, otağımız.
Beyrut - bizim axırıncı ocağımız!
Bizim doğma üfüqləri sarıb zülmət,
qara qüvvə, qanlı bir əl,
Həsrət, həsrət,
Mühacirət yollarında
Qismətimiz qəfil əcəl...
Okeandan cəhənnəmə,
Cəhənnəmdən okeana
Varlığımdır mənim yanan,
Sağda, solda, irəlidə
Hər tərəfdə - mənə hədə!
Hər tərəfdə dar ağacı,
Milyonların boynu üçün
ilgək açıq.
Beyrut mənim hər duyğumun ilk şahidi,
Mən ən gizli sözlərimi ona dedim.
Mən keçirəm küçələrdən,
Göyərçinli həyətlərdən,
Binaların qabağından,
Qəlbimdəki bir yarımçıq
poemanın yollarından.
Mənim həyat dastanımın odu sönməz,
Qaralanmış vərəqlərtək çevirirəm bu şəhəri -
ürəyimdə təzə həvəs.
Beyrutun sərt, yoxuş hava cığırıyla
Aparıram torpağımı,
bircə əlçim ağ buludu.
Sağ ol səni, doğma şəhər,
Dumanın, daşın Beyrutu!
Bir tərəfdə nağılçılar,
Bir tərəfdə istilaçı,
Neçə yüz il mübahisə, qəzəb, aclıq,
Beyrut daşdan nə yaradır?
Biri deyir, sevənlərə cənnət guşə, səfa yeri,
Biri deyir, yəhudiyə ocaq olan
təzə bir getto şəhəri.
...Ürəyimdə nəbzim kimi vuran mahnı
Nə dayanır, nə yorulur,
Gah ağrıyır nizələrin yarasıından,
Gah da elə özü dönüb nizə olur.
Həm enirəm, həm qalxıram
sona yetməz pilləkənlə,
Ölüb yenə dirilirəm hər gələnlə, hər gedənlə.
Dəqiqələr biri qara, birisi ağ,
Vaxt dolaşıb kələf kimi.
Bu bədəvi ocağına üz tutaraq
pıçıltıyla söyləyirəm:
Həmişəlik, bütövlüklə mən burdayam!
Üzüm qəmdən qapqaradır,
Yad tozundan silkələyib öz dilimi
İslam adlı dinimizdən soruşuram hakim kimi:
Cavab versin qoy nəhayət,
Hansı daha əzəlidir:
neft, ya nifrət?
...Yol gedirik uzaqdakı bir nəğməyə,
Azadlığı dirildəcək bir ölkəyə.
Məhəbbətlə qidalanan sevənlərtək
Bizi hava yedirəcək, içirəcək,
Yaşıl taclı ağaclardan
şəfəq düşür hər tərəfə.
Biz qalxırıq
bir yol,
on yol,
yüz-yüz dəfə,
min-min dəfə...
Neçə-neçə dostumuzu torpaqlara verib hər gün,
vuruşuruq hələ yatan bu xalq üçün,
Bizim ömür dastanımız axıb gedir qan yerinə,
Şəfəq saçır dan yerinə,
Bəxtəvərdir yer üzündə yaşayanlar,
Bəxtiyardır həyat, nəsə,
Tiranların hökmü altda inləməsə,
Korluq, zülmət onu zəlil eləməsə,
Qoy yaşasın həyat azad,
Qoy yaşasın azad həyat!
Havaya yaz gələn kimi,
qəfil gəldi göyə, yerə -
üstümüzə bəhanəsiz
qanad gərdi müharibə.
Məgər Beyrut çilik-çilik
qırılası güzgü idi?
Özümüz də çilikləndik,
Məgər bu yol düzgün idi?
Biz gedirik güllələrin hədəfində,
Bəlkə artıq ölümə də öyrənmişik?!
Bəsdi, yetər!
- Biz həyata öyrəşmişik, ölümə yox.
Biz sevgiyə öyrəşmişik zülümə yox!
- Bəlkə bizim həyatımız gərəksizdir!
- Yox, heç zaman tükənməyən mövzumdur bu.
- Onda niyə müharibə onu əzdi?
- Davanın da yetişəcək axır sonu.
Dava bizi sürükləyən, sıxan, əyən...
Ancaq tarix yürüşünə dava deyil yol göstərən.
- Bəs üfüqdə o alışıb yanan nədir?
- Ayrı üfüq!
- Yoxsa, yenə müharibə,
yoxsa yenə təzə cəbhə?!
- Sən davada ölənlərin
hamısını tanıyırsan?
- Tanıyıram ölənləri,
ancaq təkcə ölənlər yox,
doğularaq yer üzünə dava vaxtı gələnləri...
Doğulurlar
ağac altda,
doğulurlar
yağış altda,
doğulurlar
qışda, qarda,
doğulurlar
qayıqlarda,
doğulurlar
qayalardan,
doğulurlar
güzgülərdən,
dərd-kədərdən,
doğulurlar
məscidlərdən,
küləklərdən,
qönçələrdən,
doğulurlar
gecələrdən,
doğulurlar
sızıltıdan, qəhqəhədən,
doğulurlar
məğlubiyyət-qələbədən,
doğulurlar
həm sevincdən, həm də qandan,
doğulurlar
həm əvvəldən, həm də sondan,
doğulurlar
gözü yaşlı bir diyardan,
doğulurlar
atalardan, analardan -
doğulurlar gecə-gündüz
boy ataraq üzümüzə gülmək üçün,
ölüb yenə doğulmağa,
doğularaq ölmək üçün!
Görürsənmi Beyrut nədir?
Bir gözü tox, bir gözü ac!
Mürəkkəbtək axan qanım, müharibə...
Dəniz kimi axan qazanc,
Dəniz bəyaz, gümüşü göy ilk baharda
bir az yaşıl.
Qəzəblənib coşduqca o, qırmızısı qatılaşır.
Dəniz: sərvət, al qanımda cövhəri var,
Sevilməyə layiq hər şey
bu kəlmədə qərar tutar.
Müharibə: baş tutmayan tamaşamız,
oynayırıq bu dramı həm mətnsiz, həm kitabsız.
Müharibə: olanların-olmazların xatirəsi.
Müharibə: əvvəli qan,
sonu hava.
Müharibə: kölgəmizi deşib keçir,
tufan salır qapıları qoparmağa.
Mürəkkəb ver!
Yol göstərən!
Dəstəmizin qabağında gedənlərə,
dodaqlarda nəğmə kimi
kəlmə-kəlmə bitənlərə:
bu kədərli dənizləri qüssəylə seyr edənlərə.
Mürəkkəb ver!
"nənəm, uç"dur, ya qaraca bir qarışqa.
Şair, daha nəyin qalıb bu yeganə ümidindən
bu balaca körfəzindən,
nəyin qalıb ondan başqa?!.
Qazanc isə - müharibə yetirməsi!
Zaman-zaman yenə geri qayıdır o.
Ceyranların arxasınca ilkin ova çapa-çapa
tarlaları, kotanları tərk edəndən
Asiyada, Avropada
sosialistlər baş qaldırıb
sözlərini deyənəcən
yollar keçən, dövran sürən
qazanc bizə hökm eləyir,
Sözdən qovub, işdən qovub,
biyabanda atır bizi,
Oğurlayıb başlı-bütöv satır bizi.
Beyrut - ömrün xoşbəxt anı,
Beyrut - anın xoşbəxtliyi,
Cənnət bağı!
Qu tükündən gül yatağı,
ixtiralar bazarıdır.
Öyrəndiyi köhnə risqlə
elə alır, elə satır!
Şərq qanının qiymətiylə
eyni vaxtda bahalaşan,
eyni vaxtda ucuzlaşan
qızıl kimi,
dolların qiyməti kimi
o da enir, o da qalxır...
Yox, yox, Beyrut - döyüşlərin kompasıdır,
gözlərimiz o an baxır.
...Biz yandırdıq gəmimizi,
ulduzumuz həkk olunub divarlara,
Odlu döyüş meydanında sinəmizdə ağır yara...
Düşmənlərə deyirik ki,
Beyrut - bizim bəxtimizə düşən alma,
zor-güc ilə gülümsəyən,
ancaq vuran qızıl ürək,
bircə ovuc ümid - ada,
Bu məhv olan dünyamızda
Beyrut təzə blokada...
Bir meydanlıq sevinc tapıb
mən özümü xoşbəxt sandım,
Həyəcanlı fit səsiylə nişanladım.
Yelkənləri yandıraraq avtomatı qucaqladıq,
Günahımız varmı bizim?
Tükə bağlı bir həyatı qucaqladıq.
Oyadarıq bu torpağı, qanımızı içib bizim,
oyadarıq onu bir gün, sevgimizin
şəffaf, isti göz yaşları
yuyar, yuyar şahidlərin saçlarını.
Gözümüzün istisindən
ölülərin buz bədəni isinsin ki,
qayıtsınlar bu torpağa
Onun hər bir qarışını,
çiçəyini, taxılını,
əvvəlini, axırını
qanımızla qoruyuruq...
Bizim həyat gəmiləri bu torpaqda yandırılıb,
Biz Sizə üz çeviririk, ey torpağa çevrilənlər.
Səsləyirik Sizləri biz.
Ölkələrdən dönüb gəlir əks-səda,
Bizim həyat gəmiləri bu torpaqda yandırılıb.
Çadırımız - müharibə küləyində!
Neçə ordu dikələrək
canlı insan divarıyla
gəlib bizə yetişsə də,
Çəkilmərik qanımızın sərhəddindən!
Qanımızda coğrafiyam!
Xəritəsiz qalan Vətən!
Odlu ölüm cəbhəsində durub yenə,
Biz deyirik dönə-dönə:
- Bu səngəri tərk etmərik
getməyincə zülmət gecə!
Beyrut yığıb pəncəsini
pələng kimi tullanacaq!
Dənizdəki qızıl alma!
Göyün əlvan ətəyinə çilənmiş qan!
Söz şahmatı.
Ruhumuzun son qırığı.
Ağır sükut. Yalvarışla kömək uman.
Ay işığı çiliklənir - toxunduqca daş hasara,
Beyrut - sülhün, göyərçinin
kürəyində yaqut yara...
Uçuqlarda bitən çiçək,
İlkin öpüş, titrək ürək,
Əl yetişməz məğrur arzu.
Dənizlərin, ölənlərin ağ kəfəni,
Daş dastanım, daş əsərim.
Köksümüzdə pırıldayan hissimizin torağayı,
Öz oğlunu - ümidini itirən bir ana kimi
daş üstünə çökərək göy
batıb ağır dərdə, qəmə.
Ona qulaq kəsilibdir qızıl güllər,
ətirli köz.
Qırğınların, qılıncların arasında
Durur məğrur, məğlubolmaz,
hər qüvvədən uca olan
Əbədi SÖZ!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!