Xalq ruhunun təzahürü - Ağacəfər HƏSƏNLİ

"Füzuli şeiri - bütün zamanların sehri" silsiləsindən

Mənsub olduğu xalqı həmişə üstün tutmağa çalışan, şirin ana dilinin şəhdi-şirəsində, əski şəcərəsində xarüqələr yaradan Məhəmməd Füzuli dövrün aparıcı ərəb-fars dillərilə müqayisədə Azərbaycan türkcəsində işlənən söz ehtiyatının məhdudluğunu, azlığını qətiyyən qəbul etmir və ən sərt şəkildə belə cılız düşüncə sahiblərinin cavabını verir, ittiham edir. Göründüyündən daha artıq şairin "yaddaş lüğət tərkibi" zəngindir. Onda daimi hər sözün 3-4, bəzən 5-6 alternativi var və o, çətinlik çəkmədən bu ehtiyat fonddan barlanır, fikrini tammalamaq üçün təzədən söz axtarışına çıxmır. Daha doğrusu, "ceyran belinə çıxmış söz"ün övu Füzulini heç maraqlandırmır. 

 

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,

Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur. 

 

Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib, 

Əksərən əlfazı namərbutü, nahəmvar olur. 

 

Məndə tövfiq olsa, bu düşvarı asan eylərəm, 

Novbahar olğac tikəndən bərgi-gül izhar olur. 

 

(Rəməl bəhri, II növ, I variant) 

 

Bu qitədə Füzuli daha bir pünhan sirrini bəyan edir, faş edir, doğma ana dilinə məhəbbətinin izharını çəkinmədən sətirbəsətir bildirir. Kəsəsi, yəni nə olsun ki, qoca Şərqdə fars dili musiqi-poeziya dili imicini qazanıb, bu yöndə formalaşıb. Və ya ərəb dili müqəddəs Quranın, sevgili Peyğəmbərimiz Həzrəti-Məhəmmədin (ə.s) dilidir. Guya zərif şeir nümunəsi yalnız türkcə yazmaq çətindir. Hər kəs bu dilin imkanları daxilindı yazıb-yaratsa, heç bir istəyinə nail olmayacaq, əksər ortaya qoyduğu misra və beytlərin kələ-kötürlüyü könül küsdürəcək, rəvanlığı, dürüstlüyü ruhlarını oxşamayacaq.

Füzuli özünəinamla, əminliklə döşünə döyür: "Məndə tövfiq olsa" - yəni, İlahi güc-qüdrət varsa, bu ramedilməz çətinliyi asanlaşdıraram. Bəs necə asanlaşdırmaq istəyir Füzuli bu çətinliyi? Hansı ifadə forması ilə ki, nəzm ustadlarına bu yol bəlli deyil? Şübhəsiz, istedadı və zəkası hesabına, tükənməz idrakı sayəsində. (Novbahar olğac tikəndən bərgi-gül izhar olur). Şair istər-istəməz bədii təsvir vasitələrinə müraciət eləməklə göstərir ki, mən təcrübəsiz, cavan saydığınız doğma türkcəmdə sözə elə rəng qataram, duyğu-düşüncə qəlibində elə naxış, bər-bəzək vuraram, hamı heyran qalar - hünərim bu çətinliyi ram edər, aradan qaldırar. Necə fəsil dəyişəndə ilk bahar təşrif gətirəndə ən ətirli gül-çiçək rəngbərəng bərq vurur, mənim də incə, poetik detallarım, misra və beytlərim bətnində işıldayacaq, ulduz-ulduz fəsli yaraşığa mindirəcək... 

Füzulinin xas şeirə münasibətdə özünəməxsus bir qınağı və sınağı da var. Vay o günə, kimsə bu giley-güzarı və imtahanı anlamaya, qulaq ardına vura, həmin şəxsin qınaq hədəfinə çevrilməsi labüddür. O, nəzmdə özünü kamil insan hesab edən, əslində zövqü olmayan, aşağı səviyyəli meydangirləri, özündənrazı bixəbərləri, dayazları ittiham edir. Yaxasından tutub əl çəkmir. Xudbinliyi, xudpəsəndliyi, kobudluğu sevmir Füzuli və bu kimi naqis cəhətlər poeziyasına və xarakterinə yaddır. Qafası boş olan, ağlı azlar, talantı kəmlər durub, yekə-yekə el arasında sözdən dəm vuranda, od tutmuş Füzuli dözmür, hövsələsini basa bilmir, nadana təpinir, cahilin başından basır:

Şeir zövqündən olmayan agah, 

Əhli-nəzmi məzəmmət eyləməsin!

 

Kəndi cəhlinə etiraf etsin,        

Hər kəramətə sehr söyləməsin. 

 

(Xəfif, XII variant)

 

Qitədən göründüyü kimi, bəsitliyi qəbul etmir Məhəmməd Füzuli, tövsiyyəsi yaxşı zövq yiyəsinə malik olmağı təlqin eləmək, bu səmtdə öndə durmağı təvazökarcasına bildirməkdir. "Xəlqə ağzın sirrini hərdəm qılar izhar söz" anlamı sözə bəslənən ən uca ehtiramdır. Dil - ən yüksək milli-mənəvi varlıqdır və söz-söz, ifadə-ifadə arıtlanır, cümlədə, misra daxilində pərvəriş tapır, mənalanır, dincini alır. "Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?" nidası hara və kimə ünvanlanıb? Bəs onda "Məcnun deyib, tən eyləyir xəlayiq" qınağı. Bəli, Füzuli kimlərisə, el tənəsi ilə qorxudur, şəxsən özü də bu qınaqdan çəkinir, Allah xofu köməyinə çatır. Bu 

 

Cismimi yandırma, rəhm et yaşıma, ey bağrı daş!

Ehtiyat et, yanmasın ta ki quru odunda yaş. 

 

(Rəməl, II növ, I variant)   

 

- qənaətində bulunur. Bəlkə də qəzəlin qızıl beytidir. Bu misrlar həm də o anlamı ifadə edir ki, Füzuli nə təkə-türkmandır, nə də digər türk elatlarından. O, xalis Azərbaycan türküdür, babası həqiqətən Boyat tayfasındandır (Vətənimizdəki Boyat və ya qismən adları təhrifə məruz qalmış başqa 7-8 kəndi yada salaq) və Azərbaycandan indiki İraq ərazisinə köçüb. Orta əsrlərdə xəritəmizin xeyli genişliyini xatırlasaq, vətənin bir guşəsindən digər guşəsinə köçmənin mümkünlüyünə şübhə yeri qalmır. Yəni, zəmanə üçün adi hal idi, kim harda istəyirdi, orda gedib yaşayırdı. 

Beyt başdan-ayağa sadə söz birləşmələrindən ibarətdir: "cismimi yandırma" tələbi, "rəhm et yaşıma" yalvar-yaxarı, "ey bağrı daş" müraciəti, "ehtiyat et, yanmasın ta" yalvar-xahiş minnəti, "ki" bağlayıcısı, "qurunun odunda yaşın yanması" zərb-məsəli. Füzuli forma xatirinə sözləri yan-yana düzməyib, yana-yana onlara qol-qanad verib. Diqqət kəsiləndə görürsən, hamısı hərəkətdədir, ayrıca bir cazibə yükü altındadır. Füzulinin işlətdiyi misradaxili sözlər qətiyyən maneçilik törətmir, biri digərinə yol açır, dayaq funksiyasını yerinə yetirir. Çünki kəlmələr bir-birinə çiyin verə-verə hikmət yükünün daşıyıcısına çevrilir. 

Aşiq məşuquna yalvarır ki, ay vəfasız, cismimi şam kimi yandırıb əritmə (hicran odunda, cəhənnəm əzabında), yaşımın çoxluğuna (və ya azlığına) rəhm qıl, bağrını daşa döndərmə. Yoxsa birdən ehtiyatsızlığa yol verərsən, qurunun odunda yaş da yanar. Cinas yaş kəlmələri barədə. Yaş - nəmişlik, göz yaşı mənasında. Yaş - insan sinni, yaşının neçəliyi mənasında. Füzulinin yaratdığı cinas qafiyələr, mətndaxilidir, sözlər gəraylıda, təcnisdə, qoşmada olduğu kimi misraların sonunda deyil, ortasında təmas qurub. Şeirə bu cür yeni, modern münasibət ancaq Məhəmməd Füzuliyə məxsusdur. Ikincisi, o, beş yüz il öncə türkdilli xalqlardan yalnız Azərbaycanlıların indi də dillərində qoruyub saxladığı "qurunun oduna yaş da yandı" məsəlini qəzəlində işlətməyə müvəffəq olmuş, bununla nə qədər folklora, şifahi xalq ədəbiyyatına yaxınlığını, birbaşa bağlılığını təsdiqləmişdir. Bağrıdaş, ehtiyat et və s. sözlər də həmin bulağın gözündən su içmişdir.

 

Deyilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım, 

Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım. 

 

(Həzər, I növ, I variant)

 

Füzulinin ən ləngərli, hər sözü batman gələn yığcam qəzəllərindən biridir. Azərbaycan dilində çarxın çönməsin fələk, qələmin sınsın və s. kimi qarğışlar mövcuddur, necə deyərlər, Adəm oğlunun həyatda bəxti gətirmədi, işi pozuldu, başlayır qarğışa, ah-naləyə. Ən çox günahkar qismində fələk suçlanır. Şair isə "ey grdun" (ey fələk) çağrışı ilə fələyi yaşla bağlı mədəni surətdə mübahisəyə dəvət edir, ondan nə incikdir, nə küskün. Özü də aralarındakı dialoqda haqlıdır. "Deyilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım" - yəni, mənim yaşım sənin yaşından çoxdur, səndən böyüyəm, nə olsun ki, belin ikiqat, donqar olub, qəddin-qamətin əyilib. Rəbbin məsləhətilə mən səndən əvvəl yaranmışam. Daha konkret və dəqiq mühakimə yürütsək, insanlığın yaşı və təcrübəsi fələklərin yaşından və təcrübəsindən artıqdır. 

 

Tarazıyi-əyari-möhnətəm bazari-eşq içrə, 

Gözüm hər dəm dolub, min daşa hər saət dəyər başım.

 

"Eşq bazarında möhnət əyarlı tərəziyəm" fəlsəfəsi ruhi qabarmanın ən yüksək sarsıntısıdır, bu bədbin dəmimdə gözüm tez-tez dolur, hər saat başım daşdan-daşa dəyir. Tərəzinin də insansayağı iki gözü var, təəssüf, bu gözlər dərd-bəla, möhnət yükü çəkmək üçündür. Eşq bazasında gedən alverə bax, İlahi! Pərsəngin pozulmaması naminə çəki daşları mütəmadi dəyişir. Tərəzinin gözləri gah dolub-boşalır, gah da başı daşdan-daşa dəyir. Və beləliklə, cansız məişət əşyası insanlaşır. Çünki gerçəkdən tərəzinin gözləri çəki daşları ilə dolur, guya əşya "ağlamaq" dərəcəsinə çatır. Başın daşdan-daşa dəyməsi kimi el deyim tərzi metaforik düşüncənin təsirini gücləndirir, məzmuna təravət qatır. Budur, Füzuli beytinin alt qatlarından birinin müxtəsər izahı, xalq ruhunun təzahür forması. 

Üçüncü beyt obrazın halının təsvirilə başlanır. Gözlərindən axan yaş al qırmızı rəngə boyanıb, bağrının başı paralanıb... Hər kəsə məlumdur ki, dağda yazın-baharın ortasında, istilər torpağı qızdıranda, pünhan lalə mövsümü başlanır. Bəla dağında isə bu təbiət hadisəsi bütün fəsilləri - o cümlədən, sərt sazaqlı-şaxtalı qışı, payızı, yayı belə əhatə edir. ("Dağlardır sinəmdə qarası qopmamış" misrası yenə qidasını xalq təfəkküründən alır, söyləsək, yanılmarıq. Axı, dilimizdə "sinəmə dağlar çəkilib" birləşməsi həmişə hallanıb. Ustad aşıq Ələsgərin "çəkildi sinəmə bu dağlar mənim" məşhur misrası da yükünü bu bəlli mənbədən götürüb).

 

Sirişkim al, bağrım parə, bir kuhi-bəlayəm kim, 

Həmişə laləvü ləl ilə rəngindir içim, dığım.

 

Qədim əyyamlarda dəli olmuş, divanə həyata alışmış şəxslərə dağ basmaq adəti varmış və xəstə tədricən təsirindən sağalırmış. Eyni zamanda yazılan və oxunan duaları Allah-Təala hasilə çatdırırmış. Mərasimə qatılmayan divanə cəzalanırmış, əbədi nəqqaş haqqında dua yazarkən, rəsmini çəkərkən qələm sınıb ikiyə bölünürmüş. Qəzəlin dördüncü beyti əbəs yerə "Mənə manənd (bənzər) bir divanə surət bağlamaz, guya. Qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşım" fikriylə tamamlanmır. "Qaradan tünd rəng yoxdur" inamı şeirin kulminasiya nöqtəsidir.

 

Füzuli, xazini-gənci-vəfayam, ol səbəbdəndir, 

Gühərlər tökdü israf ilə bu çeşmi-gühərpaşım. 

 

Açması qısaca: Füzuli, vəfa-etibar xəzinədarıdır, o (oyaq ol, kiyə kim, deyirlərə der, dünənənə dün müraciətləri klassik poeziyamızın xüsusiyyətlərindən doğur) səbəbə görə, gözlərim sel kimi göz yaşlarını axıtdı (gövhər, inci qiymətli bəzək zinət əşyaları) tökdü, böyük israfçılığa yol verdi, xəzinə tükəndi, şair şəxsi kədərini ictimai kədərə səriştəylə çevirməyi bacarıb. Bunun əks-sədası çağdaş poeziyamızda eşidilməkdədir. Yeri gəlmişkən, təhlil etmək istədiyimiz beytin birinci misrası (deyilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım), Əli Kərimin "Dünya səni qocaltdı yaşıdın olsun deyə" (şeir Füzuliyə həsr olunub) misrasını yada almırmı? Eləcə də qırx il əvvəl qələmə aldığım (qeyri təvazökarlıq kimi çıxmasın, üzr istəyirəm)

 

Gözümdən o qədər axar göz yaşı, 

Axırda gözlərim əliboş qalar 

 

- beyti bu xırdalamağa çalışdığımız qəzəlin son misralarının təsirini xatırlamırmı?  

İmamların qanı töküldüyü müqəddəs Kərbəla torpağını, eləcə Nəcəfi, Bağdadı vətən seçən Məhəmməd Füzuli (Mövlanə Bağdadi) İslam peyğəmbərinin şərəfinə mərsiyələr yazsa da, "Hədiqətüs süəda"nı ("Xoşbəxtlər bağçası" mütəfəkkir şairin ilk bədii nəsr əsəridir) ərsəyə gətirsə də, "Su" qəsidəsi kimi möhtəşəm abidəni ucaltsa da, ilkin yerini-yurdunu unutmamış, haray-həşiri, sədası göyə bülənd  olmuşdur. İndi nəzər yetirdiyimiz qəzəlin ayrı-ayrılıqda bir neçə beytini oxuyaq. Sezdiyimiz vətən həsrətli Füzulinin ürək dağlayan misralarından hansısa faciəvi aqibətin izləri görünməkdədir. 

 

Kərəm qıl, kəsmə saqi, iltifatın binəvalardan, 

Əlindən gəldiyi xeyri dirig etmə gədalardan. 

 

Əsiri-qürbətiz, bir səndən özgə aşinamız yox, 

Ayağın kəsmə başınçün bizim möhnətsəralardan. 

 

Səba, küyində dildarım nədir üftadələr, halı?

Bizim yerdən gəlirsən, bir xəbər ver aşinalardan.

 

(Həzəc, I növ, I variant)

 

Əlbəttə, bəşəri duyğuları ehtiva edən Məhəmməd Füzuli lirikası başqa, hər cür giley-güzar, qeybət bambaşqa. Şeirdə işarənin əlamətlərinə baxın; "əsiri-qürbətiz". Hansı könüllü əsarətdir müdrik şairi incidən, tərpədən? Səbaya niyə üz tutur, torpağı uğrunda özünü həlak etmiş, yolunda yıxılmış kəsin, halı necədir? "Bizm yerdən gəlirsən, bir xəbər ver" - təəccübü oxucunu çaşdırmırmı? Füzuli "bizim yer" dedikdə qədim, Şirvanmı, yoxsa Qarabağ elatınımın həsrətini çəkir? Ümidini hər yerdən üzən Mövlanə səhər yelini çağırır, ona bel bağlayır, doğru xəbər umur.  

Yaradıcılığında zərb məsəllərin, xalq ifadə və ibarələrin, idiomatik sözlərin zənginliyi baxımından heç bir klassik şair Məhəmməd Füzuli ilə müqayisə oluna bilməz. 

 

Mərhəm qoyub onarma sinəmdə qanlı dağı, 

Söndürmə öz əlinlə yandırdığın çırağı. 

 

(Müzare,  II növ, II variant)

 

Beytdəki "mərhəm" ifadəsi bəlkə də orijinalda "məlhəm"dir, bununla işim yoxdur. Dərhal diqqət şəkən söz ilk misrada qədim türkcəyə məxsus "onarma"dır. Mahmud Kaçqarlının "Divani lüğəti-it türk" kitabının məxsusi seçmə özəl siyahısında yer alan "onarma" indiki "sağaltma" kəlməsinin eynidir, bu tərtibatda əhəmiyyət daşıyır. Ikincisi, maraq doğuran misra "söndürmə öz əlinlə yandırdığın çırağı" misrasıdır. Bu gün Azərbaycanın müxtəlif bölgə və kəndlərində naşı işin qulpundan yapışan, özünə, ailəsinə ziyan vuran şəxslər haqda, öz əlinlə öz çırağını söndürdü" zərb məsəli çəkilir.

Qəzəlin ikinci beyti heç birincidən  geri qalmır. Füzulinin bu misralarında poetik kəşflər kifayət qədərdir. Deyir könlüm bir dəliyə uyub, qaşının əyriliyinu göydə bərq vuran ayın növü hesab edir. Daha sonra xeyli təəssüf hissiylə təəccübünü gizlətmir: "nə etibar ona kim, seçməz qaradan ağı". Azərbaycanda əgər bir görülmüş işin sərraf kimi qiymətini verməsən, onu tələm-tələsik, xala xətrin qalmasın icra etsən dalınca deyərlər: filankəs ağı qaradan seçə bilmədi.  Görürsünüz, şair xalq dilinin hansı dərin qatlarının soraqçısıdır?

El ifadəsi: min canım olsaydı, hamısını sənə qurban edərdim. Bu mətləbin mahiyyəti Füzuli qəzəllərinin birində bu şəkildə ifadə formasını tapıb - min can olaydı kaş mən - dilişikəstədə. Ta hər birilə bir gəz (uzunluq ölçü vahidi) olaydım fəda sənə". Bəzən şeirə elə aludə olursan, ən çətin tərkib, qarmaqarışıq xaos yaddan çıxır, beyində və ürəkdə yalnız poeziyanın şirəsi qalır. Onda isə nə doğma sözlərin axtarışına çıxırsan, nə də yabançı ərəb-fars kəlmələrinin ahənginə aldanırsan. Füzuli şerinin İlahi qüdrəti sənin yaxandan yapışır, səni qeyri-adi gözəlliyin mənbəyinə dartır. Elə bil təşnə qəlbin abi-kövsər içir. Məsələn:

 

Ey mələksima ki, səndən özgə heyrandır sənə, 

Həq bilir, insan deməz, hər kim ki, insandır, sənə. 

 

(Rəməl, II növ, II variant)

 

Bəli, bir mələk simalıya, mələk üzlüyə vurulmaq olar. Aşiqlərin işidir bu. Ancaq onun özündən başqa hamının mələk üzlüyə heyranlığını təkcə Füzuli görür. El arasında gözəl, yaraşıqlı biri barədə adətən deyərlər: hayıf ondan, öz qədrini bilmir. Həq (haqq Allahın adıdır, hətta o da söyləməz, çünki əyandır ona) bilir, insan deməz, hər kim ki, insandır sənə. Ədəbi obrazını Yaradanın fövqünə qaldırmaq, mələyə tay tutmaq,ondan üstün saymaq cəhdi adi heyranlığın atributu deyil. Bu hiss eyni zamanda Tanrıya qovuşmaq, ona qayıtmaq ehtirasıdır. Beytə hansı prizmadan yanaşsaq, sözlərin ahəngi pozulmaz, mənası şaxələnər, haçalanar, ruhuna damğasını vurar. Ucaltmaq Ulu Tanrıya yaraşır. 

Qəzəlin bir beytində həmun vəsf olunan mələksimalı peyğəmbər səviyyəsinə yüksəlir. Özü də İsa peyğəmbərə oxşadılır. "İncil"də (həmçinin, "Quran"da) vaqe olunur ki, əzablara mətanətlə sinəgərdiyi üçün Allah İsa Məshihi mükafatlandırmış, cəfakeş peyğəmbərə ölünü diriltmək sirrini öyrətmiş, onu səmaya, yanına  qaldırmışdır. 

 

Aşiqə şövqülə can vermək sənə müşkül deyil, 

Çün Məsihi-vəqtsən, can vermək asandır sənə!

 

Yalnız Füzuliyə xas üslub xüsusiyyəti göz-bəbəyi kimi görünür. Sən ha aşiqini nazu-qəmzəylə, işvəylə öldür. Bu ölüm ən xoş ölümdür, vüsala gedən yolun başlanğıcıdır. Çünki sən mənim İsa peyğəmbərimsən, ölünü diriltmək sirrinə vaqifsən, haçan bədənimdəki canımı qopartsan, istədiyin vaxt yenə həmin canı qaytararsan, yerinə qoyarsan. Təcrübən, bələdliyin var. Məhz bu fərdi dəst-xəttinə görə cəfa - səfadır, bəla -  can rahatlığıdır, qaranlıq - işıqdır, zəhər - şəkərdir, ölüm - olumdur, ayrılıq - vüsaldır və s. və i.a. Hikmətanə münasibət mətnlərin civarında deyil, daxili  qatlarındadır. Torpaq necə lay-laydır, şeirlər də çoxlaylıdır. Haçan mütaliə edib oxcusan, bu mətnlər günün həmin vaxtında uyğun məzmun daşıyır. Möcüzədir, eləmi?

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!