Salam ver
Gördüyün yerləri kökündən tanı,
Cığıra salam ver, izə salam ver.
Üzün dar günündə dərmanın olsun,
Yanağa salam ver, üzə salam ver.
Zərif gözəlliyi həyat çox sevir,
Həyatın başına üzərrik çevir.
Yaxşılığı ucalt, pisliyi devir,
Doğrunu salamla, düzə salam ver.
Göylərin hər yeri torpağa əziz,
Torpağa baxırsan, dalğalı dəniz.
Dünyanın hər yeri müqəddəs, təmiz,
Birə hörmət göstər, yüzə salam ver.
Təzə niyyətlərlə açılır sabah,
Təzə duyğularla əriyir günah.
Hər şeyi bizimçün yaradıb Allah,
Tanrını qucaqla, bizə salam ver.
Ətrafa, çevrəyə, çərəyə and iç,
Ürək and yeridi, ürəyə and iç.
Zəlimxan yediyi çörəyə and iç,
Zəlimxan dediyi sözə salam ver.
Sən ol
Səni dönə-dönə salamlayıram,
Sən qoşmam, sən laylam, sən bayatım ol.
Dünyaya gəlməyim getmək üçündür,
Mənim ilk sevincim, son saatım ol.
Düzləri dolaşam, dağları aşam,
Gərək çaylar kimi qaynayam, daşam.
Yerlərə sığmayan toyum, tamaşam,
Göylərə sığmayan büsatım sən ol.
Düşünüb, daşınıb dərinləşərəm,
Kölgəndə dincəlib sərinləşərəm.
Şirin şeylər görüb şirinləşərəm,
Şəkərim, şərbətim, nabatım sən ol.
Həm yağdı, həm baldı, həm duz, həm çörək,
İlhamlı təbiət, nəğməli ürək.
Mənasız bir dünya nəyimə gərək,
Mənası bol olan həyatım sən ol.
Sən gül, qoy üzümə gülən dan olsun,
Canımın üstünə gələn can olsun.
İstəsən Zəlimxan Zəlimxan olsun,
Mənim uçmaq üçün qanadım sən ol!
Mən və dünya
Canımdan qəlbimə bir işıq düşə,
Nur meydan oxuya ulduza, Aya.
Mən də şükür deyəm, şükür oxuyam
Ulu Yaradanın verdiyi paya.
Dünya dolaşmaya ayağa, ələ,
Nə yüküm daş ola, nə dərdim şələ.
Tanrının qüdrəti içimdən gələ,
Səsimdən titrəyə hər daş, hər qaya.
Qızınar od-ocaq, isinər otaq,
Şirin nəğməsini oxuyar dodaq.
Halaldan kök olsa, halaldan budaq
Qurtarmaz bərəkət, tükənməz maya.
Bezdim yarımçıqdan, qaçdım yarımdan,
Nə həyatdan doydum, nə də yarımdan.
Saraylar qurardım arzularımdan
İllər zəhmətimi verməsə zaya.
Doğru əyilməyə, düzlər düz ola,
Həqiqət, məhəbbət üzbəüz ola.
Sağlam can, saf ürək, nurlu göz ola,
Baxdıqca baxaydım mən bu dünyaya.
Ulu Tanrım
Ulu Tanrım, artır mənim dərdimi,
Kərəm kimi yandır, yandır, kül eylə.
Həm alışım, həm tutuşum, həm yanım,
Külümü də küləklərə dil eylə.
Can hayında xəstə bir can görəndə,
Nahaq yerə tökülən qan görəndə,
Bir yananı, bir yandıran görəndə,
Göz yaşımı dəniz eylə, sel eylə.
Ulu Tanrı, sən işində peşəkar,
Məni duymaz, qaya laldı, meşə kar.
Dərd sarıdan məni qoyma boş-bekar,
Harda olsam mənə sarı əl eylə.
Sənin işin dərdlərimlə yaşamaq,
Mənim işim bu dərdləri daşımaq.
İşim düyün, bəxtim qara, saçım ağ,
Qəbrimi qaz, sinəm üstdən yol eylə.
Çiçəyini, qanqalını dərəndə,
İki gözüm nələr gördü viranda.
Əsirgəmə, Zəlimxanı görəndə
Qəmini də, qəhrini də bol eylə.
Həyatı duymaq
Ürək də, baxış da, könül də, göz də
Dünyanı dərindən duymaq üçündür.
Öpüb bu torpağı duz-çörək kimi,
Gözünün üstünə qoymaq üçündür.
Sevdiyin nə varsa, sənin yarındı,
Ətək çiçəyindi, zirvə qarındı.
Allah nə veribsə, insanlarındı,
Hamısı el üçün, oymaq üçündür.
Qızıl boza çalır, yaşıl sarıya,
Dünənin gözəli dönür qarıya.
İllər ömrümüzü bölür yarıya,
Günlər vaxtımızı saymaq üçündür.
Yüz il qan axsa da qanlı yaradan,
Həqiqət canlıdı, çıxmaz aradan.
Boşa yaratmadı sözü Yaradan,
Səs, dərdi dünyaya yaymaq üçündür.
Minnətli çörəyi heç zaman yemə,
Sevgiyə, sevincə bəsimdir demə.
Zəlimxan, torpaqdan can əsirgəmə,
Canlar bu torpağa qıymaq üçündür.
Can deyib, can eşitmişik
Dadıb meyvəsini, görüb sehrini,
Budağa can deyib, can eşitmişik.
Qızınıb odunda, hərarətində,
Ocağa can deyib, can eşitmişik.
Ömür səsli olub, soraqlı olub,
Sorağı olanlar maraqlı olub.
Evimiz həmişə qonaqlı olub,
Qonağa can deyib, can eşitmişik.
Fikri, düşüncəni, duyğunu yığır,
Həyat qəlbimizə gör necə sığır.
Dönüb ziyarətə hər yol, hər cığır,
Bulağa can deyib, can eşitmişik.
Arzular müqəddəs, diləklər təmiz,
Böyüklük önündə diz çökmüşük biz.
Sözü əlifbamız, səsi himnimiz,
Uşağa can deyib, can eşitmişik.
Zirvə şöhrət tapır qarlı başıyla,
Vətən vətən olur vətəndaşıyla.
Ulu tarixiylə, qədim yaşıyla
Torpağa can deyib, can eşitmişik.
Gedənlərə
Torpaq yön çevirib üzünə baxmaz,
Əlində zəhərli aş gedənlərə.
Şeytan şərik olar, iblis yol verər,
Həqiqət yolunu çaş gedənlərə.
Yüz yandan çıxsa da, bulaq neyləsin,
Min nəğmə oxusa, dodaq neyləsin.
Həyat nə danışsın, torpaq neyləsin,
Gözü də, könlü də daş gedənlərə.
Eninə, boyuna qalxır, yüksəlir,
Mənasız hay-küylər qulağı dəlir.
Mənim bu dünyada yazığım gəlir,
Dünyadan əlləri boş gedənlərə.
Üyüdər az dəni, çox unluq eylər,
Kəsməz sularını, axınlıq eylər.
Allahın özü də yaxınlıq eylər,
Allahın özünə xoş gedənlərə.
Boşuna getməsin zamanın, anın,
Həqiqət yolunda qoy çıxsın canın.
Canı qurban olsun qoy Zəlimxanın,
Həyatda baş gəlib, baş gedənlərə.
Dünya gözəlindi,
gözəlliyindi
Dağların döşündə açan gülə bax,
Dünya gözəlindi, gözəlliyindi.
Bir könül istəsən, min könülə bax,
Dünya gözəlindi, gözəlliyindi.
Qayası hündürdü, çəkisi ağır,
Yer göyün üzünü süd kimi sağır.
Bir gün Günəş doğur, bir gün qar yağır,
Dünya gözəlindi, gözəlliyindi.
Yayılır hər kəndin, şəhərin üstə,
Hər gün səhər gəlir səhərin üstə.
Atın, üzənginin, yəhərin üstə,
Dünya gözəlindi, gözəlliyindi.
Sənindi, mənimdi çörəyi, suyu,
Zövqü, ehtirası, bayramı, toyu.
İncə gözəlliyin qoynunda uyu,
Dünya gözəlindi, gözəlliyindi.
Ağası, nökəri, bəyi, xanı var,
Gözəllik uğrunda çıxan canı var.
Nə qədər bu yurdun Zəlimxanı var,
Dünya gözəlindi, gözəlliyindi.
Gəlir
Hər yerdən görünən uca bir dağam,
Günəşim doğulur, dumanım gəlir.
Məni ucada tut, hündürdə saxla,
Min il yaşamağa gümanım gəlir.
Həyatda nə qədər dəyişmələr var,
Ağır imtahanlar, döyüşmələr var,
Qarşıda qıfılbənd, deyişmələr var,
Sazım meydan açır, kamanım gəlir.
Bir addım irəli, bir addım geri,
Şirindi nəğməsi, şirindi şeri.
Keçən günlərimin boş qalmaz yeri,
Həyatda ikinci zamanım gəlir.
Əsrin iki payı yaşıma düşdü,
Ağrılar, acılar başıma düşdü.
Sular zəhər oldu, aşıma düşdü,
Təzə bir səliqəm, sahmanım gəlir.
Boyu özü kimi bəstə Zəlimxan,
Sözləri güllərdən dəstə Zəlimxan,
Sabah sağalacaq xəstə Zəlimxan,
Mənim bu sözlərə imanım gəlir.
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub
Üçündə də ruh sığalı, əl zərifliyi,
Üçündə də könül eşqi, dil zərifliyi,
Üçündə də qaya səbri, gül zərifliyi -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Üçünün də saçlarına vaxtsız yağıb qar,
Başlarına oyun açıb candakı azar.
Üçünün də yazısını fələklər yazar -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Şair qəlbi nə deməkdi, bax gör nələr var,
Orda neçə yanmış kənd var, batmış şəhər var.
Üçündə də titrəmələr, əsməcələr var -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Bir də gördün, səyyah kimi zirvələr aşdı,
Bir də gördün, çaylar kimi qaynadı, daşdı.
Üçünün də təbiətlə bağrı badaşdı -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Başımızda dostlar vardı, indi hardadı,
Toyuq kimi ya hindədi, ya da tardadı.
Bir millətin üç şairi bu gün dardadı -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Saza döndü, neyə döndü, rübaba döndü,
Hər misrası eşqə döndü, əzaba döndü.
Nağıl kimi şirinləşdi, kitaba döndü -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Hər üçünün ürəyində ağrı-acı var,
Hər üçünün şeriyyətdən qızıl tacı var.
Hər üçünə bu torpağın ehtiyacı var -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Sözlərində görünməmiş silah gücü var,
Ruhlarında min sel gücü, min ah gücü var.
Hər birinin ilhamında Allah gücü var -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Yazmışam
Nə yazdımsa səninkidir, sənindir,
Saya-saya tellərini yazmışam.
Dodağından bal süzülüb dilinə,
Şirin-şirin dillərini yazmışam.
Min sual var hər dolaşıq cavabda,
Yazdıqlarım kitabdadı, kitabda.
Bu dəftərdə, bu qələmdə, bu canda,
Ömrün ötən illərini yazmışam.
Sirdaşısan hey axşamın, hey danın,
Həmi boldu, həmi dardı meydanın.
Aramızda fitva salan şeytanın,
Fəndlərini, fellərini yazmışam.
Bu şərəfdi, bu şöhrətdi, bu şandı,
Çiçək-çiçək toplamışam bu andı.
Məni sevən bir dünyadı, cahandı,
Səni sevən ellərini yazmışam.
Cəfa çəkmək nə zülümdü, nə zəhmət,
Göz nurudu, can südüdü bu sənət.
Zəlimxandan Zəlimxana məhəbbət,
Çiçək-çiçək tüllərini yazmışam.
Şirindi
Neçə rəngdə neçə qoşma yazmışam,
Doqquzu da bir-birindən dərindi.
Bir ağacdı hər birinin kölgəsi,
Gün altında yarpaqları sərindi.
Aydan işıq, Günəşdən zər istəyir,
Nələr varsa, ruh təzə-tər istəyir.
Qoşma yazmaq bir az hünər istəyir,
Meydan burda igidindi, ərindi.
Özümündü nahamarı, hamarı,
Hər birinin öz naxışı, tumarı.
Sevgidəndi, kədərdəndi damarı,
Hər saatı bir sədadı, bir ündü.
Bir də gördün, dumanları saçıldı,
Bir də gördün, qaş-qabağı açıldı.
Hər birində ilahidən pıçıltı,
Bir də gördün, ağ duvağa büründü.
Hər birinin ayrıca bir dadı var,
Qohumu var, doğması var, yadı var.
Hər birində Zəlimxanın adı var,
Dadı-tamı yağdan-baldan şirindi.
İnam
Hələ çoxlarına şərəf olacaq,
Hələ çoxlarına şan verəcəksən.
Qanı qaçmışların qolundan tutub,
Sağlam damarından qan verəcəksən.
Çiçəkli aranın, güllü dağın var,
Çiçəyi burnunda yaşıl tağın var.
Hələ Günəş kimi parlamağın var,
İşıq paylayacaq, dan verəcəksən.
Çaylardı dolaşan coşqun qanında,
Əbədi ömür var bircə anında.
Min ilin suyu var sənin canında,
Hələ çox cansıza can verəcəksən.
İşıq kimi yayıl, nur kimi paylan,
Yarası olanın hoyuna hoylan.
Çıx bir az millətin içinə, boylan,
Nə qədər döşəkdə yan verəcəksən.
Böyük ağrıların əzabı səndə,
Zəlimxan, dünyanın hesabı səndə.
Bütün sualların cavabı səndə,
Bütün cavabları sən verəcəksən.
Bulaq qədər
Hələ bu dünyaya lazım olacam,
Ürəkdə çatılan hər ocaq qədər.
Yaşamaq haqqı var mənim ömrümün,
Allahın verdiyi halal haq qədər.
Tanrıdan bəndəyə nemətəm, payam,
Könüllər isidən baharam, yayam.
Elə bilərəm ki, dənizəm, çayam,
Axsam hər ürəyə bir bulaq qədər.
İşlərim düşsə də, tərsə, düyünə,
Düşmədim zamanın yersiz küyünə.
Yaxınam Allahın böyüklüyünə
Can qədər, göz qədər, həm qulaq qədər.
Dünyada nə var ki, həyatdan şirin,
Başımı istəsə, canımı verin.
Başına mən dönüm anamız Yerin,
Yerim var qoynunda bir qucaq qədər.
Zəlimxan, ayrılıq aranı vursa,
Günlər güllərimi kültək qovursa,
Küləklər odumu göyə sovursa
Yenə yaşayacam bu torpaq qədər.
Bəstələnmişəm
Sözlərim heç kəsin çıxmaz yadından,
Qədim nəğmə kimi bəstələnmişəm.
Neçə baxışları kama yetirib,
Neçə qucaqlarda dəstələnmişəm.
Mən ev sahibiyəm, deyiləm qərib,
Gözüm hər yamacdan bir çiçək dərib.
Məni yer üzünə Tanrı göndərib,
Üst qatda üst olub üstələnmişəm.
Sirri olanlara sirdaş olmuşam,
Gedənə, gələnə qardaş olmuşam.
Həm ağac olmuşam, həm daş olmuşam,
Duzlu dodaqlarda püstələnmişəm.
Sözdən mayalanıb adətim, peşəm,
Sözdən qanadlanıb ağacım, meşəm.
Nə qədər dodaqdan söz götürmüşəm,
Nə qədər ürəkdə istilənmişəm.
Mənim sıramdadı Adəmim, Nuhum,
Uzun ömürlərə qohumam, qohum.
Zəlimxan, cavandı ürəyim, ruhum,
Heç kəs deməsin ki, xəstələnmişəm.
Var olsun
Ay ana, yeni bir Zəlimxan yetir,
Səsi saza düşsün, tarda car olsun.
O, elin qəlbini eşidə bilsin,
El onun qəlbindən xəbərdar olsun.
Gülməz gözlərində nə yaşıl, nə al,
Budaq çürükdürsə, meyvələri kal.
Sözü anlamırsa, ürək laldı, lal,
Səsi eşitməyən qulaq kar olsun.
Kimi yavaş gedər, kimi də yeyin,
Yolçular yolundan olmasın, deyin.
Yolundan qalmasın nə baş, nə beyin,
Ürəyi olana ürək var olsun.
Onu qorxudammaz nə qar, nə külək,
Həm yerdə insandı, həm göydə mələk.
Ürəkdən danışan şairin gərək
Axçası, boxçası da dolu bar olsun.
Zəlimxan, dənizdə dalğa var demək,
Dalğası var isə, hava var demək.
Şairin səsində dünya var, demək,
Şairi var olan dünya var olsun!
Bir-bir
Mənim yazdıqlarım yerdə qalarmı,
Hamısı düşəcək kitaba bir-bir.
Böyük mətləbləri, böyük dərdləri
Düzənlər düzəcək hesaba bir-bir.
Nələri gətirdim, nələri yada,
Uzağa, yaxına saldım səs-səda.
Ağrılar, acılar çox-çox olsa da,
Dözdüm hər ağrıya, əzaba bir-bir.
Yaralı nəğmətək dodaqda yandım,
Gövdədə alışdım, budaqda yandım.
Kömürdə alışdım, ocaqda yandım,
Döndüm köz üstündə kababa bir-bir.
Kimini sürdürüb, kimini sürüb,
Kimini daş kimi divara hörüb.
Allah, bir ömürdə gör nələr görüb,
Baxıram günaha, savaba bir-bir.
Heç bir şey çevrilib, hər bir şey oldu,
Göyüm yerə döndü, yerim göy oldu.
Zəlimxan saz idi, döndü ney oldu,
Düzüldü dərdlərim rübaba bir-bir.
Olmalıydı
Söz var idi, göz var idi nə qədər,
Olacaqlar olmalıydı, oldu da.
Qan görünüb anaların saçında,
Tellərini yolmalıydı, yoldu da.
Bu ömürdü, kim yıxıla, kim yıxa,
Nərdivandı, kim dırmaşa, kim çıxa.
Yaman gözlər qoyardımı gün çıxa,
Gül yanaqlar solmalıydı, soldu da.
Tanıyıram bircə-bircə adını,
Mən bilirəm ağrıların dadını.
Sevinc nədi, yorğa sürə atını,
Ağrı cana dolmalıydı, doldu da.
Öz qanını hortum-hortum hortladıb,
Paxılların çiçəyini çırtladıb.
Dəli könlüm ürəyimi çartladıb,
Yarıyolda qalmalıydı, qaldı da.
Ay Zəlimxan, pərdələnib, tellənib,
Gözəlləşib, göyçəkləşib, güllənib.
Sənin sazın qəm üstündə dillənib,
Qəm havası çalmalıydı, çaldı da.
Kimliyim
Dünənə heç zaman güllə atmadım,
Keçmişi hörmətlə ananlardanam.
Duydum tarixləri bir tarix kimi,
Hər şeyi incədən qananlardanam.
Heç vaxt baş vermədim divanəliyə,
Öyrətdim özümü pərvanəliyə.
Düşmənəm əzəldən biganəliyə,
Soyuq baxışlardan donanlardanam.
Budaq ucadadı, kök dərindədi,
Ömür gah bürküdə, gah sərindədi.
Poladım, dəmirim öz yerindədi,
Zaman deməsin ki, sınanlardanam.
Nə qədər dastandı, nə qədər əsər,
Gözümdə həvəs var, sözümdə kəsər.
Xalqın varlığına saldıqca nəzər,
Özümü bəxtəvər sananlardanam.
Zəlimxan, həmişə haqqa sarıyam,
Həqiqət balını çəkən arıyam.
Ulu babaların yadigarıyam,
Onlar məndən olub, mən onlardanam.
Əbədiyyət
Oyur qayaları, oyur daşları,
Sular dərələrdən axır beləcə.
Bulud göy üzünə çəkir qamçını,
Şimşəklər şığıyır, çaxır beləcə.
Tüstü fəryadıdır, duman ahıdır,
Torpaq yer Tanrısı, yer Allahıdır.
Günəş göy üzündə sevgi şahıdır,
Yandırır beləcə, yaxır beləcə.
Ürəyə yerləşib dodağa sığmır,
Ağac bar verəndə budağa sığmır.
Dənizlər sahilə, yatağa sığmır,
Çaylar yatağından çıxır beləcə.
Yerdən qüvvət alar, göydən pay alar,
Uzun yaşamağa haqqı-say alar.
Ərimir, çürümür məğrur qayalar,
Gözünün yaşını sıxır beləcə.
Keçmişi düşünür, sabahı anır,
İncə hisslər ilə alışır, yanır.
Bəndə yer üzündən göyə boylanır,
Allah göy üzündən baxır beləcə.
Sən mənim qolumdan
tutursan indi
Sən mənim qolumdan tutursan indi,
Gör gözüm önünə haralar gəlir.
Qismətim qırıldı, yarıda qaldı,
Fikrimə bütövlər, paralar gəlir.
Əl aşa yetməmiş, baş daşa yetdi,
Boz yellər ömrümü apardı, getdi.
Mənmi tez qocaldım, zamanmı ötdü,
Qəlbimə şübhələr, qaralar gəlir.
Əsa istəyirəm, səndən bir əsa,
Yeriyə bilmirəm yol basa-basa.
Bu gün toydan çıxıb gedirəm yasa,
Yadıma sağalmaz yaralar gəlir.
Ürəyim yenə də çıxır çətindən,
Güc alır torpağın bərəkətindən.
Otların, suların təravətindən,
Çarasız dərdimə çaralar gəlir.
Zəlimxan, minmişəm xəyal atıma,
Təkcə xəyallardı çatan dadıma.
Ağlıma, hissimə, xəyalatıma
Talanmış bostandan uralar gəlir.
5-6 avqust, Almaniya
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!