Sevda dəliləri iman tanımır. - Hikmət Məlikzadənin ŞEİRLƏRİ

***

Sevgi də şəkiltək qaradı, ağdı...

Sevda dəliləri iman tanımır.

Sənin də, biletsiz mindiyin gəmi

Sular quruyandan liman tanımır.

 

Axsaq adamlardan gözüm su içmir, 

Əynimdə boz köynək, əsirəm burda.

Külək hardan bilsin urvatım yoxdu,

Sapları çürümüş həsirəm burda...

 

Qəmin sevdaları zədədi, adam,

Əcəl söz tapmayan vəkilə oxşar...

Daşında iki ad cızdığın ömür 

Ağ-qara düşdüyün şəkilə oxşar.

 

Yelkəni cırılan qayıqdı gözlər,

Əzab yanğı verən qadadı, gəlmə. 

Sən heç vaxt bilmədin köç hardan ötür,

Hikmət səndən uzaq adadı, gəlmə.

 

***

Birdən iki çıxmaq nə qədər çətin,

Gözünü saatdan ayır, gecədir.

Mənə "əmi" dedi sevdiyim qadın,

Qəfil elə bildim bayır gecədir.

 

İçimin səs-küyü başıma vurub,

Yenə qoşqudakı atlar qocadı.

Sığal da ovutmur canımı daha,

Boş ver, sinəmdəki çatlar "qocadı".

 

Edam kötüyünə kəpənək qonub,

Cəllad eşq bağında pəri axtarır...

Yuxumu dağıdan qadını da, eh, 

Üç gündür hər yerdə əri axtarır. 

 

Göyün rəngi solub xəstə adamtək,

Ay iki buluddan sallanır hələ.

Gündə iki qucaq yalan deyirsən,

Hikmət də uşaqtək allanır hələ.

 

***

Biz nə vaxt sevdik ki, ayrılaq da, qız?

Şəhvət acıları ürəyə yükdü...

Gəl, qəmə bu qədər bel bağlamayaq,

Qəm qoca adamtək kürəyə yükdü. 

 

Demə yaşın çoxdu, ağlım ki, kəsir,

Sevda dənizində gəmim hazırdı.

Yenə lərzə gəlib günah buludum,

Çətirə gərək yox, zəmim hazırdı.

 

Allaha baxmağa üzün yoxdusa,

Əllər boş badədi, ha qaldır, düşürt.

Nə üzlə gəlirsən qapıma indi?

Sevgi bir tabutdu, ya qaldır, düşürt.

 

Nəfs də pul kimi artır-azalır,

Sən daha o səhvi etmə, ölürəm.

Niyə ayrılığın çəpəri yoxdur,

Bəlkə kimsə deyər, getmə, ölürəm...

 

***

Mismarı çürümüş nərdivanam ki?

Həyat ya boş verər, ya damlar məni.

Özüm qırx kiloyam, günahım qırx ton,

Necə basdıracaq adamlar məni?

 

Beş gündü köçmüşəm tindəki evə,

Küçədə bir it var, ulayır elə...

Rəssama dedim ki, şəklimi çəksin,

Gördüm ki, kağızı bulayır elə.

 

Tez-tez uzaq qaçdım çöldəki qızdan,

Eh, necə biçdilər boyuma bunu?

Şeytan içən kimi tufan qopardı,

Mən nahaq çağırdım toyuma bunu.

 

Qoca ovçuların tüfəngi boşdu, 

Ova hədəf olmaq quş olmaqdı ki?

Eşqin də ocağı, külü var, bəlli,

Sevmək dəliliyə tuş olmaqdı ki?

 

***

Mən qeybə çıxıram, son kərə dön bax,

Köçü yola sarı çevirdim, pəri.

Mənə kim dedi ki, günaha qul ol,

Özüm öz taxtımı devirdim, pəri.

 

Sanıram, hələ də ürəyim daşdı,

Başacan əyriyəm, düzüm yoxdu ki.

Eh, çox da dedim ki, son kərə dön bax,

Üzünə baxmağa üzüm yoxdu ki.

 

Mən özüm aldatdım özümü, boş ver,

Demirəm, gözümə kül atdı kimsə.

Başımın altına daş qoydum, yatım,

Üstünə beş-altı gül atdı kimsə.

 

Eh, bir sözdü dedim, qapını ört ta,

Göynədir vurduğum zədə, bağışla.

Onsuz da bir azdan itib gedəcəm,

Sən nə insafa gəl, nə də bağışla.

 

***

Kimin boz üzü var, ehtiyat elə,

Eh, hələ bilmirsən canında nə var.

Hamıda eşq hissi eynisə, qaç get, 

Elə get, heç bilmə yanında nə var...

 

Göy məndən inciyib, buludlar səsdən,

Buğda səpəcəyim zəmi daş kimi. 

Dərd təsbeh deyil ki, çevirim tez-tez,

Üstümə az tulla qəmi daş kimi. 

 

Günah ağacında nə çox zülüm var,  

Saatı axşamdan bur, səsi gəlir.

Kimə güvənək ki, son saatlardı,

Bir də görəcəyik sur səsi gəlir.

 

***

Cana çəpər çəkir kef azğınları,

Gör, nəyə qadirdi mey dolu camlar.

Qəm də duman kimi tutdu, buraxmır,

Məni də məst edin, ey dolu camlar...

 

Bilet tapmadığım qatarlar dönməz,

Dünya gözlərimdə tük olar qəfil.

Daşla çox oynadım, ancaq bilmədim,

Nə vaxtsa üstümdə yük olar qəfil.

 

Dünən gül qoyduğum qəbirdə hal yox,

Neyçün əzab çəkir bəndən, İlahi?

Qələmi arada suladım, bitsin...

Mən çox şey umuram Səndən, İlahi?

 

***

Həyat tənlik qədər yorucudur ki,

Mən düz əlli ildi vurub-çıxıram.

Üç dənə tuz vermir kart şoğərib də,

Pulumu udurlar, durub çıxıram.

 

Edam kötüyünün üstünə çıxıb

Cəlladı güdürəm ayıq göz ilə.

Küləkdi, limandı, bir də ki, mənəm,

Nə kiçik görünür qayıq, göz ilə.

 

Hələ tük tökməyib çöldəki atlar,

Əzrayıl birini çapardı qəfil... 

Mən də bir Məsihdim, tanımadın, eh, 

Allah da götürüb apardı qəfil.

 

***

Yollar boz çöl qədər divanə deyil,

Gedən geri dönmür, gələn yorulur.

Guya gözlərimi tora salmısan, 

Elə çırpınıram, tələn "yorulur"...

 

Çatıb ömrümüzün son saatları,

Nə çox gözləyirik növbədə, Allah?

Həyat tərəzimdə günah var ancaq  

Daha kar eləmir tövbə də, Allah.

 

Gör, necə acıdır eşqin qəmləri,

Ta özünə çəkmir ev məni, qadın.

Bilirəm, küsmüsən, qayıt, son kərə,

Həminki nifrətlə sev məni, qadın...

 

***

Yerin ortasında seyrək zəmim var,

Haramla şumlayıb oranı kimsə.

İtib üzümdəki ağlıq da, şükür,

Bəlkə sözə tutub boranı kimsə?

 

Həyat bir quyudu, adamlar orda

Beş-on yerə bölür haramı hələ.

Mənim kəndirimdə asılan adam

Bəs niyə göynədir yaramı hələ?

 

Qəmi çeynəyirəm necə iştahla,

Bir qız gözlərimdən asılı qalıb.

Gör, neçə vaxtdı ki, titrək barmaqlar

Qapımın zənginə basılı qalıb.

 

...Namaz qıla-qıla günaha batmaq

Şeytanın verdiyi qayıbdı, bala.

Hikmət neçə vaxtdı Allahdan küsüb,

Bir deyən yoxdu ki, ayıbdı, bala...

 

***

Şəkil çəkdirmişik yağışlı gündə,

Aralı düşmüşük göylə yer kimi.

Hər qapı açanın bir tamahı var,

Kimi tapdayacaq, söylə, yer, kimi?

 

Mən sənə demişdim, köç gələn vaxtı

Tabut basdırdığım çəpərə baxma...

Hər tora bir qadın, bir günah düşür,

Daha dizimdəki təpərə baxma.

 

Bu seyrək buludlar körpədi hələ,

Yüz ildi yatırlar, səsləri çıxmır.

Taxta qapıların naxışı itib,

Hardansa bir əziz kəsləri çıxmır.

 

Sanıram, çarmıxa çəkilən canı

Allah son nəfəsdə duyacaq yəqin.

Baxma, gözlərimin hirsi soyusun,

Kimsə günahımı yuyacaq yəqin.

 

***

Dünəndən göy coşub, buludlar susmur, 

Eh, görüş yerləri sudumu indi?

Bir gül gətirmisən, bir qara tabut,

Mənə verəcəyin budumu indi?

 

Nə vaxtdı görmürük bir-birimizi,

Daha aramızda qatı duman var.

Artıb qarşı düzdə qurd-quş səsləri,

Bağlama ağaca atı, duman var. 

 

Soyuyub uşağa həsrət qucaqlar,

Kimdi, gəlib deyir: - Adını unut?

Bu qız kökdən düşüb piano kimi,

Sən o uzaqdakı qadını unut...

 

Bir taxta kətil var qarşında, otur:

Ruhu ölü adam çalışmaz, bəlli.

Sönüb səndən sonra bu ocaq, bu köz,

Yüz əl qarışdıra, alışmaz, bəlli...

 

***

Həya duvağımı qara çarşablar?

Qəmi çörək bilib çeynəyək indi?

Birgə tikdiyimiz o ev də damır...

Hava çox soyuqdur, neynəyək indi?

 

Şeytan adam kimi təsbeh çevirir,

Gəl, indi adamtək zarı fikirli...

Ürəyim çatlayıb gülöyşə nartək,

Mən yarı oyağam, yarı fikirli.

 

Eşitdim gəlirsən, çətin qarşında

Gəlib bu zəhrimar araqla durum.

Tabuta sığmıram, qəbrimi gen qaz,

Sonra ürəyimi varaqla, durum...

 

Həyat bir tamaşa, ömürsə səhnə, 

Toxta, yaxındakı uzağı göstər.

Çox da küçənizdə bataqlıq yoxdur,

Mənə içindəki tuzağı göstər.

 

***

Əcəl ikibaşlı yol kimi sərtdi,

Gör neçə pəri var şamın üstündə.

Bilmirik şeytandı, yoxsa, əzrayıl, - 

İki quş oturub damın üstündə.

 

Bir qucaq gül alaq, beş-altı çörək,

Gedək kölgəmizi qoxlayaq, dönək.

Burda ikiüzlü adamlar çoxdu,

Arada birini oxlayaq, dönək.

 

Bir-iki dağ qalıb tapdayıb keçək,

Mənə yanğı verən simdədi gözün.

Sən nə divanəsən, nə də ki, dəli,

Onsuz, hamı bilir kimdədi gözün.

 

Nə çox zəng vurursan, işim var axı,

Gözlə, adam kimi yanım, sabah gəl.

...Mənə məktub gəlib qonşu qadından,

İçində üç söz var: "Canım, sabah gəl".

 

***

Matəm libası var neçə əyində, 

Sözün tabutu yox, təbin kağızı...

Nə vaxt imza atdıq bu eşqə, nə vaxt,

Nədən yad əldədi kəbin kağızı?

 

Zillət bar verəndə xəzan da dəymir,

Ardınca atmağa daşım yox, şükür.

Şama gör, nə qədər pərvanə düşüb,

Daha kəsiləsi başım yox, şükür...

 

Aşiq dəli olar, yalançı olmaz,

Qarşımda qurd kimi ula, əyilmə.

Ağa əmr eləsə qul kimdi dura, -

Allah olan yerdə pula əyilmə.

 

***

O can ki, arağa öyrəşdi, tulla...

Günahdan hələ də ağızlar nəmdi.

İçində qəmi də, eşqi də düz tut,

İmza atdığımız kağızlar nəmdi.

 

Nə çox baş töküblər boz çöllərə, bax,

Çöllər nənəm kimi məsəllidi, eh...

Daha yoxa çıxıb eşq məktubları,

İndi eşq quruca təsəllidi, eh.

 

Yenə yol üstəsən, bir anlıq dayan,

Bu qəmi şələlə kürəyimə, köç.

Mən bir eşq dadmadım özgə tamahda,

Hələ evin yoxdu, ürəyimə köç... 

 

***

Zay adam başının çıxarın bilməz, 

Tamah güc gələndə qudurar adam.

Get, gecə bulaqdan su gətir içim,

Eşq durmayan yerdə su durar, adam.

 

Yaltaq nə bilir ki, təmənna nədir,

İçində nəyi var, qırağa tökər...

Qəmə nöyüt vursan can buna dözməz,

Yetən öz günahın çırağa tökər. 

 

Ölüm baş qoyduğum xatirə daşı...

Allaha belə bir ərzim yoxdu ha.

Ovçusan, hədəfin haradı, bilim,

Mənim hər xırmanda dərzim yoxdu ha.

 

Sən bir pəri ol ki, elçi düşsünlər,

Ya da eşq gölündə qayıq ol, adam.

Gecələr döyülən qapılar kimi 

Çox hürkək olmusan, ayıq ol, adam.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!