"Həyatımın dəqiq qiymətini o vaxt bildim." - Həmid Herisçinin şeirləri

"Emmet Kentli" imzası ilə yazdıqlarımdan

 

Ruhlar mənim qonşumdur

Masanın bir tərəfi

soyuq divara söykənibsə,

demək,

arxasında oturanların biri ölüb...

Sən bunu görüb

cahanın faniliyini

anlayacaqsan,

incə bir hərəkətinlə

o masanı divardan

aralayacaqsan...

Orda mərhumların ruhunu

oturdacaqsan...

Orda

sənin atan otururdu,

sənin atan!

Geciksə də,

gələcək o, bir gün

o biri dünyadan...

çağıracaq bir gün səni

o biri otaqdan...

 

Modern Bayatı-şiraz

Mafiya babası Eskobardan yox,

Kafe-barlardan yox...

Dənizkənarı bulvardan yox...

Elə bil lay divarlardan

Ayrıldı, qopdu, peyda oldu bu gözəl qız.

Restoran menyusuna gözucu baxıb

öz musiqisini pıçıldadı:

"Tomatsız..."

 Axırı lap şahanəydi: "Uzatmayasız".

 

 

Sonra qarışdı Nizami küçəsinin nizamsız boz kütləsinə.

Tanış heykəllərinə, yad bütlərinə.

Son izlərini, "Cinema Plus" kinoafişaları tərəfdə itirdim.

Şansızdım.

Bütün seansları, serialları ötürmüşdüm.

Ölü divarların əlvan film anonsları ilə

Kifayətlənməli oldum.

"Qaçdı-Tutdu" Filmi 28 noyabrdan 28 Mall Cinema-da. Axırda bir nəfər sağ qalacaq!" afişasının həyəcanlı elanı deyəsən, elə mənim barəmdəydi.

Şansızdım.

Qadınsızdım.

Kinoafişanın qaçan hərflərində

O qızın adını axtardım,

Tapdım, hətta.

Hollivudda da

Oxşarı vardı

Eyni adda.

Adının son hecası

dilimdə uzandıqca

Həm savaşdım, həm sevişdim bu qızla.

Sonra, bütün radiolarda bu sevgi, bu musiqi davam edirdi.

Eyni avazla.

Eyni cazla.

Hamı qoşuldu

Bu bayatı-şiraza.

 

Toy günümdə

Toy günümdə

Özümü, üzümü qəfil

görmədim toy güzgümdə.

Sonra gördüm necə divardan silindi,

itdi

Qalın qara kölgəm də.

Məəttəl qaldım...

Məcbur qəzetlərə, "Yeni Müsavat"a baxdım...

Rusca qəzetləri də yoxladım...

Axır, gördüm dünya siyasi xəritəsindən

Silinib doğma ölkəm də!

Toy günümdə - 12 iyun 1993-cü ildə

Hökumət yoxdu Bakıda.

Ay da, günəş də sallanırdı

Dar ağacının yoğun kəndirində

Göydə.

Toy günümdə - 12 iyun 1993-cü ildə

Taxt-tacda, hakimiyyətdə

Bircə məndim.

Vəzifədəydim.

Bir günlük xəlifəydim.

Zay bir ifadə donub qalmışdı hamının sifətində.

Aeroport yolunun sürət zolağı bombalan-boşdu.

Polisləri tamam sərxoşdu,

Bu mənzərə kimə xoşdu?

Qəfil ürəkləndim.

Cürətləndim.

Bildim,

Bu qopuq qəlpələri, zərrələri,

Sınmış mənzərəni

Yenidən yığmalıyam, sığışdırmalıyam

Toy güzgümün tərkibinə!

Toy günümdə Azərbaycanı döymüşdülər

Ölümünə...

Qəfil, bircə fitə, fitimə

İki fərqli ünvandan, bu ölü dünyamdan

bir cüt göyərçin qalxdı,

xeyli aralı uçub, axır birləşdilər

ən uzaq üfüqdə,

barmağımdakı üzük də

Parıldadı həmin saniyədə.

Yığdım, cəmlədim bütün sınıqları,

Qəlpələri, zərbələri,

Sınıq mənzərələri

öz toy güzgümdə

Dirildik qəfil

Bu came-cəmdə.

Mənim toy günümdə.

12 iyun 1993-cü ildə.

Telegüzgüdə.

 

Qiymətim

 

1998-ci ildə

Ermənistan-Azərbaycan jurnalistlərinin görüşünü

İrəvanda hazırlamış Kanada hökuməti

Həyatımı 350 min dollar civarında sığortalamışdı.

Razılaşdırmışdı.

Sənədi imzalatdırmışdı

Mənə, Bakı rəsmilərinə,

Ermənilərə...

 

 

Həyatımın dəqiq qiymətini o vaxt bildim.

Azca sevindim...

Ancaq bildirmədim,

Özümü kiçiltmədim,

Üzdə göstərmədim

bu sevincimi...

İmzaladım masadakı müqaviləni.

İndi, otuz il sonra

Həmin rəqəmləri,

Müqaviləni,

Bir killerə göstərdim...

Dedim: öldürsən əgər məni...

Məbləği sənlə bölüşərdim...

Dedi: həəə...o əjdahadı...

Bahadı...

Zirehli tısbağadır.

Mən isə, dükanlardakı endirimlərdən

İlhamlandım deyəsən...

Dedim: bəlkə aşağı enəsən?

Bu Həmidi lap ucuz öldürəsən?

Killer, inanmadı sənədə...

Gözlərinə.

Dedi, bu sənsən?

Hələ özünü öldürməyibsən?

məbləği hələ bölüşdürməyibsən?

Səfehsən lap...səfehsən...

İndi sənə nə o yaşı verərsən...

Nə o qiyməti...

Gəl imzala yeni sənədi.

Unut köhnəsini.

Endirimli olacaq bu dəfə qiymət,

Endirimli...

 

Amerikalı Məlik Məmməd

 

Çoxseriyalıdır "Məlik Məmməd nağılı"

Bu nağılın lap axırı,

Sonadək qıcqırmış çaxırı,

Həlledici, gizli son kadrı

Amerikadakı məxfi faylları

ABŞ yazarı Stiven Kinqin

"Survivor Type" hekayəsindədir.

Eyni sürətdədir,

eyni müqəddəs surədədir.

Yarıuçuq sərdabədədir.

Qotika xərabəliklərindədir.

Demək, süjet belədir:

Gəmi batıb, yeganə sərnişini - cərrah Richard Pine Pinzetti, təkbaşına kimsəsiz adadır.

Deyirsiz, yamaqlı bir çadırdadır?

Yox. Buludların ağır yükü altındadır.

Acdır.

Nəyi dişinə vurursa, görür, bərkdir,

Qupquru qaxacdır.

Bir müddət aclığa dözür.

Yaxın adaya tərəf uğursuzcasına

bir üzür, iki üzür...

Axır, son həşəratları yeyib,

"Lənət şeytana!" deyib

özündən, acı taleyindən küsür.

Ətrafını gözləriylə yaxşı-yaxşı,

uzun-uzadı süzür...

Baldırından, Məlik Məmməd kimi

bir parça ət qopardıb üzür...

Bütün ağrılara dözür...

Bilmirəm bu kimin beynidir.

Ancaq, süjetlər tam eynidir.

Deməzdim tam yenidir.

Hə... "Məlik Məmməd nağılı"nın sonu,

Bir qolu, çox vacib gizli boyu

İndi day azərbaycanca yox...

təmiz ingiliscədir.

Satmışıq...

Müəllif haqları

Artıq Stiven Kinqdədir.

Hə... Hələ uşaqlıqda hiss etmişdim

Bu Məlik Məmməd ingiliscə də deyəsən, bilir...

Bəlkə də elə ingilisdir.

şlyapalı bir iblisdir.

Ən adi xarici turistdir.

Ağ dünya ilə qara dünyanın arasında.

Yaşayır indi okeanın o tayında.

Amerikada.

İnterpol axtarışındadır.

Dosyesində yazılıb: "Dərin çapıq var baldırında".

 

 

Qətl günü

 

Belə mərhumların mürdəşirləri də

Çox yaşamır sonra...

Üçdüyməli köynəkləri,

Andırları, soxaları

Tez götürülür üzdən,

Tez gizlədilir.

Yarımçıq əlyazmaları da

Həmçinin.

Potoloqoanatomun imzası isə,

Oxunmur sonra.

Hətta zərrəbinlə belə.

Hər iki mərhum - Kamil Nərimanoğlu və Arif Acalov eyni gündə,

bir ay fasilə ilə öldülər.

Biri 16 noyabrda, digəri 16 dekabrda.

İkisi də təxminən, eyni peşəni, taleyi, ölümü bölüşdü.

İkisi də Elçibəyin müavini işləmişdi.

İkisi də Bakıya təzəcə gəlmişdi.

İki filoloq. Semiotik.

Azca nevrotik.

Eyni 16 rəqəmi...

Serial qatil vallah, Əzrailə oxşamır.

Daha realdır, deyəsən.

Globalinfo.az xəbər verir ki, Kamil Vəli xalq hərəkatında iştirak edib. 1992-93-cü illərdə Elçibəy hakimiyyətində baş nazirin müavini vəzifəsini tutub. AXC(P)də sədrin müavini olub.

Bir ay öncə Türkiyədə yaşayan daha bir azərbaycanlı alim - Arif Acalov da Bakıda yol-nəqliyyat qəzasında həyatını itirdi. O da Əbülfəz Elçibəyin müşaviri olmuşdu.

Jurnalist, şair Həmid Herisçi hər iki alimin ölümünü mistik adlandırıb.

Deyib, - bu dəfə Aqata Kristi dedektivini biz yox...

Həyatın özü yazdı.

Deyib, "Bizə bu da azdı".

Deyib, "qənaət etdiyiniz kağızı...

Deyib:

Hələ üçüncüsü də var.

Ancaq bu üçüncünü

Buraxıb iş-gücünü

kimsə axtarmayacaq.

P.S. Vacib detal - Kamil Vəli Nərimanoğluya bəzən KVN,

Yəni "Şən və hazırcavab" deyərdik öz aramızda, dar çərçivədə.

Axırmacalda

 Əzrayıl da

 Məhz bu adı səsləndirib,

sənədləşdirib.

 

Məmmədnəsir tinində

Yasamaldakı xudmani, sakit, ucuzvari "Uran" hotelində tək-tənhaydım. Televizorumda köhnə ağ-qara "Yeddi oğul istərəm" kino-filminin ilk kadrları sakitcə titrəyirdi - bayquş ulayır, qara qarğa bir quru budaqdan qopub, digərinə doğru qanadlanırdı. Meyvə ağacınını yoğun şah budağında bu dəfə armud yox... alma yox... insan cəsədi yırğalanırdı.

Düzü, nə bu qarğa uçuşunu, nə bu yetim cəsədi axıracan təqib edə bilmədim. Görünür, TV-də yox...öz canlı həyatımda oxşar filmə baxmalıydım.

Canlı rejimdə, sulu-sulu görməliydim sonrakı oxşar həyəcanlı hadisələri. Atışma səhnələrini.

Qədim məzardaşları arasında ölülərlə dirilərin əbədi, bitib-tükənməyən döyüşünü.

Hiss etdim - dəhlizə açılan qapının arxasında kimsə var.

Əlimi silaha uzatdığım vaxt cib telefonuma xaricdən, çox-çox uzaqlardan zəng gəldi.

Eşitdiklərimə təəccübləndim.

- Həmid bəy?

- Özüdü ki, var.

- Təcili olaraq qaldığınız hoteli tərk edin. Özünüzü elə aparın ki, guya heç nə baş verməyib. Həyatınız təhlükə altındadır. Taleyiniz tükdən asılıdır.

Telefonu sağ qulağımdan ayırıb sol qulağıma sıxana qədər danışıq bitdi.

Son bəzi çox vacib sözləri eşitmədim. Qulağımdan qaçırdım.

Dedektiv kino-filmlərin ritmi, surəti qəfil bax, bu cür həyatıma sıçradı. Hərəkətlərim əvvəlcədən ölçülü-biçiliydi sanki. Astaca pəncərəni aralayıb eyvana adladım. Su navalçalarından ehtiyatla sallana-sallana aşağı sürüşdüm.

Navalça qarmaqlarından hər dəfə yapışıb bir pillə aşağı endikcə, son şeirimdən bir sətiri dönə-dönə təkrarlayırdım: "Mən navalçaları yağışa layiq yol bilməm".

Hə... ağzım, faldı. Bu paslı navalçalar indi yağışa yox...mənə çox yaraşırdı.

İki-üç dəqiqədən sonra məni artıq bu lənətəgəlmiş hoteldə kimsə aşkarlaya bilməzdi...

Qəribə əhvalat idi lap...

Kinoya oxşayırdı.

Endiyim yerdə kimsə hirsindən bir topa "Topaz" lotoreya biletini cırıq-cırıq etmişdi. Hirsi soyumamışdı. Bir qadın fotoşəklini də, üstəlik, didib parçalamışdı.

Küləyin bircə həmləsi bəsdi bu biabırçılığa.

Qanrılıb geri baxanda gördüm day bu tində artıq heç kim yoxdu.

Bir həsirdi, bir də Məmmədnəsir.

P.S. Xalq yaddaşımızdakı "Məmmədnəsir", qədim assuriya hökmdarı Novuxadonossordan yadigardı. Yazığı burda tutub lümlüt soyublar.

Eləyiblər bir həsir, bir də Məmmədnəsir.

 

Tatular diriləndə

Divardakı "Ey insanlar, qulaq asın mənə, bir əclaflıq etdim dünən yenə" şüarına bir başqa xətlə "Xəbər gedib çatsın lap MTN-ə!!!" nidası artırılmış yerdə həəə... dayandım. Fikirləşdim, niyə bəziləri ürək sözlərini məhz kor, lay divarlara açırlar? Səbəb nədi?

Tatulu əl qəbirdənmi xortladı bu vaxt? Yoxsa, elə mənim daxilimdən? Özümdən? Yoxsa, divardakı ən gözəgörünməz çatların birindənmi?

Ovcunun içi çox...çox dərin idi...dünyanın bütün nəzir pulları sanki sığardı bu dilənçi ovcuna.

Arxaya bir xeyli lal-dinməz addımlayıb axır soyuq divara dirəndim. Gördüm, yox eyy...divara öz ürək sözlərimi yazmasan, bu divdi, əldi nədi bilmirəm...məndən əlini üzən deyil.

- Əvvəl divara yazacaqsan ürəyindəkini. Sonra öz bədəninə.

Nə? Kim dedi bu sözləri? Bodi-art aşiqləri, həəə? Bilinmədi. Ancaq, acı həyat etiraflarımı bir gün nağıldakı kimi bu Məmmədnəsir tinində əvvəl kor divara, sonra...

Çox-çox sonra isə öz bədənimə, lap sonunda məzar daşıma yazacağım indidən bəlliydi.

Hə...həyatda əslində düz yox...tərs qanunlar işləkdi. Əvvəl həkim gəlir xəstənin üstünə, sonra Əzrayıl. Terrorçudan əvvəl jurnalist, telekamera gəlir labüd qəza nöqtəsinə. Sonra avara tamaşaçılar. Polis... Sonra...lap axırda terrorçu.

Qısası, belədi.

Bizdən sonra bir həsir qalacaq, bir də Məmmədnəsir.

 

Tale yükü

Anam Şölə xanım həmişə evimizdəki köhnə ağır kamoda kədərlə baxardı.

Sonra hamımıza:

- Kişi, oğul istəyirəm, bu kamodu yerindən tərpətsin.

- İnşallah, Həmid böyüyüb tərpədər. - Atam Qafarzadənin cavabı həmişə eyniydi. Mənə tapşırmışdı o bu ağır tale yükünü.

Evimizdə, həəəə, çoxdan, mən göz açandan köhnə Finlandiya kamodu var. Hitler zamanı istehsal edilib, deyilənə görə.

Arxasında da guya faşist nişanı, oxunulmaz qara-quralar var.

1945-ci ildə hərbi qənimət kimi Bakıya gətirilib.

Əldən-ələ ötürülüb. Sahibləri sırasında yəhudi həkimi də var, erməni taksi sürücüsü də. Ancaq bu sahiblərindən bir xatirə nişanı belə qalmayıb həmin kamod üzərində. Hamısı silinib, itib. Bircə köhnə almanca alın yazısı pozulmazdı. Arxasındadı.

- Zəlzələ də, Allah göstərməsin, bu kamodu silkələyə bilməyəcək. Zəlzələ də! Silkələnməyini, titrəməyini görmədim. Atana lap oxşayır. - anam Şölə xanım atamla həmin kamodu həmişə eyni tərəzi gözündə görərdi. Bir-birindən ayırmazdı.

Səthi çox hamardı. Bir gün dəmir pulları cibimdən çıxarıb atdım bu kamodun üzərinə.

Pulun biri, inanmazsız, böyrü üstə dik dayandı.

Lənətəgəlmiş faşizm... gör rəndələri nə qədər itiymiş.

Qısası, əlim itidir.

Kazinolara mən kimiləri buraxmırlar.

Qumarbazlığım bu faşist meydançasından qanadlanıb.

- Ana, məni yaxşı yedirt. Güclənim. Bir gün kamodumuzu mütləq divardan aralayacam. Yazısını oxuyacam.

İlk belə fürsət 1971-ci ildə düşdü əlimə.

Köhnə evimizdən ayırılıb təzəsinə köçümüz vaxtı baş verdi deşifrələmə. Kamodun kürəklərini, "ya Allah" deyib, nəhayət, soyuq divarlardan ayırdıq.

Gördük...

 

 

 

 

 

Uzaq siluet

 

Turagentliklərdən aldığım biletlə

ən uzaq üfüqlərdəki zəif bir siluetlə

Görmüşdüm onu nə vaxtsa baletdə...

sevişdim bir az, az-maz bu gün.

İşarəylə dedi, "Yükləmə...

telefon nömrəsi-filan istəmə

məndən".

 

 

Xoşlanırdı xəyanətlərdən,

 

 

bütün qacetlərdən,

bütün qəzetlərdən

göz vurdu mənə.

Musiqimizi özü bəstələdi.

Qəhvəni təkcə özü bildiyi bir üsulla dəmlədi.

Bilgisayarımın parolunu dəyişdi

hətta...

Nəfəsini hopdurdu

Bütün FB paylaşımlarıma.

Ancaq çevrilmədi, dönmədi

insana.

Hətta

Göz yaşları bütün qacetlərdən,

qəzetlərdən

ətrafına sıçrasa da...

 

 

Uzaq siluetdi.

Bu yəqindi. Bu netdi.

Heyif, o da

həyatımızdan çıxıb getdi.

 

Məndən sonra bir"Cin"(s) qalacaq

 

Kitabların, payız yarpaqlarının

bütün tirajı,

Məktəb həyətlərinin şagirdsiz peyzajı,

İnsanın ən ibtidai inancı

Mənə deyir:

"Səndən, məndən sonra paltar şkafında

bir cüt yaralı "Cin"s şalvar asılıb qalacaq...

uzun zaman yuyulmayacaq...

Kədərini uzadacaq...

Yarın vəfalı olsa,

bu cinsin yaralarını yamaqlayacaq

bir gün...

ömrünü uzadacaq...

Fəqət, ancaq xəyalda.

Realda,

ilk acı sualda

yad əllər girəcək o şalvarın cibinə...

Bir-iki saniyə keçəcək

Həyəcan içində...

Səndən, məndən sonra

Şkafda bir "Cin"s

Uzun zaman tək qalacaq...

Sanki dar ağacından sallanacaq.

Bir gün o səni inandıracaq

Bəs bir bank hesabının

Unudulmuş şifrəsi cibindədi.

Fəqət tilsimdədi

Azca bu şifrə.

Gedəcəksən uzun-uzadı fikrə.

Məndən sonra bir "Cin"s qalacaq...

Bir gün o səni qəflətdən oyadacaq...

Necə ki,

Göydən sonra bir ulduz qalacaq...

Sabaha...

 

 

 

Tamam şod

 

Xəyyam rübaisinə modern nəzirə

Həqiqəti, aldanmayın, araşdırıcı özü tapmır heç vaxt.

Həqiqət özü...özü, gəlib tapır səni, adətən.

Həmişə.

Baxmır, xəstəsən,

dirisən,

zibildəsən,

xaricdəsən,

ölüsən...

Özü gəlir qapına.

Ölü gəlir qapına,

Deyir: "bəlkə məni dirildəsən?"

***

Dünya kriminalistika dərsliklərinə düşmüş "Tamam şod" cinayət işi, müəmması da, ancaq və ancaq bax, bu cür deşifrələnə bilər.

Tapmacanın qısa məzmunu belədir.

1948-ci ildə, uzaq Avstraliyanın Adelaida şəhərində qəribə hadisə qeydə alınır. Şəhər çimərliyində naməlum bir kişinin cəsədi aşkarlanır.

Mərhum çox güclü, gizli bir zəhərin təsiri ilə dünyasını dəyişmişdi. Kriminalistlər o vaxt bu işə çox diqqət verirlər. Hesab edirlər o, "Soyuq müharibə" qurbanıdır. Bəlkə də məxfi sovet agentidir. Yaxınlıqdakı nüvə-raket poliqonunda nəysə axtarıb və s. və ilaxır.

Ən vacibi - cəsədin cibindən kiçik kağız parçası çıxır. Üzərindəki "tamam şod" yazısı bir müddət kriminalistləri çaşbaş salır. Axır, bəlli olur ki, bu ifadə ölməz Xəyyama məxsusdu.

Həyatın, faniliyini, boşluğunu göstərən bu kağız parçası dünya kriminalistlərini indiyədək düşündürür. Həlak olmuş şəxsə məxsus daha bir dəlil - çamadan, az sonra şəhər vağzalının saxlama məntəqəsində aşkarlandıqdan sonra, məsələ daha da şişir.

Qısası, cinayət işi "Tamam şod" adını alaraq, dünyanın, kriminalistikanın ən böyük sirrinə çevrilir.

Dedektivlər bu işi (Tamam Shud Case) kriminalistika şkalasında ən vacibi bilərlər. Sonralar bu işlə bağlı digər dəlillər də, faktlar da aşkarlanır.

Şeirin qoparıldığı Xəyyam "Rübaiyyat"ı (ingiliscə) sonradan bir başqa yerdə tapılsa da, bununla iş bitmir. Daha da qəlizləşir. Bəlli olur ki, həmin kitabda çox məxfi bir informasiyanın şifrəqramı da mövcuddur.

1948-ci il...Soyuq müharibə günləri...atom, raket sirləri...çimərlikdə aşkarlanmış cəsəd, bədəndəki zəhər izləri... və...

Və ölməz Xəyyamın "Tamam şod" rübaisi...

Hə...mənzərə gördüyümüz kimi çox qəlizdi.

***

Bir gün televizorda məşhur sovet dramaturqu Lev Şeyninin ssenarisi ilə, 1964-cü ildə çəkilmiş "Boy bez pravil" filminə baxarkən, birdən barmağımı dişlədim.

Sonra Lev Şeyninin bioqrafiyasını oxuyub lap sarsıldım.

Lev Şeynin, o vaxtkı sovet hüquq işçilərinin ən ciddi kadrıydı.

1937-ci il repressiyalarının baş cəlladı prokuror Vişinskinin müavini vəzifəsində çalışıb.

Kirovun qatili sayılan Nikolayevi də məhz o dindirib, biləsiz.

Gördüm, filmdə "Tamam şod" müəmmasını həll edəcək məqamlar az deyil.

Ssenari belədi: 1946-48-ci illər...Sovet və Amerika mütəxəssisləri raket texnologiyaları mövzusunda ciddi casus oyunlarına start verirlər.

Ceyms Qreyvud adlı bir ABŞ casusu xəyyamşünas İran alimi adı altında Moskvaya ezam edilir. Sənəddə göstərilən "Əli Qacar" adı saxtadır.

Moskvada keçirilən dünya xəyyamşünaslarının konqresində bu saxtakar tutularaq sovet kəşfiyyatına təhvil verilir. Qazamata girərkən xahiş edir ki, ona Hafizin şeirlər kitabını versinlər: "- Po moey prosğbe, - prodoljal Qreyvud, - mne dali v kameru stixi Omara Xayəma i vaş uqolovno-proüessualğnıy kodeks. Ə s interesom izuçaö to i druqoe. Statğə dvesti şestaə daёt mne pravo xodataystvovatğ o dopolnenii sledstviə".

1948-ci ildə baş tutan bu hər iki hadisəni tutuşdurdum.

Faktlar arasında sözsüz ciddi əlaqə mövcuddu.

Görünür, Ceyms Qreyvud nisbi adı altında gizlənən bir ABŞ casusu 1947-48-ci illərdə həqiqətən, İran alimi Əli Qacar adı altında Moskvada həbs edilib. Sonra, görünür, Avstraliyaya göndərilib. Necə və nə cür, niyə? - indi, buna cavab verə bilmərəm. Məqsəd, sözsüz atom-raket texnologiyaları ilə bağlıydı. Ancaq, səfər əsnasında nəsə alınmayıb. Nəticədə casus, ya özü intihar edib, yaxud onu öldürüblər.

Filmə diqqətlə baxsaz, orda digər çox ciddi incəliklər, gizlinlər də var.

Qorxulu Hollivud filmlərinin ilk rejissoru Alfred Hiçkoka da yaxşı baxın. Filmlərnin hər birində bir qapalı mücrü, yaxud ağzı bağlı ağır çamadan görəcəksiz. Hiçkok buna "MacGuffin çamadanı" deyirdi. Çamadanın açılmasını, öz müasirlərinin deyil, gələcək nəsillərin ixtiyarına buraxırdı.

Lev Şeynin də oxşar "MacGuffin çamadanı", bağlı mücrü atıb öz ssenarisinə. Filmdəki əməliyyatçı zabitinin "Lartsev" adını daşımağı da bununla bağlıdır. "Larets" rusca "qapalı mücrü" mənasını verir.

***

Həqiqəti, aldanmayın, araşdırıcı özü tapmır heç vaxt.

Həqiqət özü...özü, gəlib tapır səni, adətən.

Həmişə.

Baxmır, xəstəsən,

dirisən,

zibildəsən,

xaricdəsən,

ölüsən...

Özü gəlir qapına.

Ölü gəlir qapına,

Deyir: "bəlkə məni dirildəsən?"

P.S. Ömər Xəyyam eyniadlı rübaisinə müasir, modern nəzirəmdir bu mənsur şeirim.

Tək bu deyil...bütün digər mövzuların da nöqtəsini o - ölməz Xəyyam qoyub.

Tamam şod.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!