Şeirlər - Kənan HACI

Kənan HACI

Əllərim

Mən həyat yollarını əllərimlə yeridim,

ayaqlarımla deyil,

taleyimin üzünü

əllərimlə köçürdüm ağ kağıza,

gözlərim şahiddir

başıma gələnlərə...

indi hər kəs məni

əllərimdən tanıyır,

çox vaxt ayaqlarım gedə bilməyən yerlərə

əllərim gedib çatıb,

ayaqlarım şahiddir...

Nə yaxşı əllərim varmış,

bir az zirək, bir az ürək əllərim,

yıxılmayan ömrümə

ürək-dirək əllərim...

19.04.2023

 

***

Pulqabım həmişə ümidlə dolu oldu,

ümidlə isindi ciblərim,

ürəyimi üşüdən pulsuzluq

xroniki xəstəliyə çevrildi,

döş cibimdə yuva qurdu təzyiq dərmanı,

arzular naziri postundan

istefa verdim,

taleyə təslim etdim bu canı,

keçdikcə günlər, azaldıqca ömür

böyüdü çarəsizliyim...

Artıq buralarda ömrü ələ keçirmiş

əbədi bir qış var,

bəlkə

yanlışda da bir naxış var...

10 may, 2023

 

***

Heç nəyim qalmayıb sənə verməyə,

bircə ürəyimdən savayı, heç nə.

Yəqin ki, onu da sən istəməzsən,

odur ki, getməyək daha dərinə,

sən öz yolunla get, mən öz yolumla.

11 may, 2023

 

"Atamla söhbətlər"

silsiləsindən

 

Atamın şəklinə sataşdı gözüm,

zəhmli baxışdan çəkindim yenə.

Ovcumu yandırdı siqaret közü,

bir az yığışdırdım özümü yenə.

 

Şəklinin önündə ayağa durdum,

sandım yenə məni danlayacaq o.

Boş qoyub gəlmişdim o doğma yurdu,

bəlkə, bəlkə məni anlayacaq o...

 

Danışa bilmədim uğurlarımdan,

günahım bənd kimi kəsdi yolumu.

Günahım yapışdı ayaqlarımdan,

bağladı əlimi, tutdu qolumu.

 

Qayıda bilmədim ata yurduna,

qaytara bilmədim ata yurdumu.

Arabir baş çəkib tək məzarına,

deyirəm: bağışla bivec oğlunu.

 

Şəkildən siqaret tüstüsü qalxır,

fikri uzaqlara dəyib qayıdır.

Deyən, şəkildə də atam darıxır,

şəhərdən o, yenə kəndə qayıdır...

16.05.2023

 

***

Günəşi nuş etdim, canım isindi,

Külək boğazımdan keçmədi, neynim.

Mən öz əllərimi yeyib bitirdim,

Bilək boğazımdan keçmədi, neynim.

 

Köynəkdən ayrılan düymədi baxtım,

Saman tayasında iynədi baxtım.

Ayları, illəri neylədi baxtım,

Fələk boğazımdan keçmədi, neynim...

17 may, 2023

 

İkimiz

 

Ötən ömrə bəraətdi bu sevgi,

gəl, bu hissə təslim olaq ikimiz.

Kim desə ki, cinayətdi bu sevgi,

sevgimizə vəkil olaq ikimiz.

 

Bax gözümə, özünü gör gözümdə,

gözəlliyə mat qalarsan özün də.

Bir söz deyim, amma çıxma sözümdən,

bir kadrda şəkil olaq ikimiz.

 

Qaçıb yenə gözlərimin yuxusu,

nəfəsimdə saçlarının qoxusu.

İslanmışın yağışdan nə qorxusu?!

Bir günaha şərik olaq ikimiz...

22.05.2023

 

Sonuncu dərviş

 

İnsanların dünyagirliyi dünyanın

rahatlığını pozur. Dünyanı rahat

buraxmaq istəmirlər. Onəlli yaxasından yapışıb nəfəsini kəsirlər. İnsanların TAMAHı az qala, dünyanın özünü də əzib keçir. İnsanın doymaq bilməyən iştahası artdıqca dünya da balacalaşır. Yeyib bitirirlər dünyanı... Bir zamanlar İnsan Təbiətdən aman diləyirdi,

indi Təbiət İnsandan mədət umur...

 

Sonuncu dərvişəm mən yer üzündə,

Nə vəzifəm oldu, nə pulum-param.

Bir ölmüş adam var mənim içimdə,

Dostlar arasında gəzən məzaram...

 

Dostlar, qədim dostlar, antikvar dostlar,

Sözün şəhidinə yas saxlamazlar,

Böyründən saymazca ötüb keçərlər.

Sözü pilləkana çevirər onlar,

Dost adlı məzarı basıb keçərlər.

 

Bu xırda adamlar, kiçik adamlar

Haçan böyüdülər, haçan şişdilər?

O kiçik komalar, o kiçik damlar

İmarət oldular, saray oldular?!

Bu xırda adamlar, kiçik adamlar

Divtək böyüdülər, divtək şişdilər...

 

Gördün tək qalmısan ömrün düzündə,

Gəl, qoşul sonuncu dərvişə sən də.

Bağışla, bağışla bütün dostları,

Gedək... Gedək üzü Allaha sarı!!!

27 may, 2023

 

***

Taleyimiz bizdən güclüdür,

neyləsək də, ömür keçər,

sonda xatirələr qalırsa,

yetər...

28 may, 2023

 

***

Sənə buludsuz göy üzü necə yaraşır, göyərçin,

Xəyallarım da sənintək orda dolaşır, göyərçin.

 

Qanadlarını ver mənə, özüm də uçum yanına,

bu yer adlı cəhənnəmdə ruhum darıxır, göyərçin...

 

Balıq nəfəsli Kür çayı susub, xəyala qərq olub,

Səndən xəbərsiz şəklini çəkib çıxarır, göyərçin.

 

Kağızdan bir "quş" düzəldib atdım sən uçan ünvana,

Sən nəfəsinlə ruh verib onu canlandır, göyərçin.

 

Qanadın yorğun düşəndə sənə qanad verəcək o,

Allahı görsən, de, insan səni çağırır, göyərçin.

16 iyun, 2023

Neftçala

 

***

Dünəndən buludun gözü yerdədi,

Deyəsən, özünə yuva axtarır...

20 iyun, 2023

 

İdilliya

 

İtlər hürür,

kal səsləri qaranlığa xal salır,

quşlar diksinirlər yuvalarında,

yorğun kəndlilərin yuxusu qaçır.

Təndiri qalamaq lazımdı,

ot biçini yarımçıq qalıb,

dərzlər tayalanıb, kölgəsi dinclik yeri...

Quşlar səslərilə naxış vurur səhərə,

sığırçınların səsi

qapı zəngi kimi oyadır məni yuxudan,

dəmirağacdan asılmış yelləncəyə minib

qayıdıram atalı-analı günlərə,

iyirminci əsrə...

Gün çırtlayır ağacların başında,

Günəşdən əvvəl oyananların

sevinci dünya boyda,

bu yaşıl çətirin altı möcüzə,

dünya nağıl kimi şirin görünür,

uşaq yaddaşımın dibi görünür...

sözlər də ballanıb düşür vərəqə

şipşirin meyvə kimi...

30.06.23

 

Qəbələ

 

Meşə düşüncələri

 

Darıxmaq ən böyük mükafatımdır,

yəqin cənnətdə də darıxaram mən.

Cəhənnəm odunda darıxar canım,

hər yerdə bəhanə axtararam mən.

 

Darıxmaq mənimçün istirahətdir,

dostlar məclisində xəyala dallam.

Darıxmaq mənimçün bir ibadətdir,

bir dəftər, bir qələm yollayan ola.

 

Xəlvətcə, səssizcə aradan çıxım,

tənhalıq gözləyir məni obada.

Ağ vərəq üstündə şimşəklər çaxır,

itirəm meşənin boz dumanında.

 

Ürək bir daş üstə bitən çiçəkdi,

çiskin, çən görəndə əsir, titrəyir.

Bulud gözlərini sıxır meşəyə,

bulaqlar sübhəcən nəğmə söyləyir.

Belə darıxasan, tənha qalanda,

ağaclar başına göy çətir tuta.

Yarpağın ovcunda yağış qalanda

bir yaşıl fincanda fırtına qopa.

 

Bəhanə gəzirəm darıxmaq üçün,

qalxıram meşəyə, enirəm çaya.

darıxmaq hissimi soyutmaq üçün

şəlalə özünü yetirə haya.

 

Burda darıxmağın keyfi başqadır,

darıxır uçurum, darıxır dərə.

Sığırçın darıxır, dələ darıxır,

darıxmaq yaraşır şux meşələrə.

 

Bir sərin meşədə at minib çapdım,

gördüm ki, bu köhlən at da darıxır.

Çaylar selə dönüb çağladı, daşdı,

bu Dəmiraparan çay da darıxır.

 

Belə gözəllikdə mən də darıxdım,

oturub bir dəmirağacın altda

bir əlcə kağızı tamam qaraltdım,

quzular mələşdi yaxın elatda.

 

Yəqin quzular da belə darıxır,

ovutmur onları çobanın neyi.

Darıxır bu yerin südü, qaymağı,

inəyin ağzından axır seliyi.

 

Asfalt kənarında tikan qırpırlar,

qəzəbdən adama cumur düyələr.

inəklər süd vermir, gözün qırpırlar,

pendir tuta bilmir qızlar, gəlinlər.

 

Şəhərdən gələnlər südsüz qalırlar,

şor, pendir çatışmır süfrə başında.

Gedək dağ döşündə bir çadır quraq,

qoy sükut darıxsın bir az maşında.

 

Gülsün üzü sacda bişən lavaşın,

dağ başında qara baxıb darıxım.

Yar saçına ətir səpsin yağışı,

qar kimi ağ yara baxıb darıxım...

3 iyul, 2023

Qəbələ, Sərin meşə

 

***

Bu qış köynəyimin

yaxası sırsıra bağlayıb,

durmuşam taleyin yol kənarında,

yazı gözləyirəm -

sinəmi açım Günəşə -

bir az dərdləşək...

20.07.23

 

Xatirə mücrüsü

 

Günəş bayrağını sancıb səmaya,

dənizin yaddaşı oyanır insan səsləriylə,

mənsə, sahillərdə itirdiyim sevgini axtarıram,

dəniz gülür mənə dalğa-dalğa gözləriylə

və deyir:

sən elə o vaxt zəncirlənmisən

burda çopur bir qayaya,

şəkliniz solub sularda,

iziniz ötən əsrin son akkordlarını vuranda

xəbərsiz idiniz sevgi nəğməsinin bitəcəyindən...

Sən başqa əsrin adamısan, dostum,

görürsən, gözəllər yanından etinasız keçir,

belə yaralayır adamı amansız zaman...

Kefini pozma, adam,

sənin sevgin

dənizin xatirə mücrüsündə qorunur bəlkə,

en suların dərinliyinə,

ordadır axtardığın xəzinə,

amma çalış, batma, adam!..

21 iyul, 2023

Buzovna


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!