Xatirələr
Gözümdə cilvələnib canlı-canlı xatirələr,
Sığışdı bir anıma hər zamanlı xatirələr!
O yanda bəxtəvər anlar, bu yanda ağrı-acı,
O yanlı xatirələr, ahhh! Bu yanlı xatirələr!
Dolub təsəvvürümün izdihamlı boşluğuna
Adam-adam dikəlir şanlı-şanlı xatirələr!
Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var,
İçimdə isti, ilıq, sən gümanlı xatirələr!
Canımda çillə günü yalquzaq hənirtisidi,
İçində qurd ulayan sıx dumanlı xatirələr...
Nə arzular, nə ümidlər, həvəslər öldürdük!
Qarışdırır yuxumu qanlı-qanlı xatirələr...
Taxıldı barmağına bir şəhid səadətinin
Ömürlük ayrılığıyla nişanlı xatirələr...
Çəkildi xəlvətə qəddar dilində lal sükutun
İtib-batır qocaman, adlı-sanlı xatirələr...
Nə duyğular yaşadıq! Kaş-kaş, heyf-heyf,
"Sənöl-mənöl"lü, belə, and-amanlı xatirələr!
Soyuq vücudun, Əvəz, xatirata abidədir,
Unutdurarmı səni istiqanlı xatirələr?!
Öyrəşdirdim
Nəfsimi çox da iki öynəyə öyrəşdirdim,
Ağzımı boş-boşuna çeynəyə öyrəşdirdim.
Bu yara day məni qoymaz səni yaddan çıxaram,
Qoparıb qaysağını göynəyə öyrəşdirdim.
Ürəyim buz kimi qalmaz bu soyuqluqlarda,
Canımı çillə günü köynəyə öyrəşdirdim.
Üzülüb xəstə canım, iynə gözündən keçdin,
Ara yerdə səni də iynəyə öyrəşdirdim.
Mənə dövran nə yedizdirdisə uddum getdi,
Səbrimi "eybi yox"a, "neynəy"ə öyrəşdirdim.
Boş yerə el deməyibmiş buna "öyrənmiş can",
Vallah, öyrəşdi elə hey, nəyə öyrəşdirdim.
Bilmirəm saqqızımı harda oğurlatdım, Əvəz,
Ağzımı boş-boşuna çeynəyə öyrəşdirdim.
Tapıldı
Kimsə anlamadı itirdiyini -
Bir şair evində ölü tapıldı.
İntihar məktubu axtarırdılar,
Cibində beş qəpik pulu tapıldı.
Arsız qapılarda dabanı çıxdı,
Mədəni bildiyi yabanı çıxdı.
Evindən yarımçıq divanı çıxdı,
Qalan əşyaların külü tapıldı.
Dünya dilindəki sözə dəymədi,
Ona atılanlar sizə dəymədi.
Nekro-gicləmələr gözə dəymədi,
Qəddar səssizliyin dili tapıldı.
Bəlkə bir gecəsi min aya düşdü?
Bir sözü min dənə mənaya düşdü.
Yoxsa, şəhid oldu, minaya düşdü?!
Hansısa şerdə qolu tapıldı...
Bitdi o günəşin vaxtı o gecə,
Bir ulduz göylərdə axdı o gecə.
Bir bulud doyunca yağdı o gecə,
Bir cüt də göz vardı, dolu tapıldı.
Mən niyə çatmıram bu qonaqlığa
Deyirdin, bağların bar vaxtı gəlib,
Ağaclar başını əyir qurtarır.
Deyirdin, gözlərin gün işığıdı,
Görəndə almalar dəyir, qurtarır.
Yenə o həminki yolu gəlirəm,
Aşıb o çəpəri, kolu, gəlirəm.
Sənəcən ürəyi dolu gəlirəm,
Hər sənə çatanda... şeir qurtarır.
Bir gün bu "Allahın fağırı" itir,
O bağın o köhnə cığırı itir.
Kimin ayağının uğuru itir?
Kimin əllərində xeyir qurtarır?
Xaş bişir gecədən baş-ayaqlığa,
Göz dolub-boşalır köhnə sağlığa.
Mən niyə çatmıram bu qonaqlığa?
Hamı mən gəlincə, yeyir-qurtarır...
Yaxşılıq görməyə elə acam ki...
Gözümü açandan qaçhaqaçdayam,
Ömrümü yollara səpirəm, abi!
Bəlkə də bir yana çıxmadım özüm,
Baxma, kimlərəsə ləpirəm, abi!
Dərdimi dillərdən yan gəzdirirəm,
Dilimdə bir ovuc qan gəzdirirəm.
Bir-iki xurmaya can gəzdirirəm,
Mən ki nə dərvişəm, nə pirəm, abi!
Hayana üz tutub, nə umacam ki?!
Elə qapanmayıb qapı-bacam ki...
Yaxşılıq görməyə elə acam ki,
Görəndə gözümə təpirəm, abi!
Yalan otururlar, yalan dururlar,
Haqqı büt başına dolandırırlar.
Elə ürəyimi bulandırırlar,
Az qalır hər şeyə tüpürəm, abi!
Harda dolaşıq var, rastıma çıxır,
Çözürəm, bir ucu dostuma çıxır.
Zibil qalaqlanıb üstümə çıxır,
Bilmirəm, hansını süpürəm, abi!
Gözümüz dikilib sabaha, qalıb,
Nə ucuz tapılır, nə baha qalıb.
Sən get yat, mənimki Allaha qalıb,
Gecən xeyrə qalsın, öpürəm, abi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!