Bu qızın
Həsrətini göy çəmənə sərəsən,
Özgə bağın, gülün necə dərəsən?
Kim incidib, kim ağladıb görəsən?
Kim siləcək göz yaşını bu qızın?
Gözlərində şimşəklərin çaxışı,
Hər sevənin olmaz baxtı, naxışı.
Yuxusuna yağar hicran yağışı,
İsladacaq balışını bu qızın.
Dinən deyil, susan, elə susacaq,
Ürəyi daş baxıb gülə, susacaq.
Könül qıran, yaxasından asacaq
Ömrü boyu qarğışını bu qızın.
28.11.2024
Əvvəllər dünyamız
belə deyildi
Əvvəllər dünyamız belə deyildi,
Südünə hələ su qatılmamışdı.
Heyif, tərəzinin gözü əyildi,
Qeyrət də, namus da satılmamışdı.
Əvvəllər dünyanın düz vədəsiydi,
Otlayan görərdin qurdla qoyunu.
Kəlmə vədəsiydi, söz vədəsiydi,
Düzgün oynayırdı hər kəs oyunu.
Gecələr söhbətə yığışardılar,
Doğmalıq dəb idi, ənənə idi.
Hərdənbir qohumun kənddən gələndə,
Evində qalırdı, otel nə idi?!
Ümid dirildəndə, güman öldürür,
Hərəsi bir cürə şərikdi dərdə.
Gənclik vaxt öldürür, zaman öldürür,
İnternetdə, sosial şəbəkələrdə.
Bilmir ki, neyləsin bu dünya fağır,
Daha sevincdən çox kədər doğulur.
İndi yağışlar da şıdırğı yağır,
İndi asfalt üstə adam boğulur.
Səbr edib dözməyi öyrənmişəm mən,
Dünya gözəl imiş, ümid gözündə.
Görsən ki, dünyadan iyrənmişəm mən,
Tanrım, qoyma qalım bu yer üzündə.
21.11.2024
Oğlum
Hamının gözündə dağam, qarım yox,
Sözümdən savayı elə varım yox.
Demirəm mələyəm, günahlarım yox,
Nə üzü qarayam, nə ağam, oğlum.
Səhv edib, ümmanda batandan öyrən,
Aranı vurandan, qatandan öyrən.
Özgədən öyrənmə, atandan öyrən,
Özüm imtahanam, sınağam, oğlum.
Məni ayaq üstə saxlar inadım,
Sənsən bu dünyada qolum, qanadım.
Görmüsən haqsıztək çəkilsin adım?
Nə danlaq, nə də ki, qınağam, oğlum.
Dostun qəlbin oxu, niyyətini bil,
Yoxla etibarın, qeyrətini bil.
Ananın qədrini, qiymətini bil,
Mən anam sarıdan sınığam, oğlum.
Özün bil, demirəm kimə, nəyə bax,
Elə ki, yuxudan durdun, göyə bax.
Hər gün ovcundakı xoşbəxtliyə bax,
Sənə beş-on günlük qonağam, oğlum.
10.05.2024
Vurulmaq
Sevdiyini hamı bilir elə bil,
Könlün uçur, ruhun gülür elə bil.
Gözlərinə işıq gəlir elə bil,
Ahıl yaşda nə gözəldi vurulmaq.
Kövrəlirəm bu dünyanın heçindən,
Başaq-başaq sevgi yığdım biçindən.
Bulaq kimi durulursan içindən,
Ahıl yaşda nə gözəldi vurulmaq.
Görməmişdim məni məndən alan göz,
Ürəyimi alovlara salan göz.
Qismətimmiş bir sarışın, alagöz,
Ahıl yaşda nə gözəldi vurulmaq.
Sinəm üstə həsrətimin pəncəsi,
Ələ düşməz bir də belin incəsi.
Açılıbdı ümidimin qönçəsi,
Ahıl yaşda nə gözəldi vurulmaq.
11.11.2024
Məni yerişimdən
tanıyır payız
Payız şələsini qoyub çiynimə,
Götürüb aparam gərək, qışacan.
Mən necə sevinci geyim əynimə?!
Hələ kövrələcək ürək qışacan.
Daha buluddan da nəm çəkir torpaq,
Dumanlar sürünüb, dağ aşır indi.
Budaqda öpdüyüm yamyaşıl yarpaq
Yerdə ayağıma dolaşır indi.
Xəzəllər oxuyur, susur dil, dodaq,
Bilmirəm, payıza nəyi diləyim?
Ağlayır küləyin qırdığı budaq,
Külək uşaq deyil, tənbeh eləyim.
Payızda gümanın yel qanadı var,
Daha üzü gülmür yerin, göyün də.
Ayrı ləzzəti var, ayrı dadı var
Ayın işığında yol getməyin də.
Hardasa bir qərib qönçə darıxır,
Açammır, özünü qınayır payız.
Hara gedirəmsə, qarşıma çıxır,
Məni yerişimdən tanıyır payız.
04.11.2024
Sarışın dağlar
Küsməyin, payızla barışın, dağlar,
Yeri var qışın da, güllü yazın da.
Gözəl qız kimidi sarışın dağlar,
Yenə ədasında, yenə nazında.
Çöl, çəmən əsirdi yelin əlində,
Dağların gözünü kaş aran görə.
Dərənin yaxası selin əlində,
Çətin bir gün görə, güzəran görə.
Yağış qəribsəyər torpaqdan ötrü,
Yağsa vədəsində, torpağa candı.
Hər budaq darıxar yarpaqdan ötrü,
Yarğanlar xəzəllə ağzınacandı.
Sol tərəfim meşə, sağım şəlalə,
Min ildi eləcə axır, çağlayır.
Bəlkə anasıdı dağın şəlalə,
Hönkürə-hönkürə dərdin ağlayır.
24.10.2024
Mənim ürəyimi
qarla yuyublar
Məni, gözlərimə baxıb duyublar,
Könlüm dağ başında zirvə qarıdı.
Mənim ürəyimi qarla yuyublar,
Yağışla yuyulan ürək ayrıdı.
Gecə göyə uçub ulduz dərəsən,
Şair xəyallara dalmasa, olmaz.
Hər səhər ruhunu günə sərəsən,
Günəşdən odunu almasa, olmaz.
Bezib döyünməkdən sinəndə bəlkə,
Çıxart ürəyini qoltuğuna vur.
Qoyma ki, üstünə düşə bir ləkə,
Hədiyyə yerinə sevdiyinə ver.
Ümidə bələnib ərkin əlləri,
Gül bitib arzumun yolları üstə.
Heç vaxt sıxmamışam çirkin əlləri,
Ölərəm saflığın qolları üstə.
25.10.2024
Gördüm
Güzgüyə baxanda kövrəldim bir az,
Payızı gözümün içində gördüm.
Ömrün mənasını boş günlərimin,
Ayların, illərin heçində gördüm.
Arzumu gül kimi dərmək istədim,
Dərib bir çəmənə sərmək istədim.
Həsrətin şəklini görmək istədim,
Uçan durnaların köçündə gördüm.
Gəncliyin hər anı necə xoşuydu,
Ümidim göylərdə süzən quşuydu.
İştaham olanda süfrəm boşuydu,
Payımı baxtımın gecində gördüm.
Döyür qapımızı hər səhər yalan,
Bu zəhrimar yalan, bu zəhər yalan.
Neynim, gedib-gələn nəfəslər yalan,
Düzlüyü beşində, üçündə gördüm.
Tapmazsan, axtarma, yeri bilinməz,
Məkanı min yerdə, biri bilinməz.
Səbri dağdan ağır, sirri bilinməz,
Tanrını əbədi gücündə gördüm.
15.10.2024
Göy adamı
Ruhum qaçaq düşür bəzən payızda,
Özüm də bilmirəm nəçiyəm, nəyəm?
Məni axtarmayın, axtarsanız da,
Tapa bilməzsiniz, göy üzündəyəm.
Qoymur ki, darıxam tənha qalanda,
Ulduzlar nökərdi, Ay da ki, ağa.
Yuxusuz olanda, yorğun olanda
Ayı göndərirəm yuxulamağa.
Hər ulduz baş əyir mənə, pirəm ki?
Mələklər qoymadı boynumu burum.
Bu necə arzudu, istəyirəm ki,
Buluddan özümə alaçıq qurum.
Göylər əvvəlkitək yaraşığında,
Qarşıma çıxar dağ, dərə, qayıtsam.
Dərdlərim qurumaz Ay işığında,
Gözümdə nəm qalar yerə qayıtsam.
29.09.2024
Səni axtarıram anam,
hardasan?!
Haray yox nə göydən, nə yerdən mənə,
Nə Kəbə evindən, nə pirdən mənə.
Bəzən dərs keçirdin səbirdən mənə,
Səni axtarıram anam, hardasan?!..
Ümidsiz olanda əsirəm tir-tir,
Alışıb yanıram, özünü yetir.
Nə işlər düzəlir, nə ömür bitir,
Səni axtarıram anam, hardasan?!.
Keçmişəm neçə tin, döngə, gəlmişəm,
Elə bil həyata cəngə gəlmişəm.
Kədərin əlindən təngə gəlmişəm,
Səni axtarıram anam, hardasan?!.
Deyirdin, Tanrını çağır köməyə,
Süfrəndə yer vermə özgə əməyə.
Alışdır özünü zəhər içməyə,
Səni axtarıram anam, hardasan?!.
Solum qar, sağım qar, arasındayam,
Sanki qışla bahar arasındayam.
Nə olsun doğmalar arasındayam,
Səni axtarıram anam, hardasan?!.
Həsrətəm, bir doğma üz istəyirəm,
Könlümü oxşayan söz istəyirəm.
Başımı qoymağa diz istəyirəm,
Səni axtarıram anam, hardasan?!.
06.07.2024
Ay ana
Yenə də yolları yorub gəlirəm,
Elə bil boynumu burub gəlirəm.
Sənin görüşünə durub gəlirəm,
Bilmirəm sənə nə alım, ay ana!
Sənsizəm, ürəyim tənhadı, təkdi,
Əlimə yatmayan hansı ətəkdi?
Ümidim ballanıb, pətək-pətəkdi,
Bəs niyə zəhərdi balım, ay ana!
Mehrin dəmiri də bəzən əyirdi,
Mənə atılan daş sənə dəyirdi.
Sən nahaq dünyanı tərifləyirdin,
Dünya zalım imiş, zalım, ay ana!
Ömür ilmə-ilmə sökülüb gedir,
Həsrətə, hicrana bükülüb gedir.
Hər payız bağımda tökülüb gedir
Dəymişin yerinə kalım, ay ana!
Bir gəl, süfrəmə bax, gör nəyim gəlmir,
Təndirin hardadı, çörəyim gəlmir.
Səni oyatmağa ürəyim gəlmir,
Bəlkə sənə laylay çalım, ay ana!
Hardasan, qəlbimi üzəni görüm,
Çıx bulud dalından, qoy səni görüm.
Bu gün istəmirəm kimsəni görüm,
Ruhunla baş-başa qalım, ay ana!
04.01.2024
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!