Şeirlər - Adil Cəmil

Darıxır yazı masan

Otuz beş yaşında dünyasını dəyişən görkəmli qırğız şairi Alıkul Osmonovun ev-muzeyində düşündüklərim

 

Bu pəncərədən baxardın

boz-bulanıq dünyaya.

Bu evdən boylanardın

Günəşə, Aya.

 

Gecələrin zülməti

əriyərdi bir anda

qəlbinin işığına.

Çəkdiyin acılara gülərdin

taleyin acığına.

Uşaq evində böyümüşdün,

amma uşaqlardan böyük idin -

düşüncənlə,

ağlınla,

fərasətinlə.

Qalmamışdın həyatda

yetimlik xislətinlə.

Bu dərdi atmışdın

yaddaşın bucağına.

Qəlblərə girmək üçün

misra-misra közərdin

taleyin acığına.

Darıxır yazı masan:

- Alıkul, hardasan?

Saralmış kağızlarda

yol çəkir gözləri

yarımçıq misralarının - könül varının...

 

Bu evdə son dəfə

bağrına basdın ölən övladını.

Bu evdə son dəfə gördün

çıxıb gedən arvadını.

Bu evdə sonuncu qanlı öskürək,

bir də tıxanan nəfəs yolu

aldı qırğız elindən

otuz beş yaşlı Alıkulu...

8 noyabr 2024, Bişkek şəhəri

 

Gəlin unutmayaq

 

Tənhalıq yad deyil bəşər əhlinə,

Bu boyda dünyada hər insan təkdir.

Bədən ölüb gedir, ruh yaşayırsa

Ölüm ölmək deyil, yer dəyişməkdir.

Adamın əl izi üst-üstə düşmür,

Adamın səsi də eyni səs deyil.

Dünyada xeyirxah bir iz qoyanda

Məzar ölənlərə dar qəfəs deyil.

Yurduna vəfalı fədailər də

Bəzən yaddan çıxır tək bircə anda.

Gəlin unutmayaq, unutmayaq ki,

Adamlar ölürlər unudulanda...

31 may 2024

 

Qalmadı

Hər şeyi o qədər gözdən saldılar

Gözdən salınmağa nəsə qalmadı.

Yaxşı da, yaman da gəldi-gedərmiş,

Bu dünya yaxşıya, pisə qalmadı.

Ruhuna qovuşduq yeni dönəmin -

Yayda yaylağımın, qışda binəmin.

Toxundu hanası Fatma nənəmin

O dağlar dumana, sisə qalmadı.

Bir canıq - möhtacıq quru nəfəsə,

Sevgidir gətirən bizi həvəsə!

Ömür-gün qısadır, yolları kəsə,

Kim deyər yollarım kəsə qalmadı.

25 noyabr 2024

 

Anama bənzəyən bacım

Bacım Xalidəyə

 

Bəyaz saçın gümüşüdür,

Anama bənzəyən bacım.

Bu da Allahın işidir,

Anama bənzəyən bacım.

Sən anamın tək bənzəri,

Çox çəkmisən dərdi, səri.

Oxşarlığın şah əsəri -

Anama bənzəyən bacım.

Üzündə anamın üzü,

Gözündə anamın gözü.

Özüsən, anamın özü,

Anama bənzəyən bacım.

 

21 dekabr 2024

 

Eynəkli ilan

Təbiət yetirən bu ilanların

Vardır naxışlısı, vardır zərlisi.

İlanlar özü də çəkinir ondan -

Eynəkli ilandır ən zəhərlisi.

Mənim də eynəkli bir tanışım var.

Zəhər tuluğudur, ağu yığını.

Kimisə sancmasa yaşaya bilmir,

Dərk etmir nə üçün yaşadığını.

Girəndə məclisə zəhərli sözü

Zəhərə döndərir yemək-içməyi.

Qalsın zəhrimara belə "varidat" -

Zəhərdən savayı yoxdur heç nəyi.

23 oktyabr 2024

 

Yarımçıq işlər

 

Tale gəmisinə uğur dilərik -

Sahilə salamat yetirmək üçün.

Hamı Allahından möhlət istəyir

Yarımçıq işini bitirmək üçün.

Yerdə şütüyürük, göydə uçuruq,

Ucaqlar buluddan yuxarı uçur,

Ayımız, günümüz keçir yollarda

Ömrün qışı gedir, baharı uçur.

Nəyin var, nəiyn yox, kimsən, nəçisən,

Heç vədə Tanrının gözündən itmir.

Ay keçir, il ötür, ömür də bitir,

Yarımçıq işlərin bitmir ki, bitmir.

16 avqust 2024

 

Olmur

Ar-namus bilməyən abırsızların

Dünyada bir dərdi, bir səri olmur.

Arvad hesabına kişi olanın

Evində sözünün kəsəri olmur.

Dəyişib qibləsi imanın, dinin,

Fərqi bilinməyir şeytanla cinin,

Hər hacı olanın, hər məşədinin

Üstündə Allahın nəzəri olmur.

Ay Adil, bilinmir nə imiş qəsdin,

Min yol taleyinlə barışdın, küsdün...

İnsandan dəyərli, insandan üstün

Tanrının ikinci əsəri olmur.

24 avqust 2024

 

Kərküklü qız

Dili dilimizdən,

eli elimizdən

su sonası bir qız

otel foyesində

oturub yalqız.

Ayağa duranda görürəm

dirənib qalxdığı

qoltuq ağacını.

Ankaraya həkimə gəlib -

tapsın əlacını...

Utanır qoltuq ağacı

qızın qoluna girməyə.

Nə var ki, bunu görməyə...

Gözəlliyin Ay işığı

əridir şikəstliyin zülmətini.

Gülümsəyir kərküklü qız -

dünyadakı qızların

ən məsumu, ən mətni...

Ankara,

8 sentyabr 2024

 

Qayıtmadı o Kəlbəcər

...O Kəlbəcər qayıtmaz,

Qayıtsa yüz Kəlbəcər.

Məmməd Aslan

İtib getmiş ad qayıtdı,

Tülkü qaçdı, qurd qayıtdı.

Məmməd Aslan, yurd qayıtdı,

Qayıtmadı o Kəlbəcər.

Həsrət qaldıq yaylağına,

Diz çökmədik bulağına.

Hər kəsin öz ocağına

Qayıtmadı o Kəlbəcər.

Nə çobanın tütəyinə,

Nə arının pətəyinə,

Nə də dağın ətəyinə

Qayıtmadı o Kəlbəcər.

Cana məlhəm havasıyla,

Eli, günü, obasıyla,

Dədəsiylə, babasıyla

Qayıtmadı o Kəlbəcər.

Demə yurdun yarası yox,

Gələnlərin yarısı yox...

Qocası yox, qarısı yox,

Qayıtmadı o Kəlbəcər.

Bu yarımçıq sevincimə

Sevinmirəm, yurd, incimə...

Tamarzıyam el içinə -

Qayıtmadı o Kəlbəcər.

Var olsun ər oğulları -

Gördük gerçək nağılları...

Qayıtdı dağlar diyarı,

Qayıtmadı o Kəlbəcər.

İndi yurdun öz kirəsi,

Görən verir göz kirəsi.

Qəm üyüdür kirkirəsi,

Qayıtmadı o Kəlbəcər.

Qoca həsrət məni əymiş,

Ötən çağlar, Allah, nəymiş...

Əsatirmiş, əfsanəymiş,

Qayıtmadı o Kəlbəcər.

Qayıtmadı o Kəlbəcər!

21 dekabr 2024

 

Biz gəldi-gedərik

“Qocaldıq...” deyən dostum Cavid bəyə

Cavanlıq dediyin gözəllik imiş,

Çoxdan itirmişik biz gözəlliyi.

Qocalıq başlara qar ələyəndə

Solur təravətli üz gözəlliyi.

Bu dərd çarəsizdir, getmə dərinə -

Hay verən tapılmaz dərdi-sərinə.

Bənzəyir kül olmuş ocaq yerinə

Gözləri yandıran göz gözəlliyi.

Ömür-gün belədir, ay Cavid qağa,

Kim istər vədəsiz saça qar yağa?

Birtəhər qalxırıq vallah ayağa,

Deyirlər hər yaşın öz gözəlliyi...

Qocalıq məni də atıbdır oda,

Adili başqa kim salardı yada?

Biz gəldi-gedərik, amma dünyada

Həmişə tər qalır söz gözzəlliyi.

12 noyabr 2024

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!