Pay verərəm
Çətinliyə düşsən əgər,
Çağır, səslə, hay verərəm.
Tək çiyninə düşən yükə
Öz çiynimi tay verərəm.
Ehtiyacın olsa nəyə,
Yetməklə həmən köməyə,
Dönüb xeyirxah mələyə,
Olanımdan pay verərəm.
Varlığını sarsa kədər,
Çox darılma bundan hədər.
İstəsən bil, hər nə qədər,
Sevinci lay-lay verərəm.
Şəksiz doğma qardaşın,
Dönüb dolannam başına.
İnan, ruhunun "qışına",
Nəfəsimdən "yay" verərəm.
Çətinliyə düşsən əgər,
Çağır, səslə, hay verərəm.
Tək çiyninə düşən yükə
Öz çiynimi tay verərəm.
Torpaqdan
halallıq istəyək
Tanrım olmayan heç bir kəsir-kəmi,
Bircə "Ol" sözüylə külli-aləmi
Yaratdı, xəlq etdi babam Adəmi.
Torpaqdan bəşərin başlanğıcı tək,
Torpaqdan halallıq istəyək gərək.
Analıq hissiylə düşsə dən hara,
Cücərdir, böyüdür, yetirir bara,
Yedirir, cismində min dərd, azara
Min bir çarə verir, ki şəfa görək,
Torpaqdan halallıq istəyək gərək.
Ruhən təşnəliyi suya, Günəşə,
Onda yaradandan adi iş, peşə,
Məramı, canından nəsə bölüşə.
Bu ülvi istəyi eyləməklə dərk,
Torpaqdan halallıq istəyək gərək.
Azaltmır səyini yorulanda da,
"Yandım, yandım", deyib qovrulanda da,
Küləklər qoynunda sovrulanda da
Düşsə daş üstünə, daş göyərəcək,
Torpaqdan halallıq istəyək gərək.
Odur köksümüzdə od, közumüzdə,
Təpər dizimizdə, nur gözümüzdə,
Ona dönəcəyik bil, özümüz də.
Buna varmı söylə, məgər şübhə-şəkk?!
Torpaqdan halallıq istəyək gərək.
Müşfiq
Balaca Musazadə Səmanın istəyi ilə
Acı yazıb taleyini,
Möhür vurdu zaman, Müşfiq.
Dinləməyib gileyini,
Heç vermədi aman, Müşfiq
Bir şairdin, qəlbi kövrək,
Ruhunda saf, ülvi dilək,
İlhaminla sanki şimşək,
Dərkə sığmaz duhan, Müşfiq.
Sadiq vəfa, etibarda,
Dost, yaxına sipər darda,
Kimdən, necə olsa harda,
Haqq, ədalət uman, Müşfiq.
İradən mətin, dönməzdi,
Zəkanın nuru sönməzdi,
Həyat eşqin tükənməzdi,
Sardı onu duman, Müşfiq.
Baxmamaqla hədələrə,
Hərbə keçdin böhtan, şərə,
Özündə səndən hünərə
Edən azdı güman, Müşfiq.
Gedə bilmədin o bağa,
O sevdanı yaşamağa.
Cəlladlar qoyan qadağa,
Yaman oldu yaman, Müşfiq.
Sevənlərin intizarda,
De, hardasan, indi harda?
Xəyallarda, duyğularda,
Saysız səni anan, Müşfiq.
Arsız ola bilmirəm
Hər bir sözü ürəyimə salıram,
Çək-çevirlə düşüncəyə dalıram,
Yoruluram, halsız, heysiz qalıram.
Necə gedim qəlblə yola, bilmirəm,
Neyləyim ki, arsız ola bilmirəm.
Olsa əgər ünvanıma bir irad,
Xırda səhvdən dilimdəki aman, dad,
Bitməz, şəksiz özümə də tamam yad
Görünərəm, sakit qala bilmirəm,
Neyləyim ki, arsız ola bilmirəm.
Başqasının dərd, ağrısı, acısı,
Köksdə olur ürəyimin sancısı,
Eyş-işrətdə qohum, qardaş, bacısı.
"Baxıb keçdim?" Yada sala bilmirəm,
Neyləyim ki, arsız ola bilmirəm.
Çalışıram yol göstərəm çaşana,
Hirs-hikkəylə qaynayana, daşana,
Çılğınlıqla öz həddini aşana.
Bundan gələr mənə bəla, bilmirəm,
Neyləyim ki, arsız ola bilmirəm.
Diqqətdəyəm hər bir kəsdə hər işə,
Nəsə bəddən tez düşürəm təşvişə.
Yaşasam da bundan xeyli əndişə,
Bir kimsədən kömək ala bilmirəm,
Neyləyim ki, arsız ola bilmirəm.
Qaytar analı dünyama
Uca Tanrım, qüdrətinə yox ki, şəkk,
Yaradansan "yox"dan "var"ı edən, tək.
Əyan Sənə qəlbimdəki hər dilək,
Bəxş et, nə olar, yetə biləm an, kama,
Qaytar məni o analı dünyama.
Ver qoynuna qısılmağa fürsəti,
Cənnət olar bu qovuşma müddəti.
Qıy bəndənə, ayır cüzi diqqəti,
Ver izn ki, gələ hər gün röyama,
Qaytar məni o analı dünyama.
Təşnəsiyəm, nəfəsinin təşnəsi,
Mehri, laylam həvəsinin təşnəsi,
"Balam" deyən bal səsinin təşnəsi.
Hənirindən ruhum gələr dad, tama,
Qaytar məni o analı dünyama.
Səhvlərimi etirafla köksdə xal,
Durum suçlu qarşısında səssiz, lal.
Öpə, quca, saçlarıma əl, sığal
Çəkə, qıymaz gözlərimə qan dama,
Qaytar məni o analı dünyama.
Ağır ötür onsuz günüm, ay, ilim,
Həsrətindən yanır dodağım, dilim.
Varmı çarəm? - Hökmündə bu, nə bilim?!
Lütf et, lütf et, ola məlhəm yarama,
Qaytar məni o analı dünyama.
Xilas edək dünyanı
Əşrəfiyik, düşünmədən bu hala
Biz salmışıq, belə çar-naçar qala.
Qanmamışıq, onunla da zavala
Gələcəyik, ötürmüşük zamanı,
Gəlin, birgə xilas edək dünyanı.
Gözəlliklər birər-birər olur yox,
Azalmır ki, artır hər gün dərdi çox.
Hay qaldırır aqil, müdrik:"Çəkin, qorx,
Ayıl bəşər, yetir Nuhun tufanı",
Gəlin, birgə xilas edək dünyanı.
Gərdişini dəyişməyə elə bil,
Cəhd-səydəyik kor inadla, bax, qəfil
"Dur" deyəcək Tanrı, onda çıxar dil,
Xeyri olmaz, yalvar dilə amanı,
Gəlin, birgə xilas edək dünyanı.
Hikkəmizdən ruhundakı cəfası,
Zəhərlənib torpaq, suyu, havası.
Əlimizdə ola-ola səfası,
Gözləyirik gələ qeybdən "dərmanı",
Gəlin, birgə xilas edək dünyanı.
Bax, əriyir Arktikada buzlaqlar,
Afrikada dayanmadan yağır qar.
Eh, nə deyim, görən belə koruq, kar,
Görmürükmü bədliklərdən tüğyanı?
Gəlin, birgə xilas edək dünyanı.
Gec olar, ha, yubanmayaq bu işdə,
Laqeydliyi qoyaq qala keçmişdə.
Dərkimiz var, ağlımız var, səriştə,
Cəm, səfərbər edib hər bir imkanı,
Gəlin, birgə xilas edək dünyanı.
Yaşa
Bir ömürdür, bəxş eyləyib Tanrı sənə,
Yazmağıyla xoş, bədləri taleyinə,
Bölüb həm də asan, çətin il, ay, günə.
Təmkin göstər dözümünlə qalıb yaşa,
Dünyamızdan öz kamını alıb yaşa.
Tək deyilsən qohum, qardaş, dost, əqrəba,
Fərqlənənlər sakit, salım, kobud, qaba,
Dil tapmağa hər biriylə göstər çaba.
Ətrafını səy et, razı salıb yaşa,
Dünyamızdan öz kamını alıb yaşa.
Həmdəm varsa yan-yönündə, bədxah da var,
Məramı tək ola aləm, başına dar,
Rəhm eyləmə, baxışınla bağrını yar.
Düşmənini qartal kimi çalıb yaşa,
Dünyamızdan öz kamını alıb yaşa.
Qurub yarat, zəhmətinlə ucal anda,
Hünərinlə çətinlikdən bac al anda,
Hər addımda hörmət qazan, qocalanda,
Bal tək şirin xəyallara dalıb, yaşa,
Dünyamızdan öz kamını alıb yaşa.
Əymə boyun, yox, nəbadə kədər, qəmə,
Sevinc bəxş et, yaşamında hər bir dəmə,
Zövq dadmaqda qane olma aza, kəmə.
Şövqlə könül rübabını qalıb yaşa,
Dünyamızdan öz kamını alıb yaşa.
Həmən gözəlsən
Ağlımı başımdan alıb büsbütün,
Köçmüsən qəlbimə ilk gördüyüm gün.
Bu ahıl çağında ömrün, ömrümün,
İnan, məndən ötrü dəyişməmisən,
Gözəlsən, o vaxtkı həmən gözəlsən.
Artıb, azalmayıb çöhrəndəki nur,
Aytək şəfəq saçır, yanır, bərq vurur,
Xoş əhval yaradır ağ saçların gur,
Gözlərin atəşli candan əhd kəsən,
Gözəlsən, o vaxtkı həmən gözəlsən.
Eyni əllərinin hərarəti də,
Məhrəm baxışının məlahəti də,
Ruhunun ruhuma mehr ülfəti də,
Qalmısan necəydin əvvəl, əzəl sən,
Gözəlsən, o vaxtkı həmən gözəlsən.
Sinəndə dəyişməz saf, təmiz ürək,
Fikrində xoş arzu, ülvi pak dilək,
Zərifsən, həlimsən, yumşaqsan, ipək.
Ətrindən bənövşə, nərgizdən süsən,
Gözəlsən, o vaxtkı həmən gözəlsən.
İstəsən, and içim Yerə, göylərə
Yox, yox, bir kərə yox, lap milyon kərə.
Harda, kim nə deyir, bilmirəm, hərə,
Vallahi, billahi, gözəl, gözəlsən,
Gözəlsən, o vaxtkı həmən gözəlsən.
Bu payız
Bu payız ömrümdə əsl payızdır,
Yağışı, çiskini, xəzanı gen, bol.
Hopub varlığıma, deməyim azdır,
Qışıma aparır tutub, alıb yol.
Qınına çəkilib xəyallarım da,
Onlar da elə bil unudub məni.
Şaxtalı, sazaqlı uyğularımda,
Boz, çılpaq görürəm çölü, çəməni.
Göylərlə söhbətim tutur indi tək,
Soruram özümdən alıb cavabı.
Sinəmdə narahat çırpınır ürək,
Deyir, "mən də varam", verir əzabı.
Narazı deyiləm yox, yox, kimsədən,
Hərə öz başının hayında indi.
Mümkün kimsə dərdli, mümkün kimsə şən,
Kiməsə məndən də betər, çətindir.
Ötər bu payız da, ötər bu qış da,
Bahar nəfəsiylə qızınar canım.
Bu hal, əhvalımla şəksiz barışda,
Bitər qəlb sıxıntım, qəlb həyəcanım.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!