Könlüm quşu
qonan budaq
Nə yaxşı yerini bildim,
Könlüm quşu qonan budaq.
Sirr verdim sirrini bildim,
Könlüm quşu qonan budaq.
Kimdi - Ay kimi yarıdı,
Rəngi limondan sarıdı?!
Eşq nərdivansız barıdı,
Könlüm quşu qonan budaq.
Qəm bazarında behim var,
Tanrı qatında ahım var,
Sərraf olsa, matahım var,
Könlüm quşu qonan budaq.
Mən bir tarix, bir gərdişəm,
Belə gərdiş görməmişəm...
Üstündəki son dərvişəm,
Könlüm quşu qonan budaq.
İlham qırxlar sırasında,
Nə qalacaq mirasında?!
İki dünya arasında,
Könlüm quşu qonan budaq.
10.12.2024
Musa Uruda
İnsan mənzərələri silsiləsindən
Üzünün istisi vurur adamı,
Adam var, sifəti bumbuzdu, qağa.
Sərraflar bilirlər, adam var, şitdi,
Adam var, baxırsan, qırduzdu, qağa.
Toya gedən nənə sandıq açanda -
Baxardıq maraqla biz də sandığa...
Minnətsiz qayasan - qürur daşısan,
Sən tər silə-silə qalxmısan dağa.
Yadında - tətildə kəndə gedəndə
Anana qirbişin şal götürməyin,
Dayoğlu Qadirin toyunda tutla
Urudda qapıda qol götürməyin?!
Bu yol ki, gedirik dədələrdəndi,
Hər kəsin ad-sanı öz əlindədi.
Dost var, vəzifədə - xəbəri yoxdu
"Külü qabağına..." məsəlindədi.
Ətri burnundadı kənd uşağının -
Unun dəyirmanda, çörəyin sacda.
Ağbirçək nənələr qazan asanda
Yadından çıxmazdı qonşuda ac da.
Xoşbəxtlik deyilmi - bir nida gələ:
Bu Vətən yolunda eylə pay canı!
Zəngəzur eşqiylə durula kefin,
Ürəkdən qucasan Azərbaycanı!
Vətən öz əyninə təzə don biçir,
Şair arzusudu bu gerçəkləyən.
Sənə salam deyir qələmdən keçib
Laçının qaşında Qar çiçəkləyən.
18.11.2024
Məktub
Silsilə
Yenə xəyal döndü sənə,
Ağ günüm, qara taleyim.
Nədən yazım indi sənə,
Ağ günüm, qara taleyim?!
Daha hamıdan küsmüşəm,
Cınqırım çıxmır, susmuşam,
Ağzıma dəsmal basmışam,
Ağ günüm, qara taleyim.
Ötən gün axşam tərəfi
Məni qoyub getdi Rəfi...
Dərd sinədə kitab rəfi,
Ağ günüm, qara taleyim.
Bu qəm qəmlərin yavası,
Yedi ömrümün mayasın, -
Bir əl çal, durub oynasın...
Ağ günüm, qara taleyim.
Öyrən məni oxşamağı -
Deyərsən bir axşam ağı.
Yamsıladım yaşamağı,
Ağ günüm, qara taleyim.
04.12.2024
Sevgi keşikçisi
Umud Rəhimoğluna
Adını sevgi yeritək
Könüllərə hörən adam,
Bir iş görəndə arada
Allahını görən adam.
O pəncərədə damcıya
Dərdin şəklini kim çəkir?!
Qarabağı elə gördüm
Dəhşətdən ətim çimçəşir...
Mənzilinə varmaz oldu,
Atdan arzumu düşürtdüm.
İnsafın rəngi necədi? -
O gün səsindən eşitdim.
Çox baxarıq, qaytarmaz ki,
Dünənki adamı ayna.
Min-min əllərdən biriylə
Çiyninə söykənir dünya.
Dərzi əlində sap olur,
Bənna divara ip tutur.
Allah o mərdi saxlasın,
Harda meyara ip tutur!
Mərəkədə sözün deyə, -
El də aşıqlı gərəkdi.
Pəncərəyə oxşar ola, -
Adam işıqlı gərəkdi.
Sevən könül şum yeridi -
Bostandı, ləkdi sevgiyə.
Bilən sağ olsun, savab iş -
Keşik çəkməkdi sevgiyə.
Bu dünyada gediləsi
Nə qədər yol durur, qardaş.
Yıxılanı qaldıranlar
Özünü qaldırır, qardaş!
25.10.2024
Halım hal deyil
Xəyalım dolaşan yolsan, küçəsən,
Görmədim tuş gəlib qarşı keçəsən.
Dilucu deyirsən, şair, necəsən,
Bilirsən necəyəm, bu sual deyil,
Mən səni görəndən halım hal deyil.
Həsrətdən tüstütək burulur ahım,
Quluna yazığı gəlməzmi şahın?!
Allahın altında nəydi günahım,
Adını sən denən - bəs zaval deyil?!
Mən səni görəndən halım hal deyil.
Kor sevda gör hardan hara yeridi,
Cəllad baltasında dara yeridi...
Eşqin gülləsinin yara yeridi, -
Sinəmdə qaralan, gülüm, xal deyil,
Mən səni görəndən halım hal deyil.
Eşqin tərifindən tərif nə bilər,
Cavan nə anlayar, xərif nə bilər...
Yenə arif bilər, hərif nə bilər -
Sevgi nə dəymişdi, nə də kal deyil,
Mən səni görəndən halım hal deyil.
İlham için-için qəmi çəkməli,
Nə yaxın durmalı, nə əl çəkməli.
Nə açmalı deyil, nə də bükməli,
Səsim necə çıxsın? - qalım qal deyil,
Mən səni görəndən halım hal deyil.
16.11.2024
Olum
Küsmə, cənnət bilib gülüstanında
Gülünə dəymişəm, dəyməmiş olum.
Dəymiş meyvəsini dərməkdən ötrü
Bir budaq əymişəm, əyməmiş olum.
Bax, nələr görürsən çiçəyin üstə,
Arının naxışı pətəyin üstə.
Məhkəmə qurmusan gör, nəyin üstə, -
Qapını döymüşəm, döyməmiş olum.
Nə qış səni gördü, nə də ki, yayı,
İlhamın kimi var səndən savayı?!
Üzündən bir busə dilənçi payı,
İstəyib demişəm, deməmiş olum.
17.12.2024
Var
Özümə şeir deməyə
Sinəmdə uca kürsü var.
Bəsirət gözüylə baxan
Deyər Şahdağı, Kirsi var.
Gün ortası xal kimidi,
Qar zirvədə şal kimidi.
Sevgi də dəsmal kimidi,
Həm avandı, həm tərsi var.
Karvan getdi, dəvə getdi,
Hamı durdu evə getdi.
İlham çox məktəbə getdi,
Yarın bir ayrı dərsi var.
15.12.2024
Sən və cənnət
Bildim gözəlliyinin
verdiyi dərs nədi, -
Desəm ki, cənnət istəmirəm
ağ yalan olar,
səni arzulamaq bəs nədi?!
13.12.2024
Eşq xatirəsi
Qorğana bilmədim, ürək o güldən
Təzə yara tutdu - qabıq almamış.
Nanə yarpağıtək əsir sinəmdə,
Bir də yıxılmağa tabı qalmamış.
Əttar dükanıdı teli, sinəsi,
Açıb aşiqiylə bir bazar etməz.
Yeddi bu yana yad halıma yanar,
Zalım göz qaldırıb bir nəzər etməz.
Nə yasaq tanıyar, nə sərhəd bilər, -
Eşq üçün nə şəhər, nə kənd, nə tirə?!
Gülləyə atılan ilandı ürək,
Hər güllə yarası eşqə xatirə.
Kitaba, dəftərə düşən dərd deyil -
Gendən baxa-baxa umsunar bu can.
Deyirəm, çəkinib ar etməyəsən,
Durasan, gedəsən qapısınacan...
Çıxıb salam verə, sonra soruşa:
- Nə əcəb, qapıya ayaq basmısan?!
Ürəyi qabağa verib deyəsən:
- Məni sən gətirdin, niyə susmusan?!
18.10.2024
Deyil
Ədəb-ərkan bir tabudu,
İstəməkdən, xoşdan deyil.
Gözəli dilindən tanı,
Libasdan, qumaşdan deyil.
Yardan pay gəlib - çoxu nar,
Şəkli xalıya toxunar.
Yanan qəlbindən oxunar,
Ağlamaqdan, yaşdan deyil.
İlham, qaldı bircə deyim, -
Yaradanı öncə deyim.
Yar gileyin necə deyim? -
Üz ətdəndi, daşdan deyil.
19.11.2024
Üç nöqtə
Bir nöqtədə mənəm,
bir nöqtədə ölüm,
Eyni yaşdayıq - əkiz tayı.
Hardasa yaxındadı -
ya qulaq dibində,
ya qaşla göz arasında.
O məni də bilir, yerimi də,
mən onu bilirəm, yerini yox.
65 ildi bir-birimizə doğru gəlirik,
Bir nöqtə də bilmədiyim yerdi.
07.12.2024
Şəkil
Əlləri gülüstan becərirdi,
Gördüyü iş gül qoxurdu.
Ayaqları palçıq həfkirdi,
Küçəsində palçıq dizə çıxırdı...
Buna bir bais vardı,
Allah Göydən baxırdı...
18.08.2024
Şübhə
Gözəl bir xanım görən kişi
Kəsdirə bilmirdi nə nədir, -
cənnətmi gözəl cildinə girib,
ya gözəl cənnət cildindədir?!
02.08.2024
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!