Əllərinə sağlıq, Tanrım... - İbrahim Tənəkəçi - DİLSUZ

DİLSUZ

Çağdaş türk ədəbiyyatının görkəmli nümayəndələrindən biri - İbrahim Tənəkəçi 1970-ci ildə Kastamonuda dünyaya gəlib. İlk şeirləri Türkiyənin müxtəlif qəzet və jurnallarında dərc olunub. Ondan çox şeir kitabının müəllifidir. 2008-ci ildə Türkiyə Yazarlar Birliyi tərəfindən "İlin şairi" seçilmiş və mükafat almışdır.

ƏLLƏRİNƏ SAĞLIQ, TANRIM

Əllərinə sağlıq, Tanrım,

gözəl alınmış dünya -

dağı - dağ, düzü - düz,

gecəsi - gecə, gündüzü -

                            gündüz.

Sulamaq istəyirəm

dənizlərini,

       tozlanmasınlar deyə,

yemləmək istəyirəm

güllərini

         ac qalmasınlar deyə,

milyardlarla

   şeir yazmaq istəyirəm

      quşların qanadlarına -

milyardlarla

ulduzlara aparsınlar deyə...

Əllərinə sağlıq, Tanrım,

gözəl alınmış dünya -

qışı - qış, yazı - yaz,

torpağı - qara,

               buludu - bəyaz,

çiçəyi açır,

arısı uçur...

Əllərinə sağlıq, Tanrım,

Leyla da gözəl alınmış -

Keşkə bir az da yaşasaydım,

Keşkə bir az da yaşasaydım...

 

MƏKTUB

Budur,

      yenə günün belini

                             qırır axşam

və sən

     bir çölə bənzəyirsən

             günün bu saatında,

çıxarmamısan əynindən

                           güllü əlbisəni.

 

Xatırla,

uşaq ikən qorxardın

çeçələ barmağının

bir quş kimi

     əlindən uçub gedəcəyindən,

mən isə,

       başqa uşaqlara

                              bənzəyərdim,

bir çinlinin

      bir çinliyə bənzədiyi kimi...

 

Çaşqınam,

buralar açmır könlümü,

tuhafdı hər şey:

dənizi sel basır - heyrət,

və bir taksiyə

                  sığmır şəhər...

 

Burada

    yatalaq kimidi bahar -

saç olsa -

tumarlaya bilməzsən,

gül olsa -

qoxlaya bilməzsən,

dodaq olsa -

öpə bilməzsən...

 

Yoxsan...

Həyətdə

     göyərçin ovlayır pişik,

qızlar gülüşür,

bir yetim

   bezdən ana düzəldir özünə -

                                öpmək üçün...

 

SEVDAMIZ

 

Mən

bölüşülən xoşbəxtliyi

sevirəm,

sevirəm

bitməz, tükənməz dənizlər kimi...

 

Nə qədər

xatirəm vardı,

     yandırdım bütün gecə,

bir Ay bildi,

                 bir də ulduzlar...

Kül olmuş

        xəyalın düşdü suya -

                  öpdüm gözlərindən...

Yanmışdın,

səni mən

     yenidən gözəl yapdım!

 

Gur və qalın səsim vardı,

o ulduz

       uçqunundan

                    sonra batdı,

əllərim

damdı əllərinə - utandın -

demək ki, xatırladın,

ilk rəsmi

      buludlara çizilən

            gözlərinə nəm düşdü,

üşüdün,

isitdim səni.

 

Mən

       uzaqdan-uzağa

           sevməyi xoşlayıram,

səni də elə sevdim.

Bir tutam göyqurşağı,

bir tutam quş qanadı

           qarışdı sevdamıza, -

unudub bütün qorxularımızı,

uçduq, uçduq, uzaqlara ...

 

 

ANONS

 

Allah da bilir

mənim çaşqınlığım

         sizinkinə bənzəməz;

heyrətə gətirir məni

                   ağlınıza belə

            gəlməyəcək şeylər:

məsələn,

irmağa minən balıq,

kürəyində

         günəşi gəzdirən dağ,

sivri kürə,

ovurdu ovurdundan keçən qaya

və sarışın səmazənlər,

mavi günəbaxanlar.

Yox, mənim çaşqınlığım

               sizinkinə bənzəməz...

 

Mənim marağım da

               sizinkinə bənzəməz;

hərdən

       uca bir yerə

                   çıxıb qışqırıram:

"Ey Yağmurquşu, Yağmurquşu,

söylə,

dəli irmaq

          nə pıçıldayır

                    dənizin qulağına?"

Yox, mənim marağım

               sizinkinə bənzəməz...

 

Mənim savaşım da

                sizinkinə bənzəməz;

Əlimdə yalın qələm

    dayanaram kəlam qapılarında -

ya Simurq quşu gəlsin,

                ya da Əzrayıl -

                            fərq etməz.

Yox, mənim savaşım

                   sizinkinə bənzəməz...

 

Və qorxum...

Qorxum da

               sizinkinə bənzəməz;

sıxlıqdan qorxaram,

tanınmaqdan qorxaram,

qırmızı işıqda

     maşınların şüşələrini silən

uşaqların çarəsizliyindən

qorxaram

və ən çox da

         yuxularımdan qorxaram.

Yox, mənim qorxum

                sizinkinə bənzəməz...

 

 

DÜŞÜNCƏ

 

Koram mən,

gözümdə deyil:

gün uzundu, ya qısa...

İndiyə kimi

heç qarışmadım

              Allahın işinə -

nəyimə lazımdı

nə qədər qırmızı,

nə qədər göy,

nə qədər sarı rəng

            qatır çiçəklərə?

İndiyə kimi

heç qarışmadım

             Allahın işinə...

O, torpaqdan

     və nurdan yaradır

               yaratdıqlarını,

mən səsdən:

ağac səsindən - ağac,

quş səsindən - quş,

insan səsindən - insan,

su səsindən - su,

külək səsindən - külək...

İndiyə kimi

heç qarışmadıq

            bir-birimizin işinə -

Onun yaratdıqlarını

              susuzluq qurudur,

mənim yaratdıqlarımı qaranlıq...

 

SƏN VARKƏN...

 

Sular

        qaldıra bilməsin

                              gəmimizi,

düşək,

      piyada gedək

                  dənizin üstü ilə.

Yuxu tutsun -

     yarı yolda qalsın

            bizə göndərilən bahar.

Sən varkən

      çiçəklər niyə açmasın ki?..

 

Hüzn

      kəssin ayağını

                           ürəyimizdən,

Həyat

    götürsün yumruqlarını

                           üzümüzdən...

İlməsi qaçmış

            bu həyat bizim;

dostdumu,

düşməndimi

alnımızdan

        öpmək üçün

                arxamızca düşən?..

Bizəmi qalıb

      qalası yıxılmış

                     şəhərin kədəri,

Bizəmi qalıb

             bu mirət macəra?

Bizəmi qalıb

    çaşqınlığın ovcunda

       büllur quş kimi çırpınmaq?

Bizəmi qalıb

yazağzı

torpağa diri-diri gömülmüş

irmaqların yalnızlığı?

 

Sən varkən...

Sular

        qaldıra bilməsin

                              gəmimizi,

düşək,

      piyada gedək

                  dənizin üstü ilə.

Yuxu tutsun -

     yarı yolda qalsın

            bizə göndərilən bahar.

Sən varkən

      çiçəklər niyə açmasın ki?..

 

 

* * *

 

Təbəssüm... sən nə gözəl şeysən,

nə qədər naz etsən də

                           bir gün gəlirsən...

 

Budaqdan qopan

                 bir yarpağa

                          bağladım həyatımı,

Olsun artıq, deyirəm,

                                  nə olacaqsa...

Eşq deyir,

         başqa bir şey

                             demir qəlbim,

Bu necə sevdadı ki,

həm qədim,

həm də meyxoş alma dadındadı.

 

Dağları da qoysam

                           ayağımın altına,

Ey eşq,

     yenə də yetişə bilmirəm

                                      çiyinlərinə,

çünki

   mənimlə danışarkən

       pəncələri üstə qalxır dünya.

Üstüaçıq

      araba imiş həyat,

                        aldatdı məni,

ağzı dad bilməsin...

 

Göy qayalıq kimi

            üstümə gəlir göy üzü,

əlim qırılsın,

            bir də toxunsam günəşinə.

Yaralı sərçə,

mənim üçün dua et, dua et,

göy qayalıq kimi

            üstümə gəlir göy üzü...

 

Uşaq deyiləm,

       bilirəm nədi

               itin daşdan qorxması,

Amma

     yenə də

         bir yastıq istəyirəm

               içi quş səsləri ilə dopdolu...

 

Dünya

      silinmiş bir xəritədi -

şəhərlər hardadı,

dənizlər hardadı,

sən hardasan?

Bəlkə yuxudasan -

            min ildi, milyon ildi...

Sənə demədimmi

      öpücüklə oyanmağa

                             vərdiş etmə...

 

SEVGİLİ

 

Hava çox qapalı, əlim göylərdə,

Dualar damır yarpaqlarıma.

Ceyran dərisitək bir əzan səsi

Axır ürəyimdən dodaqlarıma...

 

DİLƏNÇİ

 

Ey insan,

            səndən küsdüm,

çünki məni

bir azdan güllələnəcək

                  bir məhkum kimi

ölüm limanında

                  tərk edib getdin...

İndi soruşuram:

məsələn, Samatyada

hansı bağça

            ölümdən daha böyükdür?

 

* * *

           

            Heç bir şeyi tək yemə

deyən sahabənin sözünə

qarışqalar

               əməl edir ancaq.

İnsanın insan gözəliysə

durmadan

              solur,

                        solur, bax...

 

SÖZÜMÜ KƏSMƏ

 

Çaşqınlığımı gizləməyə

          bir şey tapmadım

                         şeirdən başqa.

Görəsən,

rəbbim buna necə baxır?

Məsciddən

      dönənlərin

              içini bir fərəh bürüyür,

bu, təkcə möminlərəmi aiddir?

Şeir də ibadət deyilmi?

 

Nə gözəldi

            söz-söz şeirə axmaq,

Nə gözəldi

            aynaya baxarkən

                                   dua oxumaq:

"Allahım,

gözəl yaratdın məni,

əxlaqımı da

gözəl eylə namaz kimi..."

 

            Canımı yandırır

                             dünyanın gözəlliyi...

            Ömür yetmir o böyük Şeirə...

Rəbbim, nə olar,

                        sözümü kəsmə!..

 

 

"SUSMA DAYANACAĞI"NDA

ENMƏK İSTƏYƏN VAR VƏ YAXUD

ŞEİRƏ SIĞMAYANLAR

Esse

 

Madam ki, bu sərçənin bir şəxsi əşyası, bu daşın gələcəyə qalmaq kimi bir narahatlığı, bu zambağın həyata dair bir düşəncəsi yoxdursa, mənimki də olmasın deyə düşündüm, hətta, bununla bağlı qərarlar da qəbul etdim. Amma olmadı. Çünki əməllərimlə bir yandan nə düşündüyümü hiss etdirir, bir yandan mövcud olmayan şeylərin kolleksiyasını toplayır, bir yandan da gələcək illərə mükəməl şəkildə qala bilmək üçün var gücümlə şeirin üstünə düşdüm.

Həsrətini çəkdiyim və həvəs göstərdiyim dünya ilə içində olduğum dünya arasında dünya qədər fərq var.

Qəbul etmək lazımdır ki, adi bir otun da özünə məxsus iddiası var. Amma nədənsə, bunu heç vaxt  - hətta quruyanda, dünyadan köçəndə də əsla dilinə gətirmir. Təvazökarlıqdanmı? Zənn etmirəm.

Mən balaca olduğum vaxtlarında, nədənsə, uşaqlar ən çox su, cavanlar çörək, böyüklər isə ölüm haqqında danışardılar. O zamanlar dünya haqq - xətir üzərində qurulmuşdu. Bizim üstümüzdə təkcə ata-anamızın deyil, ağacların, çiçəklərin, quşların da haqqı - xətri vardı. Və bu haqq - xətir gözlənilirdi. Başqasına haqsızlıq etməklə haqq aranmırdı.

Sonra dövr dəyişdi, həm də çox sürətlə dəyişdi.

"Pul mənim üçün ikinci plandadır" deyənlər getdilər, yerlərinə pul kəsən maşınlara bənzəyən insanlar gəldilər. İndi, sadəcə, qidaların deyil, insanların da üstlərində son istifadə müddətləri var. Bu mənada, hər kəsin rəngi özünə görə bir hal yaradır. Təəssüf ki, belədir... Amma mən bilən, dünyada "Susma dayanacağı" deyilən bir yer var. Ora getməyə nə deyirsiniz?

 

Hazırladı:

DİLSUZ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!