O idi, Humayyəydi, zəng vurmuşdu. Dönüb, elə sevindim ki, nə ola, o məlhəm ünvandakı köşkə yenə gələ. Getdiyi yoldan, ötdüyü izdən, ayaq ləpirlərini oxşayan yurddan, yeni xatirələrindən danışa, bir ömür dinləyərdim. Bilirəm, uzun kiprikləri, hilal qaşları, mavi gözləri, mübhəm, şəfqətli baxışları da yenə elə onun özüylədir, gətirib, gəlib...
***
...Onunla iş başında görüşüb tanış olmuşduq. Çalışdığı yerdə iş vaxtı baş verən bir dadsız, xoşagəlməz olay isə münasibətlərimizə yeni bir məzmun verdi. Eşitdim ki, bəs, adı Humayyə olan bu xanım yerin bilməzi, boşboğazlıq edib saatlarla aranı qatan, özündənrazı, əslində isə bivec bir kişini boğazlayıb divara dirəyərək əməlli-başlı "tənbeh" eləyib. Əhvalatla bağlı marağım tanışlığımızı dostluğa, səmimi ünsiyyətə doğru çəkdi.
Bu yerlərdə qərib sayılmazdı, Güney ellərimizdən idi, Ərdəbil mahalından, Meşkin şəhərindən. Ancaq elə bəlkə də bu səbəbdən bir az çəkingənliyi vardı. Bilirdim ki, iş yerində də ürək qızdırdığı həmdəmi, yaxın dostu da yox idi. Tez-tez görüşməyə başlamışdıq. Söhbətimiz də tuturdu.
***
...Uca, mütənasib qaməti, incə-zərif əndamı, hilal qaşları, sıx, qapqara, uzun şəvə saçları ilə elə nağıllardakı şahları taxtdan salan, can alan o "dilbərlər"ə, "pərilər"ə bənzəyirdi.
Qənirsiz gözəl idi. Görüb bilənlərdən eşitmişdim ki, Ərdəbil civarında gözəl bir xanımla rastlaşanda sorğu-sual eləməmiş, - yəqin "Meşkindəndir", - deyib, dodaqlarının altında pıçıldarlar.
İri, mavi, uzun sıx kiprikləri ilə halqalanmış can alan gözləri ilə qarşısındakına məlahətlə baxır, sonra da gülümsünüb başını endirir, həmişə təravət saçan o baxışlarını həmsöhbətindən gizlədirdi. Bəzən saatlarla üz-üzə otursaq da, o gözləri qəfil, ya da "qaçaraq" anidən görə bilirdim. Nə vaxtsa, nədənsə qorxmuş, kimdənsə qısqanmış kimiydi. Sanki gözlərinə hardansa kölgə düşəcəyindən, ya da "nəzər" dəyəcəyindən qorxurdu. Hər halda, mən belə düşünürdüm.
Rahat işi, yaxşı təşkilatçılıq bacarığı, idarəçilik səriştəsi var idi. Çalışqandı, işgüzar olduğu qədər də diqqətliydi. Bu səbəbdən də əhatəsindəkilər tərəfindən sevilirdi. Qazancı, yaşayışı da çoxları üçün həsəd doğuracaq qədər yetərliydi.
Qarşılaşanda sanki öz doğmasını, yaxınını görürmüş kimi sevinir, haldan-hala düşür, elə bil nəsə daxilən gərginliyi artır, sonra da birdən-birə əmin-arxayın rahatlaşıb rayihələnirdi. Elə mən də ona öz doğmalarımdan biri kimi baxırdım, bəzən halına qayğılanırdım da...
Qəribəlikləri çox idi. Məni böyük qardaşı kimi bilib, "Ağa, bəy" çağırırdı. Bəy ifadəsindən xoşlanmasam da, onun dilində bu ifadə mənə çox dadlı gəlirdi. İndi düşünürəm ki, elə qardaşdan da çox qardaş-bacı olmuşduq. Tədricən sirdaşa çevrilmişdik. Bax, indi sözümün əvvəlindəki fikrimdən imtina edirəm. Burada qəribəlik nədir ki?..
Görüşüb söhbətləşəndə ən çox işdən, çevrəmizi əhatə edən adamlardan, gündəlik məişət dərd-sərindən danışardıq. Axır vaxtlar söhbətlərimizin mövzusu tədricən xeyli dərinləşirdi. İnsanın mənəvi dünyası, inancı, yaşam qayəsi, həyat fəlsəfəsi, xeyirxahlıq, yaxşılıq və bədxahlıq, nə bilim, belə-belə çox şeydən danışırdıq.
Ordan-burdan söz-söhbət hardansa qəfilmi, ya elə mətləb üstünə gəlib həyatda sevib-sevilməyə çatanda o köks ötürər, susub durardı.
Hər görüşəndə, rastlaşanda ilk ağlıma gələn bu olurdu ki, bu qədər gözəl, lətafətli, dili şirin, nəzakətli, qadına xas belə bütün məziyyətlərə sahib xanım əcəba, yaşı ötsə də, indiyəcən niyə ailə həyatı qurmayıb? Sevənimi olmayıb? Yox, buna nəinki inanmaq, heç ağla gətirmək də naşılıq olardı, belə gözəl qadın sevilməzmi?..
***
Doğulduğu məmləkətə, ata ocağına dönəcəkdi. "Doğma elinə, ocağına bizlərdən salam apar", - deyə bir də doyunca söhbət edib uğurlamaq üçün birlikdəydik. Arada: "bəlkə bir də daha heç dönəsi olmadım" kimi fikirləri də dilinə gətirirdi. İçimdə bu fikrinə razı olmasam da, - Nə üçün? niyə dönməyəcəksən? - deyib etirazımı da bildirmirdim. Ancaq "gedirəm" deyəni yolundan saxlamaq olmaz ki...
Yenə görüşdük, elə həmişəki yerdə, kiçik şəhərin məlhəm ünvanlarından olan, sinəsinə taxta komacıqlar səpələnmiş abad guşəsində.
***
Elə bu görüşümüzdə də xeyli söz-söhbətdən sonra ona eşitdiyim bir əhvalatı danışdım. Səkkiz yaşındakı Xaqan adlı bapbalaca bir oğlan evlərində bir məclisdə xala çağırdığı xanımdan:
- Cəmilə xala, sənin neçə yaşın var? - deyə soruşur. Cəmilə xalası da:
- Ay bala, ay kişi qırığı, yadında saxla ki, kişi xeylağı qadından yaşını soruşmaz, o ki, qaldı yaşıma, otuz beşdir, - deyir.
Oğlan əllərini xala çağırdığı xanıma tərəf uzadıb ölçə-ölçə canıyananlıqla:
- Cəmilə xala, yaşın keçib ee, - deyə çoxbilmişliklə dillənir, - evdə qalacaqsan, niyə ərə getmirsən, tez ol ee, evlən...
Müasir uşaqların yaşlarından böyük, bir qədər də həqiqətə uyğun "ağıl vermək" kimi iddiaları, təkəbbürləri, düşündürücü olduğu qədər həm də belə məzəli mükaliməsi əslində nikbin, xoş bir əhval-ruhiyyə yarada-yarada həm də ən azından adamın dodağını qaçırır...
Ancaq o gün nəql etdiyim bu əhvalatdan Humayyənin nə dodağı qaçdı, nə də qaşlarını çatıb təəccübləndi...
***
Qabağımızdakı çay soyuyurdu. O, stəkana əl uzatmırdı, mən də qeyri-müəyyən bir əhvaldaydım. O susduqca mən də dinib danışmırdım.
Ürəyimdə fikirləşirdim ki, yəqin ehtiyatsızlıq, diqqətsizlik edib xətrinə dəymişəm. Beləcə, düşünə-düşünə bu naqolay vəziyyətdən çıxmaq üçün yollar axtarırdım. O isə hələ də başıaşağı oturub, elə hey süfrənin saçaqlarını aramsız sığallayırdı.
Axır ki, handan-hana başını qaldırdı. Hüzn yağan gözlərini üzümə dikib məhrəm baxışlarını mənə dikdi. Gülümsədi, yox, əslində gülümsəməyə çalışdı, eləcə baxırdı.
Çox pərt olmuşdum. "Xətrinizə dəydim", - deyib uzun-uzadı üzrxahlıq eləmək istəyirdim ki, tez sözümü kəsdi:
- Yox, əsla, yox. Düzünə qalsa, danışdığınız çox məntiqli, adamı yerindən tərpədən, düşündürən bir hekayət oldu, - dedi. - İndiki balacalar belədi də, hələ mənim qardaşım, bacım uşaqları, onların nəvələri bilirsiz, hardan deyib, nələrdən danışırlar? Geri dönəcəyimdən xəbər tutub, indidən hərəsi bir rəvayət danışır. Hər şey yaxşıdı, qaydasındadı, - deyib məni sakitləşdirmək istədi.
Soyumuş çaydan bir qurtum içdi. Bardağı yerinə qoyub başını yenidən aşağı endirdi. Bir qədər fikrə daldı. Sonra da başını qaldırıb elə əvvəlki tövrlə üzümə baxdı, udqundu, köks ötürdü.
- Sizə buralarda indiyəcən heç kəsə danışmadığım, hələ də kimsənin eşidib-bilmədiyi bir əhvalat danışmaq istəyirəm, - dedi.
Mən:
- Sirdirsə, həm də kimsə bilmirsə, bəlkə heç danışmayın, - dedim, - elə sirr kimi saxlayın...
- Yox, özümlə bağlıdır, öz həyatımla, öz taleyimlə, sizə danışa bilərəm -deyib indi qələmə aldıqlarımı, bu acı hekayəni nəql etdi...
***
...Adı Mehdad idi və o Mehdad yaşadığımız kiçik şəhərin sayılıb-seçilən bir nəslinin övladı idi. Ailənin təki, yeganə oğlu. O vaxt Mehdadın iyirmi, mənim isə on yeddi yaşım var idi. Yəqin məktəb yolunda, ya da anamla dükan-bazara gedəndə görübmüş məni. Demə, oğlan vurulubmuş mənə. Hadisələrin sonrakı gedişi, acı sonluğu da göstərdi ki, həm də dəlicəsinə vurulubmuş, elə bu məcnunluğu sonralar iki tayfanın, iki böyük nəslin arasında ədavətə, hələ indiyəcən də davam edən düşmənçiliyinə səbəb oldu...
Dediyim kimi, çox varlı, imkanlı ailə idilər. Uzun müddət idi ki, qız evinə elçiliyə gəlib-gedir, "olmaz, vermirik" cavabından usanmırdılar. Oğlan tərəfindən tayfanın ağsaqqalları, ağbircəkləri qapımızı yağır etmişdilər. "Yox" cavabı ala-ala axır vaxtlar lap yalvar-yaxara keçmişdilər.
Atam isə ipə-sapa yatmayıb qəzəb donunu soyunmur, "yox ki, yox, olmaz, bu iş olmayacaq, mən hara, Bilal hara, biz Hacı Ələkbərlilər hara, Mığımlılar hara?
Ay-hay, mən qız böyütmüşəm ki, Mığımlılara verəm? Məndə sizlərə verəsi qız yoxdur. Sizdən birin almışam bəsdir. Məyər bilmirsiz, bizdə qız aldığın tayfaya qız verməzlər? Anamı göstərib, sizlərdən olan bu Nəcibə bizə yetər, gedin, itiyinizi başqa yerdə axtarın. Məndə sizin sülaləyə veriləsi qız yoxdur", - deyib durur, daş atıb başını tuturdu.
- Əslində elə dediyi kimiydi, yaşca məndən böyük dörd bacımın hamısını öz tayfasından olan əmi uşaqlarına, yaxın əqrəbalarına ərə vermişdi, - əlavə edir.
Məni, beş qardaşın, beş bacının sonbeşiyini, ailənin ən sevimli övladını beləcə "əzizləyib" bağırlarına basa-basa böyütdükləri qızcığazı gözlərindən kənarda qoymağa qıymırdılar.
"Bəs ananız, ananız bu işə necə baxırdı?" sualıma:
- Hə, anam! Anamın nə həddi var idi ki, ərinin, Hacı Kənan ağanın bir sözünü iki eləyə, ya da öz sözünü deyib fikir bildirəydi?!. Kişinin elə zabitəli, qəti hökmü var idi ki, daş divarları belə yarıb keçərdi. Bir tirin altında üç kəbinli arvad saxlayırdı, gözümü açıb o qəziyyə baş verən vaxtacan anam qarışıq onlardan hansının xanım, hansının anamın üstünə gəlmiş günü, hansının hansı bacımın, ya qardaşımın anası olduğunu biz qardaş-bacılar bilmirdik.
Onları bir-bir öz adları ilə, - "Nəcibə ana", "Zəkiyyə ana", "Gülöyşə ana" deyib çağırardıq. Hələ bir Fəxriyyə də vardı ki, onu da xala çağırardıq. Fəxriyyə xala Hacı ağanın evimizə aldığı sonuncu gözçəsiydi. Onu siğə eləmişdi.
Mən: - Bu hesabla dörd oldu ki, - deyə dəqiqləşdirirəm.
- Hə, eləydi. Fəxriyyə xala sonradan tapılanlarından idi. Ondan qardaş-bacımız da olmadı.
Susur, xəyallanır, fikri hiss edirəm ki, onu harasa, bəlkə elə o xanımla bağlı hansı bir xatirənin ardınca götürüb gedir.
Handan-hana başını qaldırıb üzümə baxır, gülümsəyir və davam edir:
- Sonralar Fəxriyyə xaladan başqa, arvadların hamısı Hacı xanım oldular. Arvadlarının Hacı ağa çağırdığı Hacı Ələkbər kişi, atam onları növbə ilə, ildə birini özü ilə Kəbə ziyarətinə aparıb Hacı xanım elədi.
Yarızarafat, yarıgerçək sözümdən qalmadım:
- Qoçaq adammış atanız, millət birinin öhdəsindən gələ bilmir, o isə, ay maşallah! - deyib söz atdım.
Atmacamı göydə tutmuşdu. Gülüb, üzümə baxırdı. - Hələ bu harasıdır? Daha nələr, nələr var, - deyib, elə gülə-gülə də söhbətinə davam edib:
- Hə, nə isə məni beləcə orada-burada "gizlədirdilər". Ara nisbətən bir balaca sakitləşmişdi. Aradan iki il ötmüşdü ki, atam rəhmətə getdi. Qardaşlarımla evə, yurda qayıtdım. Ata itirmişdik, hamımız hüznlüydük. Evin əhli-əyalı bir yana qalsın, kiçik şəhərimizin dul arvadlarının da göz yaşı leysan olub axırdı, ta kişinin ilinəcən o göz yaşları qurumadı. O qədər gəlib-gedib "Hacı ağa"ları üçün ağı deyib, şivən qoparırdılar ki, axırda anam dözmədi, "sizin oxşayıb ağladığınız o Hacı ağanızın yeri görüm, bir az da dərin olsun. Sizin yanınızda halal-hümmət arvadları bizlər yalan olduq. O Hacı Kənanınız odur ee, yatıb Dədə Maqsudda (məzarlığın adı). Gedin orda ağlayın, haydı, gedin, bir daha buralarda sizi görməyim", - deyib o arvadları birtəhər başımızdan elədi.
Bu müxtəsər tarixçədən sonra sözünü tamamlayıb yenə də güldü...
Mən də özümü saxlaya bilməyib elə gülə-gülə:
- Daha deyin, Hacı Kənan ağa "savab" əhli olub ki, - deyə yenə araya söz atdım.
- Hə, eləydi, - deyib gülə-gülə söhbətini davam etdirdi:
- Kişinin yaxşı imkanı vardı, pul sarıdan da kalan idi. Görünür, o da əl tutmağı, pul xərcləməyi belə "xeyir işlər"də görürmüş...
Mənə görə isə vəziyyət başqaydı. Humayyə yəqin Kənan Hacının zövcələri ilə aralarında bu haqda indi mənə açıb demək istəmədiyi bəzi məzəli əhvalatlar olmuşdu. Və indi danışdıqca bax onları xatırlayıb gülürdü, dodağı qaçırdı. Eh, qoy təki belə olsun, dodağı qaçsın, gülsün, qəh-qəhə çəkib gülsün...
***
Humayyənin atası ilə bağlı bu söhbətlərindən onu da anladım ki, dilə gətirməsə də, kişidən sınıbmış. İçində hələ də xatırladıqca qoru közərən kül topası var. Qaynağı, kökü isə o Mehdadın bir vaxt ona uzanan, ancaq çatmayan, qucaqlaya bilməyən qolları imiş...
***
...Belə, sözünə ara verib, dərindən nəfəs aldı. Sanki illərlə ürəyində, ya da çiynində daşıdığı ağır bir yükdən xilas olmuşdu. Başını azacıq yuxarı dikəldib baxırdı, gözləri dolmuşdu. Ancaq indicə yenə də gözlərini gizlədəcək, endirəcəkdi. Elə dediyim kimi də oldu, baxışlarını yenə gizlətməyə çalışıb gah susa-susa, gah da baxışlarını harasa dikə-dikə sözünə davam edir:
- Kiçxannılar, Mehdadın ata-anası əlacsız qalıb bu dəfə çarəsizlikdən daha təhdidə, hədə-qorxuya keçdilər...
***
Nə bilim... Ağıllarına, başlarına hardan girmişdi. Bəlkə də şeytan işi idi...
...Atam beş oğlunu, qardaşlarını, özünə arxa bildiyi yaxın-uzaq əqrəbalarını, daha kimləri səfərbər elədi, hamısının da əli tüfəngdə, barmaqları da tətikdəydi. Məni məktəbdən ayırdılar. Atamın kifayət qədər pulu var idi və kirayələdiyi müəllimlər evə gəlib mənə dərs verməyə, bilik öyrətməyə başladılar. Evdən küçəyə çıxmağım beləcə yasaqlandı.
Bir neçə dəfə ötəri gördüyüm, heç salam verib, salamını almadığım, səsini belə eşidib xatırlamadığım, kəlmə kəsmədiyim oğlanın özü bir yana, qohum-əqrəbasından belə məni hifz edib qorumaya aldılar...
***
...Sonra da, nəhayət, bu qəmli olay, hər yerdən əlacı üzülən, eşqindən Məcnuna çevrilən Mehdad çıxış yolunu öz intiharında gördü...
***
"Humayyəsiz yaşamaq istəmirəm. Onsuz bu həyat mənim üçün heçdir. Başqa çıxış yolu tapa bilmədim, həyatıma son qoyuram, əlvida. Mənim ölümümdə!.." Bu məktubu yazıb elə otağındaca naqandan gicgahına atəş açaraq intihar etmişdi.
***
Bu tifağı dağılmış oğlanın, Mehdadın öz acı, tərəfsiz eşqini etirafı ilə bağlı tək məktubu deyilmiş. Sən demə, günlərlə oturub qurduğu xəyallarla bağlı qalaq-qalaq məktublar yazıbmış. Və o məktubları da valideyinləri onun otağında görüb oxumuşdular.
***
Bundan sonra oğlan evi ilə qız evi arasında ədavət düşdü. Mehdadın ata-anası, qohum-əqrəbası, "öldürəcəyik, yaşamağa qoymayacağıq, nəslinizi kəsəcəyik", - deyib, əməlli-başlı ədavətə qalxdılar. Onsuz da, çoxdan çölə-bayıra çıxmağım yasaq edilmişdi. Ağır günlərim bir az da sərtləşdi.
Məcbur olub tez-tez yaşadığımız yerlərin ünvanlarını dəyişirdik. Hətta ölkədən çıxıb Təbrizə qədər gedib çıxdıq, tez-tez yerimizi dəyişəndə də məni mühafizə edib qoruyurdular.
***
Vaxt ötüb, zaman uzansa da, ara hələ də soyumurdu ki, soyumurdu. Qardaşlarım da mənə görə öz iş-güclərindən olmuşdular. Biri Bakıda, o birisi İstanbulda, Təbrizdə işlərini buraxıb məni, ailəmizi qorumaq üçün kiçik şəhərimizə yığışmışdılar.
Qardaşlarım, - "xətər yetirərlər, qaçırarlar", ya "qətlə yetirərlər" qorxusu ilə sonda məni yaşadığımız o kiçik şəhərdən köçürüb uzaqlaşdırmaq qərarına gəldilər.
Əvvəlcə Türkiyəyə, İzmirə getdik. Qardaşımın orada biznes işi var idi. Bir il dözdüm, sonra oralara uyuşa bilmədim, darıxdım.
İstanbula köçdük, orada da duruş gətirə bilmədim. Şəhərin gurultusu, sıxlıq, elə yenə də hər yerdə böyür-başımda qardaşlarım, onların məndən ötrü danışıb tutduqları mühafizəçilər bezikdirirdi məni...
Qardaşlarımın Bakıda da biznesləri var idi. Nəhayət, Bakıya üz tutduq. Burada toxdadım, özümü toparlamağa başladım. Oxudum, ali təhsil aldım. İş qurdum, kollektiv yaratdım, amma!..
***
Aradan altı il ötəndən sonra bir gün atamın məzarına ziyarətə getmişdim. Bacılarım, qardaşım arvadları da yanımda. Uzaqdan anasını oğlunun məzarı başında diz çöküb oturan gördüm. Tanıdım, oydu, Mehdadın anasıydı. Təyyilə xanım. Nə haldaydı, deyə bilmərəm... Ancaq şəksiz ki, bilənlər bilər, nakam oğul itirən anaların halındaydı...
Bacılarıma:
- Gözləyəcəm, qoy anası çıxıb getsin, sonra Mehdadın məzarını mən də ziyarət edəcəm, - dedim. - Heç olmasa, bir çınqılla da olsa, məzarını taqqıldadacam, - dedim. Bacılarım da, qardaşım arvadları da bir ağızdan:
- Sən nə deyirsən? Dəli olmusan? Olmaz, gedə bilməzsən, görən, eşidən-bilən olar. Onsuz da, hələ də bizdən bədgümandırlar, düşmənləri kimi baxırlar. Xəbər verən olar, - deyə ciddi-cəhdlə, - yox, olmaz, - deyə-deyə məni fikrimdən daşındırmağa çalışırdılar. - Başqa yerə yozan olar...
Mən isə fikrimdən dönən deyildim. Gedəcəm, o məzarı ziyarət edəcəm, deyə təkid edirdim.
***
Qadın oğlunun məzarı başında xeyli oturdu, biz də atamın qəbrinin üstündə yubandıq.
Nəhayət, Mehdadın anası oğlunun məzarından ayrılıb çıxıb getdi.
Qəbiristanlıqdan uzaqlaşdığına əmin olandan sonra bacılarımı atamın qəbrinin üstündə qoyub Mehdadın məzarına yaxınlaşdım. Sağlığında da məhəllədə, küçədə bir neçə dəfə uzaqdan görüb yanından ötdüyüm, əsla heç bir kəlmə kəsmədiyim oğlana məzar daşındakı rəsmindən ilk dəfə dönə-dönə baxdım. - Bəxtsiz, - dedim. Əyilib yerdən bir daş götürdüm. Əlimdəki daşla məzarın mərmər sinəliyinə döyəclədim:
Bəxtsiz adam, Mehdad, budur, mən gəlmişəm. Özün getdin, mən də illərimi yollara, ömrümü də bada verdim, - indi rahatsanmı? Toxdadınmı? -deyib elə beləcə ilk dəfə hönkürdüm, özüm üçün doyunca ağlayıb ürəyimi boşaltmağa çalışdım (Mənsə, fikirləşirəm, yəqinimdi ki, Mehdad üçün ağlayıb. Özümə elə belə də dedim. Eh, ürək, sən nələrə zindan imişsən...). Hələ də oturacaqdım, daha yenə də deyəcəklərim vardı, bacılarım gəldilər, dil töküb məni toxdada-toxdada Mehdadın məzarı başından uzaqlaşdırdılar.
***
Susdu, anidən başını qaldırıb üzümə baxdı. Gözləri dolmuşdu, ilk dəfə o həsrətli gözlərində kölgə gördüm. Başını astaca endirdi, yenə susdu.
Handan-hana mən sükutu pozdum, ondan:
- Mehdadın ailəsi sənin onların oğlunun məzarını ziyarət etdiyini bildilərmi? - deyə soruşdum.
O, elə sakitcə, aram-aram:
- Yox, bilmədilər, heç bunları onlara demək olardımı? Bilsəydilər, anası: - Gördünüzmü, mən deyirdim axı, oğlumu bu qız öldürdü, səbəbkar odur, indi də gedib məzarını qucaqlayır, - deyib təzədən bir mərəkə qoparar, növbəti qalmaqala səbəb olardı...
Köks ötürə-ötürə:
- Qorxuram, o vaxtdan bəri qorxuram, illərdir içimdə bir vahimə, xof var. Birini sevsəm, ya birinə "hə" desəm, Mehdadla olan kimi yenə bir faciə yaşayacağımdan, özümün də tərki-vətən olub, yenə də diyar-diyar dolaşacağımdan qorxuram, - dedi.
***
...Yenə yağış başladı, qəfil yay yağışı. Külək də əsirdi. Oturduğumuz köşkün şüşəbəndi də çırpınan damcılardan sanki qırov bağlayıb puçur-puçur olmuşdu...
***
Kipriklərini qaldırdı, həyat eşqi ilə qaynayan, həmişə şölə saçan o gözləri bu yay yağışı ilə qucaqlaşan buludlar kimi kölgələnmişdi, ətrafa həm həzin, həm də dərin bir hüzn saçırdı. İlahi, o gözlərin belə baxması necə də zülüm idi, məşəqqətli idi...
Təsəlli vermək istədim, ancaq həqiqəti, ürəyimdən keçənləri dedim:
- Humayyə, bax indi, bu danışdıqların, deyib-söylədiklərin sənin gecikmiş bir etirafındır. Qorxu yox, səni neçə illərdi qandallayıb, buxovlayıb saxlayan, eşqindir, sevgindir. Özün də bilmədən sevmisən Mehdadı. İnad edib neçə dəfə elçiləri qapınızdan qaytarılsa da, yenə də dönə-dönə, təkidlə qapınızı döyən valideynləri əl çəkməyəndə xoşlanmısan ondan. Özünə atəş açıb, həyatına son qoyanda da vurulmusan ona. Sevgini, sevdiyini qorxu bilmisən. Yenə də "qorxuram" deyirsən. Düz deyirsən, səni sevənlərdən birinə "hə" deyib onun sənə olan nakam sevgisinə, ürəyində onsuz kök salmış Mehdad sevgisinə kölgə salacağından qorxursan, - deyə uzun-uzadı təsəlli kimi bir izahat verdim.
***
Tələs, bu səfər Mehdadın sinə daşını daşla deyil, göz yaşlarınla döyəcləyəcəksən və gözlərindən axıb puçurlanan o damcıların harayı Mehdada daha tez yetişəcək.
Eh, mənim könül dostum, gözlərinin işığını qoru, özündən xəbərsiz ilk sevdiyinə və pünhan eşqinə şahid o şəhərə dönürsən, ağlama, Mehdadın məzarının başındakı o şəklə o məhəbbət yağan, məlhəm baxışlarınla hüzn apar...
Köhnə koma
27 iyul 2024-cü il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!