Ulu Öndərə ilk görüşdə oxuduğum şeir
Ey eşqim, vüqarım, sənətim, canım!
Ana çağırdığım Azərbaycanım!
Açıb qollarımı mehri-ülfətlə
bağrıma basıram səni hörmətlə.
Sən də, ey adıyla fərəhləndiyim,
şanlı sədasıyla ürəkləndiyim,
xalqımın istəkli, əziz övladı,
şerimin-sözümün qolu-qanadı,
sənin hər istəyin, sənin hər arzun
həyatda qoy şöhrət çələngi olsun!
Qaldırdın adını bu məmləkətin,
andın müqəddəsdi, südün təmizdi,
mənim taleyimdi sənin şöhrətin,
tarixdə tarixi mərhələmizdi.
Gəlin, addımlayaq sıx cərgələrdə,
gəlin, qabaqlayaq dövrü, zamanı.
Daim alqışlayaq yalnız zəfərlə
Ana dediyimiz Azərbaycanı.
1969
Dünyanın sirri
- Şair, yenə yazırsanmı? -
sual verdi biri, mənə.
Tanıtmaq istədi yəqin,
məndəki şairi mənə.
Axşam olur, sabah olur,
mən yazmasam, günah olur.
Yazan zaman agah olur
bu dünyanın sirri mənə.
Soyumasın od nəfəsin,
əvəzi yoxdu heç kəsin.
Ulu Tanrım çox görməsin
öz verdiyi şeri mənə.
Oğlum Nazimə
Nazim, o illəri salıram yada,
oğlum, unudulmur heç nə dünyada.
Sənin saçlarını
mən ağartmışam
infarktdan yatanda
Almaniyada!
Üzündən görürdüm, fikrin qətiydi,
döndərən olmazdı səni bu yoldan.
Özün o yerlərə nabələdiydin,
bələdçim olmuşdun,
ay sənə qurban!
Bilmirdim, həyata nəydi sualım,
qohumdan-qardaşdan yoxuydu heç kim.
Mənim ağsaqqalım, qarasaqqalım
səniydin,
onda yox,
mən sonra bildim.
Arada görürdüm, sən birtəhərsən,
ürəyim gəlmirdi, düzü, soruşam.
Mən səndən qorxurdum,
xəstələnərsən,
Sən məndən qorxurdun, dözəmməz atam.
Gəncə Yazıçılar filialından
bir dostum varıydı -
qardaşəvəzi.
Gedib yaşayırdı Almaniyada,
dadıma çatmışdı o da tələsik.
Simax Şeyda əmin, o həssas şair,
şanlı övladıydı bir eşqin, andın.
O köçdü dünyadan, dünya yaşayır,
gizlənpaç oyunudur -
bu da həyatın.
Oğlum, Qaraxanı unutma bir an,
nə deyim, artıqdı bu söz, bəlkə də.
Qatarla gəlmişdi Avstriyadan,
sənə həyan oldu qərib ölkədə.
Yaxşı insanlara yaxın ol, müdam,
ünvanı çaşdırma, ünvan içində.
Bəzən, mən özüm də səndən danmıram,
insan axtarmışam
insan içində.
Çağırış
Dünyanın bir tərəfi
yenə od tutub yanır.
Günəşin gəlişini
xəbər verir təbiət.
Yerlər-göylər - nə varsa,
yuxusundan oyanır.
Günəşdən səs - bir alqış! -
yaşamağa çağırış,
yaratmağa çağırış.
İnsan fəaliyyəti
Günəşlə əl-ələdi,
dəyişir təbiəti
Günəş gedənə kimi.
Yaşayır ta qədimdən
bu, bir ənənə kimi.
Abidə
Kürdəmirli bir igid
şəhid oldu davada.
Kürdəmirli bir qızın
göyə qalxdı naləsi.
Möcüzələr varıymış
sən demə, bu dünyada, -
misalmı?
Yadigarın
yadigar Abidəsi!
Həyatın bir anı
Şabrandayıq, püsələyir bala-bala,
otaqda da üşüyürdük biz az qala.
Sevinc xanım süfrə açır, çörək qoyur,
Arif təzə bəstəsinə ürək qoyur.
Əvəzi yox səsindəki məlahətin,
Haqdan gələn sərvətidi bu millətin.
Sevinc xanım sevincindən aşıb-daşır,
yerdə sular, göydə quşlar pıçıldaşır.
4 avqust, 2024
Mir Cəlal müəllimin xatirəsi
Şair, Mir Cəlalın isti nəfəsi
mənə Haqdan gələn bir ilham idi.
Mən ata görmədim, atam əvəzi
həyatda yeganə bir arxam idi.
Minnətdarlıq
Niyə Nərminə deyirəm? -
Bilirsənmi, nə deyirəm:
xeyirxahdı, rəhimlidi,
bir ömürdə neçə ildi -
kimsəsizə kömək durur,
dediyim,
bax,
elə budur!
Çıraqqala
Amil müəllimə
Sasani igidləri
qalxdı Çıraqqaladan,
Şabran qalxdı ayağa
nizə çıxdı yayından,
qalxan qalxdı ayağa!
Hünər qaldı yadigar
ulu babalarından.
Yaşa, yaşat, dedilər
bu diyarın adını.
Şərəflə həsr elədin
sən də öz həyatını.
Bir nəsil alqışladı
nəsillərin adıyla.
İnsan qalxır, ucalır
adıyla, soyadıyla.
Amil, - deyə sevildin
el-obanın yanında.
Qədim Çıraqqalanın
ən yeni ünvanında.
İllər, talelər
Görkəmli alim, tədqiqatçı
Sadıq Şükürovun xatirəsi
Niyə sağlığında yad olur bizə,
görmürük o boyda bir istedadı?
Elə ki, getdilər,
çıxırlar üzə,
yüksək kürsülərdən çəkilir adı.
Niyə yuxudadı, şöhrət tanrısı,
niyə qarışdırır ağı sarıyla?
Niyə o kəslərin oğlu, ya qızı
xəlvətdə fəxr edir,
Atalarıyla?!
Sadıq Şükürovu xatırlayıram,
təmiz insan idi, alim adıyla.
Onun sinəsində qaynar bir ilham,
daim
məşğuluydu tədqiqatıyla.
Elə ki, deyirdi Nərimanovdan,
pərəstiş edirdi o böyük ada.
Bəlkə, alovlanıb yanırdı, inan,
Nuru Paşanı da,
hallandıranda.
İllər var, səsləyir bizi arxadan,
illər - təzələnir arada, ancaq.
Alim var, hörmətlə keçdim yanından,
mən qibtə elədim,
bu ada, ancaq.
Ziyarət yolu
Hörmətli sənətkar
Elşad müəllim Nağıyevə
Bakıda bir yol var, Ziyarət yolu,
orda da, bir evin bir darvazası.
Dərmanlar düzəldir bir vətən oğlu,
dilində -
daimi xeyir-duası.
"Müəllim" çağırılır ustadın adı,
unudub xeyli var o, sinif nədir.
O sevir çəməni, çiçəyi, otu,
dərsi də
otların öz dilindədir.
Evdə mavi gözlü ağ pişiyi var,
deyir: nə ev bilir, nə eşiyi var.
Lovğadı,
Şir qulaq,
sərt keşikçidi,
xüsusi xidmətdə fəxri işçidi.
Elşad - ixtiraçı bir istedaddı,
iki qız övladı, üç də nəvəsi!
Bəs onun xanımı?
Sevincdir adı,
onun eşqinədir bunun həvəsi!
O da əvəzsizdi, bu da əvəzsiz,
onda da, bunda da taleyin əli.
Burda bir ailə yaşayır səssiz,
şöhrəti ucadır,
adı - şərəfli.
Bakıda bir yol var, Ziyarət yolu,
orda da, bir evin bir darvazası.
Dərmanlar düzəldir bir vətən oğlu,
dilində -
daimi xeyir-duası.
Ağlat, sən məni ağlat
Arif Mehmandosta
("Qaragilə... ağlama, bəsdi" mahnısına)
Bir əsrin qəm səsidi,
ya da əksinə, Arif!
Necə dözdün, yanmadın,
sən öz səsinə, Arif?!
Səsində bir od-atəş,
bir çağırış, bir üsyan,
ağlama, deyə-deyə
sən yenə ağladırsan.
Oyadırsan bizdəki,
həmən o bizi, Arif!
Göstərirsən sırada
öz yerimizi, Arif!
Araz-Kür daşır, Arif!
Ey, "Qaragilə", heyhat!
Ağlama, bəsdi, demə,
qoy bir az yüngülləşim.
Rəhm elə ürəyimə,
ağlat, sən məni ağlat!
2024
Sədr hesabat verir
AzTV-nin birinci proqramı ilə
"Həftə verilişləri"ni dinlərkən
Sədr hesabat verir
o, Cənab Prezidentin
hər gününə, anına
tarixi bir ad verir.
Sədr hesabat verir
Əsrin qəhrəmanına,
nəydi əsrin şah sözü?
Dəmir yumruq, haqq özü!
Səngərdə qələbəmiz, -
tarixi Zəfərimiz!
Sədr sayır günləri,
ünvan verir, ad deyir.
Sədr hesabat verir:
An var - anlar içində
o da - əbədiyyətdir.
Prezident oyaq qalır, -
Vətən qalır, xalq qalır,
müqəddəs torpaq qalır.
Başımız üstə - ZAMAN! -
üçrəngli bayraq qalır.
Deyir
Sevimli sənətkarımız
Mənsum İbrahimovun ad gününə
Mənsum havalanıb oxuyur yenə,
nəfəsi bənövşə qoxuyur yenə.
Səsin ipəyini toxuyur yenə,
rəngləri yaddaşdan-yaddaşa deyir.
Hər söz, hər qafiyə, hər kəlmə yanır,
dəymə, mən yandığım bu qəmə yanır.
Yanıb kül olmuşam, külümə yanır,
çəkdiyi hər nalə sən yaşa, deyir.
Elçin, yerə qoyma əlindən tarı,
Elnurun kamanı göynədən tarı.
Qarabağ tarıdı, o Vətən tarı,
bu Ağdam deyəndə, o Şuşa deyir.
Nədir o pərdənin, o simin səsi,
duyğumun səsidi, hissimin səsi.
Allahım, nə deyir Mənsumun səsi?
Milləti qoymayın daşdaşa, deyir.
Deyin, əl saxlasın
tarixi yazan
"Zəfər dastanı" əsərinin müəllifi,
hörmətli Rahilə Soltanqızına
Qələbə yolumuz - "Zəfər yolları",
bu yol da, o yol da bir haqdan keçir.
Səngərdə millətin gənc oğulları,
Allahım,
nə ağır sınaqdan keçir.
İtirir huşunu biri qəfildən,
birinin qolu var, qılçası yoxdu.
Qabaqda düşməndi, arxada Vətən,
çəkməyə
bir rəssam fırçası yoxdu.
Belə itiririk mərd oğulları,
qoymur ayılmağa bizi bu ovsun.
Ey düşmən cəbhəsi,
namərd yolları,
sizi yaradanın gözü kor olsun.
Deyin, tələsməsin fərman sahibi,
deyin, əl saxlasın tarixi yazan.
Ey dava axtaran,
Bir An sahibi,
sonuncu addımı atanda, dayan!
Olsun
Ağ yel, ağ yelənli sənin ağ atın:
Şimşəklər ovcunda qantarğan olsun.
Ayağın altında yer Cıdır düzü,
başının üstündə
göy qalxan olsun.
Ağ bulud çiynində bir ağ yapıncı,
əlində Babəkin misri qılıncı.
Bu yolun sonunda dördyol ayrıcı,
İrəli!
Çağıran səs arxan olsun.
Mənə demişdilər daş atma quşa,
daşa tutulubdu Daşaltı, Şuşa.
Elə zirvədən uç,
qoy o uçuşa
bütün qadağalar qadağan olsun.
Qayıt ki, yolunu gözləyir anan,
bir millət danışsın sənin adından.
Ağatlım, ağüzlüm, qarasaç oğlan,
ağsaçlı şairin
sadağan olsun.
Mən yazılı kitabam
Gülgün qağaya məktub
"İçib Poylu suyundan
şair oldun, Nəriman.
Sənə su göndərirəm,
bizim Vağzal Poyludan,
unutma,
Gülgün qağan".
Siz şair elədiniz,
getməyin çox uzağa,
gün onda doğru, Qağa!
Ahıllar və cavanlar,
şeirimi oxuyanlar
ürəyimi qırmadı,
könülsüz çağırmadı.
Görəndə - sevindilər,
şairimiz - dedilər.
Dost-tanışın səsiydi,
kənd - Anam əvəziydi.
Dünya pəncərəsindən
hamınızı görürəm.
Mən yazılı kitabam,
özümü köçürürəm.
Bizim qızlar
Akademik Arif Paşayevin
ad gününə
"Amazonka qızları", -
anam, ailəm mənim.
Ey Gülşənim, Aygünüm,
bir də Nailəm mənim!
Xanım-xatın Gülərim!
Ellada, Rəna, Solmaz, -
hərəsi bir əsərim,
qızıl səhifələrim!
Hələ Südabə xanım
xaricdədi xeyli var.
Səyahətə meyli var,
gəlsin danışaq, gülək,
təzə nə deyir, görək.
Lyubov Nikolayevna,
ukraynalı bir ana!
Ləhcəsi duzlu, şirin.
Göründü sənin yerin, -
Vüsalə, laləm mənim.
Nüşabə də var hələ,
daşqın şəlaləm mənim.
Ələddin - müdrik insan,
həm sayan, həm sayılan.
Elçindən də qoy deyim,
mənim gənclik illərim!
Həm şıltaqdı, həm əziz,
gah türkdü, gah ingilis.
Ofelya xanım da var,
halal bir qızdı rahat.
Gəlişi yarımştat,
görüşü yarımştat.
İşə bir xanım gəlir.
Demə, bir ştatıymış,
O, yarım-yarım gəlir.
Tehran... konservatoriya...
Orda tələbələri,
burda da şah əsəri:
"Amazonka qızları",
qızlara hədiyyəsi, -
Mehmandost - dost nəfəsi!
Həssasdı Gülnarə xanım,
nüfuzu xeyli üzdədi,
bir gözü üstümüzdədi.
Rektorun Nümayəndəsi
Haqqın, ədalətin səsi!
Ədalət müəllimin də
"Ədalət!" - adı üstədi,
adı-soyadı üstədi!
O, Elmi Şuralarda da
Kürsüdən hesabat verir.
Rektorun hər təbəssümü
ona bir qol-qanad verir.
Tələbəm olubdu dekan,
Ayxan... Rüstəmzadə Ayxan.
O, dekan olandan bəri,
İstanbulun alimləri
Rektorun qəbulundadı,
Qardaş - qardaş yanındadı.
Bizə bu uçuş xəyalı
Töhfə verən oğul da var, -
Bir ölkənin Ağsaqqalı!
O, getdiyi haqq yol da var, -
O yol - Tanrının düz yolu,
Arifdi,
Mir Cəlal oğlu!
27 avqust 2024-cü il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!