Anamın dualarından güc aldım... - Seyid Aynurun şeirləri

Qərənfil

 

"20 Yanvar" günü o kordiogen şok keçirmiş

al qərənfillərin

içindəki yurd sevgisinə and olsun:

"Vətən" adlı yol gedən qatarın

sərnişiniyəm,

hər gecə

həsrət daşıyıram

ayağımda bir vaqon.

 

Göyçə

 

Sarı Qulunun qızı Sədəf

Ər evinə gəlin köçəmmədi.

Kor Hido əllərini yuxarı milləyib,

Gəzdi Allahın ətəyini,

Tapammadı...

Namazın ölüm xəbəri gəldi,

Səlbi mamam başını

            möhürə qoyub doluxsundu,

Sızladı kimsəzilikdən -

Düşmən toy karvanının qabağını kəsib

Ağlatdı anamızı.

Həmin il nədənsə,

nəzir-niyazları

            qəbul etmədi "Miskin Abdal",

Aşıq Nəcəfin belinə odlu samovar bağlayıb,

Təpədən aşağı tulladı haylar,

Axşama yaxın Məşhədi Qasımın tüfənginin

Səsi eşidildi:

Qopdu əli qanlı Aramyanın

axsaq atının nalı.

Terrorçular boşaltdı kəndi,

Qobustan qayalarına doğru yol alan,

Günəşin söykəndiyi

Əjdaha dağının üzərindəki

Sakral rəsmlər elə bil dirildi o gün -

Ağlaşdı canlı kim, nə vardısa,

Qırıldı canlı kim, nə oldusa.

 

Salam, Dərələyəz!

 

Qırğın qopdu, uçdu evin, sarayın,

Dilə düşdü ahın, nalən, harayın.

Viran qaldı bir Alagöz yaylağın,

Didərgindir el-oban, Dərələyəz!

 

Çətin idi həsrətinlə yaşamaq,

Qocalara boz şəhərdə yaşlanmaq.

Dərddən oldu nər oğullar bir yumaq,

Sığanmadıq Bakıya, Dərələyəz!

 

Arpaçayın suyu düşər Araza,

Əziz elim getdi yaman güdaza.

Salam deyin o qərib Ardaraza,

Yaman sənsiz qaldıq bil, Dərələyəz!

 

Həsrətindən dərdə düşdü bu millət,

Saatlıda xəstə düşdü Məhəmməd.

"Can qurtaran dağ"da vardı min hikmət,

Kimsəyə sirr vermə sən, Dərələyəz!.

 

Qayıdacaq Qaşqa, Sallı, Cul, Zerək,

Qəlbim olub yumyumuşaq, çox kövrək.

Ayrı düşdük neçə vaxtdı, di, neynək,

Sil o yaşı, yanaqdan, Dərələyəz!

 

Dua

 

Yıxıldım misra-misra,

Əzildim heca-heca.

Böyüdüm günbəgün

Hər üz turşudan 

alça mövsümü

ayrılıqlar incitdi həssas ruhumu

Sonra...

Sonra...

Anamın dualarından güc aldım.

 

Xilas

 

İntihar etmək istəyən ağaclara

Mişarı psixoloq,

Sahilə çırpılan balıqlara

Balıqçıları xilasedici təyin etdilər.

Elə o vaxtdan:

Ağaclar ağıllandı,

Balıqlar möhtəşəm üzgüçü oldu.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!