Nəbi Xəzriyə - Sabir RÜSTƏMXANLI

Həyətdə sızlayır Eldar şamları,

Dinləyəni kimdir, anlayanı kim...

O ana, o bacı, ömrün baharı

Əlçatmaz olubdur, Nəbi müəllim!

 

Quruyur həyətdə ağaclar tək-tək,

Qəlbimi göynədən vida səsidir.

Ata yurdlarını kimsəsiz görmək

Dünyanın ən qəmli mənzərəsidir.

 

Əlində əsirik xatirələrin,

Qar yağır, ağardır ömrümüzü qış.

Keçmişlə arada uçurum dərin,

Geriyə dönməyə körpü qalmamış.

 

Bu ağac diridi, bu ot diridi,

Ancaq hamısının üzündə kədər.

Evlər sahibinin kölgələridir,

Sahibi getdisə yetimdir evlər!

 

Çiçəklər bacıtək ürəyi çəkir,

Ürəyi günəşlər yer əsiridir.

Bu evlər adicə ocaq deyil ki,

Ana nəfəsinin heykəlləridir.

 

Yaş artır - hey dolur, boşalır gözlər,

Cığırlar yol olub qayıdır yurda.

Döyür pəncərəni illər-sahillər,

Vətən də burdadı, Qürbət də burda.

 

Bir az naşükürdü millət, neynəyək,

Bu gün aldığını sabah unudur.

Şeir də bağçada əkilən çiçək,

Qoxlayıb atmaq da yer qanunudur.

 

Şairələr - dünyanın ilk səyyahları,

Bu yer nemətləri ona oyuncaq

Şairələr, dünyanın söz allahları,

Ana kəlməsinin quludur ancaq!

 

30 yanvar 1992,

Xırdalan

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!