Ey Tanrım, düşüncəmə işıq ver, sözə gəlim,
Od qalansın sinəmdə, yanmağa közə gəlim.
Bilirəm ki, yanmasam sözüm ağrını bilməz,
Göynəməsə sinəmdə közüm güllənməz, gülməz.
Ağrısız bu dünyada nə bitər, nə göyərər,
Analar da ağrıdan çiçək dərər, gül dərər.
Əzabdan od götürər, yığar cana közləri,
Ağrıların içində gülər ana gözləri.
Təzə yarpaq göyərməz, ağac çəkməsə ağrı,
Sünbüllər dənə dolmaz, kəndli əkməsə ağrı.
Bir Vətən aşıqının qanına dolan ağrı,
Torpaqda qızarmasa, olacaq yalan ağrı.
Ayaq basdığın yerə bəsirət gözüylə bax,
Hər addımda ağrı var, boylanır, gözüylə, bax.
Sənətkarın sözündə əzablar dilə gələr,
Yaşayar yaddaşlarda zamana, ilə gələr.
Tarixin alt qatında insan əzab köküdür,
Əzablar insanlığın babası, soy köküdür.
Aqillərin sözünə can verib ağrı, acı,
Ağrı ilə yoğrulub müdriklərin söz tacı.
Ağrı ilə yaşayıb öz ömründə Nizami,
Ona görə ağırdı söz ömründə Nizami.
Nəsiminin ağrısı ucalıq taxtı qurdu,
Zamanlara bərabər əzablar vaxtı qurdu.
Ustadların dilində hər ağrının adı var,
Hər yaşarı ağrının bir kamil ustadı var.
Dilimin yanğısında Füzulinin heyrəti,
Gözlərimdə göynəyir aşiqlərin həsrəti.
Xətaidə ağrıdı qardaşdan gələn xəta,
Dəli qardaş əlində hər daşdan gələn xəta.
Hər ağrının öz halı, min il yazsan, qurtarmaz,
Ağrıları sinəndə tel-tel assan, qurtarmaz.
Ağrılı dağlar ağrı, yaralı torpaq ağrı,
Şəhidlik ağrısıyla qopan hər yarpaq ağrı.
Ağrıdı yurddan ayrı böyüyən nəsillər də,
Ağrıdı yaddaşlarda didərgin, fəsillər də.
Mən ağrıdan doğuldum, ağrısız yazım yoxdu,
Ağrı yoxsa qələmim, kağızım, yazım yoxdu.
Hər kim məndən soruşsa, "günlərin necə keçir?"
Deyirəm ki, ağrısız gündüzüm gecə keçir...
Hər gələn təzə bahar - fəsil kədər gətirər,
Canımda dərd göyərər, yaşım ağrı bitirər.
Ayrılığın ağacı varlığımda kök atıb,
Kölgəsində taleyim, bəxtim uyuyub, yatıb.
Bu ağrı ağacının çiçəkləri başımda,
Gülləri xanə-xanə bayatı yaddaşımda.
Ağrı dağından gəlir körpüdən keçən karvan,
Söz içində sözümdən dönüb su içən karvan.
Düşüncəmdə saxlayar durnalar avazımı,
Gələcəyə aparar lələk-lələk yazımı.
Hər yazıda ağrımın, dərdimin göynəyi var,
Hər sözün alt qatında ayrılıq köynəyi var.
Bir səhra dəvəsiyəm, ilham çəkib aparar,
Ağrıları canımdan zərrə-zərrə qoparar.
Canımdan qopan ağrı söz olub dilə gələr,
Sanarsan yaz ağzıdı - bülbüllər gülə gələr.
Bulud-bulud ağrılar başım üstə dolanar,
Ağrılı buludlarım yaşım üstə dolanar.
Ağrının karvan yolu gəlib üstümdən keçər,
Düzdəki ağ dəvənin dərdi tüstümdən keçər.
Gəzdikcə xəyalımın quşqonmaz zirvəsini,
Oxuyuram qəlbimin dərd-kədər nəğməsini.
Nəğmələrim yayılır ulduzlar arasına,
Qayıdıb məlhəm olur Vətənin yarasına.
İlləri qaralayıb ayrılığın qarası,
Yuya bilməz sellənsə gözlərimin qorası.
Qismətimə yazıldı qaranın ağrı rəngi,
İllərcə dəyişmədi qoranın dərd ahəngi.
Yamanlarım kor baxdı, görmədi əməlimi,
Görmədi əməlimdə yaxşılıq təməlimi.
Zəhərli küləklərin zavalı döydü məni,
Pis gözlərin nəzəri, neştəri oydu məni.
Bədxahların tənəsi yaradır hər dönəmdə,
Tənəli ağrılardan güllər bitdi sinəmdə!
Gözlərimdən su verdim laləli çəmənlərə
Dərdlərim məclis qurdu naləli çəmənlərə!
Ey Tanrım, ağrı çəkən sənə sadiq bəndədir,
Həqiqətə bağlıdır, doğru, düzgün dindədir.
Hər kimin ağrısı var - kimdirsə yazım bilər,
Hansı yuxu nə deyir, Yusifdə yozum bilər.
Ağlar güləyən Sabir anlayanın dərdidi,
Mirzə Cəlil ağrısı ağrıların mərdidi.
Söhrab Tahir dərdinin Azər-Azər dili var,
Hər ağrısı bir canlı, qələm tutan əli var.
Adı Bəxtiyar olan çoxdu sözün yanında,
Bircə Bəxtiyar vardı, söz dolandı qanında.
Ağrıyanı ağrısız çətin duyar, anlayar,
Ağrısız doğulsaydı yaranmazdı Şəhriyar.
Ağrısızlıq eşqinə çox şairlər tor atdı,
Vurğunluğun ağrısı Səməd Vurğun yaratdı.
Unudulmaz Müşfiqin maralı ağlar qaldı,
Ağlar-ağlar ağrılar sinəsi dağlar qaldı.
Hər rəngin öz dilində bir dağdı Rəsul özü,
Ağrıların əlində çıldağdı Xəlil sözü.
Hüseyn Kürdoğlu səsi ağrıların başıdı,
Zamandan ağır yükü başı üstə daşıdı.
Əli Kərim adının özü şair ağrısı,
Yaşayar hər sözündə ölməz şeir ağrısı.
Cavidin dağ qüruru baş əymədi bir yada,
Tapılmaz, əvəz ola başqa ağrı dünyada.
Sərdar Əsəd ağrısı cığır açdı, iz qoydu,
Yaddaşda əyilməyən, bükülməyən diz qoydu.
Məsud Əli oğlunu görə bilsən röyada,
Hər yandan dalğa döyən ağrı dağlı bir ada.
Şahmalı Kürdoğlunun ağrısı Vətən dərdi
Qarabağda kim dərər dərdindən bitən dərdi.
Anlamağı Anarda ağrıların düyünü,
Vaqifdə "Yaşıl ada", Yusifdə "Qətl günü".
Məmməd Araz ağrısı, Zəlimxanın yarası,
Dərdin Vətən yarası, sözün ürək parası.
Uca Ağrı dağıydı atam Zal Əziz oğlu,
Dedi bu dağ sənindi, sən onun əziz oğlu!
Sıralasam hər adı yer tutmaz, göyə sığmaz,
Ağrı-ağrı şairlər şəhərə, köyə sığmaz.
Ruhumuzu qoruyan ağrılar keşik çəkir,
Körpəsini uyudan analar beşik çəkir.
Uca Ağrı dağının zirvəsi mənim ağrım,
Ağrısızlıq içində yuxuma qənim ağrım.
Ey Tanrım, bezmədim mən göndərdiyin ağrıdan,
Görərsən qürurumu baxsan yenə Ağrıdan.
Ağrılar arasında düşüncəmə nur gəldi,
İlhamın yaz yağışı - Araz gəldi, Kür gəldi.
Çağladı duyğularım, dərdini içdi sözüm,
Ayrılığın səddini dağıtdı, keçdi sözüm.
Durnalar qatarlandı... sözlər uçdu dilimdən,
Mən qələmdən tutmadım, qələm tutdu əlimdən.
Ey Tanrım, ağrıları çəkib alsan qəlbimdən,
Ruhum da uçub gedər əsər qalmaz təbimdən.
Xələflinin hər sözü ağrıdan, dağdan gəlir,
Bulaqların saf suyu qayadan, dağdan gəlir.
26.03.2017
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!