Dirildik
Nəyinə vuruldu könül bu Yerin?!
Nə ağıl eləyib Yerdə dirildik?!
Yeri-yurdu bəlli deyil bu Yerin,
Gəlib sirr içində sirdə dirildik.
Candan olduq hər gün can oymaq ilə,
Bəzədik bu ömrü min yamaq ilə,
Yaman ölüb getdik kef-damaq ilə,
Düşüb zaman-zaman dərdə, dirildik.
Yanıb kül olsaq da, göz görə-görə,
Kültək üfürmədik şeiri gözlərə.
Neylər indən belə ölüm bizlərə?!
Biz ki, Onda ölüb bir də dirildik.
Eşqsiz yaşamağın
min bədəli var
Nə zaman tanıyar, nə məkan bilər,
Bu Eşqin nə sonu, nə əvvəli var.
Gözə görünsə də, görünməsə də,
Onun hər könüldə bir heykəli var.
Kim yalan deyirsə, tapmasın xeyir,
Qeybdən qopub gələn bir səda deyir:
Nə yerlər, nə göylər təməlsiz deyil,
Hər şeyin eşq adlı bir təməli var.
Sən yaşa qəmi qəm, kefi kef kimi,
Keçmə bu dünyadan naşı dev kimi,
Uçub tökülərsən köhnə ev kimi, -
Eşqsiz yaşamağın min bədəli var.
Göyün qulağına
söz pıçıldadıq
Ay oğul, hər oğul söz pıçıldamaz,
Çox da ki, bu sözü az pıçıldadıq.
Bizim sinəmizə dağlar çəkdilər,
Dağların dağına söz pıçıldadıq.
O qərib gələnlər qərib getdilər,
Göylərin bətnini görüb getdilər -
Könül budağını qırıb getdilər,
Gülün budağına söz pıçıldadıq.
Sapa düzmədilər saz deyənləri,
Gözlə görmədilər göz deyənləri,
Bu dünya duymadı biz deyənləri,
Göyün qulağına söz pıçıldadıq.
Eşqin nə qəribə
halları varmış?!.
Bakirə baxışdan məhəbbət yağar,
Üzün tökülməyən suyu nur kimi.
Kimlər ki, dünyaya eşq ilə baxar,
Görər göy üzündə Ayı nur kimi.
Hünərdi bu yeri, göyü oxumaq,
Fanidə solmayan xalı toxumaq.
Sən gəl, bu dərvişin halına bir bax,
Gör necə nuş edir meyi, nur kimi.
Dərgahın dolanbac yolları varmış,
Bağında solmayan gülləri varmış,
Eşqin nə qəribə halları varmış,
Allahın aşiqə payı nur kimi.
Azar yer üzündə
xamın xəyalı
Azar yer üzündə xamın xəyalı,
Nə məscid tanıyar, nə də ki, kilsə.
Görən, necə olar aşiqin halı,
Badəsi qırılsa, meyi tökülsə?!
Kəramət görməsə könül pirində,
Qəm qəmə qarışar nəğmələrində.
Neylərsən, məhəbbət günün birində
Yağlı əppək olub göyə çəkilsə?
Göylərin adından danışma, barı,
Allahın işinə qarışma, barı,
Özünü itirib sən çaşma, barı,
Bəxtin bir gün çaşıb üzünə gülsə.
Birdən bir gül kimi solmazmı dünya,
Göy üzündə mağmın olmazmı dünya?
Suların altında qalmazmı dünya,
Bəşərin üzünün suyu tökülsə?
Nədə xeyir vardı, nədə şər könül,
Bilməz bu işləri bu bəşər könül.
Sənin ətəyinə nə düşər könül,
Göylərin ulduzu, Ayı tökülsə?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!