Bəlkə də payızı biz uydurmuşuq?! Yarpaqlar yalnızca bizimçün sarı... - Zaur Ustacın şeirləri

Payız

 

Təbiətin möcüzəsi,

Bizə olan sözdü payız...

Dağ-dərədə deyib-gülən,

Düzdə dolan gözdü payız...

 

Sarı yarpaq, gör, nə gözəl,

Kimə güldü, kimə xəzəl,

Həzin-həzin, gözəl-gözəl,

Cıbrıq olan qozdu payız...

 

Ustac dəyər verər sözə,

Qabda nə var, çıxar üzə,

Aram-aram, məzə-məzə

Ömrə düşən izdi payız...

 

Yarım bardaq

 

O yarım buraxdığın

Bardaq, de, yadındamı?

Sən gedəndən düz üç gün

Söndürübdü yanğımı...

 

Dodağın dəyən yerdən

Öpmüşəm, neçə kərə...

Dadsız şüşə o gündən

Dönüb bala, şəkərə...

 

Sənin tutduğun yerdən

Çalışmışam tutmağa...

İz tapanda izindən

Qanad olmur uçmağa...

 

Bütə dönüb, bu bardaq

Bəzəyidir evimin...

Üstündə barmaq-barmaq

Bəzəyi var əlinin...

 

Qalan son damlaları

Qıymadım, içəm özüm...

Qonaq etdim gülləri,

Belə bulundu çözüm...

 

Dibçəklər Yer kürəsi,

Güllər mən, sənsə susan...

Heç nə yox itirəsi,

Tay canıma hopmusan...

 

Bəlkə də...

 

Bəlkə də payızı biz uydurmuşuq?!

Yarpaqlar yalnızca bizimçün sarı...

Bəlkə də fəsillər durub yerində?!

Qaçan biz, payıza, ya yaza sarı...

 

Yarpağı tökülüb olsa da sarı,

Payızda yetişir tutların xarı,

Deyirlər, payızda qarşıla yarı,

Nar sulu, alma bol, heyvası sarı...

 

Ustac ha, indinin deyil adamı,

Sözləri görübdü Nuhi-əyyamı,

Ruhu neçə kərə Ömər Xəyyamı,

Dədəsi Ələsgər, babası Sarı...

 

Bənövşə

 

Kimi öyər bənövşəni,

Kimi qara, qara yaxar...

Bənövşənin od həsrəti

Qarı da yandırıb, yaxar...

 

Bulaq başı buz, sırsıra,

Əlin düşə, köz ısıra,

Rəbbim yol verməz qüsura,

İçindən can qalxıb, baxar...

 

Ustacam, xeyməm laməkan,

Rusqat verə, qıla imkan,

Tər bənövşəm olar kankan,

Qar içindən çıxıb, qoxar...

 

Ağçiçəyim

 

Qış tüğyan edirdi ömür bağında,

Hamı süst yatırdı ağ otağında,

Qəfil gördüm səni bar budağında,

Xoş gördük, günaydın, ay Ağçiçəyim!

 

Dümağsan, qar sənin yanında qara,

Tanrım rüsxət verib, baxmayıb qara,

Bu, qarlı qış hara, tər çiçək hara?!

Xoş gördük, günaydın, ay Ağçiçəyim!

 

Əllərim pak deyil oxşayım səni,

Həddim o hədd deyil qoxlayım səni,

Bağbanam, borcumdur yoxlayım səni,

Xoş gördük, günaydın, ay Ağçiçəyim!

 

Şehçiçəyim

 

Tacısan dünyamda tüm çiçəklərin,

Köksündən bal süzən, tər Şehçiçəyim...

Sehrinə düşmüşəm nur ləçəklərin,

Əqli başdan alan, zər Şehçiçəyim...

 

Cəzbində qalmışam, tamam çar-naçar,

Sağımda, solumda çox çiçək açar,

Pərvanəyə dönüb, dövrəmdə uçar,

Sərrafam, seçmişəm dürr, Şehçiçəyim...

 

Bir kərə, bir anlıq olsa da, vüsal

Ruhuma rahatlıq verməyir xəyal,

Sonu ölümsə də, gəl, qoynuna al,

Həsrətdə yaşamaq zor, Şehçiçəyim...

 

Nə gözəl

 

Dünyamızı çiçək görən

Gözlər nə gözəl, nə gözəl...

Ruhumuza şəfa verən,

Sözlər nə gözəl, nə gözəl...

 

Gül əkənlər gül dərəcək,

Qəlb deyəni dil deyəcək,

Düz əyrini, düz görəcək,

Düzlər nə gözəl, nə gözəl...

 

Ustac olub sözə məftun,

Daim gülən üzə məftun,

Qəlbdə qalan izə məftun,

İzlər nə gözəl, nə gözəl... 

 

Yarpaq və torpaq

 

Can verəni candan alı qoyarıq,

Unudur yarpağa möhtacdır yarpaq...

Torpağa su deyil, zəhər veririk,

Marağa məəttəl qalıbdır torpaq...

 

Xəzələ aman yox torpağa çata,

Qurumuş canıyla cana can qata,

Əbədi qanunla rahatca yata,

Süprülüb çöplüyə atılır yarpaq...

 

Torpağa ting deyil, sütun əkirlər,

Arx, kanal yerinə hasar çəkirlər,

Dəmirdən, betondan kəfən biçirlər,

Gözü baxa-baxa gömülür torpaq...

 

Bizə can verənin canın almayaq,

Bu iki aşiqin yolun burmayaq,

Yarpağı torpağa həsrət qoymayaq,

Yarpaq elə torpaq, torpaqdır yarpaq...

 

Ay Ustac, haqq deyən Nəsimi öldü,

Haqq bir damladır, batilsə göldü,

Qardaşlar tək gəlmiş Adəmi böldü,

Bizlər unutsaq da, unutmur torpaq...

 

Yaz sevdası var

 

Bu payız bir başqa gəlir ömrümə,

Güzün gümanında yaz sevdası var.

Xəzana bürünüb bütün bağ, bağça,

Güzün gümanında yaz sevdası var.

 

Bu xəzan yelimi, ya bahar mehi?!

Bivaxt tumurcuqda, tər zəfər zehi,

Qızılı yarpaqda zər qəhər şehi,

Güzün gümanında yaz sevdası var.

 

Ustac, tac almısan Haqqın özündən,

Gözəllər xoşhaldır şirin sözündən,

Görməz, qəm süzülür qəmgin gözündən,

Güzün gümanında yaz sevdası var.

 

Şahi-cahan

 

Çiçək açsa, haçan həyat ağacın,

Yaz çağındır, o çağını yaza yaz!

Qan qaynasa, qışın oğlan çağında

Qışa deyil, o çağını yaza yaz...

 

Araz dağdır, haldan hala hal eylər,

Sakit axar, eldən elə yol eylər,

Dost-aşina taydan taya əl eylər,

Ayaq açsa, o çağını yaza yaz!

 

Taclı şair şeir yazdı dodaqsız,

Canın xanı yaranışdan qonaqsız,

Şahi-cahan yaşar səssiz, soraqsız,

Hərgah coşsa, o çağını yaza yaz!

 

Gəzdim

 

Gəzdim, qarış-qarış Vətən torpağın,

Hər dağda, dərədə izim var mənim!

Hələ keçilməmiş, uca dağların

Uca zirvəsində gözüm var mənim!

 

Gəzdim, yorulmadan aranı, dağı,

Seyr etdim, ən ucqar çəməni, bağı,

Heç vaxt qınamadım zamanı, çağı,

Çox bulaq başında üzüm var mənim!

 

Gəzdim, bu torpağı, mən oymaq-oymaq,

Ən adi daşa da olmuşam qonaq,

Hər otun, çiçəyin halın soraraq,

Sinəmə yığdığım sözüm var mənim!!!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!